Ernest Heminquey: "Yazdıqlarınızla nə qədər çox məsafə qət eləsəz, insanlardan bir o qədər uzaq qalırsız."

Corc Plimton

ernest-heminquey-quot-yazdiqlarinizla-ne-qeder-cox-mesafe-qet-elesez-insanlardan-bir-o-qeder-uzaq-qalirsiz-quot

Əvvəli burada:https://bit.ly/2pj9TvE

Yazı yazanda heç olubmu eyni vaxtda oxuduğunuz bir kitabın təsirinə düşəsiz? 

Belə bir şey axırıncı dəfə Coysun “Uliss”ini oxuyanda olmuşdu. Onu da birbaşa təsir saya bilmərik. O günlərdə sözləri yerli-yerində istifadə edə bilmirdik. Hər söz üçün mübarizə aparmamız lazım gəlirdi. “Uliss”in təsiri ilə hər şey dəyişdi. Sürətləndik. Elə o sürətlə də zəncirlərimizi qıra bildik. 

Yazı yazmaqla bağlı yazıçılardan nəsə öyrənə bildiz? Məsələn, dünən dediz ki, Coysun yazmaqla bağlı söhbətlərdən xoşu gəlmirdi.  

Özünüz kimi yazıçılarla bir yerə toplaşanda çox vaxt orda olmayan bir yazıçının kitablarından söhbət açılır. Yazıçı nə qədər güclü yazıçıdırsa, o, bir o qədər əsərlərindən az danışar. Coys möhtəşəm yazıçı idi. Və təkcə axmaqlara nə elədiyini danışardı. Coys elə düşünürdü ki, hörmət elədiyiniz yazıçıların kitablarını oxuyunca elminiz və biliyiniz artacaq. 

Son vaxtlar, hətta son illər deyək, başqa yazıçılarla bir yerdə olmaqdan sanki qaçırsız? Bunun bir səbəbi var?  

Bu, bir qədər qarışıq məsələdir. Bilirsiz, yazdıqlarınızla nə qədər çox məsafə qət eləsəz, insanlardan bir o qədər uzaq qalırsız. Ən yaxın və ən köhnə dostlarınızın çoxu həyatla vidalaşır, bəziləri başqa yerlərə köçərlər. İstisnalar xaric bu dostlarla çox görüşülməz. Amma yazmağa davam edərsiz.Yazdıqca kafedə oturduğunuz o vaxtlardakı səmimi söhbət davam edər. Komik, bəzən əyləncəli, bəzən ədəbsiz, bəzən uşaqca məktublar yazarsız bir-birinizə. Bu, hardasa üz-üzə söhbət kimi maraqlıdır. Ancaq tənhalığınız getdikcə böyüyər. Çünki belə çalışmaq məcburiyyətindəsiz və vaxt da get-gedə azalır. Onda boşa keçən hər dəqiqəni böyük günah kimi görürsən, hiss edirsən. 

Əsərlərinizdə müasirlərinizdən kiminsə təsiri var? Gertruda Steyn, Ezra Paund, ya da ki Maks Perkinsin yazılarınıza töhvəsi olub? Olubsa necə bir tövhə olub? 

Təəssüf ki, yaxşı meyityaran deyiləm. Ədəbiyyat sahəsində, yaxud onun xaricində bu işlə məşğul olan və kifayət qədər bacarıqlı olanlar var. Xanım Steyn ondan təsirləndiyimi xətalarla dolu bir yazıda uzunca yazdı. Dialoq yazmağı “Günəş də doğar” adlı kitabdan öyrəndikdən sonra belə yazması düzgün deyildi. Onu bir yazar kimi sevirəm. Həmçinin dialoq yazmağı öyrənməsinə də çox sevindim. Bilirsiz, mən indi həyatda olan, yaxud olmayan hər kəsdən nəsə öyrənməyə çalışıram. Bu, mənim işimdir. Gertrudun belə reaksiyası, düzü, məni təəccübləndirdi. Dialoqu öyrənmədən əvvəl yazdıqlarını da bəyənirdim. Ezra bildiyi sahələrdə çox dərindir.  

Bu söhbətlər sizə də cansıxıcı gəlmir? Açığı bilirsiz nədir? 35 il əvvəlin zir-zibillərini ortaya çıxarıb onu ədəbiyyat dedi-qodusu eləmək mənə irgənc görünür. Əgər biri gəlib düzünü danışsaydı, işlər başqa cür olardı. Üstəlik, bunun mənası da olardı. Onda Gertruda onu necə sevdiyimi deyər, sözlərin mücərrəd əlaqəsi haqqında öyrəndiklərim üçün ona təşəkkür edərdim. Böyük şair, sadiq dost Ezraya sadiqliyimi təzələyər və Maks Perkinsə ölümünü hələ də qəbullana bilmədiyini, ona çox aludə olduğumu rahatca deyərdim. O vaxtlar dərc olunması çətin bəzi sözləri mətndən çıxarmağımı istəmişdi. Ancaq yazdıqlarımda heç vaxt heç nəyi dəyişməyimi istəməyib. Çıxardığı sözlərin yerində boşluq qoyardı. Bilənlər bunun hansı sözlər olduğunu bilərdilər. Perkins mənim üçün təkcə redaktor deyildi. Bilikli dost, əsl yoldaş idi. Şapkasını başına qoymağı, dodaqlarının qəribə bir şəkildə tərpətməsi çox xoşuma gəlirdi.  

Ədəbiyyatdakı müəllimləriniz kimlərdir? Ən çox kimdən öyrənmisiniz? 

Mark Tven, Flaubert, Stendal, Bax, Turgenyev, Tolstoy, Dostoyevski, Çexov, Endrü Marvvel, Con Don, Mopassan, Kipling yaxşı bir neçə əsəri ilə, Deyvid Toro, Kapitan Maryat, Şekspir, Motsart, Fransisko de Kevedo, Dante, Vergili, Tintoretto, İeronim Bosx, Böyük Piter Breygel, Patinir, Fransisko Qoyya, Cotto, Van Qoq, Pol Qogen, İoan Kresta, Luis de Qonqora — hamısını saymağa çalışsaq, bir gün bizə kifayət etməyəcək. Üstəlik, elə bilərlər ki, həyatıma və yazılarıma təsir etmiş adamları xatırlamaqla nə qədər bilikli olduğumu göstərirəm. Bu, heç də adi suallardan deyil. Çox yaxşı, sanballı sualdır. Cavab üçün vicdan tələb olunur. Bir neçə rəssamın adını da qeyd elədim. Daha doğrusu, saymağa başladım. Çünki yazmaqla bağlı yazıçılar kimi rəssamlardan da öyrənmişəm. Bunun necə olduğunu da soruşursuz. Bunu danışmaq da əlavə bir gününüzü alar. Məncə, bəstəkarlardan, harmoniya və kontrapunkt təhsilindən öyrəniləsi şeylər məlumdur. 

Səhv eləmirəmsə musiqi alətində də ifa edirdiz?  

Hə, violonçel çalırdım. Anam məni məhz musiqi və kontrapunkt öyrənim deyə düz bir il məktəbə göndərmədi. Elə bilirdi, istedadım var. Amma qəti yox idi. Ailə orkestri qurmuşduq. Bir nəfər skripkada ifa edirdi, Bacım viyola çalırdı, anam isə pianoda idi. Mən də violonçeli ağladırdım. Yazıq violonçel. Hər halda indiyədək mənim kimi pis birini görməmişdi. Təbii ki, o ili çöldə başqa işlərlə başımı qatdım. 

Siyahınızdakı yazıçıları təzədən, dönə-dönə oxuyursuz? Məsələn, Mark Tveni? 

Tveni təzədən oxumaq üçün gərək iki-üç il fasilə verəsən. Çünki onda hər xırda detal tez-tez xatırlanır. Hər il Şekspirdən nəsə oxuyuram. Kral Lir insana həmişə müsbət emosiya verir. 

Onda belə deyə bilərik sizin üçün oxumaq davamlı məşq və zövqdür? 

Həmişə kitab oxuyaram.  Xüsusi cədvəlim var. Buna görə də əlimdə həmişə oxunası kitabım olur... 

Çap olunmayan yazıları da oxuyursuz? 

Bu, bir az qəliz məsələdir. Əgər yazıçını şəxsən tanımırsızsa, başınız ağrıya bilər. İllər əvvəl bir nəfər “Əcəl zəngi”ni özünün yazdığı film ssenarisindən oğurladığımı deyib məni məhkəməyə verdi. Yazdığı ssenarini “Hollivud”da bir məclisdə oxuyub. Üstəlik, dediyinə görə, mən də o məclisdə iştirak eləmişəm. Ernie adlı bir nəfər də orada imiş. Elə onun şahidliyi mənə bir milyonluq məhkəmənin açılması üçün yetərli oldu. Həmin şəxs eyni vaxtda “Monded Polis”, “Cisko Kid” filmlərinin ssenaristlərini də bu cür məhkəməyə vermişdi. Nə isə məhkəməyə getdik. Təbii ki, udduq. Elə o şəxsin də iflas edən bir sahibkar olduğu ortalığa çıxdı.  

Bayaq çəkdiyiniz adlara qayıdaq. Məsələn, götürək İeronim Bosxu. Onun əsərlərindəki kabus simvolu sizinkilərlə, əlaqəsi yoxdur.  

Mənim öz kabuslarım var. Ancaq digərlərinin kabuslarını da bilirəm. Bunların yazıya köçürülməsi elə də əhəmiyyətli deyil. Bildiklərinizi yazıya köçürməsəz də, o, özünü yazıda gizlədir. Və özünü göstərir. Yazar özünün xəbəri olmadığı şeyləri yazıya köçürmürsə, bunlar əsərlərində boşluq kimi ortaya çıxır. 

Adını çəkdiyiniz bu yazıçıların əsərini oxumaqla dediyiniz “quyunu” doldura bildiniz? Yəni bunlar “quyunu” doldurmağa sizə kömək elədilər? Yoxsa adını çəkdikləriniz yazı texnikanızı inkişaf elətdirdi? 

Görməyi, duymağı, düşünməyi, hiss eləməyi və yazı yazmağı öyrəndiyim bu yazı prosesində onlar mənim üçün öyrənmə mərhələsinin tərkib hissəsi oldular. Quyu ilham pərinizin olduğu yerdir. Orada heç kim özünün nə olduğunu bilmir. Üstəlik, özünüzün də heç nədən xəbəri olmaz. İlham pərinizi tutanda başa düşərsiz. Yoxsa, o gələnə kimi gözləməlisiniz. 

Romanlarınızda simvolizm olduğunu qəbul edirsiz? 

Tənqidçilər davamlı hər hansı simvollardan danışırlar. Ona görə, deyəsən, var. Üzr istəyirəm, bu mövzuda danışmaqdan heç xoşum gəlmir. Kitab və hekayə yazmaq, onsuz da, çətin işdir. Bir də təqdimat eləmək lazım deyil. Üstəlik, bu, təqdimat edənlərin işinə müdaxilədir. Əgər beş-altı yaxşı təqdimatçı bu işi görürsə, mən bir də niyə qarışım? Mənim yazdığım istənilən əsəri sadəcə oxumağın zövqünü duymaq üçün oxuyun. Bundan əlavə çatdıqlarınız öz əlavələri niz və töhvələriniz olacaq.

 

Ardı var...

Tərcümə etdi: Fəhmin Mirzə

0