Mövlud Süleymanlı: “Şərif Ağayar yiyəsizdir”

Mirmehdi Ağaoğlu

movlud-suleymanli-sherif-agayar-yiyesizdir

- Yetmiş beş yaşlı Mövlud Süleymanlını bir yazıçı kimi narahat edən məsələlər nədir?

- İlk öncə yeni işinizə öz xeyir-duamı vermək istəyirəm. Ardıcıl olmasa da, həmişə saytları izləyirəm. Hamınıza iş avandlığı arzulayıram. Çox istəyirəm ki, bir-birimizə yaxın olaq. Bilirsənmi, bu saat heç özümüzün də xəbərimiz olmadan biz tək yaşamağa başlamışıq. Bütün dünyaya aid olan ayrılıqlar başlayıb.

- Yadlaşma demək istəyirsiniz?

- Onun içində yadlaşma da var. Mən özüm loru dildə deyirəm ki, hamıya aid olsun. Bir-birimizə yox, bir-birimizdən gedirik. Bu, doğrudan məni çox narahat edir. Daha çox sərhədlər qabarır.

- Təkcə ölkələr arasında yox, adamlar arasında da.

- Bəli. Bu proses bütün dünyada baş verir. Bu fikirlər mənə ağrılar gətirir. Yazmayanda belə, bu haqda çox düşünürəm. Bu həm də insanların münasibətlərdən uzaqlaşmasıdır. O ki, milli dəyərlər deyib uzaqlaşdığımız nəsnələr vardı. Bizdə var axı, milli dəyər deyib, xor baxırlar, bəyənmirlər. Onlar bizi bu kökə saldı. Milli dəyərlərdən getməyimiz bizim sümüyümüzü yumşaltdı.

- Mentaliteti nəzərdə tutursunuz?

- Mentalietdə də deyirik adına, amma mahiyyət birdir. Yer kürəsinin ən güclü əzələsi dağlardır, mentalitet dediyimiz milli dəyərlər də milli düşüncəni dağılmağa heç zaman qoymayıb.

- Sizin üçün milli dəyər nədir?

- Milli dəyər bizim söykənəcəyimizdi, yıxılmamaq üçün dəstəkdi, ətrafı yaxşı görmək üçün işıqdı. Bizim əxlaqımızda, tərbiyəmizdə, insan olmağımızda, kişi olmağımızda, ata olmağımızda, ana olmağımızda başlıca rol oynayan xüsusiyyətlərdir.

- Bu düşüncədə yaşamaq üçün nə etməli, hansı əsərləri oxumalı, nələri öyrənməliyik?

- Elə deyil. Mənə heç kəs bunu öyrətməyib. Milli dəyər qanacaqdı. Fikrimi açmaq üçün bir haşiyə çıxmaq istəyirəm. Yazın gəlməsi ilə bağlı dörd ünsür bayramını keçiririk, ancaq səhv keçiririk. Çərşənbələri ardıcıl keçirmirik. Bu haqda neçə dəfə yazmışam, bunu düzgün keçirək ki, günaha batmayaq. Dörd ünsür əslində yaranışın kodudur. Əvvəl Su çərşənbəsini keçiririk, sudan sonra oda çərşənbəsini keçiririk. Bu düzgün deyil. Sudan torpağa yol var, oda yol yoxdu. Torpaqda ana bətni kimi yumşaqlıq var, torpaq bətndir. Ona bir ilıqlıq, od lazımdır ki, cücərsin. Niyə kosmosda xaos var? Çünki bunlar arıdıcıl gəlmir.

- Yazıçı kimi sizi düşündürən problemlər budurmu?

- Bu da düşündürür. Çünki mən bunları dönə-dönə işləmişəm.

- Sizcə milli dəyərlərimiz deformasiyaya uğrayıb, ya daha da möhkəmlənib?

- Milli dəyərlərimizin unudulmasında xalqın günahı yoxdur, cəmiyyət bu cür formalaşdı.

- Sizcə, dünya ədəbiyyatını bizim milli dəyərlərə uyğun gələn və gəlməyən əsərlər olaraq iki yerə ayıra bilərikmi?

- Nə oxuyursan, oxu, gərək möhkəm olasan, düzünü anlayasan, hər təsirə düşməyəsən. Tolstoy hansı dildə yazır-yazsın, dəyərləri yazdığına görə mənə yaxındır.

- Sizdən fərqli olaraq Tolstoy təkcə rusa xitab eləmirdi, bəşəri idi. Sizsə üzünüzü ancaq azərbaycanlılara tutmusunuz, hər şeyi milli dəyər kontekstinə salırsız.

- Ola bilər, haqlısan. Mən də türkə üz tutub yazıram. Amma başqa xalqları da aşağılamamışam. “Erməni adındakı hərf”ləri yazmışam, ancaq orda erməni əleyhinə bir kəlmə kobud söz yoxdur, özümə ola bilər, erməniyə yox. Düzdür, tənqidçinin biri dedi ki, ermənini vağzal uşaqlarına bənzədir. Bəyəm vağzal uşaqları pisdir?

- “Erməni adındakı hərflər” erməni-azərbaycanlı münaqişəsinin həllinə ünvanlanıb, yoxsa erməniləri bizə tanıtmaq istəmisiniz?

- Mən yazanda məqsədi düşünə bilmirəm: bunu belə qurum, ordan o gəlsin, belə dava düşsün... Həmişə sözün ardıyca getmişəm. Məndə həmişə söz sözü, iş işi, insan insanı gətirib. “Erməni adındakı hərflər”də də xüsusi məqsədim olmayıb. Amma mən erməninin türkün içində olmağını hiss eləmişəm, görmüşəm. Bizim özümüzün də onların içərisində yaşamağının ləzzətini görmüşəm. Yalan deyə bilmərəm. Bizim kənd Gürcüstana sərhəd idi. O dəfə getmişəm, ordan kəndimizə baxmışam.

- Gürcüstana gedib sərhəddən kəndinizə baxıb ağlamağınızı müsahibələrinizdən birində demişdiniz. Şərif Ağayar da bir yazı yazmışdı ki, özümüzdəki problemləri görmür, gedib Ermənistana baxıb ağlayır.

- Şərif nə istəsə deyə bilər. Açığını deyim, əsərlərini oxumamışam, amma qabiliyyətli adamdır. Belə bir məsəl var, yiyəsiz mal qapı tanımaz. Bax o yiyəsizdi, öz içində də yiyəsizdir. Nə istəsən eləyə bilər. Mən onu bilirəm ki, heç vaxt mənə pis yazıçı deyə bilməz. Hətta eşitmişəm ki, Şərif “Dəyirman”ı oxuyanda məəttəl qalıb...

- Ümumiyyətlə sizə münasibət necədir?

- Həmişə hörmət görmüşəm. Çünki özüm elə adamam.

- Amma nədənsə mətbuatda az görünürsüz, sanki qaçırsız.

- Az görünürəm, elədir. Mətbuatdakı yazılarıma görə də təəssüf edirəm.

- Tədbirlərdə də az görünürsüz, imza günlərinə getmirsiniz.

- İstəmirəm.

- Niyə?

- Heç kəsdən inciməmişəm, küsməməişəm. Mən tək qalmaq, gizlində qalmağı xoşlayıram. Belə adam ola bilməz? Tədbirə getməmək yaxşı şey deyil?

- Oxucularla da görüşmürsüz.

- Mən də səndən soruşuram, yazmaq, yoxsa bütün günü tədbirlərdə olmaq yaxşıdır?

- Bu yaxında Çingiz Abdullayev oxucularla görüş keçirmişdi, ondan əvvəl Anarın görüşü olmuşdu, ancaq sizi oxucularla görüşə dəvət etmirlər.

- Məni onlardan qabaq çağırıblar, getmədim.

- Xoşlamırsız?

- Yox. İnan Allaha, danışmağa sözüm də var, səhərdən-axşama çıxım ağzıma gələni danışım. Ancaq bunlar nəyə lazımdır? Onlara pis demirəm, sadəcə mən təbliğat xoşlamıram. Əvvəldən təbliğ olunmağı bacarmamışam, ağlıma gəlməyib. Bir şeyi də deyim, mən necə yazıçı olduğumu gözəl bilirəm. Artırıb-əskiltmədən deyirəm, mən sözün hansı səviyyədə yiyəsiyəm, gözəl bilirəm. Yekə çıxsa da deyirəm.

- O zaman belə sual verim: Necə yazıçısız?

- Yalandan uzaq, sünilikdən uzaq, bu xalqın içində cücərmiş, boy atmış, özünü suda balıq kimi hiss eləyən yazıçıyam. Dili mənim qədər duyan, hiss eləyən yoxdur. O da xalqın içində yaşadığıma görə, onu yaxşı tanıdığıma görədir.

- Hazırda nə yazırsız?

- Roman yazıram. Kompüterdədi. “Ədəbiyyat qəzeti”ndə kiçik bir hissəsi çıxdı, “Tanrı oturacaqları” adlanır. Bir müddətdi yazmağa fasilə vermişdim, bu yaxında yenidən qayıtdım o əsərə.

- Nədən bəhs edir?

- Mən əsərlərim haqqında danışa bilmirəm. Onlara ad da qoya bilmirəm. Bu əsərin bəlkə otuz adı vardı, axırda “Tanrı oturacaqları”nı seçdim. Obrazların adını da əvvəldən qoya bilmirəm, yazı prosesində ortaya çıxır. “Dəyirman”da baş qəhrəmana da dəyirmançı deyirəm, çünki nə qədər eləsəm də ad tapa bilmədim. Səhv eləmirəmsə “Ot” povestimdə qadının adı Pişikdir. Əsəri yazan zaman hiss elədim ki, onun adı Pişik olmalıdır.

- Əsəri əvvəldən qurursuz?

- Yox. O mənzərəni, yamacı görürəm. Ancaq əsərin içini qurmuram, bunlar hamısı əsərin içində alınır. Yazanda çox azad və sərbəst oluram. Lazım gələndə əsas süjetdən də kənara çıxıram, ancaq mənə elə gəlir ki, bununla belə əsəri korlamıram.

- Kompüterlə yazırsız, əllə?

- Mən 93-cü ildən bəri kompüterdə yazıram. Kompüterlə yazmaq çox rahatdır.

- İnternetə də girirsiz?

- Son vaxtlar internetə çox girdim, təəssüf edirəm ki, girdim ora. Bilirsən, tərbiyəsiz şeylər çoxdur orda.

- Facebooka da girmirsiz?

- Özümə hesab açdım, sonra peşman oldum. Dilimizdə “bu dünya”, “o dünya” kimi ifadələr var. Bax, internet də “üçüncü dünya”dır. İnternetin öz adamları, öz əxlaqı, öz tərbiyəsi var. Görünməyən şeyləri göstərməyə can atır. İnternetdə töküntü çoxdur, tapdaqaltı kimi yerdir.

- Hər gün yazırsız?

- Ömür boyu hər gün yazmışam, amma indi yox, ləzzətlə yaza bilmirəm. Yazmayanda da çoxlu oxuyuram.

- Bildiyim qədəri ilə publisistik yazılardan ibarət kitab üzərində də işləyirsiz, artıq çapa hazırdır.

- Bəli, bu yaxında çap olunacaq. “Üzü sənə” adlanır.

- Allahı nəzərdə tutursunuz?

- Yox-yox, mən dindar adam deyiləm.

- Romanlarınızdan birinin də adı “And olsun əsrə” adlanır. Quranda belə ayə var.

- Bir məclisdə eşitdim. Çox xoşuma gəldi. O romanın ikinci adı “Sonun başlanğıcı”dır.

- Son illərdə yazdığınız romanların heç biri nədənsə “Dəyirman”ın, “Köç”ün doğurduğu rezonansı doğurmayıb.

- Razıyam. Elə də gözləyirəm. Məni oxumağa cəmiyyət hazır deyil, məni oxumaq əziyyətdir. Təzə kitabda bir qadının məktubunu vermişəm. O yazır: “Mövlud Süleymanlını cəmiyyətimiz əgər oxuyub anlasa heç vaxt bizə ölüm yoxdur.”

- Bəs cəmiyyət sizi nə vaxt anlayacaq?

- Heç vaxt. Üzr istəyirəm, kobud çıxmasın, kim oxumur, oxumasın. Bunun narahatlığını yaşamıram. Mən özüm üçün və milyonda bir adam oxuyacaqsa, onun üçün yazıram. Məni qəti maraqlandırmır, nə qədər adam oxuyacaq.

- AYB-yə tez-tez gedirsiz?

- Yox.

- Neçə ildi oranın üzvüzüz?

- 1974-cü ildən üzvüyəm. 44 il.

- Bir təşkilat kimi AYB-nin 44 il əvvəlki fəaliyyəti ilə indiki fəaliyyəti arasında nə kimi fərq var, yoxsa elə olduğu kimi qalıb?

- Bu barədə fikirləşməmişəm. Miillətinə, xalqına layiq olan bir adam kimi mənim Anara çox böyük hörmətim var. Neyləyirəm o daş binanı?

- AYB-nin fəaliyyəti bir təşkilat kimi sizi qane edir, ya etmir, bunu soruşmaq istəyirəm.

- Ora çox az getdiyimə görə nə ezamiyyətində iştirak eləyərəm, nə tədbirlərində... Təsadüfən Anarla görüşməyə gedəndə gördüklərimdi. Orda maraqlı dostlarım işləyir; Vaqif Əlixanlı, İntiqam Qasımzadə.

- Bəs Anar dostunuz deyil?

- Yox-yox, niyə, Anar dostumdur.

- “Dost” deyəndə Anarın adını çəkmədiniz, ona görə soruşdum.

- Birinci elə Anarın adını çəkdim. Anar özü elə Yazıçılar İttifaqı kimi bir şeydir.

- Tez-tez zəngləşirsiz?

- Vallah, yox. Amma oturub-durmağımız var, səfərə çıxmağımız var. O vaxtı Anarla mənim doğulduğum kəndə getmişik, qayıdandan sonra “Dədə Qorqud” dünyası adlı bir yazı yazdı.

- Anarla siz sanki ayır-ayrı qütblərdə dayanmısınız.

- Hardasa 25-30 il əvvəl Anara bir kitab bağışlamışdım. Onda üstünə yazmışdım ki, bu boyda fərqimiz ola-ola, bu boyda yaxınlığımız var.

- Mövlud müəllim, bəs Əlabbas sizdən nə istəyir? Deyir 80-ci illər nəslinin bədhaxıdır, bizim başımızda qoz sındırıb.

- (gülür) Mən də bunu eşitmişəm. İnan Allaha, heç vaxt elə olmamışam. Bu bir az utanmaz fikirdi. Adam bu boyda haqsızlıq eləməz.

- Bəs niyə elə deyir?

- O vaxt Əlabbas “Köhnə kişi” adı bir povest gətirdi mənə, daha doğrusu Məmməd Oruc verdi. Əkrəm Əylisli də baş redaktor idi. İnanırsan əsərin gözəlliyindən ayağa qaldım. Düzdü, bəzi yerlərini uzatmışdı, onları düzəltdim. O əsər haqqında danışmadığım adam qalmadı.

- O zaman Əlabbas sizdən niyə narazı qaldı?

- Çünki mən redaktor deyildim. O əsər Əkrəmin, sonra da İsa İsmayılzadənin stolunda yatıb. Mənim redaktor kimi əsər çap etməyə səlahiyyətim var idi? Səlahiyyət baş redaktor kimi Əkrəm Əylislidə idi. Əkrəmsə yazını saxladı. Ondan xahiş də etdim, yenə xeyri olmadı, çapa vermədi. Bilirsən, indinin özündə belə məni həzm etmək istəmirlər, sadəcə burunlarından gəlir. Mən görürəm də, vecimə də deyil, nə danışırlar danışsınlar, özüm üçün yaşayıram.

- Belə deyək, rahat həyatınızı yaşayırsız.

- Bəli. Pulum var, ağıllı uşaqlarım var...

- Övladlarınız yolunuzu davam etdirir?

- Bu yaxınlarda oğlum Elbəy Süleymanlının romanını oxuyub heyrətə gəlmişəm. “Ateistin Allahı” adlanır, “Azərbaycan” jurnalında çıxacaq. Əvvəl yazmağını qəbul eləmirdim, sonra başqaları da dedi bir oxu, oxudum, heyran qaldım. Mən heç kəsə, bəlkə də bircə Əhməd Oğuza cümləmin axırını etibar edə bilərəm. Amma gördüm oğlum cümləmin axırını yaza bilir.

- İlk baxışda elə təəssürat yaranır ki, siz yalnız folklorla maraqlanırsız, Qərb mədəniyyətinə yadsız.

- Harda olmasından asılı olmayaraq gözəl şeyləri sevirəm. Jak Prevyer, Salvadore Kvazimoda, Pablo Neruda, Uitmen kimi şairləri çox sevirəm. Kafkanı, Coysu oxumuşam. Məni silkələyən yazıçı Markes oldu. Onda artıq “Köç”ü yazmışdım. Bəzi tənqidçilər dedilər ki, Markesin əsərlərinə bənzəyir. Amma, həqiqətən “Köç”ü yazana qədər Markesi oxumamışdım, oxudum, çox sevindim ki, mən də öz xalqımı onun kimi qiymətləndirirəm.

- Sizcə Markesdən nəyiniz əskik, nəyiniz artıqdır?

- Yox, mən bu cür düşünmürəm.

- Təkrar-təkrar oxuduğunuz yazıçılar var?

- Özümü oxuyuram. Heç vaxt şikayətlənməmişəm ki, Ay Allah nahaq bunu bu cür yazmışam.

- İsa Hüseynov, Vaqif Bayatlı kimi əsərlərinizdə düzəlişlər etməmisiz?

- Yox, cavanlıqda necə yazmışamsa o cür də qalıb.

- O vaxtlar senzura vardı və ürəyinizdən keçənlərin hamısını deməyə qoymurdular. Heç ağlınızdan keçməyib ki, “Dəyirman”ı və ya başqa əsərinizi təzədən yazasınız?

- Yox. Amma “Dəyirman”ın ikinci hissəsini mənə yazdırdılar, hökümət yazdırdı. Ancaq çap olunmadı, məndə durur.

- “Dəyirman”ı real hadisələr əsasında yazmısız?

- Arif Mustafazadə adlı bir dostum vardı, yaxşı şeirləri vardı, elə yerlisi İsa İsmayılzadə tipində yazırdı. Bir ara şeirə fasilə verib getdi Gürcüstana. Görüşəndə soruşdum niyə yazmırsan, dedi ki, Kürün üstündə bir dəyirman açılıb. Qoyur ki, evə yığışaq, eləcə üyüdür bizi. Bu taxıldı beynimə. Bir də ki, mənim qohumum vardı, bacımın yoldaşı, yaman içən idi. Beləcə əsər yarandı. Məsələn, “Köç”ü yazmaq ideyası mənim ağlıma Uralda gəldi. Ora getdim və mənə elə gəldi ki, o yerləri, o çayları nə vaxtsa görmüşəm. Orda gəzdiyim yerlər hamısı mənə tanış gəlirdi. Hətta ordakılara dedim ki, burda çiyələk yemişəm, bir az irəli gedib gördük ki, çiyələk bitib. Yanımdakılar dəhşətə gəlmişdilər. Elə o vaxt da “Köç” içimə düşdü, yazdım. Belə, yaşadım da.

- Bu ömürdən razısınızmı? Arzuladıqlarınızın hamısını yazmısınız?

- Heç nə qalmayıb. Bircə bu romandı, onu da özüm sürüyürəm ki, son nəfəsimə qədər çatsın mənə.

aznews.az

0