Bürün payız rənglərimə

Günel Rəcəb

burun-payiz-renglerime

Fabula.az Günel Rəcəbin yeni şeirini təqdim edir...

Aç evinin pəncərəsin

Payızı qonaq çağır.

Əsən səhər nəsimi

Yuxuna haram qatır.

Payızın isti rənglərinə

Boyayıb saçlarımı

Sənə qonaq gəlim yenə

Dönüb Şimal küləyinə.

Payız qədər ola bilsə,

Bu görüşün qədəri...

Payız kimi sevə bilsə,            

Küləklər bu şəhəri...

Yarpaq-yarpaq tökülərəm

Otağının canına

Xəzan ollam döşənərəm

Sənin ayaqlarına.

Nə olsun ki, payızam.

Yarpağım yox, gülüm yox.

Yoxsunam, yorğunam

Çılpağam, solğunam,

Bir xatirəyəm

Həsrətindən saralmış.

Bir bəxtsiz sevgidən

Yadigar qalmış.

Nə olsun ki, payızam.

Təbiətin ən səmimi halıyam.

Ən küskün şeirlər,

Ən həzin mahnıların

Beşiyiyəm.

Yırğalaram dünyanı.

Bu sonsuz ahəngin xətrinə gəl, sevgilim,

Bürün bütün rənglərimə, sevgilim.

02.10. 2018

 

0