“Üzeyir Mehdizadəyə də o sözü dedizdirəcəyəm” – #heryeredebiyyatın yaradıcısı ilə müsahibə

Mirmehdiağaoğlu

uzeyir-mehdizadeye-de-o-sozu-dedizdireceyem-heryeredebiyyatin-yaradicisi-ile-musahibe

Bir neçə gündür ki, sosial şəbəkədə #heryeredebiyyat adlı həştəq yaradılıb və bu ad altında müxtəlif aksiyalar keçirilir. #heryeredebiyyat artıq diqqət toplayaraq, trendə çevrilib. Aksiyanın yaradıcılarından Ayxan Ayvazla müsahibəni təqdim edirik:

- “Heryeredebiyyat” həştəqi nədir və niyə yarandı?

- Yəqin ki, çoxdandır, müşahidə edirsiniz, ədəbiyyatımızda durğunluqdur. Ədəbiyyat saytları az, kitab satışı çox zəif. Vəziyyət qəliz həddə çatıb. Mən düşündüm ki, nəsə bir canlanma etmək lazımdır. Çoxdan fikrimdə olan mədəni aksiya məsələsini status kimi yazdım. Düzdü, dostlar, həmkarlar, oxucular münasibət bildirdi, dəstək olan oldu. Amma faktiki heç kim bu məsələyə yaxın durmadı. Eləcə layk eləyib, rəy yazıb keçdilər. Bircə Aysel Əlizadə mənə yazdı ki, bu çox ciddi məsələdir, gərək bunu müzakirə edək. Aysel xanımla söhbətimiz oldu və qərara gəldik ki, bir qrup açaq, orda bir neçə yazarla həmsöhbət olaq. Biz danışdıq, görüş təyin elədik, çay süfrəsində oturub müzakirə elədik. Nəhayət qərara aldıq ki, aksiya bir dəfə olan bir şeydi. Olacaq və bitəcək. Bunun nə qədər effekt gətirməsini də bilmək olmur. Ona görə də mərhələli şəkildə fəaliyyət göstərməyə qərar verdik. İlk addım kimi həştəq yaratmaq və sosial şəbəkdə diqqət çəkmək istədik. Və bu da alındı. İki günə çox böyük effekt gördük.

- "Sosial şəbəkədə diqqət çəkmək" nə qədər davam edəcək və buna nələr daxildir?

- Hələ yəqin ki, bir neçə vaxt sosial şəbəkədə fəaliyyətimizi davam etdirəcəyik. “Azərbaycan yazıçısı bu deyil” adlı video-rolik çəkdik. Növbədə başqa videolar da olacaq. Kreativ, ütüsüz formada çıxacağıq tamaşaçı qabağına. Etdiyimiz hər şey modern formada olacaq. Həştəqin adından da məlum olduğu kimi, hər yerdə ədəbiyyatı göstərəcəyik. Metroda, avtobusda, kafelərdə, küçələrdə və s.

- Tanınmışlardan da sizə dəstək verənlər oldu. Salam Sarvan video paylaşdı. Deyəsən, qeyri-ədəbiyyat adamları da - Faiq Ağayev və Nura Suri dəstək verdi.

- Bəli. Müğənnilərdən Faiq bəy və Nura xanım bizə dəstək verdilər. Faiq Ağayev yenə alicənablığını göstərdi. Növbəti fəaliyyətlərimizdə də dəstək verəcəyini söylədi. Eyni zamanda da Nura xanım. Salam Sarvanın bizə dəstək verməsi isə xüsusi ilə maraqlı oldu. Yazarların bəzisi eqoist, lağlağı davrandığı halda Salamın bu jesti məni çox sevindirdi. Hələ başqa tanınmış adamlar da dəstək olacaq. Uşaqlara zarafatla deyirəm ki, Üzeyir Mehdizadəyə də “hər yer ədəbiyyat” dedizdirəcəyəm (gülür).

- Özün problemləri sadalayırsan: kitab oxunmur, qonorar verilmir, cəmiyyətin ədəbiyyata marağı zəifdir. Konkret hansı addımları atacaqsınız ki, bu problemlər aradan qalxsın? Sayt rəhbərlərini təhdid edəcəksiniz ki, yüksək qonorar versinlər?

- Əlbəttə, bizim əslində hədəfimiz odur. Yeni yazarlar cəmiyyətdə tanınsın, onların öz kütlələri olsun. Daha sonra ölkədə kitab bazarında vəziyyəti düzəltmək. Yazarların kitablarının satışını təşkil etmək, sponsorları bu işə qoşmaq. Bir şirkət bizə dəstək verib. Rayonlarla iş, oxucularla görüş və s. işlərdə bizə kömək edəcəklərini dedilər. Başqa bir nəfər də sponsorluq eləmək istəyir. Hələ söz kimi deyilib, güman ki, yaxın günlərdə reallaşacaq. Jurnal buraxmaq fikrimiz var. Mütləq öz dərgimiz olmalıdır. Və bir də sayt. İstəyirik ki, müəlliflərə normal qonorar verə bilək. Bütün bunlar üçün xeyli yol qət etməliyik. Mən ümidliyəm. Yaxşı olacaq. Sadəcə, tələsməmək lazımdı. Daşlar yerinə oturacaq. Sadəcə səbr və aktivlik lazımdı. “Həryerədəbiyyat” artıq brendə çevrilmək üzrədir və bir çox yerdən təkliflər alırıq.

- Müəlliflərə nə qədər qonorar verilməsini istəyirsiniz?

- Ağlımda konkret bir məbləğ yoxdur. Ancaq “Azərbaycan”, “Ulduz” jurnalından çox olmağını istəyirik. Heç olmasa, o qonorara hansısa yazıçımız gedib 3 gün Bodrumda istirahət eləyə bilsin (gülür).

- Sizin Azərbaycan Yazıçılar Birliyi və başqa təşkilatlara münasibətiniz necə olacaq?

- AYB fəaliyyətsiz qurumdur. Onunla artıq heç bir işimiz yoxdu. Biz kreativ işlər görəcəyik. AYB bizim aktivliyimizə çatdıra bilməz (gülür). AYO da artıq yoxdur. Onun da fəaliyyəti bitib. Biz yeni dalğa kimi gəlirik.

- Həştəqiniz üçün seçdiyiniz tanıtım mətnindəki “Ədəbiyyat həyatdan maraqlıdır” fikriniz tənqid olundu ki, ədəbiyyat həyatdan maraqlı ola bilməz. Səncə, ədəbiyyat həyatdan doğrudan da maraqlıdırmı? Düşünmürsən ki, ədəbiyyata qarşı pozitiv ayrıseçkilik edirsən?

- Bilirsiniz, bu cümləni seçməkdə məqsədimiz diqqəti çəkmək idi. Üstəlik, bu barədə Kafkanın, elə bizim Pamukun da oxşar fikirləri var. Əslində həqiqətən də ədəbiyyat həyatdan maraqlıdır. Lyosanın bu barədə essesi var. Deyir ki, biz başqa bir həyat axtardığımız üçün ədəbiyyata sığınmışıq. Yəni ədəbiyyat xəyallarımızda yaratdığımız həyatdır. Və təbii ki, o həyat bu həyatdan daha maraqlı olacaq. Çünki həyat sənin əlində deyil, amma xəyallar, ədəbiyyat sənin əlindədir.

- Sizi bu işdən soyutmaq istəyənlər də varmı? Yəni “Belə gəlib, belə də gedəcək, ədəbiyyat düzələn deyil, boş yerə vaxt itirirsiniz”, - deyənlər tapıldı?

- Əlbəttə. Ölkədə qaramat adamdan boluq. Əsasən, uğursuz, heç bir fəaliyyət görə bilməyən, içməyi yaradıcılıq hesab edən yazarlar bizə qarşı çıxır. Lağlağı edən də var, tənqid edən də. Amma ilk dəfə qalmaqalsız, söyüşsüz gündəmə gəldik. Məncə, əsas məsələ də budur. Qaramat adamlar bizi yolumuzdan geri çevirə bilməyəcək. Onlara reaksiyamız yoxdur. Cavabımız yoxdur. Çünki ədəbiyyatın təbliği ilə məşğuluq. Məncə, ədəbiyyatı təbliğ edənləri bu işdən soyudanlar çox mənasız, gərəksiz adamlardı. Sən ciddi bir iş görürsən, bunlar yoluna daş qoymaq istəyirlər. Niyə axı? İstəmirsiz ki, hər yerdə ədəbiyyat olsun? İstəmirsiz ki, kitab oxuyanların sayı artsın? Biz bunun üçün çalışırıq. Nə istəyirlər, anlamıram. Oturub əlimiz-qolumuz bağlı gözləyək ki, nə vaxtsa bütün bu işləri kimsə görəcək? Ya da kimsə qızıl təpsidə bizə çoxlu pul gətirəcək? Açığı, o adamları heç cür anlaya bilmirəm. Bunun bircə adı var: paxıllıq. Və mənim də həyat fəlsəfəm budur: paxıl, neqativ adamlardan uzaq durmaq.

Mirmehdi

AzNews.az

0