İzabel Alyende – Müsahibə 

Fabula.az

izabel-alyende-musahibe

Yaxın vaxtlarda“Yapon sevgili” adlı son romanı çapdan çıxan çilili yazıçı İzabel Alyende “El Pais” oxucularının suallarına cavab verib.  
 

1. Hörmətli senyora Alyende, siz romanları qadınlar üçün yazırsız? 

Mənim romanlarımı, həqiqətən, kişilərdən çox qadınlar oxuyurlar. Mən kitab yazanda oxucu cinsiyyətini düşünmürəm, sadəcə olaraq əsərin süjeti ilə onlarda maraq oyatmağa çalışıram.  

2. Yeni kitabınız haqqında məlumat verə bilərsiz, nə haqqındadır? Çox sağ olun. 

“Yapon sevgili” – romantikadan, xatirələrdən, qocalıq və immiqrasiyadan, qəm və ölümdən bəhs edir. Əsərdə ciddi məsələlərə toxunulduğuna baxmayaraq, mənə elə gəlir, roman çox kədərli olmayacaq. Bu kitab, daha çox həyatın hər bir təzahürünün özünəməxsus mədhiyyəsidir.   

3. Salam, İzabel. Gözəl romanlarınıza görə təşəkkür edirəm. Həyatınız başqa cür qurulsaydı və yazıçı olmasaydınız, nə ilə məşğul olmaq istərdiniz? 

Əvvəllər mən jurnalistika ilə məşğul olurdum, bu peşəni çox bəyənirdim. Mənə elə gəlir, tale məni ədəbiyyata gətirməsəydi, mən hələ də jurnalist idim. Əgər uzun ayaqlarım olsaydı, balerina deyil, rəqqasə olmaq istərdim. Hansısa müasir və duyğulu rəqslərə üstünlük verərdim.     

4. ABŞ-da yaşayıb ispan dilinin “canlılığını” və “təravət”ini qoruyub saxlamaq çox çətindir. Siz bunu necə bacarırsız? Bunun sirri nədir? 

Mən “Spanqliş” rejimində yaşayıram. İngilis dilində işləyirəm, yazıram, xəyal qururam, ailəmlə üsniyyətdə oluram, ispan dilində söyürəm. Bundan əlavə Kaliforniya sakinlərinin yarısı əla ispan dilində danışam latın amerikalılardır.  

5. Sizcə, həyatımızın əsas hərəkətverici qüvvəsi sevgidir? Yoxsa, şüur qəlbdən daha güclüdür? 

Sevgi, həqiqətən, bütün dünyanın hərəkətverici qüvvəsidir. Bu elə bir məsələdir ki, hələ də bizdə maraq oyadır, baxmayaraq ki, biz onu amansızca istismar edirik. Kitablarım bir çox dilə tərcümə edilib və istənilən dildə oxucu bəhs etdiyim sevgini anlayır, çünki hislər universaldır. Şüur isə həmişə belə deyil. Bu, o demək deyil ki, mən tamamən irrasional insanam. Bəzən, düşünməli oluram.   

6. Salam, İzabel. Sizcə xoşbəxtliyin sirri nədir? Sağ olun. 

Fikrimcə, xoşbəxtliyin universal sirri yoxdur. Bəzi insanlar xoşbəxtliyi incəsənətdə tapır. Düşünürəm ki, xoşbəxtliyin qiymətini çox yüksəyə qaldırıblar, mənə elə gəlir, bunun üçün həyatdan razı olmaq kifayətdir. Mənim üçün bu hal bütöv həyatımdan asılıdır: mənim davranışlarımdan, ideallarımdan, yaradıcılığımdan. Məndə daxili təzadlar yoxdur. Mənim üçün vacib olan bir başqa faktor – maksimum dərəcədə səxavətli və xeyirxah olmaqdır. Bu məziyyətlər təkcə insanlar və heyvanlarla deyil, həm də kitablarımdakı personajlar və bütövlükdə dünya ilə əlaqələrimi möhkəmləndirir.  

7. Xoş gördük, senyora Alyende. Bəzi ölkələrdə evtanaziya tətbiq edilir, halbuki bir çoxları bunun əleyhinə çıxırlar. Sizcə, bu nə vaxtsa qanuniləşə bilər? 

Yer kürəsində insanların ömrü keçmişə görə uzanıb. Bəzi ölkələrdə insan ömrü 90-a çıxır. Tibb insan həyatını qorumaq üçün bütün imkanlardan istifadə edir. Bunun nə insani, nə də iqtisadi nöqteyi-nəzərdən bir anlamı var. Düşünürəm ki, vaxt keçdikcə biz evtanaziyanı seçəcəyik. Şübhəsiz, bu proses çox yaxşı tənzimlənməlidir ki, istismar edilməsin. Şəxsən mənim fikrimə gəlincə, mənim belə bir seçimimin olmasını istərdim. 

8. İzabel, uzun illərdir kitablarınızı oxuyur və hər sözünüzdən həzz alıram. Ona görə CNN-ə verdiyiniz müsahibədə Hilari Klintonun prezidenliyə namizədliyini irəli sürməsinə şad olduğunuzu demənizdən xoşum gəlmədi. Təsəvvür edirsiz, qalib gəlsə, Latın Amerikasını nə gözləyir? 

ABŞ-ın Latın Amerika siyasəti həmişə faciəvi olub, xüsusilə də, konservant hökumətlər. Hillari Klinton ideal namizəd deyil, amma hal-hazırda ən yaxşı alternativdir.  

9. Romanlarınızda əsas qəhrəmanlar qadınlardı. Əsas qəhrəman kişi obrazı olan roman yazmağı düşünürsüz? 

“Ruhlar evi” romanında baş qəhrəman – Esteban Trueba, bütöv əsər boyunca süjetdən çıxmayan yeganə patriarx personajdır. “Sonsuz plan” romanında baş qəhrəman – Qreqori Rivz, “Qartal və qırğının xatirələri” trilogiyasında iki əsas personajdan biri – Aleksandr Koyd kişidir. Gördüyünüz kimi bütün romanlarımda güclü kişi obrazları var, onlarsız əsərlərim bu cür ahəngdar olmazdı. 

10. “Yapon sevgili” romanında şəxsi həyatınızdan izlər var? 

Romanda toxunulan məsələlər çox şəxsidir: sevgi, xatirələr, qocalıq. Yeri gəlmişkən, mən romanın heç bir obrazının prototipi deyiləm.  

11. Mayamidən salam. Ədəbiyyat karyerası ərzində üslubunuz çox dəyişdi. Oxucuları ancaq bu cür qoruyub saxlaya və çoxalda bilirsiz?  

Roman yazma mənim üçün təbii bir prosesdir. Mövzular, personajlar, üslublar get-gedə dəyişir. Bunun üçün xüsusi səy göstərmirəm, hər şey təbii baş verir. Bu gün, otuz ildən sonra, “Ruhlar evi” kimi bir romanı yaza bilmərəm və düşünürəm ki, birinci romanımı yazdığım dövrdə “Yapon sevgili”ni yaza bilməzdim.  

12. Əgər sevgi qaçılmaz olaraq bir insanın o biri insanı mütləq mənada susdurması ilə reallaşırsa, siz buna necə baxırsız?  

Düşünürəm ki, müxtəlif cür sevgilər var və mənə elə gəlir, bəzi münasibətlərdə həqiqətən tabeçilik elementi ola bilər, amma mən bunu təsəvvür edə bilmirəm. Mənim üçün sevgi bir-birinə bərabər insanların münasibətidir. Mən heç vaxt şəxsi münasibətlərdə tabe olan mövqedə olmamışam və heç vaxt başqa insanı əzmək istəməmişəm. Bu ki, dəhşətdir! 

13. Salam, İzabel. Özünüz və ailəniz haqqında kitab yazanda elə anlar olub ki, bu fikirdən daşınmaq istəmisiz? Və bu işi davam etməyə sizi nə vadar edib?  

Ailəmin bəzi üzvləri, həqiqətən, kitablarımda personaj kimi, mövcuddurlar. “Paula” və “Günlərin cəmi” kimi memuar-romanlarda yaxınlarım öz adları ilə iştirak edirlər. Həmişə onlara əlyzamanı göstərirəm və çapdan əvvəl razılıqlarını alıram.  

14. Niyə sevgili yapondur? Deyirlər yaponlar xüsusi temperamentlə fərqlənmirlər. 

Düşünürəm ki, qəhrəmanın xarakteri və ruhi keyfiyyətləri irqdən aslılı deyil. Romanımda yapon – çarəsiz bir romantikdir ki, bu orta statistikalı yapon mədəniyyətinə xas olmayan bir xarakterdir.  

Ardı var...  

Foto: irinaatanasova.com 

Tərcümə etdi: Mustafa Ruşan 

0