Əbədi Məhkumun Məhkəməsi 

Qəfər Rüstəm

ebedi-mehkumun-mehkemesi

Hamımız məhkumuq; sən, mən, hamımız. Suçumuz nədir? Bizi kim məhkum elədi? 

Bir sabah yuxudan oyanan K. otağında naməlum insanlar görür. Həmin cənablar ona müttəhim olduğunu  bildirirlər. Yuxu sərsəmliyi ilə nə baş verdiyini anlamağa çalışan K. bunun sadəcə bir zarafat ola biləcəyini güman edir, fəqət yox, onlar ciddidirlər; K. müttəhimdir, məhkəməyə çıxmalıdır. 

Kafka “məhkəmə” romanında belə bir həngamə açır. K.nın başına gələnləri oxuduqca insanın əsəbləri tarıma çəkilir, boğulursan, axı niyə ittiham olunur K.?  

Abstrakt məkanın anlaşılmazlığı içində K.nın nəcib vəziyyəti daha da əcaibləşir. Nəylə ittiham olunduğunu bilmədən məhkəməyə hazırlanmalıdır, özünə vəkil tapmalı, işini-gücünü atıb bu məhkəmə işiylə məşğul olmalıdır. 

Kafka “məhkəmə” romanında iki məhkəməyə eyham vurur; bir tanrının, bir də fanilərin qurduğu məhkəmə. 

İnsanların qurduğu məhkəmədə ədalət axtarmaq samanlıqda iynə axtarmağa bənzəyir. Bitib-tükənməz prosedurlar, acı bağırsaq kimi davamlı uzanan məhkəmələr, hoqqabaz vəkillər... Anlaşılmaz, adamın əsəbini pozan hüquqi prosedurlar bu romanın qanına-canına hopub. K. tapdanmış hüququnun müdafiəsinə qalxanda dərin bir bataqlığa düşdüyünu anlayır. Çıxmağa çalışanda isə daha çox batır. 

İnsan tapdanmış haqqını məhkəmədə bərpa edərək izzəti-nəfsini, heysiyyətini qorumaq istəyir, lakin məhkəməyə düşmək şərəfi, izzəti itirmək deməkdir. İşbaz vəkillərin ümidinə qalmaq, zəhmli hakimin önündə əl bağlayıb gözləmək, ağzından çıxacaq müjdənin həsrətində olmaq... Üstəlik, bizim ölkəmiz kimi məhkəmə sisteminin qüsurlu işlədiyi ölkələrdə məhkəməyə düşmək elə ölümə bərabərdir. 

Kafkaist ülubun şiddətiylə tanrı məhkəməsinin anlaşılmazlığını, mücərrədliyini hiss edirik bu romanda. İnsan dünyaya gələrkən məhkumdur, boynuna yüklənən yüzlərlə məsuliyyət var. Tanrının qoyduğu ehkamlar aydın kimi görünsə də, əslində, bir o qədər anlaşılmazdır, müəmmalıdır. Kimsə bu məhkəməyə nə üçün çağırıldığını bilmir. Çünki heç kimə soruşulmayıb. Biixtiyar içinə atıldığımız məhkəmə prosesindən necə qurtulacağımızsa  müəmmadır, nə qədər əziyyət çəksək də, iztirablar yaşasaq da, ancaq ilahi lütflə qurtula bilərik. İnsanın K.nın bir sabah oyanıb ittihama məruz qaldığı kimi, biz də bu dünyaya göz açandan belə bir məhkəmənin müttəhimiyik, ölənədək. 

Yaradan bizi niyə yaratdı? Və niyə bizi imtahana çəkir? Məgər insanın bu imtahandan boyun qaçırmaq haqqı yoxdurmu? Sosial təbəqəsindən, məsləyindən, milliyətindən asılı olmayaraq, hamını bir şey birləşdirir; məhkəmə, İlahi məhkəmə. Adəmin yasaq meyvəyə əl uzatdığı üçün bu dünyaya gələn insanın naçiz çiyinlərinə yüklənən ağır yük. Bəziləri imtahanın adəmin yasaq meyvəni yeməyi ilə başladığını iddia etsə də, Adəm özü də imtahanda deyildimi? O da sınağa çəkilmədimi? Cənnətdə qurulan məhkəmə, Adəmin xəmirinə ruh üfülənəndən bəri məruz qaldığı sınaq idi. Bəs görəsən bizdən xəbərsiz bizi yaradan tanrı bizi nə üçün sınağa çəkir və nəticənin nə olduğunu bilmədən ölənə qədər qayğı və intizarla gözləməyimiz insana əzab deyilmi? 

K. bu anlaşılmaz məhkəmənin əli-qolu bağlı müttəhimidir. Çarəsizcə ora-bura çırpınır, məhkəmədən canını qurtarmaq istəyir. İnsanın axtardığı əbədi həyata, sonsuzluğa olan təşnəlikdir bu. K.nın arxasınca gələn iki nəfər də yaxşı və pis əməlləri yazan mələklərdir. Geci-tezi insanın unutduğu bu müəmmalı məhkəməyə çıxacağına bir işarədir. 

K. bir səhər yenə yuxudan oyananda otağında həmin o naməlum iki nəfəri görür. Muti halda onlara qoşularaq gedir. Bir az yol aldıqdan sonra yeni inşa edilmiş bir binanın yanında adamlardan biri onu ürəyinə xəncəri iki dəfə saplayır. K. son anda bunu düşünür “lap it kimi öldüm”. Kafkanın burada səmavi dinlərlə razılaşmadığını görürük, əbədi həyat yoxdur ona görə, ölənlər it kimi ölüb yoxluğa gedəcək. 

Albert Kamyü ölümlü dünyaya məhkum edilmiş insanın qarşısında yeddi yol olduğunu bildirir. Yollardan biri özünün də seçdiyi kimi dünyanın absurd olduğunu qəbul edib yaşamaqdırsa, bir digəri əbədi həyatın olduğuna inanmaqdır. Əbədi yaşam fəlsəfəsi ta qədimdən insanların arayıb axtardığı bir simurq quşudur. Məncə, əbədi həyatsız insanın it kimi, yəni mənasız yerə yaşayıb ölməyi deməkdir. Bu da məhkəməni inkar edir, kəsəsi, məhkəmə varsa, hakim vardır, hakim də cəza-mükafat paylamalıdır. 

0