Peşələrə uyğun hansı kitabları tövsiyə edərdiniz? 

Fabula.az

peshelere-uygun-hansi-kitablari-tovsiye-ederdiniz

Mirmehdi Ağaoğlu: Topoqraflar Kafkanın "Yerölçəni"ni oxusunlar. Mollalar da "Sergi ata"nı oxusunlar. Hər dəfə qiymətlər qalxanda, ya ölkədə fövqəladə bir hadisə yaşananda taksinin, dükanda suyun  qimətini qaldıran möhtəkirlər var ha, onlara da məsləhət görərdim "Qorio ata"nı oxusunlar. Bəlkə ağılları başlarına gələr. 

Rasim Qaraca: Bədii ədəbiyyatın birləşdirici özəlliyi var. İçərisində yaşadığımız dünya bir mənada yazıçıların, sənət adamlarının şəkilləndirdiyi dünyadır. Bu mənada bütün kənar peşə sahibləri yaxşı mənada ədəbiyyat (sənət) dünyasına bulaşmalıdırlar. Belə demək olarsa, roman oxumayan bir həkim üçün pasiyent yalnız bir yığın ət parçasıdır, roman oxuyan həkim üçünsə o bir insandır. 

Qan Turalı: Peşə və ona uyğun kitab. Bu, bəri başdan mənə məntiqli gəlmir. Axı ədəbiyyat hər şeydən əvvəl insanlıq peşəsidir. İnsana insan olmağı öyrətməlidir. İnsanlıq isə hamının peşəsidir. Ya da olmalıdır. Bəlkə, biz daha yaxşı mütəxəssis olmaq üçün çalışdığımız qədər yaxşı insan olmaq üçün çalışsaydıq, bəşəriyyət daha məsud olardı.  

Və mən nədənsə son dövrlərdə ədəbiyyatın ən çox dinə yaxın olduğunu düşünürəm. Fərdi bir dindir bu. Tanrıları, peyğəmbərləri fərqli... Kitabları başqa. Amma ruh eyni. Mənəviyyat eyni. Ədəbiyyat peşəsi ruh mühəndisliyi olanların peşəsidir.  Oxuyanlar da ruh adamlarıdır. Dünyanın ən ali peşəsidir. Ən müqəddəs və ən vacibi... Bunun üçün, məncə, iki kitab gərək. Tolstoyun "Sergi ata"sı və Herman Hessenin "Siddharta"sı. Bunlar ən ali peşənin dərslikləridir. Ruhu fırtınalarla boğuşmuş, bu mənəvi təbəddülatlardan salamat çıxmış ruh adamlarının kompasıdır. O, dərinliklərə baş vuranların xilasedici kəməridi. "Sergi ata" və "Siddharta"... 

Qəfər Rüstəm: Hakim və məhkəmə sistemində çalışanlara Kafkanın “Məhkəmə"sini, həkimlərə Çexovun "6-cı palata"sını tövsiyə edərdim. Ümumiyyətlə, bütün peşə sahibləri bədii ədəbiyyatla barışıq olmalı, daim oxumalıdır. Ədəbiyyat hər bir peşəyə insanilik qatır. Ədəbiyyat insanın təfəkkür və empatiya qurmaq qabiliyyətini inkişaf etdirdiyi üçün hər bir peşə sahibini uğura aparır. 

0