Kimsə ağrını, acını bir yolluq unuda bilsə- Ələddin Əzimlinin şeirləri

Ələddin Əzimli

kimse-agrini-acini-bir-yolluq-unuda-bilse-eleddin-ezimlinin-sheirleri

Fabula.az Ələddin Əzimlinin şeirlərini  təqdim edir...

Uçqun

Bu uçqundan

Uçqun sonu yaranan

Bu yarğandan

Diri çıxan kənd uşağı

Hara getdiyini bilmədən

Enir uçan təpədən,

Enir üzü aşağı.

Uzaqdan

Top nəriltisi,

Güllə səsləri gəlir.

Uşaq isə

Dayanmadan enir, enir.

Nə dillənir,

Nə də dinir.

Yad səslərə məhəl qoymur,

Hərdən təntiyib dayanır,

Tozlu gözlərini ovur,

Sanki yuxusunu qovur.

Heç nə düşmür yadına,

Heç nə gəlmir fikrinə.

Yavaş-yavaş,

Asta-asta

Enir yerin təkinə...

 

Dostuma məktub

Salam, qardaş!

Gör nə vaxtdır,

Biz tərəfdə quraqlıqdır.

Bomboz Muğan çöllərinin

Rəngi çöküb

Üzümüzə, gözümüzə.

Tozdan pərdə çəkilib

Göy üzünə.

Saksaullar, yulğunlar da

Bədrəng olub.

Içimizdə çox şey solub.

...İndi payızdır,

Çəmən-çəmən göyərir hər yer.

Elə torpaq kimi

Çat verən ürəyimiz də.

Söylə, qardaş,

O tərəflərdə nə var –

Bizdən uzaq ellərimizdə?..

 

Dərd koması

Bu ayrılıq sözünü
Kim dedi, kim söylədi?
Yığışmışdıq
bir komaya hamımız.
Burdan bizi 
kim didərgin eylədi?
Yellər əsdi
min illəri apardı,
çox şeylər unuduldu.
Bəzisini
yadımızda saxladıq.
Ancaq heyf!
O birliyə-ilkinliyə
gedən yolu unutduq.
Əvəzində o komanı
dərddən hörüb
içimizdə ucaltdıq...

 

Susamış dəniz

Bilmirəm nədəndir,
bu ötən günlər
isti nəfəslər də 
üşüdür məni.
Son baharın hərarəti
qızdırmır soyuq qəlbimi.
Çırpınır ürək
bu dar qəfəsdə.
Keçir vaxt,
ötür anbaan
məndən xəbərsiz,
səssiz-səmirsiz.
Bu coşqun çaysa
öz axarında
gecə və gündüz.
Son anda alar qoynuna
onu bir nəhr-
susamış dəniz...

 

Dönüş

Düşmək istəyirəm
mənə qəlbən yaxın olan
bu kimsəsizin qarasınca.
Sorağında olum gərək
onu geri qaytarınca.
Çata bilsəm,
yapışım ətəyindən,
bacardıqca yalvarım.
Bəlkə, bu sayaq
dəydi ona köməyim.
Rəhmə gəldi,
döndü geri.
Aram oldu ürəyim...

 

Sizləri gördüm

Ötdü 
çətin bir gün-
sanki bir il.
Kölgəsi qaldı.
Günəş 
endi qüruba
lap son anında
aldadıcı şöləsi qaldı.
Çökdü qaranlıq içimə
zülmətə düşdüm.
Yumdum gözümü
uçdu xəyalım.
Gör necə sirmiş
döndüm uşağa
o geniş düzləri gördüm.
Gəzdi üzümdə
həsrətli baxışlar.
Nə gözəl
doğmaları-sizləri gördüm...

 

Həzinlik

Kimsə
ağrını, acını
bir yolluq unuda bilsə,
qəmdən, kədərdən
ağlayanı ovuda bilsə,
təzədən, yenidən
özünə qayıda bilsə,
oxşayar qəlbimi
həzin duyğu tək,
sərin meh kimi...

 

Sözlərin yağışı

Gözlərin işığı 
süzülür ağ varaqlara.
Gecənin səbri tək 
varaq qaralır.
Sözlər ulduz-ulduz
qaranlıqdan boylanır.
Tez elə ,
aç sözlərin sirrini 
söylə qəlbinə.
Səhərə az qalıb.
Bitəcək bir azdan 
sözlərin yağışı,
ulduz baxışı...

 

Dostlarla

Gəlin
verək kürək-kürəyə,
üstümüzə ayaq açan
bəlalardan
özümüzü hifz eləyək.
Gedək,
gedək haqqa doğru
keçənləri, olanları 
özümüzə dərs eləyək.
Açaq bağlı biləkləri,
dərddən, qəmdən 
qoy ayıldaq ürəkləri.
Bu atəşdə, bu alovda 
azad edək küləkləri
qarşısında səcdə edək...

 

İşıq və yuxu

Tavandan asılan işıq,
döşəmədəki cizgilərin
ötən gecəki
yuxum kimi qarmaqarışıq.
Qarşıdan
təzə gecə gəlir .
İndi 
atam-qardaşım,
çox narahatam...

 

Layla

Bu avaz 
yorğun canımda.
Sükut içindəki 
durğun qulaqlarımda.
Oynadır ruhumu bu səs mənim,
bu nəfəs mənim.

Bu avaz 
bilmirəm, duymuram 
haradan gəlir.
Dünəndən, 
bu gündən,
ya da ki sabahdan gəlir.
Həzindir, 
qəm dolu bir candan gəlir.

Bu avaz 
yuxu olub 
dolur canıma,
çəkir yavaş-yavaş 
qəlbimi, ruhumu
öz ünvanına...

 

Payızın gəlişinə

Hava nəm qoxuyur,
deyəsən, yağış yağacaq-
çölə-düzə, dağa-daşa.
Çoxları 
pəncərədən boylanacaq
aramsız yağan yağışa...
Altdan-üstdən bürünəcək
iş dalınca gedənlər-
yağış isə 
susmayacaq, kəsməyəcək,
ancaq utandığından 
hərdən gözünü yerə dikəcək...

 

Vaxt

Vaxt
həmişə duyduğun deyil.
Ölçüsüylə, biçisiylə
dünənki vaxt
bu vaxt deyil.
Vaxt da
su kimi dayanmır-
axır, gedir.
Bəzən vaxt da darıxır,
çıxır çay kimi məcrasından
yolları, cığırları,
evləri basır,
adamları aparır bilinməzliyə-
gedər- gəlməzliyə,
zamansızlığa...

 

Nağıl

Taleyimə
yazılmayıb bu arzu da.
Odur sevə bilmədim
bu şəhəri,
özü kimi bərbəzəkli qızı da.

İncidim küçələrindən,
mənə
qəm və kədər gətirən
işıqlı gecələrindən.
Qaranlıq gecələr
hər gecə girdi yuxuma.
Qaranlığın içindən
tapdım itirdiklərimi.
Sizə bütün bu dediklərimi
yazdım ürəyimə,
ancaq oxumadım heç kimə.
Bu balaca bir nağıldı
danışdım sizə.
Vaxt gələr
söyləyərsiniz nəvələrinizə...

 

Çərçivə

Bu çərçivədən 
keçən çoxdur, çıxan çox?
Bu çərçivə
gecə də qapıdır, 
gündüz də qapı-
dümdüz qapı.
Ancaq adamlar var
adamların içində
bu çərçivədən-
bu qapıdan keçə bilmir.
Neçə dəfə cəhd etsə də,
bir layını aça bilmir.
Bu çərçivə-bu qapı
kimsənin bilmədiyi,
duymadığı bir kölgə.
Mən də ordan keçmək üçün
cəhd edim, bəlkə?..

 

Qaranlığın səsi

Vaxt gələcək
döyəcəksən yenə bu qapını.
Qapı açılsa,
baş vuracaqsan ölü xatirələrə.
Dillənəcəksən,
cavab gəlməsə, susacaqsan.
Susmaq çevriləcək ağrıya.
Ağrıya-ağrıya dönüb
Qapını çırpacaqsan həsrətin üzünə.
Sonra da
çıxıb gedəcəksən.
Və birdən
diksinəcəksən qaranlığın səsinə...

0