Sevgi məktubu

Esmira Günəş

sevgi-mektubu

Sevgi məktubu

Qələmi götürüb bir şeir yazsam,

Yazsam ki, sevgilim, darıxmışam mən.

Həsrətə son qoyub bir danış görüm,

Qayıdıb yanıma gələrsənmi sən?

 

Əllərin silərmi göz yaşlarımı?

Gözlərin gözümə baxa bilərmi?

Nə qədər gizlədim baxışlarımı?

Sevgin əzabımı yıxa bilərmi?

 

Getmisən yuxumu alıb gözümdən,

İndi mən gecələr yata bilmirəm.

Adın əskik olmur dildə sözümdən,

Axı ürəyimdən ata bilmirəm.

 

Bir vərəq, bir qələm sirdaşım olub,

Şeirlər sən deyə başlayıb, bitir.

Ömürdən günlərim yarpaq tək solub,

Əcəlim gəlmədən özünü yetir.

 

27.04.2018

 

Gedişin öldürdü məni

Deyirdin səninlə nəfəs alıram,

Mən indi de necə anlayım səni?

Canıma düşən bu xəstəlik deyil,

Gedişin onsuz da öldürdü məni.

 

Nə tez sona çatdı mənli arzular?

Daha nə istəyim, nə diləyim var.

Məni ki, yaşadan sən idin, ey yar,

 Gedişin onsuz da öldürdü məni.

 

Canımda xəstəlik tapıldı mənim,

Əzaba dözməyir daha bədənim.

Sən mənim eşqimə olmusan qənim,

Gedişin onsuz da öldürdü məni.

 

Sən qatili oldun sevgi bağımın,

Daha nə faydası ağlamağımın

Daha nə mənası yaşamağımın?

Gedişin onsuz da öldürdü məni.

 

Baxma ki, ayaqda dururam hələ,

Sən mənim eşqimi vermisən yelə.

Qoy məzar daşıma yazsınlar belə,

Gedişin onsuz da öldürdü məni.

 

12.09.2018

 

Təcnis

Fərhad olum yollarına düzülən,

Qayaları bircə- bircə yarım çıx.

Həsrət evin bağlayaraq qapısın,

Daha girmə o otağa, yarım çıx.

 

Ürəyimdə kinim yoxdu yarıma,

Elə bil ki qarğış edib yarı ma.

Sözüm keçmir bu bədəndə yarıma,

Ürək vurmur sənsiz qalıb yarımçıq.

 

Günəş yanır eşq oduna o yana,

Ey ayrılıq çəkil bir az o yana.

Bircə sabah yar mənimlə oyana.

Qalan ömrü neyləyirəm? Yarım çıx.

 

01. 10.2018

 

Sevgi hisslərimiz

Bir də belə bir hiss var içimizdə.

Sevərik bildirmərik.

Yanarıq hiss etdirmərik.

Susarıq, qəlbimiz alışar.

Baxsaq gözümüz danışar.

Bütün duyğular qarışar.

Həyacan düşər qəlbinə,

Əlin ayağın dolaşar.

Titrəyər ürəyin....

Yaşadığını hiss edərsən,

Varlığına şükr edərsən.

Bir də bitdiyi an var.

Onun getdiyi an var.

Nəfəsin kəsilər....

Cismin yaşayıb, ruhun ölər.

Gözünün nuru sönər.

Bax o zaman,

Cəhənnəmi yaşayarsan cənnətində.

Əzab nədir dadarsan.

Qəlbin elə yanar ki,...

 Cəhənnəmi duyarsan.

O da yanar deyə qorxarsan.

 

26.07.2018

 

Paxıllıq

Yoluma daşlardan hasar hörəndə,
Ehtiyat eylə ki, uçar başına.
İncidər yarası çox dərin olar,
Sonra peşman olma hər bir daşına.

Paxıllıq hissinə uzaq yaşa sən,
Paxıllıq gələndə qəlbə möhür vur.
Gördün ki, kiməsə əngəl olursan,
O zaman çəkil get bir az gendə dur.

İnsafı, vicdanı vermə əlindən,
Çalış ki, sadə ol, sadə yaşa sən.
İnsanlıq ayrılıb qopar bədəndən,
Lazımsız biri tək tərk edilərsən.

Paxıllıq insana, xeyir gətirməz,
Xeyirsiz insanın nədir faydası?
İnsaf et, rəhm elə, sevməyi bacar,
Məncə bu üç şeydir həyat qaydası.

18.10.2018

Qadınlar

Qadın var, evində çörəyə möhtac,

Qadın var, dərdinə tapılmır əlac.

Qadın var, həyatda qədri bilinmir,

Dərisi qırışıb, ağarıbdır saç.

 

Qadın var, gözünün yaşı qurumur,

Qadın var evində qabını yumur.

Qadın var, həyatı keçir yalanla,

Qadın var, dilində yalanı olmur.

 

Qadın var, balaya canını verir,

Qadın var, yoldaşın ürəkdən sevir.

Qadın var, gözündə yoxdu dəyəri,

Ailəsin atıb, özgəyə gedir.

 

Şerimin sonluğun bitirib belə,

Qadın da, kişi də lazımdır elə.

Başımız dik olsun qoy namus ilə,

İstərəm yaxşını gətirək dilə.

 

 

1
  • niyazi-mehdi Niyazi Mehdi
    Bəyəndim