Yasaq sevgi parkı 

Qəfər Rüstəm

yasaq-sevgi-parki

Bakı mənzərələri-1 

Keçmiş “Sevinc”, indiki “Təbriz” kinoteatrının önündən keçəndə hər dəfə maraqlı insan mənzərələri ilə qarşılaşmaq olur. Kinoteatrından əsər əlamət qalmayan bu köhnə binanın önündə elə özü kimi köhnə, içində ot-ələf bitmiş fəvvarə yerləşir. Fəvvarə paslanmış su borusu, içi dolu zir-zibillə bu parkın tərkedilmişliyini, tənhalığını dözülməz həddə çatdırır. Şəhərin ən canlı prospektinin kənarında yerləşən bu park, parkdan daha çox sirli bir məkana çevrilib. 

Buranın sakinləri də park kimi əsrarəngiz insanlardır. Onların əcaib-qəraib xəyalları, arzuları var... 

Gündüz vaxtı buralar pensiyaçı, yaşlı insanlarla dolu olur. Sınıq-salxaq skamyada məktəbli uşaqlar kimi bir-birinə kip yapışmış halda oturub gün-güzərandan giley-güzar edirlər. Bəziləri əsəbi halda şikayətlərini ard-arda sıralayarkən, digərləri  ağır-ağır başını yelləyib onu dinləyirmiş kimi görünsələr də, kim bilir fikri-zikrləri hansı mətləblərin ətəyindən yapışıb. 

Onların heç birinin yanında nəvəsini görməzsiniz, bəlkə də, onların istəklərini qarşılayacaq pulları yoxdur, bəlkə də, onlar elə bu park kimi kimsəsizlərdir, miskin bir həyat yaşayan yazıqlardır. Gəlib gedənlərə  göz qoymağı ehmal etməyən bu yaşlılar kim bilir hansı təəssüf hiss ilə su kimi axıb getmiş ömrün qaynar vaxtlarını xatırlayırlar. Sovet dövrünün şanlı, pafoslu gələcək vədi səslənir, bəlkə də, beyinlərində. Elə ona görə də bəzən gizli, bəzən aşkardan müstəqil ölkədən şikayətlənirlər. Məgər müstəqillik tula payı pensiya almaqdımı deyə fikirləşirlər. Yenə də azadlıq yoxsa xoşbəxtlik dilemması, yenə ətrafa gəzinən yorğun, küskün nəzərlər... 

Gündüz vaxtı təkəm-seyrək cavanəzən ananın uşaq arabasında körpəsini gəzdirdiyini görmək olur. Digər uşaq ləngər vura-vura göyərçinləri qovalayır, elə həyat kimi bu parkın da nə olduğunu anlamaq həvəsinə düşür. Cavan ana iki uşağın verdiyi yorğunluqla ətrafın köhnəliyini, dağınıqlığını eyninə belə almadan evə gedib hansı işləri bir-bir yoluna qoyacağını fikirləşir. 

Səhərin gözü açılan kimi skamyalarda nimdaş paltarlarına bürmələnib dərin yuxuya getmiş insanları görmək olur. Səhər günəşinin dəlici şüaları üz-gözlərini cırmaqlayanda oyanıb pırtlaşıq saçlarını əlləri ilə qarışdırır, yaxşıca gəyirib bu günü necə yola verəcəklərini fikirləşirlər. Çox vaxt kişi, bəzən qadın bu evsiz-eşiksiz insanlar cəmiyyətdə özünə yer tapa bilməyən miskin insanlardır. Kim bilir həyatın hansı ağrılı-acılı mərhələsindən keçib buralara gəliblər, bundan sonra onların üzünə bəxt güləcək mi? Kim bilir?  

Bu parkın yerindən tum qabıqları, enerji içkilərinin qutuları, daha nə bilim min bir çeşid tullantı əksik olmur. Yaşlı süpürgəçi qadınlar hər səhər nıqqana-nıqqana parkı süpürsələr də, axşama hər künc-bucaqda çör-çöp qalaqlanır. 

Bu tənha yeri özünə məskən seçmiş göyərçinlərin ətrafa naxış kimi çilədikləri nəcisləri parkın mənzərəsinə qəribə bir harmoniya qatır. Buranın sakinləri kimi göyərçinlər də ürkək-ürkək ətrafa baxınırlar, bəzən başlarını qaldırıb ətrafa tərs-tərs baxır sanki insanlara səslənirlər: “Siz də çox sinənizə döyməyin, siz də bizim kimi qorxaq varlıqlarsınız, siz də bizim kimi Allah ümidinə yaşayan kimsəsizlərsiniz” deyirlər. 

Gecələr park daha əsrarəngiz ab-havaya bürünür, bura sevgililərin oylağına çevrilir. Hər küncdə, hər skamyada bir-birinə sığınmış cütlüklər görmək olur. Amma onlar tamam başqa insanlardırlar, onların sevgisi daha anlaşılmaz, daha ürkək və bəlkə də daha dərindir. Bəzən növcavan bir oğlan, ayağını ayağının üzərinə aşırıb hallıca-dulluca bir qadını qucaqladığını görürsən. Onlar elə hərisliklə, elə acgözlüklə danışırlar ki, elə bil onlardan biri onları əbədiyyən ayıracaq qatara tələsir. Pırtlaşıq, seyrək saqqalı oğlan ətrafın ona təlqin etdiyi qorxudan, tənhalıq duyğusundan təcrid olmaq üçün qadının iri sinəsinə dərin bir güvən hissiylə, həm intim, həm məhrəm bir duyğuyla yaslanıb. 

Yaşı qırxı ötmüş  bir kişi otuz yaşlarında bir qadınla naümid, nigaran bir ab-havada söhbətə girişiblər. Başını aşağı dikən qadın orta yaşın verdiyi yetkinliklə danışmaqdan  daha çox kişini dinləyir və hələ alov kimi yanan hisslərini biruzə verməmək üçün başını aşağıya salıb susqunluğa qərq olub. 

Alatoranlıqda bir-birinə oğrun-oğrun baxan, biri o birinə bir az məsafəli duran yeni yetkinliyə çatmış cütlüklər isə daha başqa cür davranırlar. Bəzən onlardan şıltaq gülüşlər qopur, bəzən də sıx-sıx qucaqlaşıb yenidən kənarlaşırlar. Əllərində kola, çipsi, ya da enerji içkisi olan cavanlar məsti-xumar, hara getdiyini bilməyən bir səyyah kimi sadəcə məchula tərəf yol alırlar. 

Bu parka “Yasaq sevgilər parkı” adını vermişəm. Buranın efemer sakinlərinin elə münasibətləri də müvəqqəti və naümiddir. Bəlkə, bir gün, bəlkə, bir neçə ay çəkəcək bu sevgi aventurasının sonu nə ilə bitəcəyini alın yazısından başqa kimsə bilə bilməz. 

Tabulara tərs düşən bütün sevgilər bu park kimi tənhadır, yalqızdır. Qaydalara zidd atılan hər münasibət bu yasaq sevgi parkının bir məcarasına çevrilir. Deyəsən, bundan hamı məmnundur, illərdir, suyu kəsilən fəvvarə də, içində ins-cins tapılmayan kinoteatrıdır da, sınıq salxaq skamyalar da... 

0