Heminqueyi tərk edən qadın

Fabula.az

heminqueyi-terk-eden-qadin

Birinci Dünya müharibəsində Ernest Heminquey Milanda vuruşurdu. Döyüşlər amansız idi və bu döyüşlərin birində Heminquey yaralanır. Heminqueyi xəstəxanaya gətirirlər. Və o, burada tibb bacısı Aqnes von Kurovskiyə aşiq olur. Heminquey Aqnesə evlənmək təklif edir. Ancaq 26 yaşlı Aqnes 18 yaşında olan Heminqueyin təklifini rədd edir. Müharibə qurtarır. Ancaq Heminqueyin Aqnesə olan məktubları davam edir. Heminquey yazır, yazır, ta ki Aqnesdən bu məktub gələnədək. 

Ernie, 
Bu məktubu bir xeyli fikirləşdikdən sonra sənə yazıram. Deyəsən, səni bir qədər incidəcəyəm. Ancaq bundan əminəm ki, vuracağım ziyan uzunömürlü olmayacaq.  
Burdan gedəndən bəri özümü inandırmağa çalışdım ki, bizimki əsl sevgi hekayəsidir. Çünki bu barədə sən çox israrlı idin. Mən də sənin özünə nəsə eləyəcəyindən qorxurdum. 
Ancaq indi aradan bir neçə ay keçib. Səni hələ də çox sevirəm. Ancaq bu sevgi bir ananın uşağına bəslədiyi sevgi kimidir. Hə, sənin üçün hələ də Kid (Heminquey və Aqnes bir-birlərinə ləqəblər qoymuşdular) olduğumu bilirəm. Ancaq elə deyil. Və gün keçdikcə də bundan uzaqlaşıram. 
Yəni, Kid, (Mənim üçün həmişə Kid olaraq qalacaqsan) görəsən, məni bir gün bağışlayacaqsan? Pis insan olmadığımı və səni necə istədiyimi bilirsən. Sənə zərər verməyəcəyimi də bilirsən. Bəlkə də, birinci səhvi mən ən əvvəldə elədim. Ancaq səndən çox yaşlıyam və reallıq budur ki, bu, dəyişməyək.  
Bilirəm ki, gələcəkdə adını çox eşidəcəyəm. Səninlə fəxr edəcəyimi də bilirəm. Amma, canım, istəmirəm ki, karyeranı mənə görə tələsiyə salasan. 
Çox xahiş edirəm, bu xəbəri sənə verəndə mənim üçün də necə gözlənilməz olduğumu bil. Yaxında evli bir qadın olacağam. Məni bağışlayacağını, gələcəkdə necə yüksəsk pillələrə çıxacağını və necə möhtəşəm insan olduğunu hamıya sübut edəcəyini ümid edirəm. 
Dostun Aqqi 

Tərcümə etdi: Fəhmin Mirzə

 

0