Mən xeyirxah mələyəm

Qəfər Rüstəm

men-xeyirxah-meleyem

Arada yaxşılıq damarım tutur, istəyirəm hamıya xeyirxahlıq edəm. Təvazökarlıq bir yana, mən xeyirxah mələyəm, bunu mənə içimdən gələn bir səs deyir. Fəqət hiss edirəm ki, yaxşılığım dəydiyi insanlar da mənə belə deyir, gözlərindən oxuyuram: “Sən xeyirxah mələksən”, - deyirlər

Bəli, mən xeyirxah mələyəm. Uzun müddət düşünmüşəm, bütün insanlara necə faydam dəyə bilər. Axı hər insan başqa dərddədir, hər bəşər başqa arzunun vüsalındadır.

Sualıma cavab tapmışam. Çoxdandır, insanlara əl uzatmağın yolunu tapmışam.

Özümə saxta adlarla sosial şəbəkələrdə profil açmışam. Göndərə bildiyim qədər insanlara dostluq göndərmişəm, onları izləmişəm, onlar da məni izləyib.

Artıq insanları sosial şəbəkələrdə asanlıqla tanıya bilirəm, kimin nəyə ehtiyacı olduğu asanlıqla anlayıram. Dostluğumda tez-tez şəkil paylaşan, nə yeyib içdiyini elan edən orta yaşlı qızlara bol-bol ürək işarəsi göndərirəm. Bir-iki hekayə yazıb oxunmadığından şikayət edən gənc yazarın yazısını bəyənirəm, çox bəyəndiyimi deyirəm. Havada hoppanan şəkillər paylaşan, özünə it qulağı, pişik burnu taxan qızlara ürək işarəsi qoyuram. Ömrünün qürub çağındakı yaşlı şairin şeirini bəh-bəhlə oxuyurmuş kimi rəy yazıram, ürək işarəsi qoyuram. Gəzdiyi rayonları, şəhərləri statusda paylaşanlara, kabab şəklini statusa qoyanlara “mənim də əvəzimə ye” deyirəm. Aeroportda olduğunu bildirənlərə: “Sağ salamat, mənə ordan nəsə gətir” - deyib gülmək işarəsi qoyuram.

Mənim sosial şəbəkədə çox dostlarım var, mən onları heç vaxt unutmuram. Ad günlərini, evlilik ildönümlərini, uşaqlarının doğum günlərini, yeni işə başlayanları təbrik edirəm. Mənimsə profilimdə sadəcə “Yalquzaq” qraffitindən başqa heç bir şey görünmür, nə cins, nə ad, nə başqa bir şey. Dostlarım bundan heç də narahat deyillər. Bu naməlum adamın bəyənməyi onlar üçün sadəcə əlavə bir bəyənmədir, başqa heç nə. Bəzən özüm-özümün xeyirxah mələyim olmağım gəlir, saxta profillə özümə dostluq atıb, öz şəkillərimi bəyənmək istəyirəm.

Dostlarımdan bir qız diqqətimi çox çəkirdi. Dayanmadan selfi şəkilləri paylaşırdı. Ona “Selfiçi”adını qoymuşdum. Üzündəki ifrat təbəssümü, həyat eşqiylə dolub daşırmış kimi dəlisov pozaların arxasında yalqız, tənha bir qızın gizləndiyini bilirdim. Qəribə şəkildə aramızda dəruni bir rabitənin, ya da telapatik bir yaxınlığın olduğunu hiss edirdim. Xeyirxah mələk sevindirdiyi insanlarla heç vaxt yaxın münasibətə can atmayıb. Lakin indi məsələ başqadır, elə bil o qız bütün səlfilərində mənə səslənir “Yalquzaq, mənim xeyirxah mələyim” deyir. Mənsə onun bu metafizik çağrışlarına virtual ürəklər, bəyənmə işarələri göndərirəm, əlimdən başqa bir şey gəlmir. Axı mən buna hazır deyiləm...

Deyəsən, özüm haqqımda az məlumat verdim. Xeyirxahlığımdan xəbəriniz var, bəlkə də, bu hekayəni oxuyanda bəzilərinizin üzündə istehzalı-eyhamlı təbəssüm yaranacaq, ağız büzəcəksiniz, olsun, mən bütün bunları öz ürəyimin hökmü ilə edirəm.

Mən həftənin yeddi günü təmizlik şirkətində xadimə işləyirəm. Bu işə başlayandan həyat haqqında bir çox  yeni mülahizələr zehnimə dolur. Bu işi görənə qədər həyatın belə çətin olduğunu bilməzdim. Əməyin insanı ucaldığı halda, belə köləsayaq əməyin insanı rəzil edəcəyini heç vaxt fikirləşməzdim. Gördüyüm yad evlərin qəribə, intim qoxusunu hiss etmədikcə insanın bir-birlərinə belə bənzər, eyni zamanda bir-birlərinə nə qədər yad olduğunu təxmin etməzdim.

Sosial şəbəkədəki dostlarımdan fərqli olaraq bədəni isti, nəfəs alıb verən, ətli-qanlı insan məni qorxudur. Onların əşyalarına yaxın olduqca sanki onlara da yaxınmışam kimi məni bu iş sıxır, əzir. Ancaq işləməkdən başqa çarəm yoxdur.

Bütün günü dayanmadan işlədikdən sonra evə həvəslə qaçıram və elə gün mənim üçün bundan sonra başlayır, mən bundan sonra yaşamağa başlayırıam. Ömürlük həbsə atılmış bir adamın əhv alıb həbsdən çıxdığı kimi iş yerindən izdihamı yara-yara evə yüyürürəm. Elə bil bütün künc- bucaqdan sosial şəbəkədəki dostlarım çağırır. Elə bil bəyənmədiyim hər bir şəkil məndən inciyəcək, dostlarımın təbəssümünə ürək işarəsi qoymasam onlar ürəkdən sevinə bilməyəcəklər.

Evə gəlib qapını bərk-bərk bağlayıram. Bir otaqlı kirayə evimdə kitab, kompüter və bir neçə ev ləvazimatları bir-birinə qarışıb. Evimin səliqəli olmağı məni həmişə təşvişə salır, elə bil kimsə məni evin içində çarmıxa çəkib işgəncə verir. Dağınıq otağımı görəndə sevincək nimdaş örtülü divanıma sərələnib kompüterimi qucağıma alıram, ananın balasına qovuşduğu kimi bir-bir sosial şəbəkələri gəzirəm. Dostlarım bu gün də fəaldırlar, bu gün də restoran-restoran gəziblər, kinoya gediblər, yeni paltar alıblar, nişanlanıblar, evləniblər, doğublar, seviblər, sevişiblər...

Bir gün selfiçi qız mənə yazdı. Dedi ki, mənimlə tanış olmaq istəyir. Açığı, onun diqqətini çəkməyim məni yaman qürrələndirdi. Qıvrım, qonur saçlı bu qızda məni özünə cəlb edən heç bir şey yox idi, lakin belə bir dəvəti geri çevirmək axmaqlıq olardı.

Onunla  şəhər mərkəzindəki böyük alış-veriş mərkəzində görüşməyə razılaşdıq. Nişanə kimi əlimdə kitab olacağını demişdim. O isə məndən heç bir əlavə məlumat soruşmadı, sanki illərdir, məni yaxından tanıyırmış kimi sadəcə görüş yerini və saatını bildirdi.

Yalvar-yaxar günün ikinci yarısında işdən icazə almağı bacardım. İşə hazırlıqlı gəlmişdim, əgər icazə verməsəydilər, birbaş işdən çıxıb Selfiçi qızla görüşə gedəcəkdim. Xoşbəxtlikdən belə bir dəlilik etməyə ehtiyac qalmadı.

İş yerindən həmin alış-veriş mərkəzinə bir az məsafə vardı. Payız sərinliyi yavaş-yavaş təbiətin canına işləyirdi. Mənimsə ürəyimdə sakitcə dalğalanan Xəzər timsalı qəribə bir sakitlik vardı, lakin ürəyimə Xəzərin kənarında yığılan neft tullantıları kimi qayğı və hövsələsizlik hakim kəsilmişdi. Çünki mən belə etməməliydim, həm onun, həm də mənim yaxşılığım üçün. Bizə belə münasibət lazım deyil, virtual gərçəklik daha yetkin, daha daimidir, məncə.

Qələbəlik içində yalnız qalmağı xoşlayıram, belə olanda kimsə sənin yalnızlığından xəbəri olmur. İzdiham içində gözdən iraq bir guşədə, özünlə baş-başa qalmaqdan daha gözəl nə var?..

Yeni açılan məbədə, alış-veriş mərkəzinin ən üst mərtəbəsinə qalxdım. Bura müasir insanın əyləncədə kulminasiyaya çatdığı mərtəbədi: restoranların, kinozalın, əyləncə mərkəzinin olduğu mərtəbə.

Hərə bir küncdə oturub sifariş verdiyi yeməkləri həvəslə içəri ötürürdü. Hamının üzündə ürəkaçan bir sevinc və şadyanalıq vardı. Bütün bu mənzərələr məni o qədər açmasa da, heç kim tərəfindən tanınmamaq mənə bəs idi, beləcənə oturub Selfiçi qızı gözləyə bilərdim.

Yarım dairə formasında uzun divanın önündə sırayla kiçik masalar düzülmüşdü. Burada ancaq iki nəfər otura bilərdi.

Keçib divanda oturdum, kitabımı çıxarıb oxumağa başladım. Əsərin ab-havası məni təsiri altına aldıqca bəzən başımı qaldırıb ətrafı süzür sonra yenə kitab oxumağa davam edirdim.

Selfiçi qız məndən bir az kənarda qızlarla birlikdə masa arxasında oturmuşdu. Önlərindəki fəst fuddan ləzzətlə dada-dada gülüşürdülər. Tez-tez selfi edirdilər, bir-birilərinə yaslanıb cürbəcür pozalarda şəkil çəkdirirdilər.

Başımın üzərində kiminsə durub əlimdəki kitaba boylandığını görəndə bildim ki, odur, ondan başqası ola bilməz. Hər ikimiz də rolu əzbərləmiş artistlər kimi dialoqa başladıq.

-Salam, otura bilərəm?

-Əlbəttə, deyib eynəyimi çıxarıb ona diqqətlə baxdım.

Yanımda oturub əlimdəki kitabı şıltaqlıla özünə tərəf çəkdi. Mən də verməmək üçün dirənmədim.

-Nə oxuyursunuz? Yalquzaq, Herman Hesse. Hmm. Zəhlətökən əsərə oxşayır. Kitab oxuyan adamlar çox sıxıcı olurlar.

Başını dizlərimə qoyub ayaqlarını divana uzatdı. Qıvrım saçları üzərimə səpələndi. Bir dəstə gül təravəti qucağıma yayıldı. Zoğalı rəngli koftası bir cüt iplə çiynindən asılmışdı. Modaya uyğun geyindiyi bir neçə yerindən cırıq cins şalvarından məxməri dərisi ağarırdı.

- Sizə nə deyim, əmi yoxsa dayı?

Nə cavab verəcəyimi bilmədim. Bəmbəyaz çöhrəsi elə bil şölələnirdi. Qara qaşları altında iri gözləri hündür tavana zilləmişdi, mənə baxmırdı.

- Cənab Yalquzaq, deyin görüm niyə üz-gözünüzdən zəhrimar yağır, niyə özünü xoşbəxt hiss etmirsiniz?

- Hardan bilirsən, bəlkə, mənim ürəyim əylənir, daxilən sizin kimi xoşbəxtəm.

Saymazyana şaqqanaq çəkib güldü.

- Boşla görək, daxili xoşbəxtlik nədir. İnsan ya xoşbəxtdir ya da deyil. Məncə, insan nə vaxt ki xoşbəxtliyi axtarmır, onda xoşbəxtdir. Xoşbəxtlik bir lənətdir, insana yüklənmiş məşum missiyadan başqa bir şey deyil.

- Mən insanlara faydam toxunanda özümü xoşbəxt hiss edirəm, onların qayğısını bölüşəndə, sevinclərinə qoşulanda özümü yaşamış hiss edirəm. Ancaq insanlardan da qorxuram, nifrətlə çulğanmış bir qorxu.

Başını qaldırıb mənə baxdı.

- Nifrət özü də qarşıdakı insanı saya salmaqdır, o da bir yaxşılıdır. Ən pisi, ən öldürücüsü heç kimi saya salmamaqdır. Sənin nifrətəlayiq üzün var. Səni öpə bilərəm?

Hərəkətsiz dayanıb gözlərinin içinə baxdım. Əvvəlcə, yanağımdan sonra da dodaqlarımdan öpdü. Dodaqları qurudulmuş xurma tamı verirdi.

- İkimiz üçün kino bileti almışam, gedək kinoya baxaq, dedi kədərli halda.

Kinozalın alatoranlığında yerimizi tapıb oturduq. Uzun reklam girişindən sonra nəhayət türk melodram filmi başladı. Selfiçi qız bir himə bəndmiş kimi ağlamağa-sıtqamağa başladı. Arabir balaca pişik kimi mənə sığınır, sanki illərdir, sevgiliymişik kimi üzmü, sinəmi oxşayırdı.

Mənsə getdikcə boğulduğumu, nəfəsim çatmadığını hiss edirdim. Kinozal yas yerinə çevrilmişdi, insanlar gizlin-gizlin ağlasalar da, qəribə bir gurultu qulağımda uğuldayırdı. Selfiçi qız çoxdan yuxulamışdı, zor-bəla başa düşülən bir səs tonuyla nəsə deyirdi. Çox güman ki, yuxuda sayıqlayırdı, “Yalquzağım, mənim xeyirxah mələyim” cümləsini təkrar edirdi. Qızın başını ehtiyatla oturacaqların arasındakı söykənəcəyə söykəyib kinozaldan çıxdım. Məni gözləyən şəkillərə, satuslara, cürbəcür paylaşımlara qarşılıq verməyə tələsirdim.

Qəfər Rüstəm

14.11.18 

0