Qızı qaçan ana

Günel Rəcəb

qizi-qacan-ana

Pəncərədən uzaqlara baxa-baxa

Gözün yaşı sel tək axar.

Gəlib, gedər uzaq-yaxın qonşular.

Susar gözlər, dərinləşər alındakı qırışlar.

 

“Xoşbəxt olsun!

Amma gərək belə olmayaydı!”

Hər ağız Tanrıya bir dua aparar.

Yarı sevinc, yarı qınaq dolu bu sözlər

Ürəyinin qaysağını qoparar.

 

Yola verərsən bütün gəlib gedənləri.

Min tənəylə sözə məna tikənləri.

Kədərin yük olar, gecələrə saxlarsan.

Gecə-gecə açıb, ölümünə ağlarsan.

Dolabdakı köynəyinə sarılarsan...

 

Ağ gəlinlik arzusunu basırarsan.

Qaytarmaq istərsən ruhuna ruh verdiyini,

Qıpqırmızı arzuları saçlarına hördüyünü.

“Gedən qızı qaytarmazlar” deyərlər.

Səni öz yolundan eylərlər.

01.10.2018

 

0