Susamış dəniz

Ələddin Əzimli

susamish-deniz

Donuq xatirələr

Çox şey dəyişib artıq,
sən də çox dəyişmisən.
Soyuq küləklər əsib
ötənlərin üstündən.
Orda bir ağaç aşıb,
burda başqası bitib.
Köhnə əskilər yanır
gözüm çıxır tüstüdən.
Bu şəkil,
o şəklə bənzəmir.
Gələn gəlir,
gedənsə,
heç bir kəsi gözləmir.
Boş yerə, hədər yerə
gedənləri səsləmə.
Bacarsan ver baş-başa
donuq xatirələrlə.
Yoxsa yol kənarında
məni nahaq gözləmə...

Sükut

Sükut
göylərin fəryadı.
Barmaqlarının
ucunda yeriyən qadın.

Sükut
bir daş parçası.
İçində ağlayan,
içində boğulan
qarışqa nəfəsi.

Sükut
dodaqların,
dişlərin arxasında
oğrun-oğrun gizlənən dil.
Yaxamdan yapışan,
məni harasa sürükləyən
möhkəm bir əl.
Əgər bacarırsan,
ucadan qışqır,
poz sükutu,
arxamca gəl...

O əllər

Bir zamanlar
saçlarımda gəzən əl,
illər ötdü,
hər şey soldu,
xəzan oldu,
xəzan əl.
Artıq 
nə o saçlar var,
nə də o ilıq əllər.
Məni yaman incidir
"o zamanlar"-
yəni o illər.
Yerdən, göydən,
o saçlardan,
o əllərdən qəm yağır.
Daha mənə 
ağı söylə,
nəğmə qoşub oxuma.
İnsaf elə,
girmə bir də yuxuma...

Kölgə

Dərdin
böyüyü-kiçiyi olmur,
ürəkdə beşiyi olur,
evi-eşiyi olur.
Hərdən-hərdən
düşür yolumun üstə
bir parça dərd kölgəsi.
Bəlkə, bu kölgə
nə vaxtsa atdığım
bir qara saçlının
süzülmüş ləçəyinindir,
ya da
pəncərəmin önündəki
tənha alça ağacının
ümid duyğulu,
dərd qoxulu
soluxmuş çiçəyinindir?..

Ağrı

Bu ağrı 
hər ağrıya bənzəməz
xəbərsiz gələr.
Oynadar yerimdən məni.
Bu gecə vaxtı
hardansa tapıb gətirər
kağız-qələmi.

Bu ağrı 
söz olub kağızdan baxar
işığa sarı.
Bu anda açılar üzümə
nur qapıları.

Bu ağrı
son anda dönər məlhəmə,
enər sinəmə
xəfif duman kimi,
şehli çən kimi.
Ovudar ruhumu ,
çoşqun qəlbimi...

Ələddin Əzimli

Fabula.az

1
  • shakir-xanhuseynli Şakir Xanhüseynli
    Gözəl şeirlərdi-duyğulu,səmimi,ürəkdən gələn,uğurlar...!