Haruki Murakaminin xəyallar qurmağa ehtiyacı yoxdur, çünki o yazır

Fabula.az

haruki-murakaminin-xeyallar-qurmaga-ehtiyaci-yoxdur-cunki-o-yazir

Məşhur Yapon yazıçısı Haruki Murakaminin “Killing Commendatore” (“Komandiri öldürmək”) adlı son romanında oxucular öz-özünə çalan zınqırovla, yarımmetrlik fiqur formasında peyda olan və şəkildə yaşayan “İdeya” ilə tanış olacaq, həmçinin “İkiqat metafor” şirkətində axirət aləminə səyahət edəcəklər. Müəllif özü etiraf edir ki, əsərdə hər şeyə bir izah axtarmağa gərək yoxdur, çünki, yoxdur.  

Neyləmək olar, Murakami də bu cür yazır, onun əsərləri həmişə reallıqla sürreallıq, banallıqla fantastik, gündəlik həyatla qeyri-adi hadisələr arasında var-gəl edir. “Killing Commendatore” romanını təsvir etmək çətindir, kitab uzun və dolaşıqdır, ancaq müəllif həmişəki kimi yenə bir çox məsələlərə toxunub: romantik münasibətlərin sirri, keçmişin ağır yükü, incəsənətin ülviliyi, əldən çıxan və əlçatmaz şeylərin axtarışı.   

Haruki Murakaminin əsərləri olduqca populyardır və 50 dildə dərc olunur. Romanlarla yanaşı yazıçı hekayələr, qeyri-bədii əsərlər, həmçinin ingilis-yapon tərcüməçiliyi ilə də məşğul olur. Ötən həftə Nyu-Yorkda olan 69 yaşlı Murakami qısa müsahibə vermək üçün nəşriyyatın redaksiyasına baş çəkib. Yazıçı yenicə Mərkəzi parkdan – qaçışdan gəlib (o ehtiraslı qaçış və musiqi həvəskarıdır). Emili (onun assistenti) üçün imzalanan Starbaks fincanından içərək paltar ütüləmə marağından, ciddi nizam-intizamından və gündəlik iş qrafikasına riayət etməyin onun “qəribə” təsəvvürünə stimul verməyindən danışıb. Müsahibədən bir neçə hissəni sizə təqdim edirik.      

- “Killing Commendatore” romanın ideyası sizdə necə yaranıb? 

- Bilmirəm. Onu mən şüurumun dərin qatlarından birində tapmışam. Arxasınca nə gələcəyini bilmədən bir neçə ilk abzas yazmaq istədim. Bu cür də elədim, sonra mətni masamın siyirməsinə qoyub gözləməyə başladım. 

- Bəs sonra nə oldu?  

- Bir gün gördüm ki, hazıram və başladım yazmağa. Uyğun vaxtı gözləyirsən və bir gün o gəlib çatır. İdeyanın bir gün gəlib səni tapacağına inanmaq lazımdır, buna mən tamamən əmin idim, çünki artıq 40 ildir ki yazıram və bu prosesi bilirəm. 

- Yazmaq çətindir, prosesin özü ağır deyil ki? 

- Kitab yazmayanda tərcüməçiliklə məşğul oluram – bu, ümidlərimi doğruladan əla məşğuliyyətdir. Süjeti mənə aid olmasa da, hər halda mən yenə də yazıram. Bunu təlimə, praktiki işə oxşatmaq da olar. Mən qaçıram, musiqi dinləyirəm, ev işləri ilə məşğul oluram, paltar ütüləməkdən xoşum gəlir. Bütövlükdə yazıçılıq mənim üçün əziyyətli iş deyil, daha çox xoş bir prosesdir.   

- Kitablarınız haqqındakı şərhləri oxuyursuz? 

- Xeyr, oxumuram. Əksər yazıçılar bu cür deyir, amma kələk gəlirlər, mən isə yox. Düzdür, həyat yoldaşım oxuyur, mənfi şərhləri isə ucadan təkrarlayır. Deyir ki, mənfi şərhləri qəbul etmək lazımdır, yaxşılar isə elə də vacib deyil.   

- Kitablarınız sürrealizm və fantastika ilə doludur. Həyatda oxşar şeylərə tez-tez rast gəlirsiz? 

- Mən realist, praktik adamam. Lakin yazanda ruhumun əsrarəngiz və sirli dünyalarına gedirəm, öz daxili aləmimi müşahidə edirəm. Gözləri yumub özümüzə baxsaq, kosmosu tədqiq edənlər kimi yeni aləmləri kəşf edə bilərik. Təhlükəli, qorxulu yeni aləmə yollananda əsas olan geriyə yolu tapmaqdır.   

- Elə təsəvvür yaranır ki, siz əsərlərinizin əsl anlamını açıqlamaqdan xoşunuz gəlmir. 

Mənə tez-tez bu və ya digər şeydə nəyi nəzərdə tutduğumu soruşurlar. Lakin bir şey izah edə bilmirəm. Mən özümdən və ətrafımdakı aləmdən danışıram, metaforik yazıram, metaforanı izə izah etmək, ya da analiz etmək olmaz. Onları sadəcə qəbul etmək lazımdır. Kitab metaforadır.     

- Deyirsiz ki, “Killing Commendatore” romanı 10 il əvvəl yapon dilinə tərcümə elədiyiniz “Böyük Qetsbi”nin qarşısında reveransdır. “Qetsbi” haqqında Amerika xəyalının puç olmasına dair faciə demək olarmı?  

 “Nəhəng Qestbi” mənim sevimli kitabımdır. Onu oxuyanda ya 17, ya da 18 yaşım olardı. Məktəbi təzəcə bitirmişdim və süjeti məni valeh eləmişdi. Çünki bu kitab xəyallar haqqındadır, xəyalları puç olan insanların davranışları haqqındadır. Mən düşünmürəm ki, söhbət təkcə Amerika xəyalından gedir. Burada daha çox cavan bir insanın xəyallarından, prinsipdə isə xəyallardan danışılır. 

- Bəs siz nəyi xəyal edirsiz? 

- Mən xəyal qurmuram, qursam da, çox nadir hallarda, sonra onsuz da unuduram. Mənim xəyal qurmağa ehtiyacım yoxdur, çünki mən yazmağı bacarıram. 

Mənbə: “The New York Times” 

Müsahibəni alan: Sara Lioll (Sarah Lyall) 

Tərcümə edən: Mustafa Ruşan

0