"Ahmed Saadavi:"Frankeşteyn, əslində, bizik!"

Fabula.az

quot-ahmed-saadavi-quot-frankeshteyn-eslinde-bizik-quot

ABŞ-ın İraqı işğalından sonrakı dövrü özünəxas və realistik bir üslubla təsvir edən “Frankestein in Baghdad” romanının müəllifi Ahmed Saadavidən müsahibə aldıq. “The International Prize for Arabic Fiction (IPAF)” mükafatının ilk iraqlı laureatı adını qazanan yazıçı “İraqda sırf günahkar və ya sırf məsum bir məzhəb, bir irq yoxdur”, – deyib.   

ABŞ-ın işğalı altında olan Bağdadın qeyri-adi sakinlərindən, əskiçilik işini görən, bir az da yalançı olan Hadi bombaların partlayışından sonra ətrafa səpələnən meyit parçalarını toplayır. Məqsədi topladığı bu meyit parçalarını hökumətə göstərib buna izahat elətdirmək və onları layiqincə dəfn etməkdir. Lakin bir gün Hadinin parçalarını topladığı bir meyit itir və sonra şəhərdə qorxunc cinayətlər baş verməyə başlayır. Qısası Bağdadda Frankeşteyn xortlayır. 

“The New York Times” qəzetinin “Bağdadın yeni ədəbiyyat ulduzu” adlandırdığı Ahmed Saadavinin “IPAF” mükafatına layiq görülən və “Man Booker” mükafatının final siyahasına düşən “Frankestein in Baghdad” romanının bax bu cür bir süjeti var. Roman sırf fantastik əsər deyil, o, həmçinin 2005-ci ildə işğal edilən İraqı real və parlaq şəkildə təsvir edir. Romanda eyni zamanda hər gün bombaların partladığı şəhərdə yaşayan qeyri-müsəlmanların və sıravi insanların həyatları fonunda dəyişən dövlət quruluşuna da geniş yer verilib.  

Romanı müəllifi Ahmed Saadavindən müsahibə aldıq. Bağdan küçələrində gəzən Frankeşteyn ideyasının necə ortaya çıxdığından, işğal dövründən, İraqdakı multikulturalizmdən, bu cür faciəvi hadisələrdə ədəbiyyatçının rolundan danışdıq.  

- Bağdad küçələrində, üstəlik, yaxın bir keçmişdə, Frankeşteyni gəzdirmə ideyası olduqca maraqlıdır. Bu ideya hardan çıxdı? Mənə, həqiqətən, maraqlıdır? 

- 2006-da Bağdadda BBC Radyosunda müxbir işləyirdim. Bir gün məhkəmənin morq binasına yolum düşdü. Orada ağlayan bir oğlan gördüm. Məgər terror aktında qətl edilən qardaşının cəsədini axtarırmış. Lakin meyidlərin arasında axtardığı cəsəd yox idi. Morq işçilərindən biri partlayışda ölənlərin meyitlərinin saxlandığı başqa bir otaq daha olduğunu söylədi. Oraya baş, qol, ayaqlar və s. yığmışdılar. Oğlan həmin otağa girdi. Axır ki, qardaşından qalma bir neçə parça tapdı. Qalanlarını axtarmağa başlayanda morq işçisi “Özünə bir meyit yığ”, - dedi. Romanı yazmağıma stimul verən məhz bu səhnə idi.  

- Sizcə, Frankeşteyn real həyatda nəyi təmsil edir? 

thearabweekly.com

- Əslində, romandakı bağdadlı Frankeşteyn mürəkkəb və çox assosiativ bir obrazdır. Biz saf və ya bir rəngli fiqurlar deyilik. Bu arqument ölkələri parçalayan kimlik, məzhəb, etnik mənsubiyyətin kontrastıdır. Romandakı Frankeşteyn müxtəlif parçalardan meydana gəldiyi kimi, ölkəmiz də eyni şəkildə fərqli və çeşidli ünsürlərdən ibarətdir.     

- ABŞ İraqı işğal etdikdən sonrakı dövrü çox real və parlaq şəkildə təsvir eləmisiz. O dövrdə siz neyləyirdiz? 

- Amerikalı əsgərlər Bağdada girəndə şəhərin küçələrində gəzib müxbirlik edirdim. Çoxlu partlayışlara şahid oldum. BBC Radiosu üçün informasiya toplamaqdan ötrü bazarlarda və məhlələrdə insanlarla görüşüb müsahibə alırdım. Müxtəlif sahələrdə bir çox sənədli film çəkilişlərində iştirak elədim. Bir çox hadisələrə şahid oldum və onları yaddaşıma köçürdüm. Bağdad sakinlərinin gündəlik həyatlarını yaxından izləyərək “Frankestein in Baghdad” adlı romanımı və digər əsərlərimi ərsəyə gətirdim.   

- Roman süjeti bir çox fərqli obrazların dilləri ilə yazılıb. Oğlu ölən xristian qoca bir ana, yalançı əskiçi, fikirləri dolaşıq jurnalist, rütbəsini yüksəltmək istəyən zabit... Bunlardan hansıları ilə birbaşa qarşılaşmısınız? Hansılar real obraz deyil? 

-  Romandakı obrazların əksəriyyətinin real prototipləri var. Amma heç biri reallığın klon versiyası deyil. Əsərdə obrazları əlavə detallar verərək təkrar yaradan bir xəyal aləmi var.  

AMERİKALI OQƏHRƏMANLAR YOXDUR 

- ABŞ işğalı altındakı İraqı təsvir edirsiniz, amma romanda sanki Amerikanın hadisələrə təsiri bir qədər arxa planda qalıb. Məsələyə, fərqli prizmadan yanaşmaq istəmisiz? 

- Amerikada İraq müharibəsindən bəhs edən çoxlu ədəbi əsər, mətbuat bülleteni, hətta bədii filmlər var. Əksəriyyətində Amerika əsgəri, yaxud Amerika jurnalisti qəhrəman kimi göstərilir, iraqlılar isə arxa planda qalırlar. Oxşar bir mətn yazmaq istədim. Bir fərqlə ki, mən Amerika reallığını arxa plana atdım. Romanımda amerikalı qəhrəmanlar yoxdur. Ancaq romanda onların təsiri açıq-aydın görünür, çünki ölkəyə və hadisələrə nəzarət edən onlardı.  

- Bəli, İraqa indiyədək görmədiyimiz aspektdən yanaşmısız. Qeyri-müsəlmanların həyatı, sıravi insanların gündəlik həyatı, dəyişən dövlət quruluşu kimi temalar var. Özünüzdə İraqı bütün dünyaya tanıtma kimi bir missiya görürsüz? 

- Mənim fikrimcə, ədəbiyyatın və incəsənətin bir missiyası da cəmiyyətdəki multikulturalizmi yada salmaqdır. Qədim və antik bir şəhər olan Bağdadda çoxlu fərqli xalqlar yaşayır. Coğrafi məkanımızı, xalqımızı və tariximizi ədəbiyyata köçürməyi şəxsən özümə borc bilirəm.  

- Müharibə, qorxu, cinayət, övlad itkisi, siyasi münaqişələr... Romanda bir çox mövzuya təmas etmisiniz. Sizin fikrinizcə, romanda digərlərini üstələyən tema nədir? 

- Bütün bu temalar və obrazlar, romanın bütöv bir imicini təşkil edir. Əsər təkcə ağ və qara rənglərdən ibarət deyil. Romanda multikulturalizm kimi müdafiə etdiyim bir çox məsələ var. Üstəlik bu müharibədə hamımızın məsuliyyət daşıdığımız məsələlərə təmas eləmişəm. Hamımız bu hadisələrin əxlaqi və mənəvi məsuliyyətini daşıyırıq. İraqda sırf günahkar və sırf məsum bir məzhəb, cəllad, qurban bir irq yoxdur. Bütün komponentlərdə cani və qurbanlar var, belə halda məzhəbini, ya da irqini radikalca müdafiə edən insan, əslində, öz cəmiyyətindəki cinayətkarları müdafiə edirlər.    

andrewnurnberg.com

QURBAN OLMAYACAM 

- 2005-ci ildə Bağdad, küçələrində hər gün bomba partlayan bir şəhərdi. İnsan belə bir yerdə necə yaşaya bilər? 

- Çox çətin günlər idi. Hər an ölümlə üz-üzə gələ bilərdik. İnsan yaşamaq üçün adətən öz-özünü aldadır. Bir dəfə dostlara dedim ki, “Özümü film qəhrəmanı kimi hiss edirəm”. Qurbana çevrilməyəcəyimi özümə söz vermişdim. Bu düşüncə yaşamağıma və çalışmağa kömək elədi. O dövrdə bütün insanlar oxşar şəraitdə yaşayırdılar, onlar çətinliklərə öyrəşməyə çalışırdılar.  

MƏZHƏB MÜHARİBƏLƏRİ  

- Romanda hadisələrin keçdiyi İraqla indiki İraqı müqayisə edə bilərsiz? Aralarında fərq var? 

- Əlbəttə var. Küçələrdə gedən məzhəb müharibələri sona çatdı. Bu gün sakitçilikdir, az da olsa sülh şəraiti var. Məsələn, Türkiyə səfiri həyat yoldaşı ilə birlikdə Bağdad küçələrində qorxmadan gəzə bilirlər. Lakin hələ də həll olunmayan böyük məsələlər var: milli bir vizyonun olmaması, dövlət qurumlarının zəifliyi, təhlükəsizlik məsələləri... Kommunal xidmətdə görüləsi çoxlu işlər var: içmə suyu, işıq, mənzil, işsizlik problemləri var... Əslində, bu gün İraqda ağlınıza gələn bütün problemlər var.    

Müsahibəni alan: MEHMET BEDİROĞLU  

www.sabah.com.tr/kitap 

Tərcümə etdi: Mustafa Ruşan

 

0