Qısa hekayələr

Şəhla Nihan

qisa-hekayeler

Qatlara

Beşmərtəbəli binaydı. Beşincidəkində inamsızlıq yarandı. İnamsızlıq sirayət etdi dörddəkinə, kimdə ki, inamsızlıq fonunda küskünlük yarandı. O da üçüncü qata sızdı.  Üçün sakinində  küskünlük qəddarlıq yaratdı., ikiyə keçdi. İkidəki o qədər qəddarlaşdı ki,  hər şey mənimdir dedi. Onun tamahı birə sızdı. Birdəki gedib oğurluq etdi. Yuxarıdan aşağı vüsət alan proses cinayət kimi oxundu sonunda. Onu törədənin – birinci qatdakının qollarını çatıb tutub apardılar. Əslində günahkar o deyildi..

Göylər isə həmişə hər şeyi tərsinə gördüyündən 1-dən 5-ə izlədi prosesi., günah kimi qiymətləndirdi.  Elə beşinci qatdakı – İnamsız üçün cəza fikirləşirdi ki, zəlzələ baş verdi. Bina yerlə yeksan oldu. Qurtulan bir tək cinayətkar oldu, o həbsxanada idi, həbsxana şəhərdən uzaq.

.. zatən günahkar deyildi o …

2

Sürr

Əlini bıçaqla kəsdi. Ufuldadı,  ahıldadı, soyuq silahı yaradanı söydü. Anlamadı ki, onu ağrıtdığı qədər bıçağı da ağrıtdı və tiyədəki qırmızı təkcə onun yox, həm də bıçağın qan izləri idi.

3

Cızıq

İnsan gəlir dəniz sahilinə intihar etməyə. Çünki heç kəs onu saya almır, heç kəs hesablaşmırdı. Dəniz onu qəbul etmək istəmir, səhvini də anlada bilmir  və çəkilir geri. İnsan daha bir neçə addım atır ki, suya qovuşsun. Dəniz yenə içinə yığılır. İnsan irəlilədikcə dəniz çəkilir, dəniz çəkildikcə unsan irəliləyir. Və xoşuna gəlir bu oyun. Nəhayət ki, ondan qorxan, onunla hesablaşan  tapılmışdı. İntihar qəsdindən əl çəkir insan, həyat mənalı gəlir ona. Amma dənizin üstünə getməkdə də davam edir.

Dəniz gerilədikcə öz içində bulanırdı, daha əvvəlki şəffaflığı, saflığı qalmamışdı, sıyığa dönmüşdü. Çəkilə-çəkilə bərkiyib buzlaşır, şüşələşirdi. Geriyə yol yox idi artıq. İnsan durur birdən. Əyilib suyun güzgü səthində öz əksini görür. Elə bilir dəniz aldadıb onu. Əslində batıb o suda, dəniz alıb onu içinə, udub. Hirslənir insan, yerdən bir daş götürüb güzgü səthə tolazlayır. Dəniz çilik-çilik olur. Sıxılmış enerji xilas olub buzu əridir, dəli hayqırtı ilə irəli şığıyır, dalğalar doğma sahillərə atılır. İnsan durulmuş sularda qərq olur.

4

Absence

Uşaqlar həyətdə futbol oynayırdı.

– Ana, qoy gedim mən də oynayım.

– Bu gün hava soyuqdur. Sabah düzələr, gedərsən.

Hava da düzəldi, uşaq da böyüdü, ana da qocaldı…

Müharibə.  Qan-qada. İtkilər. Tanklar, mərmilər. Səngər, sazaq.

………. Bayırın səs-küyü onu fikrindən ayırdı. Dönüb anasının divardan asılmış şəklinə baxdı. Əlil arabasını sürüb pəncərəyə yaxınlaşdı. Uşaqlar həyətdə futbol oynayırdılar. Hava yenə soyuq idi, amma ayaqlarının hiss edəcəyi qədər də yox…

5

Sirr

Böyrək daşlarından xilas olmaq üçün həkimə getmişdi. Müalicədən sonra daşla birgə böyrək də sovrulub aradan çıxmışdı. Dərman böyrəyə palçıqdan yaradıldığını xatırlatmışdı, başqa heç nə…

6

Ehtiyatsızlıq

Arktika buzlaqlarının şəklini qarşısındakı xəritədə ekvatorun üzərinə qoymuşdu. Axşam xəbərlərdə eşitdi ki, buzlaqlar əriməyə başlayıb..

7

Günahkar

Gəmi səyahətinin gözəllikləri və özəllikləri ilə bağlı yazısı vardı. Bilet alıb gəmiyə oturdu. Hər şey yaxşı gedirdi. Bircə siçanlar gəmini tərk etməsəydi…

0