Elif Şafak “Gələcəyin kitabxanası”na razılıq verib

Fəhmin Mirzəyev

elif-shafak-geleceyin-kitabxanasi-na-raziliq-verib

Dünyaşöhrətli yazıçı Elif Şafak “Gələcəyin kitabxanası” adlı layihədə iştirak etməyə razılıq verib. Bu layihənin müəllifi şotland rəssamı Keti Patersondur (Katie Paterson). Layihədə Marqaret Atvud (Margaret Atwood) kimi 100 məşhur yazıçı iştirak edir. Layihənin şərtlərinə görə, layihə iştirakçıları yazı qələmə alacaq və bu yazların toplusu 2114-cü ildə, yəni kağıza çevriləcək ağaclar böyüyəndə çap ediləcək.

Layihəyə 2014-cü ildə start verilib və Oslodakı Nordmarka meşəsində 1000 ədəd ağac fidanı basdırılıb. Gələcəkdə bu ağaclardan kağız emal edilməsi planlaşdırılır. Rəssam Keti Paterson Elif Şafakın layihə siyahısına daxil edilməsini bu cür izah edib:
– Elif Şafakın əsərləri sərhədləri aradan qaldırır, mədəniyyətlərə, çoğrafi məkanlara, siyasi görüşlərə, ideologiyalara, dinlərə qucaq açır. Onun əsərləri füsunkar və çox dərindir. O, ustalıqla insanlar və məkanlar arasında rabitə qurmağı bacarır. Belə bir dövrdə o, dünya üçün ümid işığıdır.

Elif Şafak isə bu layihədə iştirak etdiyinə görə çox şad olduğunu söyləyərək bildirib:
“Bu çox qeyri-adi bir layihədir. Görürəm ki, təşəbbüskarları bu işdə çox səmimidirlər. Layihə böyük inamla hazırlanıb. Gələcək üçün yazı yazmaq mənə məktub yazıb çaya atmaq kimi gəlir. Onun hara gedəcəyini, onu kimin oxuyacağını bilmirsiniz. Zamanın axarına ümid bağlayırsınız.

Layihədə dünyanın müxtəlif ölkələrindən yazıçılar iştirak edir. Dünyanın mənəvi böhran keçirdiyi belə bir dövrdə qlobal bir layihəni başlatmaq çox təqdirəlayiq bir haldır. Layihənin təşəbbüskarlarından biri bunu ailə ağacına oxşatdı. Onun bu bənzətməsi çox xoşuma gəldi.
Nə yazacağımı hələ qərar verməmişəm. Təsəvvür edin ki, həm gələcəyin o tayındakı insanlara, həm də özünüz üçün yazırsınız. Bu baxımdan layihənin çox məxsusi bir xarakteri var. Gələcəkdə necə qarşılanacağını düşünmürsünüz, sadəcə bu işə inandığınız üçün yazırsınız. Ona görə, layihənin çox saf niyyəti var”.

Elif Şafakın yazısı 2114-cü ildə bütün yazıçıların yazıları ilə birlikdə bir almanaxda toplanıb çap ediləcək.

0