Pəncərə

Simran Qədim

pencere

Ədəbiyyat müəlliməmiz deyirdi ki, həyat bir pəncərədir, dünyaya gələn hər kəs bu pəncərədən baxır, gedir. Uşaq ikən pəncərənin çərçivəsi çox dar, şüşəsi çox tünd, bulanıq olur. Yaşa dolduqca, savadımız və dünyagörüşümüz artdıqca isə çərçivə genişlənməyə başlayır, işıqlı dünyaya baxan şüşə yavaş-yavaş açılıb şəffaflaşır. Hətta bu pəncərənin sayı da tədricən çoxalır, bizi bürüyən alaqaranlıq mühit tamam aydınlaşıb gur işığa qərq olur. Belə demək mümkünsə, şüurumuz saflaşır...

Hər dəfə köhnə məhəllə dostlarımla Azərdən, onun öz kasıb daxmasında tək-tənha yaşayan Tanya xalanı öldürüb-öldürməməsindən danışanda, niyəsə bu sözlər yadıma düşür. Mən çox vaxt onların söhbətlərinə müdaxilə etmirəm, öz aləmimə qapılıb fikrə dalıram sadəcə. Arabir başımı yellədib ya onları təsdiqləyirəm, ya da ehmalca razılaşmadığımı bildirirəm: “məncə yox”, “elə deməzdim”, “bir az başqa cür düşünürəm”. Bu mövzu danışılanda ürəyim sıxılır. Çalışıram ki, tezcə araya söz salıb söhbəti dəyişəm. Aradan hər nə qədər uzun illər ötsə, yaşananlar onların hafizəsində adicə bir iz kimi qalsa da, məndə tamam ayrı təəssüratlar buraxıb. Onlar rahatlıqla bu məsələni çək-çevir edə bilirlər. Mən isə yox. Mənim qəlbimdə onlarınkına nisbətən daha dərin, silinməz izlər yaşayır çünki.

Azərlə mən bir məhəllədə doğulub boya-başa çatmışıq. Aramızda sadəcə ay fərqi olub. Azər min doqquz yüz yetmiş altıncı ilin əvvəllərində, mən isə həmin ilin ortalarında dünyaya göz açmışam. Sovet hökumətinin dünyada at oynatdığı, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın dinləndiyi, Bakıda tramvay-trolleybusların olduğu, qutu-qutu modern evlərin, göydələnlərin tikilmədiyi bir vaxtda. Bir bağçaya gedib, bir məktəbdə təhsil almışıq. Günuzunu bütün vaxtımız bir yerdə keçib, qardaş kimi olmuşuq biz. Özü də çox mehriban, bir-birini yaxşı başa düşən doğmaca qardaş kimi.

Mən “Neft Daşları”nda fəhlə olan atamı lap kiçik yaşlarımdan itirmişəm. Atam iş qəzasında öləndə hələ məktəb yaşına çatmamışdım, həyatdan heç nə anlamayan uşaq idim. Əzab-əziyyət içində anamın quru maaşı ilə yoxsulluq çəkərək dolanmışıq. Birtəhər: günü-günə, illəri-illərə calaya-calaya. Bir qarnı ac, bir qarnı tox...

Azərgil isə bizim kimi yoxsul deyildilər. Onlara varlı demək olmazdı, amma bizə nisbətən çox yaxşı yaşayırdılar. Azərin anası diş həkimi idi, atası isə maşınqayırma zavodunda baş mühəndis. Anamın dediyinə görə, pis də qazanmırdılar: arabir evlərində təşkil edilən qonaqlıqlar, Azərin əynində gördüyüm təzə paltarlar, ata-anasının geyim-keçimi.

“İndiki dövrdə daha bundan o tərəfə nə olmalıdır ki, a bala?! Camaat yeməyə çörək tapmır, onlar isə xəzinə üstə oturublar elə bil!” – anamın dediyi bu sözlər hələ də qulağımda səslənir, beynimdə əks-səda verib keçmiş xatirələri yaddaşımda canlandırır. O, çox tez-tez Azərgildən danışırdı. Azəri misal çəkib deyirdi ki, hər cəhətimə görə onun kimi olum: valideyinin sözünə baxan, tərbiyəli, ağıllı.

Əslində, heç anam deməmişdən qabaq da - bəlkə də, ağlım kəsən ilk gündən mən Azər kimi olmaq istəmişəm. Azər məhəllədəki uşaqların hamısından üstün idi. Tək sözə baxmasına, tərbiyəli, ağıllı olmasına görə yox, həm də təmiz ürəyinə, mehribanlığına, özünü sadə aparmasına görə. Bağça yaşlarımızdan tutmuş, məktəb dövrlərinə, ondan sonrakı zamanlara kimi, Azər hər kəsin sevimlisi olub. Həmişə müəllimlərin tərifini eşidib, böyüklərdən heç biri onun parlaq gələcəyinə şübhə etməyib. Dərslərinə məsuliyyətlə yanaşan, dəqiq, sərrast bir uşaq. Ondan başqa da kimin gələcəyini parlaq görmək olardı ki? Azər örnək götürüləsi bir oğlan idi, hamı özünü ona oxşatmaq istəyirdi. Ta ki, çimərlikdəki hadisəyə qədər...

...Yay idi, havalar həmişəki kimi çox isti keçirdi. Kimi dindirsən deyirdi ki, göydən od tökülür, az qalır, adamın ürəyi yata. Azərgil tez-tez yaxın qonşularla, dost-tanışlarla yığışıb dənizə gedirdilər. “İsti canını sıxdıqca özünü suya vermədin elə bil ki, ömründən ömür getdi. Nə gözəldir ağır-ağır ləpələnən dənizin havasında sərinləmək!” – hər yay bu sözləri təkrarlayan Azərin atası fürsət düşən kimi, Şıxov çimərliyinin yolunu tuturdu. Arada məni də özləri ilə aparırdılar. Mən də dənizə cumub o yan-bu yana üzməyə çalışırdım. Üzmək deyəndə, yəni əl-qolumu suyun içindəcə çırpıb gah bir addım irəli atılırdım, gah da bir addım geri.

Yenə belə bir çimərlik günümüz idi. Faiq dayı, Azər, bir başqa qonşumuz Müşfiq, onun prokuror atası Hidayət dayı yığışıb üz tutmuşduq Xəzərin sahilinə. Azər, Müşfiq və mən yoruldum demədən suya girib çıxırdıq. Gah isti qumdaca uzanıb canımızı günə verirdik, gah da sahilboyu o tərəf-bu tərəfə qaçışırdıq.

Hava qaralan kimi, yığışmağa başladıq. İçində su, yeməyə bir-iki şey, dəyişək paltar olan kiçik çantalarımızı götürdük, Faiq dayının maşınına qoyub zarafatlaşa-zarafatlaşa arxa oturacaqlarda yerimizi aldıq. Amma Faiq dayının mühərriki işə salmaq fikri yox idi; Hidayət dayının qol saatı itmişdi, salonda onu axtarırdılar. Dediyinə görə, dəyərindən çox xatirəsi önəmli idi. Saat ona atasından qalmışdı.

- Hara yoxa çıxdı axı, mən bilmirəm?! Bura qoymuşdum, Faiq, bax bura! Uşaqlar, bəs siz görməmisiniz mənim saatımı?

Üçümüz də bir ağızdan Hidayət dayının sualına “YOOX...” deyə cavab verdik. Maşının içini ələk-vələk etdik, sonra isə hamımız düşüb sahildə axtarış aparmağa başladıq. Dəniz kənarını qarış-qarış nəzərdən keçirdik, amma saat tapılmaram ki, tapılmaram deyib gözümüzə dəymədi. Müşfiq artıq maşına qayıtmışdı. Axır kor-peşman biz də qayıdası olduq. Elə bu anda Müşfiq göründü; əlində atasının saatı, sevincək qışqıra-qışqıra bizə tərəf yüyürürdü:

- Tapdım, tapdım! Mən tapdım!!

Azərlə mən əlimizi qaldıraraq “Ura!” çığırıb, tez saatı haradan tapdığını soruşduq. Müşfiq isə əvvəlcə duruxdu, sonra da kəkələyə-kəkələyə:

- Hardaan... m-mən... tapdım... yəni... mən... – deyə dilləndi.

Hidayət dayı bir də ondan saatı hardan tapdığını soruşanda axır Müşfiq dilə gəlib yavaş səslə, sanki pis iş tutubmuş kimi dedi:

- Saat... Azərin... Azərin çantasında idi...

 Bir andaca hər kəsin qaşları çatıldı, bütün nəzərlər qeyri-ixtiyari Azərə tərəf yönəldi. Ortalığa çox ağır bir sükut çökmüşdü. Azər təəccüb içində, kövrəlmiş vəziyyətdə gözlərini qırpır, gah Müşfiqə, gah Hidayət dayıya, gah da öz atasına baxırdı. Nə söyləyəcəyini bilmirmiş, sanki imdad diləyirmiş kimi. Axır özünü toparlayıb, güclə eşidiləcək səslə təkcə:

- Axı... mən... mən götürməmişəm sizin saatınızı... – deyə bildi.

Amma onun bu sözünə reaksiya verən olmadı. Nə Faiq dayı dindi, nə də Hidayət dayı. Gözü dolan Azər isə ağzından əlavə bir söz çıxara bilməyib ağlamamağa çalışırdı sadəcə. Ağlamadı da.

Azər yolboyu kəlmə kəsməyib, gözlərini bir nöqtəyə zillədi. Arada baxışlarımız kəsişirdi, ancaq nə o, ağzını açıb bir söz deyirdi, nə də mən. Sonralar da biz heç vaxt bu xoşagəlməz hadisə haqda danışmadıq. Sanki heç belə bir şey olmayıbmış kimi...

Anam bu hadisədən sonra daha Azəri əvvəlki qədər nümunə çəkmirdi. Yenə bir çox məqamlarda əsəbiləşən kimi, örnək göstərirdi: “Azərdəki tərbiyə hardandı səndə?!”, “Bir Azərə bax, bir özünə!”, “Halal olsun Azərə! Bəs sən nə vaxt gözünə su verəcəksən, hə?!” – deyirdi. Amma tez də çimərlikdəki hadisəni yada salır: “Azər də fərli uşaq deyil, deyəsən. Fərli olsa, yekə kişinin saatına gözü düşməzdi.” deyə ucadan fikirləşirdi. Anamın ikibaşlı danışmağı vardı, mən buna alışmışdım. O, bir anın içində gah kimisə tərifləyə bilərdi, gah da pisləyə.

“Qıraqdan-qırağa nə biləsən, bəlkə də, iç üzünü gizlədir Azər. Həyatı bilmək olmaz hələ. Kiminin əvvəli, kiminin axırı...” – bu da anamın tez-tez işlətdiyi ifadələrdən idi. Mən isə onun sözlərinə çox elə məhəl qoymurdum. “Əzab-əziyyətlə bu həyatda çırpınan, tək balasını böyütməyə çalışan bir qadındır, qoy nə qədər danışır, danışsın. Gah desin Azərdən nümunə götür, gah da ki, yox!” – deyə öz içimdəcə düşünürdüm.

İllər sürətlə irəliləyir, biz isə böyüyürdük. Yuxarı siniflərə çıxdıqca dərslər çətinləşirdi. Onsuz da, oxumağa olmayan həvəsim get-gedə daha da itmişdi. Azər isə əksinə, çətinliklərdən qorxmur, daha həvəslə oxuyurdu sanki. Aşağı siniflərə nisbətən daha çox çalışıb, bezdim demədən gecə-gündüz öz üzərində işləyirdi. Azər mənim də dərslərimə kömək edirdi, nə vaxt nə lazım olsa ondan soruşurdum. Belə demək olarsa, onun hesabına sinifdən-sinfə adlayıb, birtəhər məktəbi bitirmək idi mənim amalım.

Növbəti illər bir çox hadisələr yaşandı: Sovet hökuməti dağıldı, qanlı-bəlalı Qarabağ müharibəsi başladı, 20 Yanvar, Xocalı faciələri törədildi. Sonra iqtidardakı çaxnaşmalar, sonra isə torpaqların ard-ardına əldən getməsi. Elə bil bütün bunlar əbədiyyətə kimi uzanıb heç vaxt sona çatmayacaqdı. Sözün əsl mənasında aləm bir-birinə dəymişdi. Mən anamın istədiyi kimi, instituta girə bilmədim, təhsilim yarıda qaldığından əsgər getdim. Qayıdandan sonra Azərin atası qəfil insult vurmasından dünyasını dəyişdi, Müşfiqin atasını işdən çıxartdılar. Həm Azər, həm də Müşfiqgildə çox böyük maddi çətinliklər yaşanmağa başladı.

Bütün bunların ardınca isə məhəlləmizdə hamını dərindən sarsıdan, inanılmaz bir cinayət hadisəsi baş verdi. Heç kimin heç vaxt ağlının ucundan belə keçirə bilməyəcəyi, hər kəsin həsədlə baxdığı Azərin həyatını puç edən həmin o hadisə. Tanya xalanın qətlə yetirilməsi...

Tanya xala altı ay deyildi ki, köçmüşdü bizim məhəlləyə. Əri öləndən sonra dördotaqlı mənzillərini satıb məhəlləmizin o başındakı birotaqlı daxmanı almışdı. Çox xəstə idi, elə ilk gündən böyrəklərindəki kəskin ağrılardan şikayətlənirdi. Satdığı evdən artıq qalan pulu müalicəsinə xərcləyir, o da hamımız kimi çətinliklə dolanırdı. Qonum-qonşu da bacardıqca onun qulluğunda dururdu. Gülərüz, mehriban, sadə bir qadın idi Tanya xala. Heç kəsə pisliyi dəyməz, sakitcə öz həyatını yaşayardı.

...Günlərin birində axşam vaxtı məhəlləmizə hay düşdü. Hamı səs-küyə küçəyə tökülüşüb nə baş verdiyini anlamağa çalışırdı. Çölə çıxanların içində mən də vardım. Azərgilin darvazası açıq idi, darvazanın qabağına bir topa adam yığışmışdı: Firuzə xala, Azər, qonşuluqda yaşayan üç-beş nəfər və... və polislər... Səs-küyə, çığır-bağıra, Firuzə xalanın naləsinə məhəl qoymayan qolu zorlu POLİSLƏR! Hər kəs onların bizim məhəllədə, Azərgilin qapısında nə işləri olduğunu bilmək istəyirdi. Axı nə həngamə idi bu belə? Nəyə görə onlar Azəri aparmalı olduqlarını deyirdilər? Nəyə görə axı?! Çox keçmədi ki, hər şey məlum oldu: qapıya dayanan polislər Azəri tutmağa gəlmişdilər...

Az sonra Firuzə xalanı sakitləşdirdilər, iki nəfər yekəpər Azərin qolundan yapışıb onu maşına tərəf apardı. Azər isə nə olduğunu anlamayıb, eynən çimərlikdəki kimi - təəccüb içində o yan-bu yana baxır, sanki kimdənsə onu bu vəziyyətdən çıxarması üçün, imdad diləyirdi. Eynən çimərlikdəki kimi, gözləri dolmuşdu, amma ağlamırdı. Yenə baxışlarımız kəsişdi. Azərlə mənim baxışlarım...

Sonra polislər qurbanlıq qoyun kimi Azərin başından basıb maşına otuzdurdular. İki nəfər də onun yanında. Polis maşını hərəkətə gəldi və onlar bizim məhəllədən uzaqlaşmağa başladılar...

Bir xeyli bütün məhəllə bu hadisədən danışdı: Azər oğurluq məqsədilə Tanya xalanın evinə girib onu öldürmüşdü. Boğazından və bədəninin bir neçə nahiyəsindən kəskin bıçaq zərbəsi endirməklə. Polislər hadisə yaxınlığındakı zibil yeşiyindən qanlı bıçaq və qolları süzülmüş köhnə gödəkcə tapmışdılar. Bu da onlarda cinayəti Azərin törətdiyinə dair şübhə yeri qoymurdu. Çünki gödəkcə Azərinki idi, bıçaqda isə onun barmaq izləri vardı.

Polisdən alınan bu rəsmi açıqlamaya heç kəsin inanmağı gəlmirdi. Axı Azər nə olursa olsun belə bir iş tuta bilməzdi; onu hamı tanıyırdı, bir an belə düşünmədən hər kəs onun günahsız olduğunu təsdiqləyə bilərdi. Bəs onda bu işi görməyə nə vadar etmişdi Azəri? Yazıq Tanya xalanın əlində-ovcunda olan üç-beş manat pulmu? Əgər səbəb pul deyildisə, bəs onda nə idi?

Nə vaxt iki nəfər bir yerə yığışsa, söhbət hərlənib-fırlanıb bu məsələnin üstünə gəlirdi. Hamı da sözü bir yerə qoyubmuş kimi, başlayırdı təxminən eyni şeyləri təkrarlamağa:

“Belə iş tutan oğlan deyildi axı Azər. Burda nəsə də var, lənətə gələsiniz sizi! And olsun Allaha, nəsə də var!...”

“Azər təmiz uşaq idi. Heç pul-filan da tapılmadı evlərindən. Kiminsə güdazına getdi yazıq...”

“Yox, qardaş, yox! Mən Azəri tanıyıram. O heç qarışqanı da incidən deyildi...”

Mən isə başımı aşağı-yuxarı yelləyib adətim üzrə fikrə dalır, çox vaxt onları təsdiqləsəm də, arabir ehmalca etiraz edərək dodaqaltı mızıldanırdım:

- Məncə də, Azər belə iş tutan oğlan deyildi, amma... zibil yeşiyindən çıxan gödəkcə, bıçaqdakı barmaq izləri, nə bilim vallah... Polisin tapdığı bu faktlar da var axı.

- Nə olsun ki?! – hamı bir ağızdan tez üstümə çəmkirirdi. – Şərləyə də bilərlər onu. Burda nə var? Evə girib-çıxan adam olub, bıçağı da, Azərin gödəkcəsini də oğurlayıb.

- Bəlkə də, siz deyəndi. Pul da ki, heç olmayıb, yəqin. Yazıq rusda pul nə gəzir.

Hadisəni eşidib-bilən hamı bu işə çox pis olmuşdu. Çox pis! Bəlkə, Azər haqda tək mənfi fikir formalaşdıran vardısa, o da Müşfiq idi. Müşfiq eynən mənim kimi dodağının altındaca mızıldanaraq danışırdı:

 - Azər yaxşı oğlan idi, yaxşı oğlan olmağına. Amma heç yadımdan çıxmaz, uşaq ikən atamın saatını oğurlamışdı. Bunu da nəzərdən qaçırmamalı məncə. Balaca olanda nəsənsə, böyüyəndə də elə o olursan. Adamın xasiyyəti dəyişmir ki. Kim bilir, görünür, elə də saf uşaq deyilmiş Azər...

Zaman keçdikcə, bu haqda söhbətlər səngiməyə başladı, hərə öz həyatını yaşayırdı. Müşfiq arada yolunu həbsxanaya salıb, Azəri görməyə gedirdi. Mən isə yox. Mənim buna ürəyim gəlmirdi. Azəri dəmir barmaqlıqlar arxasında əlacsız-çarəsiz görmək istəmirdim. Heç cür istəmirdim.

Yavaş-yavaş işləmək lazım idi. Mən də əl-qolumu çırmalayıb xırda ticarətlə məşğul olmağa başladım. Yeni tanışlıqlarım, əlaqələrim yarandı. Bu əlaqələrin hesabına da az-çox əlim gətirdi, pis qazanmadım. Pul qazandıqca isə, mən daha çox həvəslənib, daha çox özümü işə verdim. Elə bil qabaqkı dövrlərə nisbətən tamam dəyişib başqa adama çevrilmişdim. İmkan tapdıqca kitab oxuyur, xarici dillər öyrənir, savadımı, dünyagörüşümü artırmağa çalışırdım. Azərdən sonra onun yerinə keçmişdim sanki. Onun kimi çalışqan olmağa başlamışdım.

Heç xəyalıma belə gəlməyən qədər çoxlu pul qazanıb həyatımı qurdum. Bahalı maşınım, şəhərin mərkəzində yeni tikili binadan mənzilim, ailəm oldu. Təkcə ona təəssüf edirəm ki, əlim tutmağa başlayanda artıq anam yanımda deyildi; onu çox qısa sürən xəstəlikdən sonra bir göz qırpımındaca itirmişdim. O, mənim bu günlərimi görsə, hədsiz qürurlanardı, şübhəsiz. Hərdən fikirləşirəm ki, Azərlə mənim yerim dəyişik düşüb. Bəlkə də, mən içəridə, o, azadlıqda olmalı idi...

Azərlə bir də iyirmi ildən sonra qarşılaşdıq. Azadlığa çıxandan heç bir ay keçməmişdi ki, evə qayıdarkən, təsadüfən rastlaşdım onunla; mən təzə aldığım “Lexus”da oturmuşdum, o isə dayanacaqda avtobus gözləyirdi. Tez maşından düşüb salamlaşdım, hal-əhval tutub gedəcəyi yerə aparmağı təklif etdim. Yolboyu xeyli söhbətləşdik. Azər elə həmin Azər idi, həbsxanada keçirdiyi illər onu heç dəyişməmişdi: yenə həmin üz-göz, yenə həmin saf-məsum baxışlar, həmin danışıq tərzi. Düz-əməlli iş tapa bilmədiyini, Firuzə xalanın çox yaşlandığını, onun pensiyası və fəhləlik hesabına çətinliklə dolandıqlarını dedi. Söhbət əsnasında Azər bunları da əlavə etdi:

- Sən, şükür Allaha, çox yaxşısan: maşının, evin, ailən... Həyat çox çətindir, özün bilirsən. Bizim məhəllədəki uşaqların heç biri sənin kimi imkanlı deyillər. Hərəsinin başında bir cür dərd-bəla, hərəsi bir cür bataqlığın içində. Sənin uğurların isə çox, hər şey göz qabağındadır. Əmin ol, mən ürəkdən sevinirəm buna.

Azər danışdıqca mən onu süzüb, artıq ağarmağa başlayan saçlarına, üzündəki qırışlara diqqət yetirirdim. Nə qədər olmasa, məhbəs həyatı onu vaxtsız qocaltmışdı.

- Amma gərək bunların qədrini biləsən, - Azər sözünə davam etdi. - Adam əlindəkinin qədrini itirəndə bilir. Əsas da dostlarına, yaxınına buraxdığın adamlara fikir ver, özünü mərdimazarlardan qoru. Bunu bir qardaş kimi deyirəm sənə. Bir qardaş kimi. Mən də gərək, kimi özümə yaxın buraxdığıma, kimi özümə qardaş bildiyimə diqqət edəydim.

Azərin bununla konkret olaraq nəyə eyham vurduğunu anlamayıb, tez sözü dəyişməyə çalışdım. Hər şeyin yaxşı olacağını deyib ona ürək-dirək verdim, həyatda çox şeyləri məhz ondan öyrəndiyimi bildirib bağ tikdirdiyimi söylədim. Onun kimi etibarlı, bacarıqlı adama ehtiyacım vardı. Gəlib bağdakı tikintiyə nəzarət edərdi. Pul məsələsində narahat olmamasını dedim, gələcəkdə onunla başqa işlər də görəcəyimizə söz verdim. Minnətdarlıq edib razılaşdı. Niyə də razılaşmamalı idi ki.

Mən, bütün günü ofisə gedib gəlir, arada isə vaxt tapar-tapmaz bağa baş çəkib işlərin nə yerdə olduğuna baxırdım. Azər necə danışmışdıqsa, eləcə də tikintiyə nəzarət edib fəhlələrə göstərişlərini verir, hətta arada qollarını çırmalayıb özü də işə girişirdi. Ayrı cür ola da bilməzdi, mən ondan başqa bir şey gözləmirdim. Həmişəki kimi çalışqan, alın təri töküb zəhmət çəkən Azər idi.

Qısa zamanda uşaqlıqdan arzuladığım bağ tikildi, demək olar ki, təmir işləri də sona çatmaq üzrə idi. Üçmərtəbəli, geniş həyəti, dənizə açılan mənzərəsi olan bir bağ! Qarajı, hovuzu, pultla açılıb-bağlanan darvazası da öz yerində.

Amma Azərin bəxti burda da gətirmədi. Tale “niyəsə” onun üzünə gülmürdü ki, gülmürdü. Axşam saatlarında, o biri ustalar gedəndən sonra Azər bağda qalıb, üçüncü mərtəbənin eyvanında qurdalanırdı. Qoy bir az da işləyim, bu işi də görüm, oranın da işini qurtarım. Axır nəticədə Azər tarazlığını itirib üçüncü mərtəbədən aşağı yıxıldı. Bir neçə yerdən əl-ayağı, qabırğaları sındı. Beyin silkələnməsi keçirdi...

Mən arada gedib ona baş çəkirəm. Azər xəstə yatağında, hərəkətsiz vəziyyətdə uzanıb dərin fikrə dalır, nitqi tutulduğundan danışa bilmir. Gülərüz söhbət edib gözlərimi onun gözlərinə zilləyirəm. Tezliklə ayağa duracağını, dilinin açılacağını, həkimlərin bunu əminliklə bildirdiklərini deyirəm. Yenə həmin çarəsiz nəzərlərlə mənə baxır. Yenə gözləri dolur. Amma yenə ağlamır...

...Son günlər ürəyim çox tez-tez sancmağa başlayıb. Azər sağalıb ayağa qalxacaq, ancaq mən öləcəm, deyəsən. Yaxın vaxtlarda bu ürək məni yarı yolda qoyub partlayacaq. Hər dəfə sinəmdə şiddətli ağrılar başlayanda Azərin o unudulmaz baxışları gözümün önünə gəlir. Çimərlikdəki baxışları, polis onu aparandakı baxışları, ən son isə bağın eyvanından yıxılandakı baxışları...

Mən əminəm ki, Azər eyvandan yıxılanda ona qəsdən kömək etmədiyimi anlayıb. Bunu başa düşməmək də mümkün deyildi onsuz da. Əlləriylə məhəccərdən yapışıb imdad diləyən nəzərlərlə mənə baxanda, mən yerimdən qımıldanmadım. İçimdən “qoy yıxılsın!” dedim. Kim bilir, bəlkə Azər o biri hadisələrdə – saat məsələsi və Tanya xalanın qətlində də hər şeyi anlamışdı, üzə vurmamışdı sadəcə.

Ədəbiyyat müəlliməmiz həyat bir pəncərədir deyəndə yanılmamışdı. Amma o, bir şeyi əlavə etməyi unutmuşdu, məncə. Həyata məna vermək istəyəndə tək pəncərəni misal çəkmək bəs etməz. Pəncərədən başqa, onun ardında duranın kimliyi də çox önəmlidir. Bəs pərdə arxasında gizlənib çölə baxan kəsi necə adlandırmalı: insanmı, iblismi?..

Fabula.az

0