Səlim Babullaoğlu:"İnsan necədirsə, ədəbiyyat da onun inikasıdır."

Fabula.az

selim-babullaoglu-quot-insan-necedirse-edebiyyat-da-onun-inikasidir-quot

Hansı dillərə tərcümələr edirsiniz? Daha çox gənc yazarları, yoxsa klassikləri tərcih edirsiz?

- Daha çox rus dilindən və arada Türkiyə türkcəsindən... Polyak ədəbiyyatı, ingilis ədəbiyyatı, yəni baza biliklərim var polyak və ingilis dili ilə bağlı. Amma onları poeziyalarını, xüsusən polyak ədəbiyyatını polonistlərin iştirakı ilə tərcümə edirəm.

Ədəbiyyatın gənci, qocası yoxdur. Təbii ki, biz çağdaş adamıq. Məsələn, mənə həmişə maraqlı olub ki, tutalım, Belqradda və ya Londonda, hansısa başqa şəhərdə mənim həmyaşıdım olan şair nə düşünür, nə yazır, hansı qayğılarla yaşayır, şeirə münasibəti nədir? Təbii, mən çalışıram ki, çağdaş ədəbiyyatı, müasir ədəbiyyatı izləyim. Amma ədəbiyyatın yaxşısını tərcümə edirik. Tutalım, Polyak ədəbiyyatının Azərbaycan dilində oxunmağı gərəkdirsə və Azərbaycan dilinə Çeslav Miloş, Vislava Şimborska, Tadeuş Rujeviç, Herbert, Zaqayevski, yaxud  Anna Svirşinskaya yoxdursa, bizim ixtiyarımız yoxdur ki,  ucdantutma 90-cı illərdən sonrakı polyak şeirini tərcümə edək. Əlbəttə bu tərcümə etmək istəyənlərə qadağa qoymaq anlamına gəlməməlidir. Kim istəyirsə edəcək, edir, etməlidir. Amma ardıcıllıq və metodologiya vacibdir. Ədəbiyyata ümumi baxış acısından.. Amma ümumi bir cümlə ilə desəm, çalışıram ki, oxuduğum, bəyəndiyim, təqdir olunmuş, təsbit olunmuş, tanınmış, artıq formalaşmış adamların mətnlərini çevirim.

- Bəs tərcümə mərkəzində necə? Məsələn, ancaq polyak, türk... Müsahibənizdə gördüm, elə bil daha çox Qərb ədəbiyyatına üstünlük verirsiz, yoxsa...

- 2014-cü ildən Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəriyəm. Bizim “Dünya ədəbiyyatı” və “Ulu çinar” dərgilərimiz var. “Dünya ədəbiyyatı” dərgisinin baş redakatoru Seyfəddin Hüseynlidir,  bizim tanınmış ədəbiyyatşünas, tərcüməçi. “Ulu çinar” jurnalının baş redaktoru bizim tanınmış şair Elxan Zaldır.

Məsələn, “Dünya ədəbiyyatı” dərgisinin Rusiya, Ukrayna, İngiltərə, İran, Moldova, Oman, Serbiya  ədəbiyyatına həsr olunmuş xüsusi sayları çıxıb. Eləcə də kitablar nəşr etmişik. Yapon şeirini, məsələn.  Coğrafiyaya baxsaz, görərsiniz ki, Şərq də var. Odur ki, sualınızın cavabı  məlumdur. Növbəti illər üçün düşünürük ki, italyan, ispan, fransız ədəbiyyatlarına yer verək. Yaşayarıq görərik. Ayrı-seçkilik qoymuruq. Həm də düşünürük ki, nəşrlərimiz icmal xarakterli olsun. Biz  bayaq dedim, XX əsr İran ədəbiyyatı sayı buraxmışıq. İran ədəbiyyatı sayı istənilən oxucu və tədqiqatçıya İran ədəbiyyatının XX yüzillikdəki böyük bir hissəsi haqqında panoram informasiya verir.

Hər jurnal sayını bir xalqa həsr etmək iddiamız, səyimiz ona hesablanıb ki, təkcə ədəbiyyat təqdim eləməyək, həm də tədqiqatçılar, elm adamları üçün şərait yaradaq.

Hansı müəlliflərin əsərləri tərcümə edərkən sizə toxunub, təsirlənmisiniz?

- Nəinki, tərcümə elədiyim, oxuduğum, ünsiyyətdə olduğum hər bir adamın sözü məndə iz buraxıb. Əks təqdirdə yaşamağımın mənası olmazdı. Məsələn, biz sizinlə söhbət edirik, siz nəsə maraqlı bir şey deyirsiz, o məndə təsir edir, məndə qalır. Amma estetik, formal nöqteyi-nəzərdən mənə çoxlu şairlər təsir edib. Amma indi bu sualın doğru cavabı belədir: hamı və heç kim. Amma təsirlər də müxtəlifdir. Formal-texniki təsir var, yəni üfüqi təsir. Bir də var vertikal təsir. Məsələn, Çeslov Miloş, polyak ədəbiyyatından, çox ciddi şəkildə mənə təsir edib, özü də bu təsir vertikal təsir olub Yaxud Nizami Gəncəvi məni dəyişib. Xəqaninin bir fikri mənim bütün təfəkkürümü dəyişib. Məsələn, “Ey insan, axı sən niyə yazırsan?/Sən özün də bir sözsən”.

- Elə olubmu ki, məsələn, mən, Nazim Hikməti oxuyuram, düşürəm təsirinə. Bu təsirlərdən çıxmaq necə olur?

- Cavan vaxtı bunlar olur. Mənim yadımdadır ki, bir il, bəlkə də, bir ildən çox  Ximenesin  bir şeiri gecə, gündüz, səhər, axşam səslənib içimdə. Yaxud Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri, 86-87-ci illərdə məni tərk etmirdi. Yatanda da onu yuxuda görürdüm, dırnaq içində.

Təsir də  bir başqa rakursdan da iki cür olur. Bir var, məsələn, həyatımızdakı hansısa bir məqam olur ki, oxuduğumuz mətnlə üst-üstə düşür  və həmin bizi uzun müddət sakit buraxmır. Sonra hadisə bitir, qurtarır, avtomatik o mətn də bizdən əl çəkir.  Bu sıravi oxucu-yazıçı münasibətidir. Bir də var ədəbiyyatçı kimi, məsələn, sən bir bədii fəndi öyrənirsən, texnikanın bir tərəfini görürsən. Bu artıq səni tərk eləməməlidir. Bu səndən keçməlidir və belə deyək, bir az da cilalanmalıdır. Yaxud sən özün onlara əlavə etməlisən, o səndə qalmalıdır. Bu artıq peşəkar məsələdir. Sən gedirsən bir ustanın yanına, nəsə öyrənirsən və o səndə qalır, heç vaxt səni tərk etmir. Məsələn, rus şairi İosif Brodski mənə belə təsir edib.

- Tərcümə ilə məşğul olan nəşriyyatlara nə tövsiyə edərdiniz. Onların işlərində nöqsanlar nələrdir?

- Tərcüməçilərə yaxşı qonorar versinlər. Yaxşı redaktorlar olsun. Çünki tərcümələrin əksəriyyəti pis redaktə olunur. Yaxşı qonorar vermirlər. Düzdü,  nəşriyyatlar iqtisadi modellərlə işləyən biznes strukturlarıdır, mənəvi təşkilatlar deyil. Amma yenə də, məsələn, əgər istəyirlərsə, tərcümə yaxşı olsun, tərcüməçinin kartof-soğan haqqında düşünməməsini təmin etməlidirlər. Bir də avans verməyi öyrənməlidirlər. Bu, ümumiyyətlə, bizdə yoxdur.

Hansı ovqat sizdə şeir yaradır ?

- Məndə istənilən ovqat şeir yaradır. Çünki mən yalnız ovqatla yazmıram. Məsələn, ilham pərisi anlayışı mənə yaddır.  Mən elə hesab edirəm ki, poeziya yalnız hissi proses deyil, ümumiyyətlə, ədəbiyyat, yaradıcılıq... O, eyni qədər düşüncə, təfəkkür prosesidir.

Demək olarmı ki, insan yalnız hisdən ibarətdir, yox. Ancaq fikirdən ibarətdir, onu da demək olmaz. İnsan necədirsə, ədəbiyyat da onun inikasıdır.

Tərcüməçiliyi yeni başlayan insanlar tanıyıram. Dilmiz 80-cı illərdə qalıb deyirlər. Dilin geridə qalmağının səbəblərindən birinin tərcümə işinin bizdə zəif olmasında görürlər. Siz nə fikirləşirsiz?

- Razı deyiləm! Səksəninci illərdə qalıb... Bilirsiz, bu cümlənin özü o qədər informasiya verir ki...Yeni başlayan deyirsiz, yəni gənclər. Gənclər 80-ci illərin dilini hardan bilirlər? Fikir doğru deyil.  Hansı müasirliklə müqayisə edirlər? Müasir İngilis dili ilə müqayisə edib deyirlər? Bu fikri deyən adam yalan danışır. Kimin rəyi olmağından asılı olmayaraq. Hesab edirəm ki, Azərbaycan dili heç bir dünya dilindən öz potensialına, imkanlarına görə geridə qalmır. Dili işlətmək lazımdır. Məsələn, adi bir şey, mənə bəzən deyirlər ki, filan söz poeziya sözü deyil, şeir sözü deyil.  Deyirəm, niyə axı? İzah edə bilmirlər. Çünki o sözü deyən adamın vərdişi var, klişesi var. Sözlər arasında niyə ayrıseçkilik eləməlisiniz ki... Elə şey yoxdur. Dildən istifadə edən adam var, istifadə edə bilməyən adam var.  

- Deyirsiniz ki, bizim dilimiz dünya ədəbiyyatı ilə ayaqlaşmağa hazırdır.

- Əlbəttə. Orxan Pamuku oxuyursunuz da... Müasir ədəbiyyatdı. Orxan Pamukun əsərlərini Azərbaycan dilinə tərcümə etməkdə nəsə bir problem var? Məncə, yoxdur.

- Müsahibələrinizdə “tərcümə emalatxanaları”ndan danışırsınız. Bu, ölkəmizə bir az yaddır. Onların fəaliyyəti barədə bir az məlumat verə bilərsinizmi?

Ümumiyyətlə, praktika belədir ki, məsələn, Türkiyədən çağırırsan Ataol Bəhramoğlunu. Ataol Bəhramoğlu Türkiyənin məşhur şairi olmaqla yanaşı, rus poeziyasını türk dilinə çevirənlərdən birirdir. O, eyni zamanda fransız dilini də mükəmməl bilir. Məsələn, Moskovadan da çağırırsan Mixail İsakoviç Sinelnikovu. O da bir çox dilləri bilir, Tanınmış şair olmaqla yanaşı, tanınmış tərcüməçidir. Onlar gəlir burada üç gün ustad dərsi keçir. O dərslərdən biri olsun, məsələn, qohum dillərdən tərcümə edərkən tərcüməçinin qarşılaşdığı problemlər. İkinci məsələ, o fransız dili bilir, rus dili bilir. Deyirsən ki, Ataol bəy, Apolinerin “Mirabu körpüsü” şeirinin həm türkcə tərcüməsini, həm də rusca tərcüməsini müqayisəli təhlil elə.  Tərcümələrdə hansı dildə nə itirib, nə qazanılıb. Və bu şeylər niyə baş verib? Bu olur ikinci dərs. Üçüncü dərs: tərcümə mətnin seçimi - pedaqoqlar bundan danışır.  Sonra praktiki dərslər başlayır. Üç-beş adam mətn seçir və deyir, sən bunu çevir fransız dilinə, bunu rus dilinə, o birini də türk dilinə. Və sonra başlayır səhvləri üzərində praktik örnəklər verməyə. Məsələn, bu, emalatxananın bir nümunəsidir. İkinci bir nümunə o ola bilər ki, bir mətni tutalım Edqar Alan Ponun “Quzğun” şeirinin müxtəlif dillərə tərcüməçilərini yığırsan və deyirsən bu şeirin ispan dilinə, ingilis dilinə və s. dillərə tərcümələrini şərh edin. Yaxud məsələn, çin dilindən, koreya dilindən Azərbaycan dilinə tərcüməçilər, demək olar ki, yoxdur. Amma əvəzində çin dilini bilən türkoloqlar var. O türkoloqlardan birini gətirirsən Azərbaycana. Ona üç ay Azərbaycan dilini “öyrədirsən”. Türk dilindən Azərbaycan dilinə keçid edir. Çin ədəbiyyatını təkcə Türkiyə üçün yox, həm də Azərbaycan üçün tərcümə elə. Mən bir neçə örnək verdim sizə. Oğurlamaq üçün sizə kifayət qədər məlumat verdim. (Gülüş)

Müsahibəni götürdü: Qəfər Rüstəm, Fəhmin Mirzə

0