Dolu duası

Dönməz Qarabağlı

dolu-duasi

Ötən əsrin səksəninci illərinin əvvəlləri idi. Hələ müharibə başlamamışdı. Qrad, top atəşləri Qarabağda yalnız qara buludları tarlaların başı üzərindəkn qovub məhsulu leysandan, doludan qorumaq üçün açılırdı. 

Qarabağın ermənilər yaşayan qonşu kəndlərindən fərqli olaraq azərbaycanlıların yaşadığı bu ucqar dağ kəndində buluddağıdan qurğular yox idi. Hər il məhsul mövsümündə sovxozun ümidi havaların yaxşı keçəcəyinə, güclü yağıntıların olmayacağına – bir sözlə, təbiətin mərhəmətinə qalırdı. Yenə də kənddə ümidlərin ürəklərdə baş qaldıran dövrü idi.  

“Bu il məhsul bol olacaq. Bir hektardan on ton üzüm götürəcəyik!”- Xürrəm müəllim parıldayan gözlərini sovxozun tarixində ilk dəfə başdan-başa qoşa salxım gətirmiş sahələrindən ayırmadan, fərəhlə dilləndi –“azı on ton!”

Briqadirlər bir ağızdan – “elədi yoldaş direktor, əla məhsul olacaq bu il” – deyib, Xürrəm müəllimin fikrini təsdiqlədilər.

Hamı ayda-ildə bir dəfə səyyar kino maşınında kəndə gətirilən hind filmlərinə baxırmış kimi həvəslə tənəklərin haçalanmış zoğlarına baxır, qoşa salxımlardakı xırda, gömgöy üzüm gilələrinin tezliklə irilib günəşdən rəng alacağını, şirə ilə dolub budaqlardan ağır-ağır sallanacağını xəyal edib fərəhlənirdi.

Seyretmənin şirin yerində sovxozun mühasibi – kənd camaatı onu “hesabdar Qaçay” adlandırırdı - direktora yaxınlaşıb astadan dedi ki, Xürrəm müəllim, bu il zəhmətimiz bəhrəsini artıqlaması ilə verib, sizin də dediyiniz kimi, məhsul bol olacaq. Amma atalar deyir “şər deməsən, xeyir gəlməz”. Dilim-ağzım qurusun, bir də gördün ötənilki kimi dolu yağıb məhsulu zay elədi. Özü də bu cür məhsulu. Gəlin bu dəfə işimizi ehtiyatlı tutmaq üçün Alı kişini Aran Qarabağa göndərək, “Seyyidlər” kəndinə gedib, molla Xuduşa “dolu duası” yazdırsın, lap arxayın olaq.

Direktor mühasibin nə demək istədiyini göydə tutmuşdu. Ona görə də Qaçay sözünü bitirən kimi – “hə” - dedi – “ düzdü, təcili “dolu duası” yazdırmalıyıq. Hesabdar Qaçay, Alı kişini çağırtdır, briqadirləri də yığ, məsləhətləşin, kimə neçə dua lazımdı, desin, qoy ağsaqqal gedib molla Xuduşa yazdırsın”.

Sovxozun baş iqtisadçısı Uğur müəllim cavan, ali təhsilli, açıq dünya görüşlü, mövhumatdan uzaq bir adam idi. Kommunist Partiyasına üzv olmaq üçün artıq bir il idi ki, rayondan gəlib bu közdən-könüldən uzaq sovxozda işləyirdi. Bayaqdan  direktorun yanında dayandığından söhbəti eşidirdi. Ona görə də mühasib ayrılıb gedən kimi astadan dilləndi:

- Əşşi, Xürrəm müəllim, nə molla, nə dolu duası? Ayıbdı vallah, camaatı özümüzə güldürəcəyik!

Xürrəm müəllim gözlərini uzaqlaşmaqda olan Qaçaydan ayırmadan, gülümsünərək, yalnız  baş iqtisadçının eşidəcəyi səslə cavab verdi:

- Uğur müəllim, nə danışırsan? “Dolu duası” əla şeydi. Mən hələ duaların basdırılma mərasimini demirəm. Hələ bir mərasimi gör, özün də razı qalacaqsan. Bir də ki, bu dədə-babadan qalan ənənədi. Camaat özü gətirib bu günümüzə çıxardıb belə adətlərimizi. Sən elə bilirsən hesabdar Qaçay bu dua məsələsini özündən deyir? Yox əşşi. Camaatın sözüdü. İnişil dolu yağanda kənd əhli gileylənirmiş ki, bəs, elin adət-ənənəsi pozulub, “dolu duası” yazdırmırıq deyə Allahın qəzəbinə gəlmişik...

Günortaya yaxın səksən beş yaşlı Ali kişi gəlib çıxdı. Qoca kəndin ən mömin adamı və ağsaqqalı sayılırdı. Onu evdən çağırıb çıxardanda məsələdən hali eləmişdilər. Qoca hamını salamladı, üzünü sahəyə tutub əllərini göyə açdı, dodağının altında nələrsə pışıldaya-pıçıldaya bir göz oxşayan üzümlüyə baxdı, bir göyə, salavat çevirib – “hə, bu iş “dolu duası”z ötüşməz” - dedi.

Briqadirlər öz aralarında nələrsə pıçıldaşandan sonra başladılar Alı kişiyə pul verməyə. Kimisi iki duanın, kimisi üç duanın pulunu verirdi. Mühasibin oğlu briqadir Mürvət qocanın ovcuna pulu basanda qulağına da – “ağsaqqal, mənə dörd dua yazdır, amma heç kim bilməsin, soruşan olsa, denən Mürvət də üçünü sifariş verib” – pıçıldadı. Hamıdan axırda Xəlil yaxınlaşdı Alı kişiyə, könülsüz – könülsüz bir manat verdi, astadan – “bir dua da mənə yazdır”, – deyib kənara çəkildi. Xəlilin briqadasının sahəsi üzümlüyün lap kənarında idi. Məhsulu da həmişə başqalarınınkından az olurdu. Ona görə, camaatdan ar eləməsə, heç o bir duanı da yazdırmazdı.

Pullar yığılıb siyahı ilə bir də tutuşdurulandan sonra, Xürrəm müəllim Alı kişini sovxozun“QAZ-51” nə oturtdu. Mühərrik işə düşüb maşın yerindən tərpənəndə direktor  sürücü Hicrana – “ə, Fantamas, maşını ehmallıca sür haa, çala-çuxura salıb ağsaqqalın ürək-göbəyini düşürmə, məhsulun taleyi indi bu kişidən asılıdı!”- deyib, yoldan kənara çəkildi. “QAZ-51” kənd yolunun qırağındakı çinarların arxasında gözdən itəndə camaat da dağılışıb hərə öz işinin başına döndü.    

Səhəri gün tezdən üzümlüyün yanında əməlli-başlı qələbəlik var idi. Bir azdan duabasdırma mərasimi başlanacaqdı. Alı kişi çinarın altına qoyulmuş köhnə stulda oturub uzun qamış və sakit bir at gətirilməsini sifariş eləmişdi. Sovxozun direktoru, baş iqtisadçı və mühasib üzərinə sahələrin planı çəkilmiş yekə kağızı stolun üstünə sərib, duabasdırma mərasiminin haradan başlayıb, harada qurtaracağını götür-qoy edirdilər. Uğur müəllimi arada gülmək tutsa da, partiyaya keçmək arzusunu xatırlayıb özünü birtəhər saxlayır, dillənmirdi ki, direktoru incik salmasın. Nəhayət camaatın məsləhəti ilə naxırçı Cəmil kişinin atını gətirdilər ki, bu sakit heyvandı, dingildəyib qocanı yıxmaz. Hər şey hazır olanda Alı kişini qaldırıb qoydular atın belinə, içində dualar olan kətan torbanın qatmasını keçirtdilər qocanın boynuna, qamışın da bir ucunu çəpəki kəsib verdilər əlinə. Zurna-balaban işə düşdü. Qələbəlikdən kişilərin “bay-bay-bay-bay!” çığırtıları eşidilməyə başladı. Alı kişi duaları basdırmaq üçün mühasibin plan üzrə göstərdiyi səmtdən atı birinci sahənin briqadirinin müşayəti ilə üzümlüyə sürdü. Molla Xuduşun şərtinə görə, Alı kişi atını briqadirlərin nişan verdiyi yerdə saxlamalı, “dolu duası”nı əzbərdən söyləməli, sonra atdan düşmədən, duaları qamışla, basdırmalı idi. Beləcə, qoca atı cərgə boyu sürür, göstərilən yerdə dayanır, elə yəhərin üstündəncə avazla, dodağaltı bir xeyli mızıldanır, salavat çevirir, qamışı uzadıb torpağı eşir, molla Xuduşun dünən yazıb üçkünc bükdüyü dualardan birini qamışın ucuna keçirdərək həmin çalaya qoyub, üstünü torpaqla örtürdü. Sahənin kənarındakı talvarın altında qoyun kəsilib qazan asılmışdı. Arvadlar sacda yuxa bişirir, qız-gəlin samovar qalayıb çay dəmləyirdi. Arada elə atın belindəcə Alı kişini yaxşıca yedirdir, çay verirdilər ki, şər qarışanacan qoca yorulub taqətdən düşməsin . Direktor, baş iqtisadçı və mühasib çinarın altında oturub çay içə - içə mərasimi seyr edirdilər. Mühasib hərdən saatına baxır, dua basdırılmış cərgələri sayır, qarşısında stolun üstünə sərilmiş plana qeydlər dirdi.

- Bu gedişnən bu iş sabaha da qurtarmaz – birdən Xürrəm müəllim dilləndi.

- Hə - Qaçay gözünü plandan çəkmədən cavab verdi – Alı kişi də əvvəlki Alı kişi deyil ta,    qocalıb, çox ləng hərəkət edir. Amma buna da şükür. Allah bu kəndi bu kişisiz eləməsin!...

Mərasim üç gün çəkdi. Üçüncü günü şər qarışana az qalmış Alı kişi sonuncu duanı basdırıb sahədən çıxdı. Briqadirlər bəh-bəhlə ağsaqqalı atdan düşürtdülər. Üç gün səhərdən axşamacan atın belində oturub qalması qocanın onsuz da əyri ayaqlarını bir az da əymişdi. Yorğunluqdan büzüşüb bir az da balacalaşmış Alı kişi addımının birini irəli atanda, o birini yana atırdı. Briqadirlər yıxılmasın deyə onun qoluna girib, gətirib çinarın altındakı boş stulda, direktorun yanında oturtdular, qabağına bir stəkan çay qoydular, dil-ağız edib kənara çəkildilər. Xürrəm müəllim də çəkdiyi əziyyətə görə Alı kişiyə minnətdarlıq elədi. Camaatın adından ona bir saz erkək bağışladığını söylədi:

- Bilirəm Alı kişi, sənin bu bir neçə gündə çəkdiyin zəhmətin haqqı heç bir mal-mülklə ölçüyə gəlməz. Qoçu sənə elə belə, şirinlik kimi veririk. Hamımız duaçınıq. Allah ömrünü uzun, canını sağ eləsin! Bu kəndin ağsaqqallığından da heç vaxt əskik olmayasan! İnşallah üzümü yığaq, elə bu kəndin ortasındaca yaxşı bir məhsul bayramı keçirdək, sənin pay-püştünü özüm ayrıca göndərəcəm qapına.

 Alı kişi çayını içib qurtaran kimi direktor öz sürücüsünü çağırıb qocanı evinə aparmağı və yolüstü fermaya dönüb çoban Cabbardan ağsaqqala çatacaq qoçu götürməyi tapşırdı. Qoca “QAZ-69”a oturdub yola düşəndən sonra Xürrəm müəllim camaata dedi ki, “ta gecdi, siz də gedin ev-eşiyinizə”.

Hamı dağılışıb getdi. Direktorla baş iqtisadçı çinarın altına çəkilib adama bir siqaret yandıraraq maşının qayıtmağını gözləyirdilər. Mühasib onları rayona yola salıb sonra evinə gedəcəkdi deyə yanlarından ayrılmırdı. Üçü də yorğun idilər. Zarafat deyildi, üç gün səhərdən axşamacan sahədə camaatla birgə dayanıb ağır mərasim yola vermişdilər. Birdən mühasib  dilləndi:

- Yoldaş direktor, bilsəydik mərasim belə uzun çəkəcək, bir aşıq da gətirdərdik, sazdan çalıb, sözdən deyərdi, camaatın könlü lap açılardı.

- Gələn il onu da edərik inşallah – direktor müdrikcəsinə cavab verdi, sonra üzünü bir az aralıda qaralan sahəyə tərəf tutdu, öz-özü ilə danışırmış kimi – “daha bu məhsula zaval yoxdu” – deyib, köks ötürdü. 

Bu vaxt uzaqdan – kənd yolunun şose yolla birləşdiyi yerdən direktorun mağınının işıqları parlamağa başladı. Sürücü Alı kişini evinə qoyub geri qayıdırdı. Maşın hər çala-çuxura düşəndə işıqlar qaranlıqda bir anlıq yox olub, yenidən parlayırdı. Sürücü maşını çinarın altında saxlayan kimi Xürrəm müəllimlə Uğur müəllim Qaçayla sağollaşıb rayona – evlərinə yola düşdülər...

Duabasdırma mərasimindən iki həftəyə yaxın vaxt keçirdi. Bu müddət ərzində kəndə arabir narın yağışlar yağmış, amma tez də kəsmişdi. Hər dəfə külək kəndin üzərində cəmləşən qara bulduları qovub dağıdanda, ardınca hava açılıb günəş şəfəqlərini kəndə yayanda Xürrəm müəllim həvəslə ikimərtəbəli sovxoz binasının yuxarı başında yerləşən kabinetindən eyvana çıxır, səsləyib qonşu otaqdan Uğur müəllimi yanına çağırır, siqaret yandıra-yandıra göyə işarə edib, - “görürsən, qəfildən hava neçə açıldı, yoldaş iqtisadçı? Sən də deyirdin ayıbdı, filan. Qurbanolduğumuz agah olub ey sahələrə “dolu duası” basdırmağımızdan, qoymur kəndə dolu yağsın. Buludlar gözünə birtəhər dəyən kimi küləklə qovub dağıdır hamısını” – deyib qürrələnirdi. Elə camaat da hər dəfə kənddə qara buludlar dağılıb göyün üzü açılanda molla Xuduşun qələminə, Alı kişinin ömrünə duaçı olur, ikisinə də Allahdan can salığı diləyirdi...

Bir gün səhər tezdən Uğur müəllimi yuxudan ardı-arası kəsilməyən taqqıltı səsləri oyatdı. Alaqaranlıqda kimsə az qala darvazanı sındırırdı. Əynini geyinib həyətə düşdü, “gəldim” deyib, tələsik özünü darvazaya yetirdi. Qapını açdı, mühasib Qaçayın küçədə, Hicranın “QAZ-51”-nin yanında dayanıb tövşüdüyünü görəndə təəccüblə soruşdu:

- Nolub ay Qaçay müəllim, səhərin gözü açılmamış xeyirdimi belə?

Mühasib bir əlini sanki indicə ortadan qırılacaq belinə dayaq verib tələsik dilləndi:

- Uğur müəllim, tez hazırlaşın gedək, dolu kəndi dağıdır...

Kənd camaatı yenə də üzümlüyün kənarındakı çinarın altına toplaşmışdı. Sahələrin planı olan yekə kağız yenə stolun üzərinə sərilmişdi. Çinarın dibinə bir vedrə dolu qoyulmuşdu. Dolunun hər dənəsi az qala bir yumurta boyda idi. Briqadirlərdən kimsə sahədən yığıb gətirmişdi ki, direktora göstərsin. Qaşları çatılmış, dili-dodağı əsən Xürrəm müəllim sahələrin planına baxıb dolunun haraları döydüyü ilə maraqlanırdı. Briqadirlər hərə öz sahəsinin vəziyyətini cərgələr üzrə kağıza yazıb mühasibə vermişdilər. O da Xürrəm müəllim gəlib kəndə özünü yetirənədək bütün bu qeydləri karandaşla plana köçürmüşdü. İndi direktor qeydləri nəzərdən keçirdikcə gözləri daha da böyüyür, əlindəki dəsmalla alnının, boynunun tərini silir, mühasibə çəpəki baxıb, tənə ilə  - sən də istəyirdin, hələ bir, aşıq da gətirəydik mərasimə! - deyirdi. 

Səhrə yaxın başlayan və göydən daş kimi tökülən dolunu külək sankı qəsdən sahələrdə Alı kişinin atının izi ilə qovub üzümlüyü döyərək şil-küt eləmişdi. Bütün cərgələr yerlə bir olmuşdu. Bircə üzümlüyün aşağı başı - Xəlilin cəmi bir dua basdırılmış sahəsi salamat idi. Dolu oranı yaxşı tutmamışdı...

 Artıq gün qalxmışdı. Camaat sahənin yanına toplaşıb ayda-ildə bir dəfə kəndə gətirilən hind filmlərinin qorxulu səhnələrini seyr edirmiş kimi yerlə bir olmuş tənəklərə baxır, dolunu qarğayırdı. Çinarın altında mühasib Qaçay dolunun yağıb məhsulu zay eləməsi ilə bağlı yazılan akta qol çəkən briqadirlərə dönə-dönə deyir ki, bu işdə ermənilərin əli var:

- Sözümü qəribçiliyə salmayın. Hər tərəfimiz erməni kəndləridir. Hamısında da doludağıdan toplar var. Bu il məhsulumuzun həmişəkindən bol olacağını da yaxşı bilirdilər. Gecə biz yuxuda olanda bilərəkdən buludları sahələrimizin üstünə qovublar ki, dolu məhsulumuzu döyüb zay eləsin.

Sahənin lap yaxınında dayanmış “QAZ-69”- na söykənib siqareti siqaretə calayan Xürrəm müəllim kədərlə, döyüşçülərinin cəsədləri tökülüb qamış savaş meydanına baxan məğlub sərkərdələr sayağı, yerlə bir olmuş tənəklərə baxır, arada – gərək o zurna-balabanı çaldırıb qurbanolduğumuzun baş-beynini aparmayaydıq! – deyərək, köks ötürürdü.

Ayağı palçığa bulaşmış Uğur müəllim qanı qara vəziyyətdə üzümlükdə cərgələrin arası ilə gəzinir, camaatın hədər getmiş zəhmətinə heyslənirdi. Hərdən orda - burda torpaqdan ağaran üçkünc dolu duaları gözünə dəyirdi. Birdən baş iqtisadçı nə düşündüsə dayandı, əyilib  duanın birini götürdü, gözü bərabərinə qaldırıb baxdı, baxdı, tərs bir gülmək tutdu onu. Bu dəfə gülüşünü boğmadı, elə ürəkdən şaqqanaq çəkib gülə - gülə də uzaqdan ona baxıb dəli olduğunu düşünən camaata səsləndi:

- A kişilər! Ay camaat! Dua ilə məsələ həll olunsaydı, ta mən rayonda rahat işimi qoyub, hər gün bir belə yolu bu ucqar dağ kəndinə niyə gəlib qayıdırdım ki. Elə molla Xuduşa bir dənə “partiya duası” yazdırıb məsələni həll edərdim də!...  

0