İncəsənət nə işə yarayır?

Gülenay Börekçi

incesenet-ne-ishe-yarayir

Hamı incəsənətdən danışır, amma incəsənətin nə işə yaradığını bilən azdır. Düzdür, kolleksionerlər, qaleristlər, naşirlər və bir çox mütəxəssislər üçün incəsənətin dəyəri məlumdur. Ancaq bir incəsənət əsərinin ona heyran olan insana təsiri bir qədər müəyyən deyil.

Əgər bir insan müəyyən temalı bir incəsənət əsərini seçib onu divara asırsa, bu, bir baxıma o deməkdir ki, ya bu insan o temaya aid olmaq istəyir, ya ondan qorxur, ya da ondan imtina edir. İncəsənətin insanı pozitiv təsiri məhz budur!

Lev Tolstoy incəsənətin insanlar arasında körpü qurduğuna inanırdı. Anası Nin ruhi təlatümlərimizi səngitdiyini, mənfi hisləri – şeytan kimi – qovduğunu düşünürdü.  Oskar Uaylda görə isə bir incəsənət əsərinin insana olan təsiri və onun keyfiyyəti verdiyi həzlə düz mütənasibdir.

Hamının fikirləri ilə müəyyən qədər razıyam. Bunu da qeyd edim ki, əgər bir tabloya baxanda, ya da bir filmi seyr edəndə onun məndə yaratdığı aləmlərdə gəzirəmsə, günorta oxumağa başladığım kitabı səhərədək əlimdən yerə qoya bilmirəmsə, bir mahnı fasiləsiz beynimdə səslənirsə, demək, mən o tabloya, o filmə, o kitaba, o mahnıya vurulmuşam.

“İncəsənət terapiya kimi”nin müəllifləri Alen de Bottonla (Alain de Botton “Art As Therapy”) incəsənət tarixçisi Con Armstronq (John Armstrong) incəsənətdən mənfəət gözləyən “praqmatistlər” olduqlarına görə tamam başqa effekt axtarışındadırlar. Onlar incəsənətin terapevtik effektinə; insandakı nöqsanları aradan qaldırdığına və ən adi dilemmalara yol göstərdiyinə inanırlar.

Botton və Arsmstronqun fikrincə:

1. İncəsənət insana unutduğunu xatırladır

İnsan təkcə xırda təfərrüatları deyil, travmatik effektli hadisələri də asanlıqla unudur. Dolayısilə bu hadisələrdən özünə dərs çıxara bilmir.

Ancaq bəzən bir tablo bir kilidi açır, yaddaşımızdan sivişib gedən o “böyük balığı” tapıb bizə qaytarır. Bu “balıqla” üz-üzü gəlmək bəzən çətindir, amma dəyəri çox yüksəkdir. 

2. İncəsənət insana ümid aşılayır

Botton və Armstronq deyir: “Evi ürəkaçan, təravətli olmağını istəyən buna bir yol tapar, məsələn, otağın küncünə bir dəstə qul qoyar. Buna reallıqdan qaçmaq olduğunu, bir dəstə çiçəyin gül bağını əvəz etmədiyini deyənlər olacaq, siz buna fikir verməyin. Əsl, yəni reallığın üstünü örtməyən ümid qəbahət deyil. Və bir incəsənət əsəri bəzən məhz bu ümidi əvəz edə bilər.”

3. İncəsənət insana kədər və acı verir

Yoxsa yuxarıdakı yazılanlar yalandır? Əlbəttə, yox! Bir incəsənət əsəri ürəkağrıdan şeylərdən bəhs edəndə, çəkdiyimiz acıları başqa bir dillə yenidən canlandıranda belə bizə faydası var, çünki dünyada acı çəkən təkcə biz olmadığımızı, başqa insanların da göz yaşı tökdüklərini anlayırıq. “Məgər mənim kimi hiss edənlər də varmış” deyirik.

4. Ruhumuza tarazlıq verir

Hər insanın bir “yarası”, bir travması var. İncəsənətdəki seçimləri bəzən bu travmalar müəyyən edir. Seçəndə, əslində, biz bilmədən sənət əsərini deyil, “yaraya” məlhəmi seçirik. Ona görə, kimi divara mənzərə rəsmi, kimi də tutqun, qara tablolar asır. Məhz buna görə bəzi insanların çirkin saydıqlarını, bir başqası gözəl sanır. Əgər bir insan müəyyən bir temalı incəsənət əsərini seçib onu divara asırsa, bu bir baxıma o deməkdir ki, ya bu insan o temaya aid olmaq istəyir, ya ondan qorxur, ya da ondan imtina edir. Divara asılan rəsm əsəri qorxularımızı, peşmanlıqlarımızı, həsrətimizi xatırladır, travmalardan silkələnən ruhumuza təkrar tarazlıq verir.

5. İncəsənət ünsiyyət dilidir

İncəsənət eyni zamanda həm də güclü ünsiyyət dilidir. Məhz buna görə insan incəsənətlə maraqlanır, buna görə feysbuk səhifəsinə statuslar yazır, həyatın anlarını instaqramda dərc edir, ya da tamblerdə bir bloq açır. Bəziləri buna nümayişkarlıq deyir. Qoy desinlər! Kimlə necə ünsiyyət qurmaq lazım, kimə nəyi göstərmək lazım, özümüz bilərik, elə deyil? Eynən səhər evdən çıxanda hansı ayaqqabını geyəcəyimizi özümüz qərar verdiyimiz kimi.

6. İncəsənət düyünləri açır

Hamımız fərqliyik, ona görə də düşüncələrimiz fərqlidir. Bəzən insana elə gəlir ki, hamı normal, özü isə anormaldır. Belə hallarda amansızca özümüzü tənqid edirik. Ancaq hislərimizi anladıqda özümüzə rəhmimiz gəlir.

İncəsənətin bir digər faydalarından biri də məhz budur! “Qorxu təbidir, qəzəb hamıda var və mən heç də anormal insan deyiləm” qənaətinə gəldimi insan, o saat düyünlər açılır, ruhu sakitləşir. Axı nə Şekspir adi insandı, nə Motsart... Bəs Leonardo da Vinçi? 

7. İncəsənət təfərrüatlardakı gözəlliyi üzə çıxarır

Yataq otağınıza baxın... Çarpayı, şifoner, kitablar, ora-bura atılan paltarlar, küncdə duran dolabça və divardakı əyri tablo... Adi bir mənzərə! Halbuki, Van Qoq bu adi mənzərədən böyük bir şah əsər yaradardı. Yazda çiçək açan badam ağaclarını təsəvvür edin. Baxanda ürəyimiz açılır, gülümsəyirik, amma ondakı həyatı, onda olan canı çox az adam görür, duyur.

Yəqin, Endi Uorholun konserv qutusunu görmüsüz? Məgər marketdə satılan bir konserv qutusu XX əsr incəsənət inqilabına çevrilə bilərmiş. 

Hazırladı: Mustafa Ruşan

0