Erik-Emmanuel Şmitt: “Oxucunu səyahətə çıxarıram”.

Müsahibəni götürən: Özlem Karahan

erik-emmanuel-shmitt-oxucunu-seyahete-cixariram

Dünya şöhrətli belçikalı yazıçı, dramaturq və rejissor Erik-Emmanuel Şmitt (Eric-Emmanuel Schmitt) “Notre Dame de Sion Liseyi”nin hər il keçirdiyi “NDS Liseylilər Ədəbiyyat Mükafatına” layiq görülüb. Mükafat yazıçının “Les Dix Enfants Que Madame Ming N'A Jamais Eus” (“Minq Xanımın olmayan on uşağı”) romanına verilib.

Yazıçı mükafatı almaq və məktəblilərlə görüşmək üçün İstanbula gəlib. Müxbirimiz yazıçıdan müsahibə alıb. Müsahibədə yazıçı mükafata layiq görülən “Minq Xanımın olmayan on uşağı” romanından, Çində ayrı-seçkilikdən və yazıçılıqdan danışıb. Əsərlərinin fəlsəfi olduğunu deyən yazıçı, “Fikirlərimi söyləmək üçün deyil, nə düşündüyümü dərk etmək üçün yazıram”, bildirib.

“Xanım Minqin olmayan on uşağı” romanında ölkə sistemini tənqid edirsiz. Çinin siyasi, dini və ictimai məsələlərindən bəhs edirsiz... 

Romanda tənqid etdiyim, əslində, dünyadakı totalitar sistemlərdir. Məsələn, bildiyiniz kimi, Çində ikinci uşaq dünyaya gətirmək qadağandır. Yəni ailənin ancaq bir uşağı ola bilər. Kitabda mən sistemin bu qanunla ailəyə, dolayısilə qadın-kişi münasibətlərinə müdaxiləsini tənqid edirəm. İcbari abort dəhşətli tədbirdir, bu bir növ zorakılıqdır.   

Bundan əlavə, məsələn, romanda Minq xanım qadın deyil, kişi tuvaletini təmizləməyin bir prestij olduğunu düşünür.

Əslində, Çin elə bilirdi ki, qadın-kişi bərabərliyini təmin edib, amma bu belə deyil. Çində hal-hazırda maçoluq baş alıb gedir. Kişilər cəmiyyətin bünövrəsini təşkil edirlər, qadınların statusu isə, demək olar, bütün sahələrdə kişilərə xidmətçilikdir. Kişilik o qədər müqəddəsləşdirilir ki, məsələn, uzun illər əgər ailədə doğulan birinci uşaq qız idisə, öldürürdülər.  

Kitabda sistemin tənqidi ilə yanaşı, uzun illər təzyiqlərə məruz qalan konfutsizmdir. Minq xanımın uşaqları haqqında danışdığı əhvalatlarla birlikdə oxucular Konfutsinin fikirləri ilə də tanış olurlar. 

Maonun 1950-ci ildə həyata keçirdiyi Mədəniyyət İnqilabının məqsədi konfutsizmi aradan qaldırmaqdı. Amma, mənim fikrimcə, konfutsizm Çin Səddindən daha möhkəmdir. İnsanlar üzdə Maoya yaxınlıq göstərsələr də, əslində, Konfutsiyə olan inamlarını itirmədilər. Və hal-hazırda Çində hələ də hakim düşüncə konfutsizmdir. Dolayısilə keçmiş Çinlə müasir Çin konfustizmdə qovuşur. Və mən dünyaya bunu çatdırıram.

Çinin ictimai quruluşu haqqında da geniş məlumat verirsiz. Roman üçün əvvəlcədən araşdırma aparmısız?

Çində təkcə Honq Konqu tanıyıram, Honq Konq isə təsvir elədiyim Çinə bənzəmir. Kitabı yazmağa başlamadan əvvəl Belçikada bir Çin üzrə mütəxəssislə görüşmüşəm. Bununla yanaşı, Çin haqqında məlumatı olan, Çini yaxından tanıyan bir çox insanla görüşlər keçirmişəm. Çin haqqında çoxlu ədəbiyyat oxumuşam. Ancaq təəssüf ki, Çinə heç getməmişəm.

Hər romanda bir problemə toxunursunuz...

Çalışıram ki, dərin mənalı əsərlər ortaya qoyum. Hətta bəzi kitablarım “fəlsəfi əsər” kimi oxudulur, tədqiqatçıar əsərlərimə bu aspektdən yanaşırlar. Romana finalda mən məhz bu nəticəni əldə etmək üçün başlayıram. Qısası, müəyyən bir problemi işıqlandırmağa, üzərində baş yormağa, oxucuları da təfəkkürə cəlb etməyə çalışıram. Üstəlik fəlsəfə fakulteti məzunuyam. Peşəmi fəlsəfi kitablar yazaraq deyil, romanlara fəlsəfə qatıraq yerinə yetirirəm.   

Bir müsahibədə əsərlərinizi “fərqli fikirlərin çalar toplusu” adlandırırsız.

Bəli, mənim üçün hər əsər bir səyahət və macəradır. Qələmə aldığım hər kitab insan reallığının hansısa bir cəhətini öyrənmək, araşdırmaq üçün çıxdığım səyahətdir. Əslində, mən fikirlərimi söyləmək üçün deyil, düşüncələrimi dərk etmək üçün yazıram. Dolayısilə, hər kitab mənə həqiqəti dilə gətirməkdə, həqiqətə yaxınlaşmaqda və müəyyən nüanslarını təmsil etməkdə kömək edir.

Bir yazıçı, bir romaçı nədən məsuliyyət daşıyır? Ümumiyyətlə, yazıçı oxucudan məsuliyyət daşıyır?

Əlbəttə yazıçı oxucudan məsuliyyət daşıyır. Mən özüm üçün deyil, oxucular üçün yazıram. Dolayısilə onları səyahətə çıxarıram, onları təfəkkürə təşviq edirəm. Əgər onları təşviq, onları təhrik edə bilmirəmsə, demək, bu işi bacarmıram. Bir yazıçı kimi həm özümə, həm də oxuculara qarşı ən böyük məsuliyyətim budur.

Bir yazıçı və oxucu kimi yaxşı romanın tərifini verərdiz...

Yaxşı roman mənə yeni fikirlər aşılamalı, məndə coşqu yaratmalıdır. Bu fikir və coşqu məndə ancaq həmin romanı yaratmağa qadir olmalı. Buna görə də yaxşı roman mənəvi dünyamı zənginləşdirməlidir.  

 “NDS Ədəbiyyat Mükafatı”na bu il siz layiq görüldünüz. Aldığınız mükafatlar sizin üçün əhəmiyyətlidir?

Hər şeydən əvvəl mükafatlar yazıçının tanınmasıda əhəmiyyətli rol oynadığına görə qiyməti danılmazdır. Bu sayədə yazıçı həm də oxucularla görüşmə imkanı əldə edir. Xüsusilə mükafatı verənlər gənc münsiflərdirsə. Onlara ayrı əhəmiyyət verirəm. Bu həm özümə olan güvənimi artırır, həm də bunun sayəsində gələcəyə ümidlə baxıram. Dolayısilə yetkin oxucudan çox, mən cavanlara üstünlük verirəm.

www.t24.com.tr 

Hazırladı: Mustafa Ruşan

0