Markus Zusak: “Yazdığım hər sözə şübhə ilə yanaşıram”.

Müsahibəni alan: Yelena Vodopiya (Helena Vodopija)

markus-zusak-yazdigim-her-soze-shubhe-ile-yanashiram

Markus Zusak: “Yazıçı olmaq üçün insan gərək özünə güvənsin. Mən hər gün özümdən şübhə edirəm. Yazdığım hər sözə şübhə ilə yanaşıram…”

Yazdığı “The Book Thief” (“Kitab oğrusu”) romanı ilə dünyaşöhrəti əldə edən Markus Zusak bu il (2015) VII İstanbul Tanpınar Festivalının qonağı olub. Müxbirimiz Zusakdan müsahibə alaraq “The Book Thief” romanı, bu romanın yazma prosesi və müəllifin özünə qoyduğu sərhədlərdən danışıb.  

“The Book Thief” romanı sayəsində dünya şöhrətli yazıçıya çevrildiniz. Fikrinizcə, romanın bu qədər sevilməsinin səbəbi nədir? Bestseller müəllifi olduqdan sonra oxucuya qarşı məsuliyyətiniz artdımı?

“The Book Thief” romanının mənim həyatımda yeri başqadır. Belə ki, indiyədək yazdığım beş kitabın hər biri mənim üçün dəyərlidir, ancaq onlardan biri – əlbəttə ki, “The Book Thief” mənim hər şeyimdir. Əslində, kitabın mənə uğur gətirməyəcəyini düşünürdüm, ona görə də, ürəyim necə istədisə, elə də yazdım.  “Onsuz da bu kitabı heç kim oxumaz, ona görə təxəyyüllümü maksimum istifadə edim” düşündüm. Çox güman ki, “The Book Thief” romanı səmimi yazıldığına görə bu qədər sevildi.  

Məsuliyyət məsələsinə gəlincə, bəzən hə, daha çox məsuliyyət hissi duyuram. Ancaq sonra düşünürəm ki, yazıçı kitab yazanda bəzən oxucunu unudur. Onları sevindirmək, onlarda maraq oyatmaq üçün əlindən gələni əsirgəmir, ancaq bir mərhələdən sonra hər şeyi bir kənara atıb “Bundan belə, ardımca gəlməlisən!” dedimi, bax kitab elə bu məqamda istənilən formanı almağa başlayır. Nə qədər ironik olsa da, oxuculardan məsuliyyət daşımağın ən yaxşı yolu, onları hesaba almamaqdır.   

Əksər romanlarınız həyata yenicə başlayan obrazlara həsr olunduğuna görə kitablarınız “Bildungsroman” (şərti olaraq, “xarakter romanları”) növünə aid edilir. “I Am The Messenger” romanında “izlərin dalınca get”, “The Book Thief” romanında isə “gizlənqaç” oyunlarının elementlərindən istifadə eləmisiz. Sanki amansız reallıqları oyun kimi qəbul edib onların qarşısına oyunçu kimi çıxış edirsiniz. Romanlarınızdakı bu xüsusiyyət sizin dünyagörüşünüzü özündə əks etdirirmi?  

Əslində, deyimmi, deməyimmi, bilmirəm. Bəlkə də, heç bir yazıçı niyə bu cür yazdığını dəqiq bilmir. Romanlarımın çoxunda boks və qaçış oyunları var, amma nə qaçışdan xoşum gəlir, nə də ömrümdə bir kəslə dalaşmışam. Bəlkə də, hər şeyi oyuna çevirməyi sevdiyimdən bu cür yazıram. Bədii ədəbiyyat olduğunu bilsəm də, kitab yazanda elədiyim kimi, özümü romanın içində hiss etdiyim əsərləri oxumaqdan xoşum gəlir, bu, sehrli bir oyundur. Bəli, zəhmətli işdir, amma eyni zamanda da bir oyundur – insanları real olmayan bir şeyə inandırma oyunu.    

“The Book Thief” romanında mədəniyyətin qalıqlarını xilas etməyə çalışan, təxribatın əleyhinə çıxan balaca bir qızın dili ilə Nasizm təsvir edirsiz. II Dünya müharibəsi bəşəriyyət tarixində başda kitabların məhv edilməsi olmaqla birlikdə böyük təxribatlara səbəb olmuşdur. Lakin təəssüf ki, hələ də müharibənin törətdiyi yeni və daha dəhşətli təxribatlar üzə çıxır. Bu baxımdan, II Dünya müharibəsi dövrünü seçmənizin xüsusi bir səbəbi varmı?

Qədim bir qayda var: “Bildiyini yaz!”. Valideynlərim Almanya və Avstriyada böyüyüblər. Nasizmin tüğyan etdiyi dövrdə cavan imişlər. Xatirələrinin əksəriyyəti müharibədən sonrakı dövrü əhatə edirdi. Roman yazanda bu xatirələri əsas götürdüm, çünki onlarda reallıq vardı. Bu xatirələr mənim üçün öyrəndiyim əcnəbi dil kimi idi. O aləmə yaxşı bələd idim. O xatirələri yazanda elə bil, yaddaşımın qabığını sındırıb oradan həmin aləmi üzə çıxarırdım. Uşaqlıqda eşitdiyim hadisələr başqa məkana və başqa zamana aid olsaydılar, bəlkə də, mən onlar haqqında yazardım.  

Hansı yazıçı və kitablar yazıçı olmağınıza töhvə verib?

Amerika yazıçısı S.E. Hintonun kitabları ilə tanış olanda on dörd yaşım vardı. Oxuyanda elə bilirdim hadisələrin içindəyəm. Əsərlərin birində on beş yaşlı bir oğlanın kitabını çap edirlər, bunu oxuyandan sonra “Mən də öz kitabımı çap etmək istəyirəm?” dedim. Və başladım yazmağa. Düz səkkiz səhifə yazdım. Müsabiqəyə göndərsəydim, yəqin axırıncı yerə çıxardı, amma bu məndəki yazma ehtiyacını təmin etmişdi. On altı yaşa çatanda yazıçı olmağa qərar verdim… Və heç kim mənə mane ola bilməzdi.

“The Book Thief” romanını ekranda görəndə nə hislər keçirdiniz? Başqa bir əsərinizin ekranlaşdırılması barə də bir planınız var?

Düzünü desəm, həm sevindim, həm də təəssüfləndim. Elə fraqmentlər oldu ki, görəndə şad oldum, elələri də oldu ki, kaş başqa cür çəkiləydi dedim. 

Kino ilə məşğul olmamağı özümə söz vermişəm. Bütün bacarığımı yazıya tökmüşəm. Çəkiliş heyəti ilə görüşürdüm, işlərlə tanış olurdum, mənə maraqlı gəlirdi. Bir əsər üstündə kim işləyirsə, məsuliyyət ona aiddir. Yazmaqla kino çəkmək başqa şeylərdir. Kitab yazmaq mənim işimdir, film isə rejissorun.   

Qonaq kimi dəvət aldığınız İTEF-in bu ilki mövzusu “Şəhər və hüdudlar”dır. Bir yazıçı olaraq siz hansı sərhədlərlə, əngəllərlə qarşılamısınızz? Roman qəhrəmanlarınızın qarşısına hansı maneələri çıxarmağı düşünürsünüz?

İnsanın özündən şübhələnməməsi fikrimcə, ən çətin maneədir. Yazıçı olmaq üçün gərək yazdıqlarını kimlərinsə oxuyacağına inamınız ola və bundan ötrü özünüzə güvənəsiniz. Mən hər gün özümdən şübhə edirəm. Hər yazdığım sözə şübhə ilə yanaşıram. Roman qəhrəmanlarına gəldikdə isə, bu barədə heç fikirləşməmişəm.

Son “Bridge of Clay” adlı romanın “insanın öz gücünün fövqünə çıxması”ndan bəsh etdiyini demisiniz. Kitabı yazarkən ilham aldığınız incəsənət əsəri və ya insanın mükəmməllik axtarışı haqqında nə deyə bilərsiz?

Əslində, görkəmli incəsənət əsərlərini görmək, məncə, kifayətdir. Romanın baş qəhrəmanı Kley görkəmli bir sənət əsəri ortaya qoymaq istəyir, istedadının fövqünə çıxmağı arzulayır. Ağlıma Davudun heykəli, Florensiyada, Akademiya Qalereyasındakı Davud heykəlinə aparan yolu göstərən natamam heykəllər gəlir… Dəhlizin sonunda şəh əsər dayanıb, ona aparan yolda isə natamam, mərmərdən çıxmaq üçün çırpınan heykəllər düzülüblər. Bəlkə də həyat elə budur. Hamı şah əsər olmaq arzulayır, amma bundan ötrü əvvəlcə natamamlıqdan keçməli, o məqama çatmaq üçün çırpınmalıyıq.   

www.t24.com.tr

Hazırladı: Mustafa Ruşan

0