"Günəşin Nuru" - LAYİHƏ

Esmira Günəş

quot-guneshin-nuru-quot-layihe

Fabula.az gənc şairə Esmira Günəşin yeni layihəsini təqdim edir. Qeyd edək ki, Esmira Günəş bir çox şeir kitabının müəllifidir. ("Azərbaycan qızıyam", "Sevgi Sarayı" "Sarı köynək").

Bu yaxınlarda Esmira xanım gənc yazarları bir araya toplayaraq gənc yazarların şeirlərindən ibarət "Günəşin Nuru" antologiyasını dərc etdirdi. Antologiyada Esmira Günəş şeirləri ilə yanaşı, Saleh Mehdizadə, Asif Lerikli, Mirşən Xəyal, Vüsalə Hikmət, Manya Səxavətqızı, Orxan Əkbərov, Cingiz Səmədli, Humay Nur, Aysel Nəsirzadə, Xalidə Abdullayeva, Orxan Məmmədov, İmran Aşiq, Turan Nəqşicahan, Mahir Munis, Ceyhun Şirvani və Murad Ömər şeirləri də dərc olunmuşdur. O, bu kitabın təqdimatını bütün Azərbaycanın bölgələrində keçirmək istəyir. Layihənin məqsədi ucqar rayonlarda yaşayan oxucuları aşkara çıxarıb  şeirlərini dərc elətdirməkdir. Fabula.az da gənc şairlərin şeirlərini dərc etməklə layihəyə dəstəyini verdi. İlk olaraq Esmira Günəşin şeirlərini təqdim edir: 

 

"ÜRƏYİM UŞAQ TƏK DARIXIB NECƏ"

Mən sənsiz o qədər darıxmışam ki,

Səni düşünərək qolların açar.

Bir dəfə uzaqdan görünsə kölgən,

Həsrətim uşaq tək qoynuna qaçar.

 

Sarılar sarmaşıq çiçəklər kimi,

Gözünün yaşları çağlayar o an.

Qınama sevgilim, elə darıxıb,

Vüsal da dil açıb ağlayar o an.

 

Gözündən süzülən sevgi yağışı,

Yanağa od salar səndən xəbərsiz.

O elə diqqətlə baxar ki, sənə,

Süzülər gözləri hərdən xəbərsiz.

 

Gör necə darıxıb, necə kövrəlib,

Uşaq tək hönkürüb ağlamağı var.

Adını dilinə gətirməyib heç,

Qəlbinin içində saxlamağı var.

 

Gəl sənə qovuşub, baxsın doyunca,

Səni and verirəm, yar bircə gecə.

Mən uşaq deyiləm bax bu yaşımda,

Ürəyim uşaq tək darıxıb necə.

Esmira Günəş

15.11.2018

 

Qovuşan gözlər.

Dünən biz göz-gözə gəldik səninlə,

llərim əlinə toxundu sənin.

Gözümün içinə elə baxırdın,

Gözündən məhəbbət oxundu sənin.

 

Həyəcan içində əsirdi ürək,

Nəfəsin titrəyir, səsin titrəyir.

Elə bil zaman da dayanıb yarım,

O görüş anı da bitmək bilməyir.

 

Dünən çox xoşbəxtdik hər ikimiz də,

Bir neçə saatı keçirdik belə.

Dünyaya sığmırdı bu dəli sevgi,

Bəzən göz gözəydik, bəzən əl-ələ.

 

Sevgi mesajları yazılan zaman,

Hər şeyi o qədər adi sanırdıq.

Elə ki, gəlmişdik göz-gözə sənlə,

Doyunca baxmağa çox  utanırdıq.

 

Heç düşünməzdik ki, nə vaxtsa bir gün,

Əl-ələ, yan-yana gəzə bilərik.

Bu qədər sevginin oduna yanıb,

Daha ayrılığa dözə bilərik ?

 

Bu ilk görüşdü amma elə bil,

İllərdir bir yerdə yaşamışıq biz.

Necə tanımışıq bir-birimizi,

Həsrətin yükünü daşımışıq biz.

 

Bir neçə saatı gəzib nəhayət,

Son dayanacağa çatmışdıq daha.

Mənə bir az yaxın otur deyərək,

Başladın gözümə dərin baxmağa.

 

Dedin: Sevirsənmi söylə bir məni?

Gözlərim gözünə baxdı və susdum.

Danışa bilmədim, dinə bilmədim.

Sevgin ürəyimi yaxdı və susdum.

 

Yenə davam etdin sən danışmağa,

Mən səni dünyalar qədər sevirəm.

Mən donub qalmışam baxıb gözünə,

Sualına cavab verə bilmirəm.

 

Budur yaxınlaşdı daha avtobus,

Ayrılıq anıdır getməliyəm mən.

Son dəfə qucaqlayıb, sarıldım sənə,

Necə ayrılım ki, mən qopum səndən ?

 

Öpüb yanağından ayrılan zaman,

Qəlbində bir təlaş, bir qorxu vardı.

Kaş mənim olaydın deyə qışqıran,

Gözündə yaşayan bir arzu vardı.

 

"Səni çox sevirəm unutma bunu"

Deyərək son dəfə dilləndi dilim.

Gözlərim sevginə doymamış hələ ,

Əlindən üzüldü daha əllərim.

 

Bir dəfə qovuşdu bu gözlər gülüm,

Qəlbimə zəncirlə bağladı səni.

Bu eşqin odunda elə yanırıq,

Çətin unudarıq daha sevgini

Esmira Günəş

0




daha çox