Qarlı gecənin səhəri

Ələddin Əzimli

qarli-gecenin-seheri

Bu gün tanınmış şair Ələddin Əzimlinin ad günüdür. O, 1955 – ci ilin 10 yanvarında Cəlilabad rayonunun Alar kəndində anadan olub. “Bulaq” adlı ilk mətbu şeri 1969 – cu ildə 14 yaşı olarkən “Azərbaycan pioneri” qəzetində çap olunub. İndiyə qədər şairin yeddi şeir kitabı işıq üzü görüb.  Bu gün onun 64 yaşı tamam olur. Bu münasibətlə şairi təbrik edir və oxuculara onun ən təzə şerlərindən bir neçəsini təqdim edirik.

BİR DOSTUMA

Qeybdən açılanda
sübhün yaxası,
dağılar canlıların yuxusu.
Bir simfoniya tək
asta-asta ucalar
quşların səsi,
ahəngdar oxusu.
Tək quş təklənər,
oxuya bilməz.
Axtarar sirdaşini-
canbir yoldaşını...

YOXSAN

Sən mənə
çox yaxınsan,
əlimin toxunduğu
su qədər yaxın.
dillə dodaq kimi-
bu qədər yaxın.
... Əslində,
belə deyilmiş.
Anladım ki, sən
həqiqətdə yuxu,
ruhumu oynadan
yalan bir duyğu-
nə yaxın, nə də uzaqsan
sadəcə, yoxsan...

DƏRD

Dərdini
içində əkən adamın
çölündə qəm pöhrələyər.
Dərdini 
sulamaq üçün
o dönər qəmgin buluda
gözlərindən su çiləyər.
Fikirlər didər qəlbini,
tab edə bilməz ağrıya.
Qaranlıq bir geçə
dibindən qopar-
qopqoca,
çürümüş bir ağac kimi...

QARLI GECƏNİN SƏHƏRİ

Yavaş-yavaş,
qarış-qarış
iməkləyər qaranlıq
onun 
İşığa həsrət
qəlbinə sarı.
Yağar qar
gecədən səhərə qədər.
Onun
donar şah damarları.
Küçədən keçənlərin
qar üstə nizamsız
izləri qalar.
Qonşu məhəllədən
boy verən səslər
çilik-çilik olar
tökülər ayaqlar altda,
qarışar
özü tək çirklənmiş,
paklığını itirmiş qara.
Qəfildən,
yoldan ötən
köhnə bir maşın
çırpılar divara.
Bir anliq
hər yerə sakitlik çökər.
...O gecə,
bax bu da səhər...

TELEREPORTAJ

Müdhiş bir gecədə
yad bir şəhərdə
adamlar vurnuxan
tüstüyə bürünmüş
qorxunc küçədə
divara söykənmiş
bir qadın ağlayır.
Yaş axır gözündən 
yanağı boyu.
Səsi, hıçqırtısı
sönüb içində.
Bu anda bir haray 
keçir içimdən:
- Keçin,
insanlar, keçin,
qıvrılıb baxmayın
bir də geriyə.
Bura səhnə deyil,
bu,
tamaşa deyil.
Ağlayan qadındır,
tənha bir qadın.
Yəqin ki, bu anlar
səssiz fəryadıdır
acı həyatın...

PAYIZIN SON NƏĞMƏSİ

Bir qəmli nəğmə
hopdu ruhuma
bir anda əridi, itdi.
Can atdım
qəlbimdən çıxarım onu.
Qəlbim də susdu,
sözümə baxmadı,
o qərib səsə
qoşulub getdi.
İndi mənə
kimsəsiz payız,
bir də ki, duyğusuz
quru can qalıb.
Elə bilirsən ki,
yarpaq tək titrəyən,
əsən bədəndə
hiss qalıb,
həyacan qalıb ?!...

NƏVƏMİN PAYIZ YUXUSU

Pəncərə önündəki
budaqdan boylanan
sərçənin soyuq səsindən,
bəlkə də,
budaqdan qopan yarpağın
şüşələrə
toxuna-toxuna düşməsindən
bu səhər,
yuxudan oyanıb
diksinən nəvəm,
kövrək-kövrək ağlamsınan,
səksənən nəvəm,
səsinə,
əmin ol, a körpə balam,
ya anan,
ya da ki, nənən gələcək.
Bir anda
hər şey ötəcək.
Yenidən
ilıq təbəssümlə
qımışaraq sən
isti yatağında xumarlanaraq
yuxuya gedəcəksən...

GƏLİRƏM

Hə vaxt idi
əsir idim qaranlığa,
üzümüzə
açılan bu xoş səhər
qovuşdum axır işığa.
Ziyanı dan yerindən
boylanan Günəşdən aldım.
Nuru su tək ovuclayıb
çilədim qəlbimə,
içimə-çölümə.
Ləpirimə həsrət yollar
çıxsın qarşıma.
Gözü yolda qalan,elim,
gəlirəm,
məni qarşıla...

TƏZƏ ŞEİR

Yazdım
bu kövrək şeiri,
misraları rəvan,
sözləri ipək şeiri.
Dedim oxusunlar,
ətrini qoxlasınlar.
Yazdım
və dəftəri bağladım.
Bir anlıq
nə qədər şad oldum,
qayğısız,
rahat oldum...

İKİ AN

Bu quşun 
yarpaqların arasından süzülən 
işıqlı nəğməsi nə xoşdur.
Yanımdan ötüb keçən
bu qadının baxışları 
nədən mənə çox doğmadır, tanışdır?
Xəyallar
duman tək bürüdü məni.
Qəfildən 
quş da kəsdi
o Günəşli nəğməni.
Dikildi ağaca gözlərim.
Sonra da 
qadını aradı hisslərim.
Artıq nə quş vardı, 
nə də o qadın.
Həzinlik çökdü bağa ,
başladım darıxmağa...

YADİGAR

Misra-misra
sətir-sətir gələn söz,
dilimin ucundan
varaqlara səpilən söz
yadigardır
bu gündən sabaha-
dostlara, nəvələrə,
kimlərəsə daha.
Qələmim
qulağımın dibindədir
səs gözləyir,
söz gözləyir.
Söylə, yazım,
görüm
ağdır, ya qaradır,
qısası, nədir?
Axı qəlbim 
o sözlərə təşnədir...

O GECƏ

O gecə
səslədim səni,
nədənsə bilə-bilə
səs vermədin səsimə.
Söylə, bu nə sirdir?
Ay da, ulduzlar da
həsrətindən 
gilə-gilə əridi,
sonra da 
qoşuldular çaya-
suların axarına.
Bəlkə də üz tutdular
dünyanın axırına.
Səndən isə
çox gözlədim
heç bir soraq çıxmadı.
Yapışıb
gecənin soyuq əlindən
üz tutdum tənhalığa
uzaqlaşmaqçün səndən...

SAZAQ

Bir qar zərrəsi tək
oynatdı yerimdən
məni bu sazaq.
Özümdən gen düşdüm,
uzaq, çox uzaq.
Çırpındı buludlar,
ötdü maşınlar,
buz bağladı yollar-
bəzi ürəklər.
Gecələr 
əsən küləklər
üşütdü,
titrətdi qarı,
isti yuxuları,
xoş xəyalları.
İndisə deyirlər:
-səbr elə,
gözlə baharı...

GÜNƏŞ DƏ BATDI

Qayıtmaz geriyə,
qayıtmaz daha.
Ha əlləş, ha çalış
yalvar Allaha!
O anlar bəlkə də,
Günəşin şəfəqlərinə
qoşulub getdi.
Qanadlandı bəlkə də,
bir gözəgörünməz
quş olub getdi.
O anlar
döndü ilgıma.
İndisə boş yerə
aldatma özünü:
-düşünmə, birdən qayıtdi.
Artıq
son ümid yerin-
Günəş də batdı...

SƏNƏ

Gözlərində gün işığı,
qapama,
ürəyim ropar.
Birdən,
bu yerin adamlarından
incisən, küssən,
üz döndərib getsən,
unutma,
məni də apar...

Fabula.az

0