Selesta İnq – Trampın Amerikasında qadın, ana və yazıçı olmaq

Müsahibəni alan: Yeqor Mixaylov

selesta-inq-trampin-amerikasinda-qadin-ana-ve-yazici-olmaq

Bu yaxınlarda Selesta İnqin ikinci romanı “Little Fires Everywhere” rus dilinə tərcümə edilib. Onun məşhur “Everything I Never Told You” adlı debüt romanı kimi, son əsəri də ailədaxili münasibətlərdən bəhs edən triller janrında yazılıb.

— “Little Fires Everywhere” romanında hadisələr doğma şəhərinizdə – Şeyker-Haytsda baş verir. Həmyerlilərinizin buna münasibəti necə oldu?

— Bu sualı mənə bütün oxucu görüşlərində verirlər: “Şeyker-Hayts sakinləri kitabınız haqqında nə düşünürlər?” Suallar çoxaldıqca özümə də qəribə gəlməyə başladı. Doğma şəhər barədə yazmaqla bir qohum haqda yazmaq arasında fərq görmürəm. İnsan istəyir ki, hamı onu sevsin, amma neyləmək olar, onun da xoşagəlməz cəhətləri var. Mənə elə gəlir, Şeyker-Hayts sakinlərinin kitabda gördükləri, məhz mənim onlara göstərmək istədiklərimdir – yerli sakinlərə sevgi dolu baxış.  

Şeyker-Haytsda oxucu görüşü kitabxanada baş tutacaqdı, iştirakçıların sayı çox olduğuna görə oxuduğum orta məktəbin auditoriya zalında keçirdik. Ən son orda on iki yaşımda olmuşam, onda məktəb orkestrində musiqi aləti çalırdım.

— O vaxtdan bəri şəhər çox dəyişilib?

— Anam təqaüdə çıxandan sonra başqa yerə köçdü, ona görə Şeyker-Haytsda az oluram. Dəyişilməyib: eyni evlər, eyni ağaclar, çox qəşəngdir. Amma güman edirəm ki, doxsanıncı illərdən sonra dünya ilə birlikdə ora da dəyişikliklər olub. Oranın sakinləri də irqçilik, gender və s. kimi bizim hal-hazırda müzakirə etdiyimiz məsələlərlə maraqlanırlar.  

— Məgər romanı Tramp prezident olmadan əvvəl yazmamısız?

— Düzdür, qeyd dəftərçələrimi vərəqləyəndə gördüm ki, ilk qeydlərimi 2009-cu ildə almağa başlamışam. Üstündə bir neçə il işləmişəm, müqaviləni isə 2016-cı ilin sentyabr ayında, seçkilər ərəfəsində imzalamışam. Onda hamıya elə gəlirdi ki, hər şey başqa cür olacaq.

Romanda fikir yürütdüyüm bütün məsələlər — irqçilik, siniflərarası mübarizə, hal-hazırda Amerikada aktual olan hər şey — ta o dövrdən vardı. Amma məhz Tramp seçiləndən sonra bu məsələlər ölkədə aktual hala gəldi. 

— Övladları əllərindən alınan immiqrantların taleyi fonunda verilən əhvalatın müasirliyi məni təəccübləndirdi. Axı çinli immiqrant qadın və onun qızı haqqındakı əhvalat romanın əsas süjetlərindən biridir.    

— Hə, son vaxtlar oxşar hadisələri tez-tez xəbərlərdə görürük. Romanı mən “Ailə nədir?”, “Uşağı valideyndən hansı hallarda ayırmaq olar?”, “Hansı hallarda bu qəbuledilməzdir?” kimi suallar haqda fikirlər yürüdərək yazmışam.   

— Ağlınıza gələrdi ki, süjet bu qədər aktual olar?

— Əlbəttə, xeyr! Kitabı yazanda mən ilk növbədə fikirləşdiyim irqlərarası övladlıq məsələsi idi. Bizdə, burada Çindən, Rusiyadan övladlığa götürülən uşaqlar var. Halbuki indi, bildiyim qədər, Çində və Rusiyada başqa ölkə vətədəndaşlarına övladlıq verməyə qadağa qoyublar.

Ümumiyyətlə, mən siyasi dissidentlərin ailələri nəzarətdə saxlamaq üçün uşaqlarını onlardan ayırıb tərbiyə edən antiütopik bir əsər yazmağı düşünürdüm. Lakin fikrimdən daşındım, çünki getdikcə pis xəbərlər alırdım, artıq bu haqda eşitmək istəmirdim. Sonra, öyrəndim ki, sən demə, siyasi səbəblərdən uşaqları valideynlərindən ayırırlarmış. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şey reallıqda olar. 

— İki sualım var, əslində bu, bəlkə də, bir bütöv sualdır: 2018-ci ildə ABŞ-da özü də asiyalı qadın olmaq nə deməkdir? Son illər çox şey dəyişib?

— Hər iki məsələ də həqiqətən bir-biri ilə bağlıdır, çünki burada söhbət müəyyən mənada bir çox hüquqlardan məhrum edilən qrupa mənsub insanlardan gedir. Qadınlar çox vaxt xüsusi qaydalara riayət etməli olurlar. Bu ağdərili olmayan insanlara da aiddir. Ona görə mən artıq tez-tez və açıqdan-açığa siyasətdən danışıram.

Ağ Evdə çəkinmədən “Qadınları tutmağın yolları”ndan danışan bir adam oturub, digər tərəfdə isə seksual zəmində törədilən cinayətlərin əleyhdarı #MeToo hərəkatı ortaya çıxıb. Mən də qadınam, dolayısilə bu məsələlər şəxsən mənə də aiddir. Elə bir qadın tanımıram ki, oxşar hadisələrlə qarşılaşmasın. Və mənə elə gəlir ki, əgər mən insanların kitablarını oxuduğu, fikirlərinə qulaq asdıqları bir qadınamsa, o halda bu məsələlərdən danışmalıyam

Bu, eyni həm də milli məsələdir — xüsusilə, miqrantlara neyləyəcəyimizi, irqçilik zəminində yaranan cinayətlərin qarşısını necə alacağımızı düşündüyümüz bir vaxta... İncəsənət yaşadığımız dünyaya münasibət bildirməlidir, çünki bu dünya məni formalaşdırır. Əgər susmasaq, ola bilsin, nəsə dəyişilər.

— Son illərdə çıxan, demək olar, bütün Amerika romanları — eyni zamanda sizin kitablarınız — ailəyə həsr olunublar. Niyə bu tema bu qədər əhəmiyyətlidir?

— Amerikada “Valideynlər, ələlxüsus da, analar necə olmalıdır məsələsi?” hamını maraqlandırır. Hər-halda bu universal bir məsələdir, amma Amerikada hamı analardan nəsə gözləyir. Sənin, ümumiyyətlə, hər şeyi düzgün eləmə şansın yoxdur. Əgər cavan yaşda doğum eləmisənsə, hamı başlayacaq soruşmağa: “Niyə tələsirdin? Hələ cavansan!” Əgər gözləsən: “Niyə bu yaşa saxlamısan? İkinci uşağın nə vaxt olacaq, bu yazıq tək böyüyəcək?”, əgər çoxuşaqlı ana olmaq istəyirsənsə: “Bu qədər uşağa necə baxacaqsan?” deyirlər. Əgər uşağın yoxdursa, elə bilirlər ki, səndə nəsə qaydasında deyil. Əgər övladlıq götürürsənsə, mat-məəttəl qalırlar. Nə edirsən, et tənqidlərdən qaça bilməzsən.

Müasir qadınlar — kişilər də — artıq həm ailə, həm də karyera qurmaq istəyirlər, amma iyirmi dörd saatda bütün bunlara necə vaxt ayıracaqlarını bilmirlər. Bəlkə, elə məhz buna görə “İdeal valideyn necə olmalıdır?” və “Dövrə görə bu dəyişirmi?” sualları hazırda belə aktualdır.   

— Romanda amerikalı valideynlərin həyatından bəhs edirsinizz. Bir oğlan uşağınız var. Təqribən son iyirmi beş il ərzində nələr dəyişib?

— Mənə elə gəlir, indiki valideynlər uşaqların həyatına daha çox müdaxilə edirlər. Onlarla oyunlar oynayırlar, kitab oxuyurlar, onları dərnəklərə, idman komandalarına, məktəbdən kənar məşğələlərə yazdırırlar, nəfəs almağa imkan vermirlər. Bizim uşaqlığımızda belə deyildi. Bizi özbaşına buraxırdılar, biz oyun oynayırdıq, valideynlər işləyirdilər. İndi isə cəmiyyət valideynlərdən övladlarla dost olmağı, onlara müəllimlik etməyi, qısası əsl valideyn olmağı tələb edir.

— Siz necə, bunun öhdəsindən gələ bilirsiz?

— Bu sualı iyirmi ildən sonra verərsiz, oğlum böyüyəndə. Əlimdən gələni edirəm.

Mənə elə gəlir, əsas tarazlığı tapmaqdır: əlindən gələni elə və bacarmadıqlarınla da barış.

Mən oğluma çox şey öyrədirəm, amma istəyirəm ki, o həm də uşaqlığını yaşasın. Onunla oyunlar oynayıram, amma istəyirəm ki, başqa uşaqlarla da oynasın, təklikdə də vaxt keçirməyi bacarsın. Qısası, tarazlıq nöqtəsini tapmağa çalışıram. Bu insanın fasiləsiz özü ilə apardığı “alver”dir.

— Bildiyim qədər, son vaxtlar Sovetlər Birliyi haqqında çox oxuyursuz. Bu maraq hardandır belə?

— Müsahibənin əvvəlində demişdim, bir antiütopik roman yazmaq istəyirdim. Ona görə müxtəlif totalitar ölkələr — Stalin Rusiyası, Nasist Almaniyası, işğal olunan Fransa haqqında araşdırmalar aparırdım. Söz azadlığı, fikir azadlığı, ələlxüsus da incəsənət azadlığından məhrum edilən insanların hökumətə qarşı münasibətləri mənə maraqlı idi. İncəsənət adamlarının diktator hakiməyyətində necə yaşadıqlarını, onlar bu cür şəraitdə necə işlədiklərini öyrənmək istərdim.

— Nə öyrəndiniz?

— Maraqlı bir şey öyrəndim. Stalin dövründə qərb musiqiçilərin bir çox səsyazmaları qadağan edilib. İnsanlar rentgen şəkillərini yumru kəsib val düzəldirlərmiş. Buna “sümüklərdə musiqi” deyirlərmiş. Və bu valları əldən-ələ ötürüb qulaq asırlarmış.  

Bu mənə olduqca maraqlı gəldi. İlk növbədə, rentgen şəkillərini vala, musiqiyə çevirmələri... İkincisi, insanların bir-birlərinin qeydinə qalmaları... Biz bir-birimizi tanımaq, tanış olmaq, dəyər verdiyimiz şeyləri bölüşmək istəyirik. Bizim gözəlliyə ehtiyacımız var və bütün çətinliklərə baxmayaraq biz bir yol tapıb gözəlliyi bir-birimizlə bölüşürük.

www.daily.afisha.ru

Tərcümə etdi: Mustafa Ruşan

0