Tanınmış şair Ələddin Əzimlinin yeni – “SUSAMIŞ DƏNİZ” şeirlər toplusunun təqdimat mərasimi keçirildi.

Fabula.az

taninmish-shair-eleddin-ezimlinin-yeni-susamish-deniz-sheirler-toplusunun-teqdimat-merasimi-kecirildi

Şair Ələddin Əzimlinin bu günlərdə nəşr olunmuş “Susamış dəniz” kitabının yanvarın 12 – də “28 May” metrosunun yanındakı “ Kitab evi.az” – da təqdimat mərasimi keçirilib. Tədbirdə şairin qələm yoldaşları, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi işçiləri, poeziyasevərlər, o cümlədən tələbə yoldaşları iştirak ediblər. Tədbiri idarə edən yazıçı – publisist Süleyman Mustafaoğlu əvvəlcə qonaqları salamlamış və şair Ələddin Əzimlinin yaradıcılığından, xüsusi ilə şairin sayca yeddinci kitabı olan “Susamış dəniz” şeirlər toplusu barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, kütləvi tirajla çap olunan bu kitab şairin son illərdəki yaradıcılığının məhsuludur. Aparıcı onu da vurğuladı ki, “Susamış dəniz” kitabı dörd bölümdən ibarətdir:

  1. “Qapımı döydü kədər”,
  2. “Yazıya gəlməyən şeir”,
  3. “Qaytar o qayığı”,
  4. “Susamış dəniz”.

Kitaba ön söz yazan tanınmış şair Avdı Qoşqar kitabdakı bu bölümlərin bir – biri ilə daxilən bağlı olduğunu qeyd edib. O yazır: “Başdan – başa müəmma olan sözün, şeirin ağır tərəfinə çiyinin verə bilən Ələddin Əzimlinin “Susamış dəniz” şeir toplusu həqiqi sözün, obrazlı düşüncənin alt qatlarına şairin, müəllifin nüfuz eləyə bilmək istedadından xəbər verir. Obrazlar sistemi zəngindi şairin”.

Tədbirdə məşhur şair Faiq Balabəyli, tanınmış yazıçı – publisist Camal Zeynaloğlu, filoloqlardan Sevil Eminli, Qiyafət Binnətli və digərləri öz ürək sözlərini mərasim iştirakçıları ilə bölüşdürdülər. Sonda söz alan şair Ələddin Əzimli yeni şeirlərini oxumaqla yanaşı, qonaqlara öz minnətdarlığını bildirdi. Müəllif tədbir iştirakçılarına xeyli kitab hədiyyə etdi. Təqdimat mərasimi maraqlı anlarla yadda qaldı.  

0