Quzular və qurdlar

Qəfər Rüstəm

quzular-ve-qurdlar

Bütün cəmiyyətlər daha çox yazılmamış qanunlarla öz-özünü idarə edir. Müəyyən sivil ölkələrdə yazılmış qanunlar şahlığını qorusa da, əslində, orada güclü olan kölələr, yəni yazılmamış qanunlardır. Çünki insana şüurlu yaşamaq çətin gəlir. Sürəkli işləyən beyin insanı yorur, avtopilot rejimində, yəni sorğulamadan yaşamaq daha komfortludur

Yazılmamış qanunlar fərdlərin iradəsinin üstündədir və onlar bir monarxın qanunları qədər sorğulana bilməz və inkaredilməz gücə sahibdir. Arxetiplərlə zəngin olan bu qanunlar fani bəşərin qarşı etiraz eləyəcəyi zəif qüvvə deyil.

Bizim cəmiyyət üçün yazılmamış qanunlardan biri “qurdlar və quzular” qanunudur. Quzu- daim yaxşı, ürəyitəmiz, haqqa-ədalətə inanan, insanların yaxşı olduğu aksiomuna daim sadiq qalan bir Allah bəndəsidir. Qurd – özündən asılı olmayaraq daim şübhəli, hər yaxşılığın, hər zarafatın arxasında zərbə, həmlə gözləyən, fürsət tapan kimi badalaq gələn, yalanı-böhtanı sevmədiyini iddia edən, qayda-qanunları pozanları lənətləyən, əslində, yalansız, böhtansız bir günü olmayan içi ilə çölü arasında kəskin kontrast olan biridir. Elə onun canavarlığı da bu kontrastın verdiyi gərginlik, şübhənin verdiyi psixolojik travma nəticəsində ərsəyə gəlib.

Cəmiyyətin daim yaxşı obrazı var. Hamı yaxşını təqdir edir, yaxşını alqışlayır, onun üçün sino gedirmiş kimi görünür. Gəlin görək bu “yaxşı” deyilən şey nədir? Və bu yaxşı məfhumu quzuları necə dünyaya gətirir?

Hər cəmiyyətdə olduğu kimi bizim ölkədə ədalətə, doğruluğa, fədakarlığa, vətənsevərliyə pis deyə biləcək bir insan övladı tapılmaz. Kimə soruşsan, istər virtual aləmdə, istər real dünyada hamı bu sadaladığım şeylərin yaxşı olduğunu qəbul edəcək. Ancaq bunlara həqiqi mənada inanan və onu həyatında tətbiq etməyə çalışan çox az insan çıxacaq. Bu insanlar da çox zaman sadəlövh insanlardır və onlar sadədil bir inamla bu gözəl xasiyyətlərin həqiqətən insana layiq olduğunu inanacaqlar. Və, beləliklə, quzuya çevriləcəklər. Bəli məhz quzuya, qurdun dişləri arasında xırda-xırda tikə-para ediləcək quzuya, çünki onlar ətrafındakıların rol oynadıqlarını bilməyəcəklər, elə biləcəklər ki, insanlıqdan, ədalətdən danışan insanlar doğru danışırlar və onlara inanıb qurdların tələsinə düşəcəklər.

Elə uşaqlıqdan vətənpərvər böyüdülən bir quzu vətənini darda görəndə könüllü olaraq əlinə silah alıb torpağının müdafiəsinə qalxır. Bir ayağını bir gözünü verib geriyə qayıdır. Bir də görür ki, hər iki ayağı, hər iki gözü olan biri qoruduğu vətənin həyat suyunu sümürür. Quzu olduğunu anlayanda artıq gec olur. Ya da şəxsiyyətli olmağa təlqin edilən biri bu təlqinlərə uyğun həyat yaşayır, daim şərəf və ləyaqətini qoruyur, yaltaqlanmır, mərd yaşayır, bir vaxt gəlir ki yaltaqların, ikiüzlülərin ondan daha yüksəkdə olduğunu görür. İnsanlara sayğı prinsipi öyrədilən  biri daim başqalarına qarşı alicənab davranır. Bir də baxır ki, insanlar ona yox, onları təhqir edən kobud adamlara daha çox hörmət edir. Belə olan halda quzu nə baş verdiyini anlaya bilmir. Axı belə olmamalı idi. Yaxşıdan yaxşılıq, pisdən də pislik doğmalı idi.  

Quzu özünün quzuya çevrildiyini çox gec anlayır. O vaxt anlayır ki artıq bir qolu,  bir ayağı yada bədənin bir parçası artıq qurdun ağzındadır. Hey çırpınıb qurtulmğa çalışsa da çifayda, olmur ki olmur. Ondan sonra quzunun əzablı bir sorğulama prosesi başlayır. Niyə quzuya çevrildiyini anlamağa çalışır. Əlbəttə ki buna hər quzu təşəbbüs etmək istəmir. Çünki deyilənlərin əslində formal xarakter daşıdığı, doğruların yox yalanların doğru olduğunu görmək elə də asan bir şey deyil.

Bizim cəmiyyətdə ya quzu ya da qurd olmaq labüddür. Bunu heç kim istəyərək etmir. Quzularda daim sözün zahirinə inam, insanın ləyaqətli olduğunu qəbul edən sadəlövh bir məntiq var. Qurd isə elə ilk gündən yaxşı olmağın, əslində, gələcəkdə quzuya çevrilmək olduğunu bilir, ona görə də “yaxşı” rolunu oyanasa da, daim qurdluğunu qoruyaraq quzulara yaxın olmağa çalışır. Çünki qurdların həyat qaynağı quzulardır.

Elə ona görə də bizim cəmiyyətdə “yaxşı” kriterilərinə uyğun olanların heç bir təşəbbüsü baş tutmur, heç bir layihəsi uğurlu alınmır. Çünki elə yola çıxarkən səhv addım atıb, quzu olduğunu anlamayıb. Quzu anlamır ki, yalan danışmasan, qurdlar cəmiyyətinə heç bir şey bacara bilməzsən, o başa düşmür ki, dürüst olmaq, mərd olmaqla heç bir müvəffəqiyyət əldə etmək olmaz, karyera mərtəbələrində yüksəlmək üçün hilə, satqınlıq, şərləmə mütləq lazımdır.

Qurdlar hər  cür “qurdluqlar” həyata keçirərkən eyni zamanda quzuların yaxşı olduqlarını daim vurğulayırlar. Hətta əllərini quzuların çiyninə qoyub dərindən ah çəkərək yaxşı insanın bu zəmanədə şamla axtarıldığını deyir, nəmlənmiş gözlərini də silirlər. Ona görə də quzular həmlələrin qurdlardan gəldiyini anlaya bilmir. Hətta “qismət beləymiş” deyib hadisələri belə sorğulamaq istəmir.

Qurdlar yaşlandıqca daha da təcrübələnir, harda pusqu quracağını, kimlərin potensial quzular olduğunu o dəqiqə anlayır. Onların yalanlarına inanmamaq orta statistik bir quzu üçün mümkün deyil. Quzular isə yaş ötdükcə ya daha da quzulaşır, ya da sorğulamağa çalışarkən quzu ilə qurd arası psix birinə çevrilir. Beləliklə, yenidən uşaqlar doğulur, yenidən onlara yaxşılıq moizələri oxunur nəticə çox  heyrətamizdir ki, bir  sistemdən iki cür məxluq həyata göz açır.

Ha, quzu da az aşın duzu deyil əlbəttə. O da fürsət düşdükcə təzə quzuları qapmağa çalışır. Quzuların qurdluğu isə yaman olur.

Quzuların bədbəxtliyi ondadır ki, bütün deyilənləri sorğulamadan qəbul edir. Ağla qaranın, şeytanla mələyin qol-qola, çiyin-çiyinə durduğunu anlamır. Az-maz anlamağa çalışanda isə dəli olur.

“Quzular və qurdlar” cəmiyyətində doğru, ya da yanlış axtarmaq, pis adam, ya da yaxşı adam kateqoriyalara bölmək boşa verilən əməkdir. Burada müəyyən dəyərlər toplusundan danışmaq əbəsdir. Ümumiyyətlə, dəyər deyilən bir şeyin heç bir dəyəri yoxdur.

Qəfər Rüstəm

0