Kavaler poeziya

Qəfər Rüstəm

kavaler-poeziya

İngiltərədə 17-ci əsrin birinci yarısında ilk dəfə vətəndaş müharibəsi baş vermişdi. I Karl və üsyançı parlament tərəfdarları amansız mübarizəyə girişmişdilər.

Hər müharibə bir çox sosial-iqtisadi qarşıdurmaların nəticəsidir və bu mübarizə incəsənətə də öz töhfəsini verməkdən yan ötüşmür. Belə ki, ədəbiyyatda da Kralın tərəfdarları olan Kavaler şairlər və onların opponentləri Girdəbaşlar ortaya çıxdı. Önə çıxan kavaler şairlər Robert Herrik, Rişard Lovleys və Tomas Kareyudur.

On yeddinci əsr İngiltərə ədəbiyyatında kobudca təsnifata girişsə, iki hissəyə bölə bilərik; metafizik poeziya və Kavaler poeziya. Bu iki cərəyanı sekulyar və dini ədəbiyyat kimi də adlandırmaq olar. Elə ona görə də toxunduğu mövzular, üslub, istifadə etdikləri dil bir-birindən tamam fərqlidir.

“Saray şairləri” deyə biləcəyimiz Kavaler şairlər Kralın şəninə atəşin misralar düzməklə yanaşı, həyatdan, sevgidən, qadından da dəm vururlar. Aristokratiyaya yaxın olduqları üçün üslubları daim kübar və zərafət qaydaları çərçivəsində olmaqla yanaşı, kifayət qədər erotik motivlərdən də istifadə edirdilər.

Kavaler şairlər “carpe diem” fəlsəfəsi ilə hərəkət edən, indiki, yaşadığın anın həzz və gözəlliyini üstün tutan, bəşəri hisləri vəsf edən şairlərdir. Onlar üçün keçmiş, ya da gələcək bir məna kəsb etmir. Hal-hazırkı zaman dilimi insanın duyğularını tətmin edəcək şəkildə yaşamalıdır.

Kavaler poeziya  ənənəvi Metafizik poeziyadan fərqli olaraq, sadə dilədən istifadə edir, pafosdan, fəlsəfi təhlillərdən, ruhi-mənəvi temalardan, didaktikadan kənar durur. Tradisional cərəyanda olduğu kimi mürəkkəb metaforalardan yox, sadə, anlaşılır istiarələr istifadə edirlər. Kavaler poeziya bəşəri hisslərin tərənnümündən çəkinmir. İnsanın bəşəri tərəflərini nəzmə düzməyi man bilmirlər. Heç vaxt şeirlərində insan ruhunun dərinliklərinə enməyə çalışmırlar, əksinə səthi, gündəlik zövqləri misralara düzməyi tərcih edirlər.

Kavaler şairlər kütlələrin maariflənməsi üçün şeir yazmırdılar, elə ona görə də professionallıq, mükəmməllik dərdində deyildilər. Şeirlər olduqca sadə, diletan leksikonda yazılırdı və son dərəcə fərdi yanaşmalar nəzərə çarpırdı. Kavaler poeziya bu baxımdan Renesans ideallarına uyğun bir cərəyan idi.

Kavaler poeziyaya uzun sonetlərdən fərqli olaraq qısa lirik şeirlər formasından ibarət idi.

Yazımızı Rişarda Lovleysin həbsdə olanda yazdığı bir şeirlə bitirək...

Nə daş divarlar həbsxana deyil,

Nə də ki, qəfəsin barmaqlıqları;

Zehinlər burda sakit və məsum

Bura inziva üçün əsl yer.

Fabula.az

0




daha çox