Qırmızı saçlı qadın

Qəfər Rüstəm

qirmizi-sacli-qadin

Orxan Pamukun son romanı “Qırmızı saçlı qadın” əsəri əvvəlki romanlarına nisbətdə qısa və səthi romandır deyə bilərəm. Dildəki özünəməxsus ravanlığı oxucunu özünə ram etsə də, əsərin təxmin edilən süjet xəttində olmağı əsərin sonunda oxucunu xəyal qırıqlığına uğradır.

Orxan Pamuk Sofoklun “Kral Edib”, Firdovsinin “Rüstəm və Söhrab”, İbrahim Peyğəmbərin oğlu İsmayılı qurban etmək istədiyi mətinləri dekonstruksiya və pastişlə öz məramı yönündə istifadə edib. Daha çox “Kral Edib” tragediyasını mərkəzə alaraq ata-oğul, vətəndaş-dövlət, fərd-cəmiyyət münasibətini psixolojik-mənəvi müstəvidə proyeksiya edib.

Ata insan həyatında vacib rol oynadığı kimi dövlət də, cəmiyyət də fərdin həyatında mühüm rol oyanır. Qarşılıqlı münasibət son dərəcə mürəkkəb və izah edilməzdir. Dövlət idarə etmək istəyir, elə idarə etmək üçün var, ancaq fərd dövlətin əlində  kuklaya çevrilmək istəmir. Dövlətlə əhatələnmiş insan qəribə bir dilemma içindədir. Cəmiyyət fərdə qarşı daha konservativdir. İndividi daha amansız idarə edir və onu qarabaqara izləyir. Fərd onları öldürmədən var ola bilmir.

Orxan Pamuk  bu romanda Türkiyənin yaxın tarixinə işıq tutmağa, indiki Türkiyə toplumun yaralarına neştər vurmağa çalışıb. Kral Edip kimi, Cümhuriyyət də atasını, yəni Osmanlını bilmədən öldürüb və onun mirasına (Edipin anasıyla evləndiyi kimi) sahib olub. Bununla cümhuriyyətin (Atatürk və komandası) məramı açıqdır; demokratik, fərdin hüquq və azadlığını təmin edən bir ölkə qurmaq. Lakin bunu edərkən atasını öldürmədən edə bilmir, onun dəyərlərini yox etmədən ayaqda dura bilməyəcəyini fikirləşir. Beləliklə, dinlə, ənənə ilə, geyim-keçimlə savaşır, bəzən estetik bəzən də köklü dəyişiklik etməyə başlayır. Məqsəd yenidən cümhuriyyət nəsli yetişdirmək.

Cemin varlığından xəbərsiz olduğu oğlu Ənvər ona qarşı aqressivdir; ona qayğı göstərmədiyi üçün, neçə vaxtdır, onu itirib axtarmadığı üçün. Cem bu dəfə ata, Ənvər isə yeni övlad yəni indiki mühafizəkar hökumət. Təsadüfi deyil ki, Ənvər Cemi ateistliklə, sadə insanların halını anlamamaqla günahlandırır. Eynən indiki hökumətin “kamalistlər”ə xalqa və onun dəyərlərinə yabancı olduğunu iddia etdiyi kimi.

Cem, yəni cümhuriyyət atasız qalmağı özünə əksiklik kimi görmür, hətta fikirləşir ki, atasının çıxıb getməyi onun özünə inamlı olmağına, özünü şəxsiyyət kimi formalaşmağına kömək edir. Lakin onun mühafizəkar oğlu atasızlığı qəbul edə bilmir, ona görə də atasından qisas almağa çalışır.

Cemin Mahmud Usta ilə olan münasibəti isə mürəkkəbdir. Mahmud Ustaya sevib dəyər verdiyi halda onun hökmranlığından, amiranə davranışlarından narahatdır. Mahmud Usta ənənədir; Cemə qədim hekayələr, mistik hadisələr danışır, elə danışır ki sanki gözləri görüb, onlara heç bir şübhəsi yoxudr. Cemin danışdığı hekayə isə qədim yunan tragediyasıdır, Mahmud ustanın etik kodekisinə görə, qəbul edilməz dəyərlər daşıyan hadisədir. Mahmudla Cem münasibəti mədəniyyətlər qarşı durmasını da insanın ağlına gətirir. Bütün inkişaf etmiş sivilizasiyalar belə ağrılı hesablaşmalardan keçib.

Azərbaycanda isə cümhuriyyətdən əvvəl hər hansı bir ata olmadığı üçün Məmməd Əmin və komandası dövlət qurmağa, şəxsiyyət kimi var olmağa çətinlik çəkmədilər. Elə ona görə də Atatürkün zor gücünə gətirdiyi dəyərlər xalq tərəfindən ehtiyatla qəbul edildiyi halda Azərbaycanda bu problem doğurmadı. İndiki sekulyar, demokratik quruluşu yetimliyimizə, bir qədər də sovet dönəmindəki əsirliyimizə borcluyuq.

İndiki respublikamız isə həmin cümhuriyyətin oğludur, mühüm olan ata ilə düzgün münasibət quraraq, onu düşmən görmədən, üstəlik, onların çəkdikləri dairə ilə məhdudlaşmadan yeni oğul dünyaya gətirməkdir. Keçmişlə savaşa tutuşmaq gələcəyə heç bir şey vəd etmədiyi kimi, keçmişi öyüb ona tapınmaq da inkişafa mane olur.    

0