Şərəfli peşə

Esmira Günəş

sherefli-peshe

İsmayıl hələ uşaq yaşlarından elmlə, biliklə maraqlanan uşaq idi. Hər an yeniliyə can atır, daima axtarışlarda olurdu. Öz yaşıdlarından ağılı, dərrakəsi ilə seçilən bu balaca uşağın gələcəkdə böyük işlər görəcəyindən heç kəsin xəbəri yox idi.

Əslində bəzən çox biliyə sahib olmaq, həyatda özünə çoxlu rəqib qazanmaq deməkdir. Bu İsmayılda da özünü göstərməyə başlamışdı artıq. İlk öncə orta məktəbdə sinif yoldaşları onun paxıllığını çəkir, müəllimin hər dəfə onu tərifləməsinin qarşısını almaq üçün əllərindən gələni edirdilər.

Nəhayət, məktəb bitir. İsmayıl ən sevdiyi fakültəyə qəbul olur. O, gələcəyin müəllimi olacaqdı. Sevdiyi peşənin sirlərini öyrədəcəkdi şagirdlərinə. Qəlbində belə gözəl arzularla başlayır universitetə. Ancaq İsmayılın rəqibləri burda daha da artır. Onun istedadını kölgədə qoymaq istəyənlərin fitnə-fəsadı bitmək bilmir.

Həyat hər addımda sınağa çəkir bizim gənc tələbəni. Hər sınaqdan öz biliyi və bacarığı sayəsində məharətlə keçən gənc tələbə daha da inkişaf etməyə, biliyini artırmağa başlayır.

İsmayıl oxuduğu kitablardan, təcrübə edib öyrəndiyi faktlardan, o qədər biliyə sahib olur ki, artıq universitetin müəllimləri də ona rəqib olur.

Bir gün o bir qərar verir. Biliklərini kitab halında oxuculara təqdim etmək, onların da savadlanmasında yardımçı olmaq istəyir. Lakin bu qərarını dilə gətirəndə ilk öncə hər kəs qarşı çıxır.

-----" İndi kitab oxuyan var ...? Əziyyətinə heyfin gəlsin"- deyib ruhdan salmağa çalışırlar gənc istedadı. Lakin İsmayıl qərar verdiyi işin çətinliyini dərk edir, əzmi və iradəsi ilə istəyinə nail olacağını yaxşı bilirdi. Buna görə də kənar təsirlərə uymayaraq arzularını həyata keçirməyə başlayır. O gecə-gündüz çalışıb, müəllimlərin işə qəbulu üçün test kitabçası hazırlayır. Əslində, bu test kitabçası bir ölkənin gələcəyinə çox böyük təsir edəcəkdi. Artıq kitabçadakı sualları cavablandıra bilən müəllimlər peşələrinin şərəfli nümayəndələrindən olacaqdılar. Təəssüf ki, bu xəbər bəzi dırnaqarası müəllimləri narahat etməyə başlayır. Onlar bu kitabın satışına qadağa qoyulması üçün çalışırlar. Lakin mübarizəsindən əl çəkməyən İsmayıl müəllim sonunda qalib olmağı bacarır. Kitab satışa buraxılır və böyük marağa səbəb olur. Bu qədər elmə marağı olan gəncləri görən müəllim yeni bir qərar verir. Böyük bir təhsil ocağı açmaq istəyir. İstedadlı gənclərə dəstək olmaq, onlara elmin sirlərini daha da dərindən öyrətmək üçün yeni bir təhsil ocağı açır.

Yeni bir təhsil ocağı açmaq təbii ki, çox çətin və məsuliyyətli bir iş idi. Bizim müəlliminsə maddi durumu heç də məktəb açmağa imkan yaradacaq qədər ürək açan deyildi. Ancaq qərarında qətiyyətli olan müəllim bir neçə yerdə işləməyə başlayır. Həm öz təhsilini davam etdirir, həm də işləyir. Bütün qazancını isə yeni təhsil mərkəzinin fəaliyyəti üçün xərcləyir.

Nəhayət sonunda arzusuna çatır. Elmin sirlərini öyrənmək istəyən hər kəsə öyrətmək üçün Gəncə şəhərində bir hazırlıq kursu fəaliyyətə başlayır. Bu kursda müəllimlərin seçiminə xüsusi diqqət yetirilir. Hər diplomu olanı deyil, yalnız həqiqətən biliyi güclü olan müəllimləri işə götürürlər. Axı onlar bu kursda gələcəyə faydalı nəsillər yetişdirəcəklər.

Kursun digər bir özəlliyi isə burada maddiyyat o qədər də önəmli rol oynamır. Elm öyrənmək istəyən hər kəsə böyük qayğı ilə yanaşılır, onların savadlannması üçün bütün müəllimlər böyük həvəslə çalışır. Mehriban kollektiv hər zaman tələbələrə ruh yüksəkliyi yaşadan müəllimlər, onların elmə marağını daha da artırır, tələbələrsə hər zaman yeni biliklər öyrənməyə çalışır. Bu bir müəllimin həyatda ən böyük uğurudur məncə.

Dünyanın ən şərəfli peşəsidir müəllimlik. İsmayıl müəllim isə bu peşəni layiqincə həyata keçirən ən şərəfli müəllimlərdən biridir.

05.11.2018

0