Bir neçə nəsil ABŞ-da yaşasaq da, əcnəbiyik...

Fabula.az

bir-nece-nesil-absh-da-yashasaq-da-ecnebiyik

Çindən ABŞ-a köçən ailənin övladı olan yazıçı Lisa Ko   "The Leavers" (“Tərk edənlər”) adlı debüt romanının süjet xəttini bir-birini axtaran ana və oğul təşkil edir. Bununla yanaşı, müəllif əsərdə Amerikada immiqrantların üzləşdiyi irqçilik, assimilyasiya kimi problemlərə də təmas edir. Lisa Ko müsahibədə deyir: "Biz afrikalılar kimi sistemli şəkildə zorakılığa məruz qalmamışıq, amma uzun illər amerikalı sayılmamışıq, bizə həmişə əcnəbi kimi baxıblar".

O, 2016-cı ildə il tez-tez verilən və ədəbiyyat aləminin nüfuzlu mükafatlarından sayılan "PEN/Bellwether Mükafatı"nın laureatıdır. 2017-ci ildə Amerika Milli Kitab Mükafatı Müsabiqəsinin finalistidir. Lisa Ko çinli immiqrant ailənin birinci övladıdır. Nyu-Yorkda dünyaya gəlib və hazırda da orada yaşayır.

Lisa Konun romanı Çinin balaca bir kəndindən ABŞ-a köçən Polli və Amerikada dünyaya gələn oğlu Deminqdən bəhs edir. Polli balaca Deminqi tərk etmək məcburiyyətində qalır və övladı amerikalı Uilkinsonlar ailəsinə övladlıq verilir. Deminqin adını dərhal dəyişir və  Daniel çağırırlar. Romanda əhvalatlar ana və oğlun dili ilə çatdırılır. Deminq anasının başına gələn hadisələrin izinə düşür. Süjetin fonunda müəllif  asiyalı immiqrantların Amerikada qarşılaşdıqları çətinliklərdən - irqçilik, qaçqınlar, assimilyasiya problemlərindən danışır.  Üstəlik, bütün bu həssas məsələləri agitasiya yaratmadan, olduğu kimi və olduqca səlis bir üslubda təsvir edir.

Lisa Kodan müsahibə aldıq. Söhbətimizdə romandan, assimilyasiyadan, irqçilikdən, çinlilərin ABŞ-da qarşılaşdıqları çətinliklərdən və bir çox digər məsələlərdən danışdıq.

- Gəlin, kitabın adından başlayaq: "Tərk edənlər". Bununla siz hansı "tərk etməyi" nəzərdə tutmusunuz? Vətəni, azadlığı, yoxsa bir ananın övladını tərk etməyini?

- Hesab edirəm ki, bütün saydıqlarınızı. Kitabın adını nəzərə alsaq, romanda mən Polli və oğlu Deminqi "Tərk edənlər"in mərkəzinə qoymuşam. Bu obrazlar vasitəsilə iradəli olmaqla, iradəni "tərk etmək" arasındakı fərqi öyrənmək istəmişəm. Surətləri tərk etməyə və ya əksinə, tərk etməməyə vadar edən nə idi? Əslində, görürük ki, ana da, oğul da bir yuva və mənsubiyyət axtarışındadırlar...

- Siz də çinli immiqrant ailənin övladısınız, Nyu-Yorkda doğulmusunuz. Romanda keçən hadisələrdə şəxsi müşahidələriniz var?

- Romandakı obrazlar, əlbəttə, mənim nöqteyi-nəzərimlə və mənim müşahidələrimlə formalaşıblar. Lakin bu sırf avtobioqrafik bir əsər deyil. Sadəcə olaraq süjetə zənginlik qatmaq üçün müşahidələrimə də yer ayırmışam. Məsələn, Deminqin uşaqlığı ilə mənim uşaqlığım çox fərqlidir. Müşahidələrim cavab axtardığım sualların bünövrəsini hazırladı. Zorla assimilyasiya, mədəniyyət fərqinin emosional təsiri, musiqi və incəsənətlə həyatla mübarizə aparmaq və s. kimi məsələlər.

- Romanda bir çox mövzuya toxunmusuz. Ana-övlad münasibəti, immiqrasiya, ayrı-seçkilik, irqçilik və s. Hansı mövzu digərlərini üstələyir?

- Belə bir mövzu yoxdur. Məncə, roman bütün bu mövzuların qovşağıdır. Əslində, romanı mən mətbuatdakı sənədsiz immiqrant qadınların ABŞ-da dünyaya gətirdikləri uşaqları əllərindən alınmasına dair xəbərlərdən ilham alaraq yazmışam.  Bu uşaqları sonraları amerikalı ailələrə övladlığa verirdilər. Diqqətimi çəkmişdi. Çünki bir çox cavabsız suallarım vardı. Məsələn, Amerikada kimlərin assimilyasiya olunması istənilir?  Həbsə girən immiqrantların uşaqlarına nə olur?...

- Kitabda hadisələr Deminqin və anası Pollinin dili ilə təsvir edilir. Bu üslubda yazmağınızın səbəbi nədir?

Düzünü desəm, başlanğıcda niyyətim ancaq Pollinin həyatını yazmaq idi. Əvvəlcədən müəyyən  bir yerdən sonra oğlundan ayrılcağını nəzərə almışdım. Hadisələri Pollinin dili ilə təsvir edə-edə, bir də baxdım ki, Deminqin həyatına girmişəm. Anidən anasından ayrılan və yad bir ailəyə düşən uşaq hansı hislər keçirir? Doğurdan, mənə maraqlı idi. Bir neçə səhifə cızmaqaradan sonra, qərara gəldim ki, bu əhvalatı iki obrazın dili ilə qələmə alım. Digər tərəfdən, indiki dövrə aid hissədə Deminqin  anasının izinə düşməsi əsərə canlılıq qatacaqdı.

- Deminqi övladlığa götürən Uilkinson ailəsi onun adını dəyişdirir və  orta səviyyəli həyat standartlarına görə tərbiyə verməyə çalışır. Bunu necə izah edirsiz?

- Bəli, Uilkinson ailəsi Deminqi övladlığa götürən kimi adını dəyişib Daniel qoyurlar. Araşdırmalarıma görə, fərqli irqlərə mənsub uşaqları övladlığa götürən əksər ailələr bunu edir. Bir baxıma bu, assimilyasiyanın bir parçasıdır. Adların kimliyə və insan şəxsiyyətinə  olan təsiri roman boyunca müşahidə etmək maraqlı idi. Məsələn, ABŞ-a immiqrant kimi gələn Peilan öz adından imtina edib Polli adını alır, oğlu Deminqin adını isə onun razılığı olmadan əlindən alırlar. Romanda Deminq Riçboroya gələndə özünü Deminq kimi görür, ancaq hamı onu Daniel çağırır. Məhz əsərin bu məqamında mən asiyalı amerikalılarda olan ikili şüuru göstərmək istəmişəm. Biz özümüzü necə görürük, başqaları bizi necə görür və bu ikisi arasındakı fərq nədir, həyatımıza necə təsir edir?.. Məsələ bax bu kimlik toqquşmasıdır.

- İstər Deminq olsun, istər anası Polli yaşadıqları cəmiyyətə inteqrasiya olmağa çalışırlar. İnteqrasiya olmaq üçün assimilyasiya şərtdir?

- Əgər assimilyasiya dedikdə, biz, məsələn, sərbəst ingiliscə danışmağı nəzərdə tuturuqsa, bu cəmiyyətə inteqrasiyanı və həyat standardını asanlaşdıran amildir. Ancaq romanda ana və oğulun həyatını və cəmiyyətə inteqrasiyasını çətinləşdirən bir çox digər amillər var... Məsələn, Pollini sertifikatlaşdırılmamış statusa görə yüksək maaşlı işlərə almırlar, yaxud da ana-oğul fiziki və psixoloji cəhətdən stabil həyat yaşaya bilmirlər... Bunlar real problemlərdir.

- Birləşmiş Ştatlarda irqçiliklə bağlı müzakirələrdə afrikalı və latın mənşəli insanların problemləri daha çox dilə gətirilir. Ancaq biz kitabınızdan asiyalıların da irqçiliklə üzləşdiyini öyrənirik. Asiyalıların məruz qaldıqları irqçiliklə digər millətlərin üzləşdikləri irqçiliyi müqaisə edəndə ortaya hansı mənzərə çıxır?

- Amerika Birləşmiş Ştatları qaradərili xalqların köləliyi, yerli amerikalıların soyqırımı və digər ölkələrə qarşı imperialist müharibələrin üstündə qurulub. Asiyalıların Amerikada qarşılaşdığı irqçilik qaradərili və latınların üzləşdikləri irqçilikdən fərqlidir. Biz afro-amerikalılar kimi sistematik  zorakılığa məruz qalmamışıq. Ən çox qarşılaşdığımız şey odur ki, bizi əsil amerikalılar kimi görmürlər, bizi əcnəbi sayırlar. Burada dünyaya gəlsək də, nəsillər boyunca ABŞ-da yaşasaq da, bu fakt dəyişmir... Bu səbəbə görə də bu ölkədə  mədəni və siyasi baxımdan həmişə zəif olmuşuq.

- Müsahibənin suallarını hazırlamadan əvvəl romanın tərcüməçisi ilə görüşdüm. Mənə Çində qadınlara olan yanaşmadan və kəndlərin vəziyyətindən çox təsirləndiyini dedi. Bu barədə nə deyə bilərsiz?

- Düzü, mən Çin mədəniyyəti və Çin adət-ənənələri üzrə mütəxəssis deyiləm. Amma romanda Polli obrazı ilə çatdırmaq istədiyim bəzi məsələlər vardı. Çin hökuməti kəndlərdən şəhərlərə köçü qanuniləşdirdikdən sonra Polli kəndən şəhərə köçən birinci qızdır. O, əvvəlcə Çinin böyük bir şəhərinə, daha sonra isə iqtisadi çətinliklər üzündən ABŞ-a gedir. Kitabda göstərdiyim səbəblərdən Polli balaca kəndi tərk edib uzaqlarda ömür sürməli olur. Bu roman tərcüməçinin dediyi həmin kəndlərin birində doğulan qızın həyat hekayəsindən bəhs edir.

- Hazırda ABŞ-da Çin məhəllələrində vəziyyət necədir?

- Çinli amerikalılar əsrlərdir, ABŞ-da yaşayırlar. Bu səbəbdən onlara hər yerdə rast gəlmək olar. Amerikada şəhərətrafı qəsəbələr və əksər sakini çinlilər olan şəhərlər var. Bundan başqa, yeni gələn və sırf çinli immiqrantların məhəllələri var. Bir sözlə, biz çoxdandır buradayıq.

Mehmet Bediroğlu

www.sabah.com.tr

Çevirdi: Mustafa Ruşan

0