Uşaqlar artıq kitab oxumur?

Fabula.az

ushaqlar-artiq-kitab-oxumur

Uşaqlarda mütaliə problemi var? Varsa, bunu necə həll etmək olar? Adama elə gəlir ki, bir azdan uşaqlar kitabları tamamən unudacaqlar. Hazırkı məktəblilər sosial şəbəkələr və smartfonlar olmadan, dözə bilmirlər. Kitablar isə onları maraqlandırmır. Müasir uşaq fərqlidir, amma bu o demək deyil ki, mütaliə ona lazım deyil.

Hər şeyin öz vaxtı var

6-8 yaşadək uşaqların mütaliə ilə maraqlanmaması tamamən normal haldır! 4-5 yaşadək uşaq  dünyanı obraz və simvollarla deyil, əşyaların hərəkətləri ilə öyrənir. Biryaşlı  uşaq otaqda öz səmtini çox gözəl müəyyənləşdirə bilir, ağacdan, plastikdən və yumşaq filizdən hazırlanan hərflərlə oynamaqdan xoşu gəlir. Lakin onda hələlik obrazlı düşüncə formalaşmayıb, hərflər və rəqəmlər onun üçün sadəcə olaraq anlamsız əşya və şəkillərdir.

Hərfləri və sayları öyrətməyə cəhd etmək olar. Hətta buna ilk aylarda belə başlamaq olar, amma bunun uşağa bir faydası yoxdur, çünki oxumağı öyrənmədən əvvəl digər həmin yaş dövrünə aid problemləri həll etmək lazımdır. Üç yaşadək yaxşı olardı ki, lüğət üstündə işləyəsiniz: uşaq nə qədər çox əşya adını düzgün tələffüz etməyi öyrənsə, bir o qədər yaxşıdır. Bu yaşdakı bir uşağın pişiyin "miyav", itin "hav" dediyini, qarın "soyuq", piroqun isə "isti" olduğunu bilməsi çox əhəmiyyət daşıyır. Məktəbəqədər yaşlı uşaqların dərsləri qısa, əyləncəli olmalıdır, ələlxüsus da onlar buna hazır olanda keçirilməlidir.

Nümunə olun

Bir ailə mütaliəni sevirsə, demək kitablar həmişə əl altındadır. Belə ailələrdə valideynlər heç xatırlamırlar ki, uşaqları ilk nağılı nə vaxt oxuyub, çünki uşaq istədiyi vaxt gedib istədiyi kitabı rəfdən götürə bilir. Böyükləri əlində kitabla görən uşaqlar onları təqlid etmək istəyirlər. Əgər ailədə oxunanlar müzakirə edilirsə, bu, oxumağı öyrənmək üçün əlavə bir motivasiyadır.

Əsas, uşaqların valideynlərin kitabla ünsiyyətdə olmaqdan zövq aldıqlarını görməsidir, təşviq etmə metodları isə fərqli ola bilər: oxunan kitabı görünən bir yerdə "yaddam çıxarmaq", ya da  "gözlər yorulduğuna görə" uşaqdan kömək istəmək. Uşağa oxumaq və uşaqla oxumaq olar və bu vacibdir, ta ki o köməyiniz olmadan sərbəst oxumaq istəyənədək. Yaxud, öz mütaliə zövqü formalaşanadək.

Birlikdə oxuyun!

Uşaq oturmağı və diqqəti bir yerə cəmləməyi öyrəndimi, onu kitabla tanış etmək - şəkillərə baxmaq, əşyaların adlarını çəkmək olar. Əlbəttə, uşaq şeirləri, zərbi-məsəlləri oxumaq da olar. Əgər uşaq məktəbəqədər yaşda bir şeir və ya mahnı əzbərləməyibsə, orta məktəbdə çətinlik çəkəcək, çünki istər nəzm, istərsə də nəsrdə olan ahəngə vərdiş etmə dövrü əldən verilmişdir.

Əsas texnika deyil, motivasiyadır!

İbtidai sinif şagirdləri çox vaxt özlərində mütaliə ehtiyacı hiss etmirlər. Bir uşaq kitabları sevmirsə, əhəmiyyətini dərk edənədək onlarla maraqlanmayacaq. Mütləq ona mütaliənin faydaları izah etmək, birlikdə kitab mağazalarına gedib, onun maraqlandığı kitabları axtarmaq lazımdır. Xoşu gəlmədiyi kitabları oxumağa məcbur etməyin və yaş dövrünə uyğun kitablar seçin.

Hazırladı: Mustafa Ruşan

eksmo.ru

0