"Man Booker International"ın "uzun siyahı"sı açıqlanıb

Fabula.az

quot-man-booker-international-quot-in-quot-uzun-siyahi-quot-si-aciqlanib

Dünyanın ən nüfuzlu ədəbiyyat mükafatı "Man Booker International" "uzun siyahı"sını açıqlayıb.

Dünya ədəbiyyatının ingilis dilinə tərcümə edilən ən gözəl əsərlərini mükafatlandırmağı qarşısına məqsəd qoyan "Man Booker International" uzun siyahısını açıqlayıb. Keçən il "Flights" romanına görə mükafat alan Polşa yazıçısı Olqa Tokarçuk (Olga Tokarczuk) bu il də "Man Booker International" namizdələrdən biridir.

"Man Booker International" mükafatının təsis edilməsinin üstündən artıq on il keçir. Bu mükafat müxtəlif dillərdən ingilis dilinə tərcümə olunan romanların həm müəllifinə, həm də tərcüməçisinə verilir.

"Man Booker International"ın bu ilki jüriləri bunlardır: Morin Frili (Maureen Freely), Enci Hobbs (Angie Hobbs), Elnatan Con (Elnathan John) və Pankac Mişra (Pankaj Mishra). Jüri heyətinin sədri "Istanbul: A Tale of Three Cities" kitabı ilə şöhrət qazanan Bettani Hyuzdur (Bettany Hughes). "Uzun siyahı"ya heyət tərəfindən 108 əsər arasından seçilən 13 roman daxil edilib.

Olqa Tokarçukun builki "uzun siyahı"ya daxil edilən əsəri Antoniya Lloyd-Consun (Antonia Lloyd-Jones) ingilis dilinə tərcümə etdiyi "The Dead The Bones of the Dead" adlı romanıdır. Tokarçukla yanaşı siyahıda 2017-ci ildə namizədlər arasında adı çəkilən Samanta Şvellin (Samantha Schwellin), "The Secret History of Costaguana" romanı ilə şöhrət qazanan və "International Impac Dublin Literature" mükafatının laureatı olan Xuan Qabriel Vaskes (Juan Gabriel Vásquesz), Marion Poşman (Marion Poschmann), Mazen Maaruf (M. Maarouf) və Tommi Virinqa (Tommy Wieringa) kimi yazıçıların da adları keçir.

"Man Booker International"ın "qısa siyahı"sı 9 aprel tarixində elan ediləcək, laureatın adı isə 21 mayda Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Əlli min funt dəyərindəki mükafat müəllif və tərcüməçi arasında bölüşdürüləcək.

"Man Booker" və "Man Booker International" mükafatları 18 il boyunca "Man Group"un sponsorluğu ilə keçirilirdi. Bu il "Man Group" sponsorluqdan çəkildiyinə görə, 1 iyun 2019  tarixindən etibarən mükafatların adı dəyişdirilib "Booker"  və "International Booker" adlandırılacaq.

t24.com.tr

Hazırladı: Mustafa Ruşan

0