Avropanın döyünməyən ürəyi

Fatma Qurbanova

avropanin-doyunmeyen-ureyi

Fredrik Şopen musiqi tarixinin ən yaxşı bəstəkarlarından qəbul edilir. Tək bir musiqi alətindən istifadə edərək Motsart, Bethoven, Bax kimi nəhənglər arasında özünə yer edə bilmişdir.

Şopen 1810-cu ildə Polşada anadan olmuşdu. Fransız əsilli atası, aristokrat ailələrin övladlarına özəl Fransız dili dərsləri tədris edirdi. İlk musiqi müəlliməsi öz anası olan Şopen, 6 yaşına gəldikdə artıq yaradıcı əsərlər ortaya çıxarmağa başlayır.

Bəstəkarın gənclik illəri Polşa ilə Rusiya arasında baş verən müharibə dövrünə təsadüf edirdi. Parisə getmədən öncə övladlarının təhlükəsizliyini təmin etmək istəyən ailəsi ondan bir daha Polşaya geri dönməyəcəyinə dair söz verməsini istəyir. Sözünün arxasında duran Şopen 1831-ci ildə Parisə köçdükdən sonra bir daha geri dönmür. Amma ana vətənini çox sevən bəstəkar dostunun ona hədiyyə etdiyi, içərisində Polşa torpağı olan gümüşü qutunu həmişə qoruyub saxlayır, hətta vəsiyyətinə əsasən, öləndən sonra bu qutu da onunla birgə basdırılır.

Romantik bəstəkarın həyatının sevgisi isə Corc Sand olmuşdur. Düşündüyünüzdən fərqli olaraq, bu insan bir bəy yox, xanım idi. Adı bəy adı olsa da...  “Bir gün bütün dünya məni tanıyacaq və anlayacaq. O gün gəlməsə belə, əhəmiyyəti yoxdur. Çünki mən başqa qadınların yolunu açmış olacağam” – sözlərinin müəllifi olan xanım. Yazdıqları ilə yanaşı,  bohem həyat tərzi ilə də məşhurlaşan Sand, 19-cu əsr Fransasının ən məşhur qadın yazarı idi. Kişi ləqəbi alması ilə yanaşı, geyindiyi libaslar da Sandı  xüsusi edirdi.

Bəzi tənqidçilər Şopeni Sandın yaradıcılığına maneə kimi göstərirlər. Digərləri isə əksinə. Hətta Şopenin ölüm səbəblərindən biri kimi Sandın son iki ildə onunla maraqlanmamısını göstərənlər də var. Amma görünən odur ki, Şopenin yaradıcılığının ən  məhsuldar illəri Sand ilə birgə olduğu dövrlərə təsadüf edir.

Şopen 1849-cu ildə həyatla vidalaşır və Parisdə dəfn edilir. Ürəyi şüşə bir qaba qoyularaq SSRİ hakimiyyəti altında olan Varşavaya gizlicə aparılır. Maraqlısı odur ki, Nasistlər Şopenin ürəyinin Varşava üsyanı zamanı qorunmasına icazə verirlər. Və 1945-ci ildən bəri o, Varşavadakı Müqəddəs Xaç Kilsəsində öz məhrəmiyyəti ilə saxlanılır. Ölümündən öncə onun son sözləri: “Anam, mənim yazıq anam...” – olmuşdur.

Bəzi mənbələrdə Şopenin diri-diri torpağa basdırılmaqdan qorxuduğu üçün ürəyinin çıxarılmasını vəsiyyət etdiyi deyilir. Tapfobiya kimi tanınan bu qorxu 18-ci və 19-cu əsrlərdə geniş yayılmışdır. Həmçinin Danimarkalı yazar Hans Xristian Andersen və İsveçli kimyagər Alfred dəfn edilmədən öncə ölümlərini dəqiqləşdirmək üçün damarlarının kəsilməsini istəmişdi.

Şopenin bacısı onun istəklərinə hörmətlə yanaşır və soyuqanlılıqla yerinə yetirir. Ölümündən sonra bəstəkarın bədənində ekspertizya işləri aparan həkimi onun ürəyini çıxarır və qorunub saxlanılmasına köməklik edir.

Şopenin gənc, amma yorğun ürəyi elə o vaxtdan bir çox alim və tədqiqatçının diqqətini çəkməyə başlayır. Çoxlu tədqiqatlar aparılır, amma araşdırmalar nəticəsi günümüzə gəlib çatmır. Dahi musiqiçinin ölüm səbəbini öyrənmək üçün 2014-cü ildə şüşə qab təzədən incələnməyə başlayır. Gəlinən nəticə belə olur ki, Şopen kəskin vərəmdən dünyasını dəyişib. Bunu da deyək ki, ürək XIX əsrdə toxuma qorunmasında istifadə olunan, konyak olduğu güman edilən qəhvəyi mayedə qorunub saxlanır.

0