Ədəbiyyat dərnəyinin məktəbli və tələbələrini niyə güllələdilər və düşərgələrlərə göndərdilər?

Fabula.az

edebiyyat-derneyinin-mektebli-ve-telebelerini-niye-gullelediler-ve-dushergelerlere-gonderdiler

1952-ci ilin fevral ayının əvvəlində Moskvada məhkəmə prosesi gedirdi. Məhkəmə bir həftə çəkmişdi. Bir qrup məktəbli alternativ ədəbiyyat dərnəyi qurmaqda ittiham edilirdi. Düzdür, yarım illik fəaliyyətləri ərzində kollektivin məqsədi dəyişsə də, son aylarda dərnəyə nəzarət gücləndirilmişdi. On altı nəfərdən üçü ölüm, üç nəfəri on il həbs cəzasına məhkum edildi. Qalanlar isə iyirmi beş illiyinə düşərgələrə göndərildilər.

Ədəbiyyat dərnəyi

Susanna Peçuro. / Foto: www.hro.org

Onlar adi məktəbliydilər. Parlaq gələcəyə inanır, çoxlu mütaliə edir, uşaq kitabxanasının açılışına sevinirdilər. Onlardan biri yuxarı sinif şagirdlərindən Susanna Peçuro idi. O, kitabların əldən-ələ necə gəzdiyini yada salırdı. Düzdür, sonralar kitabxanaçılar bu praktikanın qarşısını aldılar, beləliklə kitablar digər rayon məktəblilərinə də çatmış olurdu.

Dərslərdən sonra bir çox məktəbli "Pionerlər sarayı"na qaçırdılar. Bəziləri rəqs edir, bəziləri mahnı oxuyur, bəziləri isə ədəbiyyat dərnəyinə tələsirdilər. Şagirdlər orada kitab oxuyur, oxuduqlarını müzakirə edir və öz yazılarını yazırdılar.

Dərnək ədəbiyyatsevərlərin ikinci evinə çevrilmişdi. Hətta bəzi yeniyetmələr məktəbi bitirdikdən sonra da dərnəklərə davam edir, öz şeirlərini gətirir, məşhur ədiblərin yaradıcılığını müzakirə edirdilər.

Onlar adi məktəbli idilər, parta arxasında oturur, ev tapşırıqları edir və parlaq gələcəyin xəyallarını qururdular. / Foto: www.radionetplus.ru

Gizli təşkilat

Boris Slutskiy. / Foto: www.bogatov.info

Borisin evdə böyük, gözəl bir kitabxanası vardı. Burada Vladimir İlyiç Leninin əsərləri ilə rus ədəbiyyatının klassik əsərləri yan-yana düzülmüşdülər. Rəflərdəki Vladimir Leninə aid olan əsərlər ilk nəşrlər idi.

Səriştəli gənclər Vladimir İlyiçin əsərlərini öyrənir, sonra da yoldaş Stalinin fikirləri ilə müqayisə edirdilər. Görürlər ki, Vladimir Ulyanovun ideyalarının bir çoxu çoxdan təhrif edilib və orijinal mənasından uzaqlaşdırılıb.

Vladilen Furman. / Foto: www.bessmertnybarak.ru

Vaxt keçdikcə ədəbiyyatla bağlı söhbətlər həyat haqqında, ölkənin siyasi quruluşu haqqında müzakirələrə çevrilir. Lenin idealları üçün mübarizə aparma fikrini ilk səsləndirən Boris Slutski olur. Ədəbiyyat dərnəyinin əksər üzvləri Borisi dəstəkləyirlər, ona ilk arxa çıxan isə dostu Vladilen Furmanın olur, daha sonra Susanna Peçuro da onlara qoşulur.

1950-ci ilin avqustunda "İnqilab uğrunda mübarizə birliyi"nin qurulması tamamən təsadüf idi. İştirakçıların heç bir planı yox idi, sadəcə olaraq Lenin vəsiyyət etdiyi kimi, ədalət prinsiplərinə uyğun gələcək qurmaq arzusundaydılar.

Gənclər və yeniyetmələr inqilabçı konspiratorlardan nümunə alırdılar: təxəllüs götürür, hektoqrafda çap edib vərəq paylayırdılar. Birliyə yeni-yeni üzvlər qoşulurdu. Yevgeni Qureviç də dərnəyə qoşulanlardan biri idi.

Evgeni Qureviç. / Foto: www.bessmertnybarak.ru

Lakin o, mübarizə üsulları məsələsində iştirakçılarla razılaşmadığına görə tezliklə təşkilatdan ayrılır. Yevgeni Qureviç kiçik terror aksiyalarının keçirilməsinin tərəfdarı idi, Slutski və Furman isə onunla razılaşmırdılar.

Cinayət və cəza

Susanna Peçuro 25 illik düşərgəyə göndərildi. / Foto: www.scisne.net

Son aylarda təşkilatın bütün üzvləri ciddi təqib edilirdi. Özü də "təqibçilər" özlərini gizlətmirdilər. Gənclər xəbərçilik edənin məhz ədəbiyyat dərnəyinin rəhbəri olduğuna inanırdılar.

1951-ci ilin yanvarında gəncləri həbs etməyə başladılar. Gecələr qapı döyülür, qadağan edilmiş ədəbiyyat axtarılır, kitablar müsadirə edilir, yeniyetmələr isə dərhal həbsxanaya atırılırdılar.

İstintaq işi düz bir il davam elədi. Heç kəs məhkəmənin bu qədər amansız hökm verəcəyini ağlına gətirmirdi. Dünənki məktəbliləri SSRİ rəhbərliyini devirmək, hətta aradan qaldırmaq məqsədi ilə terror təşkilatı qurmaqla ittiham olunurdular. Halbuki, o dövrün Dövlət Təhlükəsizlik Şurasının sədri Abakumov təşkilatın üzvlərini çubuqlamağı və yüngül cəzalandırmağı tövsiyə etmişdi.

Nazir DTŞ V.S. Abakumov. / Foto: www.specnaz.ru

Ancaq kadrları təmizləmə işinin başlaması hər şeyi dəyişdirdi. Abakumov gənc trotskist təşkilatının fəaliyyətlərinə göz yummaqla ittiham edildi. Abakumov həbsə atıldıqdan sonra belə məktəblilərin günahsız olduğunu deyirdi.

Maya Ulanovskayaya 25 illik düşərgəyə göndərildi. / Foto: www.wikimedia.org

Məhkəmə işə olduqca kəskin yanaşırdı. Nəticədə təşkilatçılar - Boris Slutski, Yevgeni Qureviç və Vladilen Furman güllələnmə cəzasına məhkum edildilər.

Üç üzvün "Birlik"lə birbaşa əlqələri yoxdu, sadəcə olaraq iştirakçıların qohumları idilər və heç bir gizli fəaliyyətdə olmamışdılar. Buna baxmayaraq, Qalina Smirnova, Tamara Rabinoviç və Nina Uflyand 10 il azadlıqdan məhrum edildilər. Qalan 10 nəfəri 25 il düşərgəyə göndərdilər.

1956-cı ildə işə təkrar baxılmış, sağ qalan üzvlərın cəza müddəti azaldılmış və amnistiya ilə azadlığa buraxılmışlar. 1986-cı ildə qurbanlara bəraət verilib.

Tərcümə etdi: Mustafa Ruşan

0




daha çox