Edmond

Könül Nuriyeva

edmond

Avstraliyanın dənizə qucaq açmış sahillərində, minlərlə uşağın atılıb düşdüyü, göyə əlləri çatacaqmış kimi tullandığı bu yayı da qadasız-bəlasız keçirmək istəyində idi.

Admiral şəhəri  Edmondun  doğulduğu, davakar ata-anasının söz-söhbətlərinə şahid olduğu mənzilin yerləşdiyi ünvan idi.

Edmond valideynlərinin ölməsini istəyirdi. Əvvəllər bu fikir ağlına gələndə utanırdı, özündən çəkinirdi və özünü yaramaz uşaq hesab edirdi. İndi bu qumsallıqda, ətrafındakı şən uşaqlara baxıb düşünürdü:

− Sevincimi atamın anamı söydüyü o otaqda itirmişəm. Bir daha xoşbəxt olmayacağımı, − əslində mən heç xoşbəxt, qayğısız olmamışam, − atamın anamı təpiklədiyi, tükürpərdici səsləri eşidib, qulaqlarımı  tutub, var gücümlə evdən qaçanda bilirdim.

Onların ölməsini istəyirəm, təkidlə, israrla istəyirəm. Bikef Edmond xəyala getdi, mənzilinin mərcan riflərində olmasını arzuladı.

Axşam düşürdü. Ətrafdakı səs-küyü səssizlik ağuşuna alıb aparmışdı. Oğlan sayı ondan çox olan balıqqulaqlarını sırayla düzmüşdü. Həmişə etdiyi kimi...

Onların adları vardı, hər biri ilə fərqli söhbətlər edirdi. Feliks, Qabriel, Hadley, İrvin, Job, Kayzon və başqaları.

− Bax, Kayzon yaşım on bir olsa da, pis oğlanam mən. Gecələr atamla-anamı güdmüşəm, necə sevişdiklərinə baxmışam. Mənə maraqlı idi, gündüzlər bir-birini təhqir edən insanlar niyə gecələr bir-birini qucaqlasınlar ki?

− Həqiqətən, beynimdə heç bir xoşgörülü uşağın  düşünmədikləri var, İrvin. Anama duşda yuyunarkən baxmışam, uşaqlığımı zehnimdə canlandırmışam, onun qucağında necə ağzımın kənarlarının südə bulaşmış, mışıl-mışıl yatdığımı xəyal etmişəm və  niyə bu qadın mənə sevgisizdi indi, hə İrvin?

Hadley, bir gün buralardan gedəcəyəm Avropaya. Valideynlərimdən xəbərsiz edəcəyəm bunu, onlara heç vaxt məktub yazmayacağam.

Oğlan Joba da ürəyindən keçənləri dedi:

− Dostunun oğluna həvəslə cemli çörək verən atam niyə məni əzizləməsin ki?

Oğlan ona əzab verən  sualların cavablarını çardaqdakı məktubları oxuyanda qismən tapmışdı.

− Katrin, qızım, gəl evə, onun işgəncələrinə dözməli deyilsən, qayıt evə.

Hər məktubun ya əvvəlli belə başlayırdı, ya ortasında, bir yerində vardı bu cümlələr. Məktublar anasına ünvanlanmışdı, sayı çox, məzmunu uzun idi.

− Qabriel, nənəm anamı niyə cağırsın? Görəsən, məndən başqa həyat sevincindən məhrum uşaqlar çoxdur?

Edmond nənəsinin Avropada yaşadığını bilirdi, üzünü görməsə də sevirdi o qadını. Məktublardan mehri qonmuşdu  nənəsinə. Edmond söhbətini bitirdi, ağladı, kədərlə uzaqlara baxdı, dəniz qaralırdı. Balıqqulaqları yatmışdılar, ya da uzun söhbət onları əldən salmışdı. Onsuz da Edmond  sabah yenə danışacaqdı. Uzun və başqa bir söhbət...

Oğlan çiynində əl hiss etdi. Dönüb baxdı. Atası idi. Diskindi, demək bütün danışıqlarımı, ona nifrət dolu sözlərimi eşidib. Qaçmaq... qaçmaq...

Dəniz kənarı ilə ovuclarında balıqqulaqlarını sıxmış oğlan var gücü ilə qaçırdı. Ona elə gəlirdi ki, atası onu qovur, indi tutacaq. Uşağın ürəyi ağzından çıxırdı:

− Atam indi mənə çatacaq, onun əlləri böyükdür, məni asanlıqla tutacaq, məni tutsa…

Edmondu dəhşət bürüdü. Tər damcıları alnından üzünə süzülürdü. Ağlamağa, qışqırmağa başladı:

− Sizi istəmirəm!!!

Arxasına baxmırdı, özünü dənizə atdı, uzaqlaşdıqca uzaqlaşdı…

Atasının onu izləməsi, ya da ki, əlini çiyninə qoyması oğlanın tənha təxəyyülünün məhsulu idi. Heç deyəsən, valideynləri axşamın bu vaxtı oğlanın harada olduğu ilə maraqlanmamışdılar. Atası nə dəniz kənarına gəlmişdi, nə də əlini onun çiyninə qoymuşdu.

Bir həftə ötdü. Edmondun dəfnini yola verəndən sonra nənə çardaqdakı son məktubu da cırıb atdı. Məktub belə idi:

− Katrin, əzizim, səhv məndə idi. Həmin il sən və indiki həyat yoldaşın bizə gəlmişdiniz. Sizi qayğısız uşaqlığım kimi qarşılamışdım. Gözəl yay keçirmək arzusundaydıq. Sənin sarışın hörüklərini hər gün darayıb hörürdüm. Elə utancaq qız idin ki. Kenzo dəcəl idi, sözümü dinləmirdi, sənin başına belə bir  iş gətirəcəyi ağlımdan belə keçməzdi. Axı uşaq kimi baxırdım sizə. Sənə bu qədər əzab verirsə, qayıt gəl yanıma. Gəl, əzizim. Birlikdə oynayırdız, mənə ev işlərində yardım edirdiniz. Mən hara baxırdım, niyə belə diqqətsiz idim? Günahkar mənəm.

Edmond vaxtsız cinsi əlaqənin nəticəsi olan arzuolunmayan  uşaq idi. Katrinin hamilə olduğunu bilib böyüklərin təkidi ilə, zorla onu Kenzoya ərə vermişdilər.

Edmondun  doğulması da dünyanı tərk etməsi kimi, fərəhsiz, acılı və kədərli idi…

Fabula.az

0