London kitab sərgisi və təəssüratları

Zeynep Şen

london-kitab-sergisi-ve-teessuratlari

Dünyanın ən böyük ikinci kitab sərgisi olan “London Kitab Sərgisi” bu il 12-14 mart tarixlərində keçirildi. Adətən hər il aprel ayında keçirilən sərginin bu il bir ay qabağa keçirilməsi diqqət çəkicidir. Buna baxmayaraq, sərgidə əsas müzakirə edilən mövzu bu deyildi. Hamı İngiltərə nəşriyyat sahəsinə də təsir göstərən breksitdən danışırdı.

Breksit və “London Kitab Sərgisi”

İngiltərə Avropa Birliyindən çıxmaq qərarını üç il əvvəl vermişdi. Bu İngiltərə nəşriyyat dünyasında bir çoxlarını narahat edən məsələdir. Çünki həm onların həyatına, həm də işlərinə təsir edəcək. Əlbəttə, bu qərar dərhal yerinə yetirilmədi. Və beləcə sərginin açılış günü, 12 mart gəlib çatdı. London Kitab Sərgisinin açılış günündə İngiltərə Parlametninin üzvləri Tereza Meyin Avropa Birliyindən çıxma sazişini tamamən rədd etdi. 29 oktyabrda Avropa Birliyindən çıxmağa hazırlaşan İngiltərə Parlamenti yeni çıxış sazişinin hazırlanmasını tələb edir.   

Bəs bu hadisə nəşriyyat dünyasına necə təsir edir? Düzü, hələlik hansısa bir təsirdən danışmaq mümkün deyil. Əlbəttə ki, hələlik. Sərgi iştirakçıları da məhz bunu müzakirə edirdilər. Məsələn, “Penguin Random House” nəşriyyatının Baş İcraçı Direktoru Tom Ueldon (Tom Weldon) breksitin kitab müqavilələrinə deyil, nəşriyyatların maddi-texniki bazasına və satış şəbəkələrinin işləməsinə təsir edəcəyinə əmindir. Bir çox nəşriyyatçı kimi o da Avropa Birliyindən çıxmağın Avropaya kitab ixracatının dayanmasından və bazarı Amerika nəşriyyatlarının ələ keçirməsindən qorxur.       

Bu hadisənin bir də müsbət tərəfi var: bir çox nəşriyyat Breksit səbəbindən tərcümə ədəbiyyatına daha çox maraq göstərməyə başladı. Bunu Fransa nəşriyyatı “Heloise d’Ormesson” da təsdiq elədi. Görünür, breksit hadisəsi gündəmə girdikdən sonra ingilis redaktorları əcnəbi müəllif axtarışına başlayıb. Nə bilmək olar, bəlkə də, breksitdən sonrakı Avropanın ziyalı təbəqəsindən tamamən uzaqlaşacağından qorxan redaktorlar buna mane olmaq üçün indidən tədbir almağa çalışırlar.

Siyasətə aid kitablar birinci sırada

Əlbəttə breksitin İngiltərə nəşriyyat dünyasında meydana gətirdiyi təlaş kitab bazarının kiçilməsi mənasına gəlmir. Əksinə, sərgidə dərc olunan hesabatlara görə, İngiltərə bazarı 2018-ci ildən bəri 3% artıb. Bu artış daha çox siyasətə aid kitablarda baş verib. Üstəlik bu, sırf İngiltərədə və dolayısilə breksitlə bağlı bir məsələ deyil. Çünki yenə də sərgi hesabatları ABŞ-da oxşar hala rast gəlindiyini göstərir. Görəsən, nəşriyyat dünyası və oxucular hazırda dünyadaki siyasi qarışıqlığa verəcəkləri reaksiyanı kitablarda axtarır?   

Elektron kitabların yerini audio kitablar tutur?

Sərgidə, əlbəttə, təkcə siyasi kitablar müzakirə edilmirdi. Son illərdə böyük rəğbət görən audio kitablar da gündəmdə idi. Audio kitablar son vaxtlar o qədər dəbə mindi ki, nəşriyyatlar bu sahəyə ciddi fikir verməyə başladılar. Hətta dünyanın müxtəlif yerlərində “Heraclon” kimi sırf audio kitablar “dərc edən” nəşriyyatlar belə qurulub. 

Sərginin ortasında ilk dəfə “audio kitablar” podiumu qurulmuşdu. Bu podiumda keçirilən bütün tədbirlər sırf audio kitablara aid idi. Tədbirlərdə audio kitabların gələcəyindən danışılır, kitablar oxunur və qulaq asdırılırdı.

Gələcəkdə bu sahədə hansı inkişafların baş verəcəyini indidən təxmin etmək mümkün deyil. Ancaq, görünür, sahənin mütəxəssisləri audio kitabların gələcəyindən əmindirlər. Razıyam, elektron kitablar kimi audio kitablardan da istədikləri nəticəni əldə etməyə bilərlər. Çünki bir çox nəşriyyatın pul qoyduğu elektron kitablar təxmin edildiyi kimi müstəqil bir sahəyə çevrilmədi. Ancaq elektron kitablar hal-hazırda illərlə çap olunan kağız kitabların maksimum 25% təşkil edir. Nəzərə alaq ki, bir çoxları yaxın gələcəkdə ancaq elektron kitabların dərc ediləcəyini təxmin edirdi. Ancaq statistik məlumatlar bunun belə olmadığını göstərir. Lakin unutmayaq ki, audio kitabların maşın sürərkən, iş görərkən istifadəsi çox asandır. Bu səbəbdən oxucuların rəğbətini qazanma ehtimalı çoxdur. Hətta heç kitab oxumayan insanlar belə bunun sayəsində kitaba maraq göstərə bilər. Bunu ancaq vaxt göstərəcək.   

İndoneziya: 17 000 yaradıcılıq adası

Bu il London Kitab Sərgisinin qonaq ölkəsi İndoneziya idi. Ölkənin şüarı belə idi: “17000 yaradıcılıq adası”. Bunun məqsədi ədəbiyyatı və tarixi az tanınan ölkələri dünyaya tanıtmaq və əsərlərin müəllif hüquqlarını satmaqdır.

Bəzi əsərlərin müəllif hüquqları sərginin özündə satılır, bəzilərini isə nəşriyyatlar sərgidən sonra satın alırlar. Bu sistemin ahəng içində işlədiyinə dair sübutu uzaqda axtarmaq lazım deyil. İndoneziya buna yaxşı nümunədir. Çünki sərgidə iyirmi üç İndoneziya yazıçısının əsərlərinin müəllif hüquqları müxtəlif ölkələrə satıldı və əcnəbi nəşriyyatlar 408 fərqli müəllifin əsərini də görüb incələmək istədilər.  

sabitfikir.com

Çevirdi: Mustafa Ruşan

0