"Monaya" məktublar.

Mirzəbəy Əzimli

quot-monaya-quot-mektublar

"Bilirsən, Bakı çox kiçik şəhərdir. Fərqli küçələr, fərqli insanlar və işığı yanıb-sönən mənzil pəncərələri. Ac uşağın axşama doyunca yemək qayğısı, gənc işsizin sabaha addımlayan ümid qığılcımı və sakinsiz bir mənzilin yeni sahibitək daha sakitəm. Sakit və səssiz. Darısqal cığırlarda gecələyən əyyaşın xitabət kürsündən öpürəm səni, sağ qal! "

Qələmi masanın ən küncünə qoydu. Deyəsən, yenə boş otaqda kimisə axtaran bir cüt göz, anlaşılmaz cəldliklə kimisə axtarırdı. Paranoya, sərt üşüntü... Budur, 5il öncə aldığı paltosunu arıq və çəlimsiz bədəninə geyindi, çatlaq güzgüdə özünə birdə baxdı. Baxdı, baxdı və yalın ayaqlarıyla divara söykənili güzgüyə zərbələr endirməyə başladı. Şüşə qırıntlarını evin dörd bir tərəfinə səpələnmişdi, doğrusu, nə etdiyini bilmirdi. Bildiyi tək şey evdən dərhal, elə indi çıxmaq şərti idi. Tək yaşadığı, bir lampası, eləcə də bir otaqlı yuvanı tərk etmək üçün heç bir səbəb olmasa da, boz küçələri rəngləmək, deyəsən, ona qalmışdı. Pəncərəsi düz İçərişəhərə boylanırdı. Çopur və yaşlı bənizi gülmək istəyirdi,yenə vəsf etsin filanı,yenə üzsün tablolarda.Uçuq-sökük "yuva"-nı arxasında qoymazdan əvvəl üç fərqli tonlarda sprey, bir nimdaş papağını götürdü, sonra bədənini ürpəştirən səslə qapını örtdü.

Gözlərinin sərgisindədir mənim, Bakım. Doğma Bakım, yadlara məskən olmuş, bizi -"əsl"bakılıları rədd etmiş yaxud gözündən salmış daha.

Beynində özünə yer tapan musiqi ilə şəhərin gettolarını gəzirdi. Aha, hava soyuq olsa da, isti salamını hər yanından ötüb keçəndən əsirgəməyən Sovet dayı. Onu hamı əyyaş kimi tanırdı. Halbuki yorğun gözləri Bakımızın hər bir iyrəncliyini görmüşdü. O isə mənim doğmamdır. Ailəsiz, küçələri özünə məskən etmiş əzizim. Sən məğrur dayan yoldaş, bir gün hər kəs gedər Bakını yenə bizə, küçədəkilərə qalar. Üzərində ayağlarını pərçimlədiyin karton bəlkə bu sözlərə tanıqlıq edər. Səbir et, Qoca! 

Hə, bax onlar küçələrin qurbanı idi, küçələrin.. 

Bizim cavan oğlan isə məktubunu birtəhər cibinə sıxışdırmışdı. Nimdaş papağıda başında idi, gülünc görünürdü.Ya da yox, bir neçə dollara sahiblənmək niyyətində olan ucuz qadınlar varkən.. Yaxşı, bu dəfə Xəzərtək coşub, dalğalarımı yosunlu qayalara çırpmaq istəməzdi "o". Hər kəs yaddır bir-birinə. Amma, cavan məktubunu birinə mütləq verməliydi. Mütləq... 

Spreyini götürüb nəsə etməliydi axı o boz insanlar, boz divarlar. Çəkilib bir küncə boyamağa başladı. Həyəcanlı idi. Bunu sarmaşıqtək bir-birinə çırpınan ayaqlarından hiss etmək olardı. Gecəni pərilərlə keçirən kəs, səhəri göz dağı ilə açmalı idi, ya yox? Fikirlər qarışıq idi. Fəqət xülyasındakı eskizi təsvir etmək çətin olmamalıydı. Məktubu isə yerində idi, yerində... 

Elə bu zaman arxasınca ayaq səsləri eşitdi.Geriyə dönüb gələnin kim olduğunu bilmək onu qorxudurdu. Bəlkə..? Yox,buraya gələn bilməzdi o. Cavan oğlan əllərini cibinə saldı, sanki heç nə etmirmiş kimi. 
-Bağışlayın, deyilənə görə, aşağı məhəllədə... 

Sözlərini tamamlaya bilmədi. Cavan oğlan insanaxas olmayan tərzdə, vəhşiliklə onun üzərinə şığıdı.Yumruqlamağa başladı, ağızı qana bulaşdı. 
Gözlər rəhm diləyir. Müqavimət göstərmir. 

Məktubun sahibi bəlli idi. Bu "Monaya" məktub idi.

 

1
  • agazade-rafiq Agazadə Rafiq
    Əla idi..davami gəlsin