Əli bəy Hüseynzadə fenomeni

Günel Rəcəb

eli-bey-huseynzade-fenomeni

XIX əsrdən başlayaraq Şərq ölkələrinin imperialist dövlətlər tərəfindən təcavüzünün, müsəlman torpaqlarının parçalanmasının, milli təklənmənin, məhkum millətlərin milli varlığının, dilinin, mədəniyyətinin tapdalanması kimi proseslərin getdiyi bir dövrdə müstəmləkəçi dövlətləri ifşa edən, sadə xalq kütlələrinin gözlərini həqiqətə açan ziyalılara, ədiblərə ehtiyac var idi. Bu cür fenomen ədiblərdən biri də Əli bəy Hüseynzadə idi.

Ə.Hüseynzadənin ən böyük xidməti ondan ibarətdir ki, o, əsərlərində müstəmləkəçi dövlətləri insanlığın ən qəddar düşməni kimi ifşa və inkar etmiş, hətta istiqlaliyyət və azadlıq uğrunda mübarizəyə başlamış müsəlman və türk xalqlarını vahid  ideya ətrafında birləşməyə çağırmışdır. Ə.Hüseynzadə fenomenini anlamaq üçün bircə faktı qeyd etmək kifayətdir. 1910-cu ildə ittihadçı dostlarının dəvəti ilə İstanbula köçən Hüseynzadə Bakıdan ayrılarkən şəxsi əmlakını 1908-1910-cu illərdə müdiri və türk dili müəllimi olduğu “Səadət” məktəbinə hədiyyə etmişdi (2, 23). Azərbaycan bayrağını mənalandıran üç rəngin müəllifi Ə.Hüseynzadə 1940-cə il martın 17-də İstanbulda dünyasını dəyişib.

Ə.Hüseynzadə Azərbaycanda yaşadığı qısa müddət ərzində (1905-1910) Bakının dövri mətbuatında külli miqdarda ictimai, siyasi, ədəbi-tənqidi mövzuda məqalə, şeir, hekayə və dünya ədəbiyyatından tərcümələr çap etdirmişdir. Tədqiqatçı Aybəniz Kəngərli Yusuf Akçuranın türkçülük ideyaları və fəaliyyətindən danışarkən Ə.Hüseynzadənin adını da qeyd edir. Belə ki, Ə.Hüseynzadə özünün ilk və ən məşhur əsərlərindən birini – “Məktubi-məxsus”u Yusuf Akçuranın “Üç tərzi-siyasət”inə cavab olaraq yazmış və məqaləni elə həmin qəzetdə  – Qahirədə dərc olunan “Türk” qəzetində çap etdirmişdir. Bundan başqa Əli bəy bir çox türkçü cəmiyyət və dərnəklərdə Y.Akçura ilə bərabər fəaliyyət göstərmişdir. Yusuf bəy Akçura Qafqaz, Krım, Kazan, Türküstan türklərinin liderlərini bir araya toplamış, Rusiya müsəlmanlarının I qurultayının keçirilməsinə nail olmuşdur. “Azərbaycandan Ə.Hüseynzadə, Ə.Ağaoğlu və Ə.Topçubaşov da həmin nümayəndələrin arasında idi”. 1905-ci ildə isə Y.Akçura “Türk-tatar heyəti”nə başçılıq etmişdi. Ə.Hüseynzadə, Ə.Ağaoğlu da həmin heyətin tərkibində idilər. 1916-cı ildə Amerika prezidenti T.V.Vilsona, ingilis, fransız və italyan dövlət başçılarına teleqram göndərən heyət “Rusiya türklərinin müstəqil yaşama haqlarının tanınmasını xahiş edirdi” . XX yüz ilin ədəbiyyatı Ə.Hüseynzadənin üç rəng ideyasından başlayır. Ə.Hüseynzadənin “Turan” idealının əsasında üç sütun durur: ittihad, qüvvət və tərəqqi. “Bir millət üçün hər şeydən əqdəm arzu ediləcək şey qüvvətdir. Zəmanəmizdə millətlərin səlaməti-səadətinə yeganə vasitə budur” (2, 4).

 “İttihad və tərəqqi”nin əsasını qoymuş Ə.Hüseynzadə bu ittihad və tərəqqinin məramında “Turan” deyəndə vahid mənəvi məkanı və bütün türklər üçün sabit, monolit, dəyişməz mənəvi Vətəni nəzərdə tuturdu. Əli bəyin türk və Azərbaycan amalına həsr etdiyi məqalələr çoxdur. Bu məqalələrdən biri də yuxarıda adı çəkilən Y.Akçuranın “Üç tərzi-siyasət” məqaləsinə cavab olaraq Əli bəyin yazdığı “Məktubi məxsus” yazısıdır. Burada Ə.Hüseynzadə türk xalqlarından hər hansı birinin “tatar” adlandırılmasının əleyhinə çıxır: “Bu gün Üləmayi-ətrakşünasın, hətta rus müstəşriqlərinin çoxu Çinin bəzi cəhətlərində tatar namıyla bir qövm tanımıyorlar: türk var, moğol var, fəqət tatar yoxdur. Krımlılar, kazanlılar, orenburqlular və sairə həp türk oğlu türkdürlər”  (2, 30). Bu baxımdan tədqiqatçı-alim Yaşar Qarayevin fikirləri də maraqlıdır: “...Əli bəy “qan tökdükləri üçün” Çingizlərə və Teymurlara, adının əvvəlində “mirzə” sözü , sonunda isə “ov” şəkilçisi olan Axundovlara münasibətdə millilik problemini sağlam elmi-nəzəri əsaslarla irəli sürməyin nümunəsini göstərir.

Öz publisistik yazılarında Ə.Hüseynzadə ana dili – türk  dili məsələsinə də toxunur. Ədibin “Qəzetəmizin dili haqqında bir neçə söz” adlı məqaləsində məsələ fərqli şəkildə qoyulub. Belə ki, gələn məktublardan birində “bir zat” dəvətnamə əvəzinə “priqlaşeni”, məşğuliyyət əvəzinə “zanyatiya” və s. rus sözləri işlətmişdir. Bu məqaləsində qədim türk dlinə qayıdaq fikrini irəli sürənlərə də etiraz edərək, bildirir ki, qədim türk dilində yazsaq, heç kəs anlamaz. O, hətta Əlişir Nəvainin dilindən misal gətirərək öz fikrini əsaslandırır. Daha sonra Əli bəy türk dilində ərəb və fars sözlərinin çoxalması, rus və Avropa dillərindən gələn sözlərin işlənmə dərəcəsi ilə bağlı məsələlərə də toxunur.

Əli bəyin türkçülük ideyalarının, dünyagörüşünün öyrənilməsi baxımından “Türklər kimdir və kimlərdən ibarətdir?” adlı məqaləsi olduqca maraqlıdır. Məqalənin əvvəlində Əli bəy belə bir məsələ qoyur: “Türkcə və islamiyyə” ibarələri hər nə qədər surəti-zahirdə qayət aydın və aşikar sözlərə bənzəsələr də, həqiqət halda öylə deyildir” (2, 43). Daha sonra Əli bəy türkçülüyün bir elm kimi intişarından, bu elmin Rusiyada, Qərbdə yayılmasından, bu elmi inkişaf etdirən əcnəbi alimlər haqqında məlumat verir və təəssüflə Osmanlı türkləri arasında yalnız son zamanalarda bu elmlə məşğul olan mərhum Şəmsəddin Sami bəy, Nəcib Asimin adını çəkir. Hətta bu iki şəxsin bu elmdə təşəbbüsdən irəli getmədiyini qeyd edir. Bütün bunlar bir daha sübut edir ki, Ə.Hüseynzadə bu problemi dərindən öyrənmiş, tədqiq etmiş və gəldiyi qənaətləri ilə oxucularla paylaşmışdır. Bu məqalədə Əli bəy yalnız publisist kimi çıxış etmir. O, bir tarixçi-etnoqraf kimi türk xalqlarının yaranışı tarixini xristianlıqdan əvvələ aid edir, türk xalqlarının qollarını sadalayır, hətta türkcə danışan, lakin səhvən türk xalqlarına aid edilən etnosların adını çəkir. Əli bəyi ən çox narahat edən isə tarix boyu türklərə “moğol” deyilməsidir. Elə bu məqalədə o, bu fikri əsaslandırılmış dəlillərlə təkzib edir (2, 41-70).

Əli bəyi yalnız türkçülük, turançılıq ideyaları düşündürmürdü. Onu bu xalqla – türklərlə bağlı bütün məsələlər narahat edirdi. Bu məsələlərdən biri də o dövr üçün aktual olan və təzə-təzə cücərən erməni-türk münasibətləri idi. Belə ki, məqalələrindən birində Əli bəy erməni jurnalistlərini, ədiblərini qızışmaqda olan bu məsələ ilə bağlı laqeydlikdə günahlandırır. O qeyd edir ki, “Həyat” qəzeti işıq üzü gördüyü ilk sayından etibarən həmişə sülh tərəfdarı olub. O, hətta böyük şair Mirzə Ələkbər Sabirin çap olunmuş şeirini göstərərək, azərbaycanlı ədiblərin bu məsəli ilə bağlı mövqeyini açıq-aşkar göstərdiyini yazır. Buna baxmayaraq, erməni jurnalistləri bu məslə ilə bağlı indiyə qədər heç bir münasibət bildirməməkləri azmış kimi, hələ üstəlik Azərbaycan qəzetlərini nifaq salmaqda ittiham edirlər. Əli bəy həmçinin ermənilərin bütün dünyaya türkləri vəhşi kimi təqdim etmələrinə qarşı çıxır: “...pişik öz pisligini torpaqla sitr etdiyi kimi, bunlar da öz qüsurlarını, öz qəbahətlərini, öz vəhşətlərini söz tufanı içində gizləyib, bizim isə ən kiçik qəbahətimizi birəni dəvə edərcəsinə mübaliğələndiriyorlar” (2, 72). Əli bə “Həyat” qəzetini çap etdirməklə yanaşı, digər xalqların nəşrləri ilə də maraqlanır, baş verən son tarixi, ictimai və siyasi hadisələri xüsusilə də erməni-türk münasibətlərini, erməni siyasətini izləyirdi.

Onun ən böyük xidməti ondan ibarətdir ki, o, əsərlərində müstəmləkəçi dövlətlərin insanlığın ən qəddar düşməni kimi ifşa və inkar etməklə yanaşı, istiqlaliyyət və azadlıq uğrunda mübarizəyə başlamış müsəlman və türk xalqlarını vahid ideya ətrafında birləşməyə çağırırdı. Azadlıq ideyası Ə.Hüseynzadənin bütün əsərlərində olduğu kimi, mürəkkəb və ictimai-siyasi mündəricə ilə dolğun “Siyasəti-fürusət” əsərində də bütün dərinliyi və çoxcəhətliliyi ilə öz əksini tapmışdır. “Siyasəti-fürusət” əsəri milli-azadlıq hərəkatının böyük bir mərhələsini əks etdirir. Əsərdə əsasən əsrin əvvəllərində birinci rus inqilabının təsiri ilə oyanmış Şərqin milli-azadlıq hərəkatına qarşı çarizmin yeritdiyi müstəmləkəçilik siyasəti təsvir edilir. F.e.n. Ofelya Bayramovanın fikrincə, əsərdə milli əsarətə qarşı etiraz başlıca olaraq iki mövzunun tənqidi fonunda verilmişdir: 1) İran inqilabının tərənnümü və 2) İran mütləqiyyətinin zülm və cəhalətinin tənqidi (3, 3-4). Əli bəy həmin mövzuları vahid süjet – çarizmin müstəmləkəçilik siyasətinin ifşası süjetində birləşdirmiş və bu ifşanı, bu süjeti Pruşkeviç obrazı vasitəsilə təqdim etmişdir. Pruşkeviç çar Rusiyasının ən nüfuzlu şovinist dövlət xadimlərindən biridir. O, məhkum xalqların milli-azadlıq hərəkatına qarşı mübarizədə əksinqilabi cəbhəyə başçılıq edir. Əsərdə Pruşkeviç oyanan xalqı çaşdırmağa və bu yolla onları parçalamağa çalışır. O, gah “qanuni-əsasi” ismini sosial-demokratlara unutdurmaq üçün həvəslərini bəyaz qarlarla, qan donduran soyuqlarla təskin etmək üçün onları Sibirə sürgünə göndərir, gah da “şivə və lisan”, “din və məshəb”, “hüquqi-siyasi və mülki-müsavat” tələb edən xalqları bir-birinə düşmən edir, ara qızışdırır, gah da onları xof və dəhşətə, hipnoza məruz qoyur. Əsərdə Əli bəy “Pruşkeviçin ifşasını ön plana çəkməklə oxucunu dövrün ictimai, siyasi vəziyyəti, məhkum xalqların faciəsi ilə üzləşdirir” (3, 4). Əli bəy düşüncəsində beynəlmiləlçilik də, humanizm də hakim kəsilmişdi. Belə ki, o, siyasi azadlığı yalnız öz xalqı üçün deyil, həm də Moskva, Peterburq zəhmətkeşlərindən tutmuş, “Polşa krallığı” uğrunda mübarizə aparan polyak xalqlarına qədər əsarətdə yaşayan, hüququ tapdalanan bütün xalqlar, bütün insanlar üçün istyəyirdi. Əsərdə öz əksini tapmış maraqlı məqamlardan biri üç atlı gərdunə ilə səyahətə çıxan müsəlman, gürcü və erməni xalqlarının inqilabi  hərəkatından bəhs edən səhifələrdə tapmışdır. Ədib yaxşı bilirdi ki, bu üç xalqın “üç atlı gərdunə” ilə səyahətə çıxmaları Pruşkeviçin xoşladığı və onun siyasətinin amalı – boyunduruq altında saxladığı xalqların bir-birini qırmasıdır. O.Bayramlı Pruşkeviçin bu istəyini “əski öküz arabalarına qoşulan dəli, azğın, hoylu atların yek-digərilə döyüşməsini” istəməyə bənzəyir (3, 4).

Ə.Hüseynzadə Cənubi Azərbaycanda baş verən inqilaba böyük əhəmiyət verərək onun inkişafını diqqətlə izləyirdi. O, bu inqilabın milli müstəqillik ideyalarını müdafiə edir və bu ideyaları təbliğ etməyə çalışırdı. Bununla yanaşı, Əli bəy Hüseynzadə çarizmin millətləri parçalamaq siyasətinin ifşasına da xüsusi diqqət yetirmişdir. O, azadlıq uğrunda çarpışan Cənubi Azərbaycan xalqı ilə bir cərgədə Şimali Azərbaycan xalqını da görmək istəyirdi. Əli bəyin fikrincə, azadlığa nail olmaq üçün hər şeydən əvvəl xalqı qəflət yuxusundan ayıltmaq lazımdır. “Əzizlərim, cümləmiz xabi-qəflətdədir” – xitabında müəllif “qəfləti”  millətin parçalanması məsələsilə bağlayır, bu parçalanmanı azadlıq işində ictimai bəla hesab edirdi. Yadelli əsarətə qarşı mübarizədə Əli bəy azadlıq yolunu “Qafqaz müsəlmanlarının çəkə-çəkə gətirdikləri türk atının iki cinahında səf bağlamalarında” – onların birliyində görürdü” (3, 6). Bu ifadədə türk atını Cənubi Azərbaycan inqilabı, iki cinahı isə Şimali və Cənubi Azərbaycan kimi başa düşsək, Əli bəyin nə demək istədiyini anlamış olarıq. O, Qafqaz müsəlmanlarını qəflət yuxusundan oyanmağa və birləşməyə çağırır.

Əli bəy öz əsərləri və ictimai-siyasi fəaliyyəti ilə bu vətənə olduqca böyük və əvəzsiz xidmətlər göstərmiş, özündən sonra unudulmaz iz qoymuşdur. Bu faktlar danılmazdır. Lakin Əli bəyin Azərbaycan tarixində xidmətləri bununla  kifayətlənməmişdir. O, öz ictimai-siyasi dünyagörüşü, türkçülük ideyaları ilə həm öz müasirlərinə, həm də özündən sonra gələn nəslin nümayəndələrinə böyük təsir göstərmişdir.

Mənbə:

  1. Əli bəy Hüseynzadə. Seçilmiş əsərləri. Bakı. Şərq-Qərb, 2007, 480 s.
  2. Əli bəy Hüseynzadə. Siyasəti-fürusət. Bakı. Elm, 1994, 236 s.
0