Dünyanın 10 ən gözəl kitabxanası

Fabula.az

dunyanin-10-en-gozel-kitabxanasi

           ABŞ-da çıxan aylıq məşhur mədəniyyət və texnologiya jurnalı “Wired”ın, yayımladığı, dünyanın arxitektura baxımından 10 ən gözəl kitabxanası başlıqlı məqaləsinda bir çox kitabxanalar haqqında çox dəyərli məlumatlar toplanmışdır. Məqalədən görəcəyiniz kimi bu kitabxanalar yalnız kitabların toplandığı və saxlandığı yerdən daha artıq bir vəzifə daşıyırlar. Bu kitabxanlar eyni zamanda ictimai mərkəz, auditoriya, konsert zalı kimi də fəaliyyət göstərirlər və təbii ki, hər biri özlüyündə bir incəsənət nümunələridir. Uşaq və gənclərin ən sevimli məkanları olan bu kitabxanalar kitaba və kitab oxuyanlara verilən dəyərin ən yaxşı nümunələridir.

  1. Danimarka, Dokk1

Siyahının başında Danimarkanın Dokk1 kitabxanası gəlir. 2016-cı ildə dünyanın ən yaxşı ictimai kitabxanası mükafatını alan Dokk1, bu prestijli mükafatı alan ilk Danimarka kitabxanasıdır. Tikintisi 2015-ci ilin iyun ayında bitən kitabxana  30 min kvardart metrlik sahəsi ilə bütün Skandinaviya ölkələri arasında ən böyük kitabxanadır. Kitabxananın ən maraqlı xüsusiyyəti kitabxana binasının ortasında yerləşən zınqırovdur. Şəhərdəki doğum evinə bağlı olan bu zınqırov hər yeni körpə doğulanda bir dəfə çalınır. Aarhus çayı yaxınlığında tikilmiş binanın xarici arxitekturası çoxbucaqlı fiqurlardan təşkil olunub. Kitabxananın içərisi isə son dərəcə parlaq və genişdir. Şəhər limanına açılan mənzərəsi ilə kitabxana bu gün də ziyarətçilərin və turistlərin diqqətini çəkir. Kitabxananın dokk1.dk  saytında siz kitabxananın iş saatları, imkanları və.s haqqında məlumat ala və eyni zamanda kitabxanaya virtual gəzinti edə bilərsiniz.

  1. ABŞ, Lovrens (Lawrence) İctimai Kitabxanası

ABŞ-ın Vermont bölgəsində yerləşən bu kitabxana son dərəcə müasir dizayna malikdir. Orijinal olaraq 1972-ci ildə inşa edilən binanın strukturu üzərində qurulan bu yeni bina memar Gould Evans tərəfindən dizayn və bərpa edilmişdir. Arxitektorlar oxucuların binanın təbii işıqlandırma olan hissələrində daha çox toplaşdıqlarını müşahidə ediblər. Buna görə də onlar döşəməsindən tavanına qədər şüşə ilə örtülü olan qiraət otaqları düzəltməyə qərar veriblər. Kitabxananın lplks.org saytında siz maraqlı məqalələr oxuya, kitab sifariş edə və eyni zamanda pulsuz audiokitablar dinləyə bilərsiniz.

  1. Çin, Yangzhou Zhongshuge Kitabxanası

Zen Yuan şəhərində yerləşən bu kitabxananın içərisində gəzmək kitablarla dolu olan  bir çayda gəzintini xatırladır. Çay kənarında tikilən bu kitabxana daxili interyeri ilə də su və sudan əks olunma hissini verir. Tavana doğru əyilən rəflər kitablarla birgə qara şüşələrdən düzəldilmiş döşəmə üzərində əks olunur və binanın daxili interyeri eyni zamanda tunel effekti də yaradır.

4. Tükiyə, Bəyazid Dövlət Kitabxanası

Bəyazid Dövlət Kitabxanası İstanbulda yeni tikililərdən hesab olunmur. Kitabxana faktiki olaraq 1506-cı ildə tikilmişdir. XIX əsrin sonlarında, dövlət kitabxanası olmazdan qabaq bina bir müddət mehmanxana kimi də fəaliyyət göstərmişdir. Türkiyənin arxitektura şirkəti olan Tabanlıoğlu Memarlıq bu yaxınlarda binada yenidənqurma və bərpa işləri apararaq binaya yeni nəfəs verib. Şirkət müasir minimalist əlavələr edərkən binanın əsas xüsusiyyətlərini özündə saxlamışlar. Bundan əlavə kitabxanada olan nadir əlyazmalar rəngli şüşə qutularda qorunub saxlanılır. Bəyazid Kitabxanasını ziyarət etməklə siz əski və modern üslubun  heyrətamiz vəhdətinin şahidi ola bilərsiniz. Kitabxananın beyazitdevletkutup.gov.tr saytında siz kitabxananın imkanları haqqında daha ətraflı məlumat ala bilərsiniz.

 

  1. Norveç, Vennesla Kitabxanası

Tikintisi 2011-ci ildə tamamalanan Vennesla kitabxanasını 2012-ci ildə ziyarət edənlərin sayı 100 000 nəfərdən çox olmuşdur. Kitabxana binası özündə qəhvəxana, iclas otaqları və inzibati binaları birləşdirir. Vennesla kitabxanası fəzaya açılan qapını xatırladır. Binanın gövdəsini formalaşdıran 27 qabırğa kitabxananın əsas özəyini təşkil edir və hər qabırğa boyu bütöv işıqlandırma mövcuddur. Bu işıqlandırma bina daxilində səmavi parıltı effekti yaradır və bütün oxuma guşələrini əhatə edir. Eyni zamanda qabırğalar səsuducu materiallardan təşkil olunaraq binanın daxilində əlavə sakitlik yaradır.

  1. Norveç, Bodo İctimai Kitabxanası

Kitabxanaları ilə məşhur Norveçin bir başqa modern tikilisi və mədəniyyət mərkəzi Bodo İctimai Kitabxanasıdır. Üç böyük auditoriyanı və konsert salonunu özündə birləşdirən kompleks 6 137 kvadrat metrlik qapalı sahəni əhatə edir. Döşəməsindən tavanına qədər şüşələrlə örtülü olan kitabxananın mənzərəsi şəhər limanlarına açılır. Kitabxananın celalibrary.ca saytında siz qəzet, jurnal, kitab və müxtəlif mövzulara dair məqalələr oxuya, eyni zamanda audiokitablar dinləyə bilərsiniz. 

  1. ABŞ, Çikaqo İctimai Kitabxanası

ABŞ-ın Çikaqo şəhərində yerləşən bu kitabxananın əsas özəlliyi kitabxana binası daxilində heç bir iti künclərin olmamasıdır. Çınqıl daşlar formasında dizayn olunan bina hər birində pərdələr olan şüşələrlə örtülüdür. Bu şəkildə sərin və işıqlı saxlanılan kitabxana binasının daxilində iti künclü və bucaqlı yerlər olmadığına görə kitabxana uşaqlar üçün də kifayət qədər əlverişlidir. İki mərtəbəli Çikaqo İctimai Kitabxanası fenq-şui prinsipləri (feng shui principles)* ilə dizayn edilmişdir. Kitabxananın chipublib.org saytında kitabxananın imkanları haqqında daha geniş məlumat əldə edə bilərsiniz.

  1. İngiltərə, Birmingem Kitabxanası

Xaricdən baxıldığında metal örtüklərlə əhatə olunmuş futuristik bir ticarət mərkəzini xatırladan tikili, daxili memarlığı ilə ziyarətçiləri ovsunlayır. 30 min kvadrat metrlik qapalı sahəyə malik olan kitabxana daxildə son dərəcə müasir və təmiz xətlərə sahibdir. 400 mindən çox kitabı özündə birləşdirən 3 mərtəbəli Birmingem kitabxanası bu gün də İngiltərədə yeni inşa edilən kitabxanların ən öndə gedənidir.

 

  1. Kanada, Halifaks Mərkəzi Kitabxanası

Ölkə miqyasında 13 kitabxana zəncirinin birincisi və ən böyüyü olan Halifaks Mərkəzi Kitabxanası 14 500 kvadrat metrlik qapalı sahəyə malikdir. Demək olar ki, bütövlükdə şüşə ilə örtülü olan bina Halifaks şəhərinin mərkəzində yerləşir və arxitekturası ilə bir-birinin üzərinə qoyulmuş böyük şüşə kərpicləri xatırladır. Binanın yuxarısında açıq havada kitab oxumaq istəyənlər üçün də bir mərtəbə var və kitabxananın içi zaman-zaman konsertlərin izləndiyi bir sahəyə çevrilir.

  1.  Meksika, Konarte Kitabxanası

Meksikalı Anaqrama arxitektura emalatxanası tərəfindən dizayn edilən bu kitabxananın çox maraqlı ideyası  var. Başı aşağı hissi yaradan kitab rəfləri və oturacaq dizaynları ziyarətçiləri zamanı unudub rahatca mütaliə etməyə təşviq edir. Dəniz köpüyü rəngindəki mavi divarlardan əks olunan işıqlandırma ilə oxuma sahələri isti və komfortlu bir hiss yaradır. Konart Kitabxanasında uşaqlar da xüsusi nəzərə alınıb. Belə ki, onlar üçün oyun meydançasını xatırladan böyük bir sahə dizayn edilib və onların ixtiyarına verilib. Sarı və qırmızı rənglər uşaqların diqqətini kitablara yönəldir. Uşaqlarda bura sakı bir kitabxana deyil, oyun parkıdır hissi yaradır.

Hazırladı: Eldar Omarov

0