Ernest Heminquey: "Yazıçının necə yazdığını izah etməyi düzgün deyil."

Fabula.az

ernest-heminquey-quot-yazicinin-nece-yazdigini-izah-etmeyi-duzgun-deyil-quot

Əvvəli burada.

https://bit.ly/2NU0MiV

Bəs romanlarınızda simvolizm olduğunu qəbul edirsiz? 

Tənqidçilər davamlı hər hansı simvollardan danışırlar. Ona görə, deyəsən, var. Üzr istəyirəm, bu mövzuda danışmaqdan heç xoşum gəlmir. Kitab və hekayə yazmaq, onsuz da, çətin işdir. Bir də təqdimat eləmək lazım deyil. Üstəlik, bu, təqdimat edənlərin işinə müdaxilədir. Beş-altı yaxşı təqdimatçı bu işi görürsə, mən bir də niyə qarışım? Mənim yazdığım istənilən əsəri sadəcə oxumağın zövqünü duymaq üçün oxuyun. Bundan əlavəsi  öz əlavələriniz və töhfələriniz olacaq. 

Elə bu mövzudan bir sualla davam edək. Məsləhətçi redaktorlardan birinin fikrincə, “Gün də doğar” romanında bir paralellik var. Belə ki, romanının ilk cümləsi Robert Kohnun boksyor olduğuna eyham vurur. Sonra isə buğa buynuzları ilə boksyor kimi zərbələr endirir. Bu, xüsusi təsvir edilir. Yəni hər ikisi boksyordur. Xədim öküz buğanı sakitləşdirir. “Xədim” Ceyk Robert də  Kohnu o cür cəlb edir. Maykı isə Kohnu rahat buraxmayan, onu qıcıqlandıran pikadora bənzədir. Redaktor fikirlərinə bu səpgidə davam edir. Ancaq sizin buğa arenasındakı döyüş ritualının kompozisiyasını şüurlu şəkildə işlədiyinizdən əmin deyil.  

Deyəsən, bu məsləhətçi redaktorun başına hava gəlib. Kim deyir ki, Ceyk öküz kimi axtalanıb? Əslində, onun yarası ayrı yerdədir. Belə deyək, kişiyə aid bütün normal duyğular onda var. Amma bunları həyata tətbiq edə bilmir. Burada əsas məsələ Ceykin yarasının psixoloji yox, fiziki olmağıdır. Və axtalanmamağıdır. 

İşin ustalıq tərəfini sorğulayan bu tip suallar, deyəsən, baş ağrıdır, hə?  

Bilirsiniz, əsas məsələ sualın məsuliyyətli, həssas, ciddi olmağıdır. Əgər sual ciddidirsə, zövq də versə, başa bəla da olsa, fərqi yoxdur. Amma, məncə, yazıçının necə yazdığını izah etməyi düzgün deyil. Yazıçı ona görə yazır ki, oxunsun. İzahatlara, yaxud tezislərə ehtiyac yoxdur. Tutaq ki, qiraət seansı təşkil etdiniz. Burada yazıçı kitabla bağlı açıqlamalar verməməlidir. Bu, yazıçının işi deyil. Həmçinin yazıçı bir məkanı xaricilərə təqdim edən turist bələdçisi kimi də özünü aparmamalıdır. 

Söz düşmüşkən, ağlıma yazıçının hələ bitirmədiyi kitabı haqqında danışmağının təhükəsindən danışmışdız. O yadıma gəldi. Başqa sözlə, “kitabın bütün hekayəsini detallı şəkildə ortalığa çıxarmaq təhlükəlidir” deyirdiz. Niyə belə düşünürsünüz? Bu sualı ona görə verdim ki, Tven, Uayld, Truber, Steffans kimi yazdıqlarını paylaşan yazıçıları xatırladım. 

“Tvenin “Heklberri Finnin macəraları”nı oxuyub dinləyənlərin nə düşündüklərini soruşduğuna, düzü, inanmaram. Elə edibsə belə, yaxşı hissələri çıxarıb pisləri əlavə ediblər, yəqin. Uayldı tanıyanlar onun natiqliyinin yazıçılığından daha yaxşı olduğunu deyirlər. Steffans yazdığından daha yaxşı danışırdı. Elə olurdu ki, yazdığına da, dediyinə də heç kim inanmırdı. Yaşa dolduqca hekayələrinin dəyişdiyinə özüm şahid olmuşam. Əgər Truberin danışmağı yazdığı kimidirsə, ən böyük və ən çox dinlənilən natiqlərdən biri olmalıdır. Tanıdıqlarımdan matador Xuan Belmontenin adını çəkə bilərəm. Öz işindən çox yaxşı bəhs edə bilir. Üstəlik, çox zövqlü, iynəli dili də var. 

Öz tərzinizin olmağı üçün nə qədər səy göstərmisiniz? 

Bu uzun cavab tələb edən yorucu suala cavab vermək üçün, yəqin, bir neçə gününüzdən keçməli olarsınız. Bilirsizmi, yazıçı özünü qapanıb yazı yaza bilməz. Həvəskarların tərz dediyi şey əvvəllər edilən bir şeyi ilk dəfə özün edəndə meydana çıxan bacarıqsızlıqlardır. Demək olar ki, heç bir yeni klassik əsər özündən əvvəlkinə oxşamır. Çünki insanlar ilk öncə bu yöndəmsizlikləri görürlər. Daha sonra bunlar diqqətdən qaçır. Belə yöndəmsizliklər göz qabağında olanda insanlar bunu tərz kimi görüb qəbul edirlər. Təəssüf ki, bir çox yazar da bunu təqlid edir. 

Bir dəfə mənə yazmışdınız ki, fərqli hekayələri qələmə alanda olduğunuz mühit çox öyrədicidir. Birnəfəsə yazdığınız romanlar var: “Qatillər”, “On qızıldərili”, “Cümə günü” bura “Gün də doğar”ı da əlavə etmək istəyirəm. Bu romanlara da aiddir yuxarıdakı fikir? 

“Gün də doğar” romanını yazanda Valensiyada idim. İyulun 21-ində yazmağa başladım. İyulun 21-i həm də doğum günüm idi. Valensiyaya da ona görə gəlmişdik ki, ayın 24-ü “Feria festivalı” başlayacaqdı. Bilet tapa bilmək üçün yoldaşım Hadli ilə ora tez gəlmişdik. Bircə paraqraf belə yazmağa çətinlik çəkirdim. Halbuki yaşıdlarım çoxdan bir neçə kitab yazıb-bitirmişdilər. Belə bir vəziyyətdə romanı yazmağa başladım. Festival ərzində səhər yataqda yazırdım. Sonra Madridə gedəsi olduq. Orda da yazmağa davam etdim. Madriddə festival yox idi. Stollu bir otaq tutduq. Stol arxasında yazmaq əlavə üstünlük idi. Amma çox isti idi. İstidən qaçmaq üçün otelin tinindəki pivəxanada yazmağa davam etdim. Axırda isti hava yazmağa imkan vermədi. Hendayeyə üz tutduq. Sahilin kənarında ucuz bir oteldə qaldıq. Orada o ki var işlədim.  

Sonra Parisə getdim. “Rue Notre des Champs 113” ünvanındakı binada əsərimi bitirdim. İlk romanı sona çatdırmağım 6 həftə çəkdi. Qaralamanı romançı Natan Aşaya göndərdim. Aşa o vaxtlar qulağa xoş gəlməyən aksentlə danışırdı. Mənə kobudca: “Deməli, roman yazmısan?! Roman?! Bundan olsa-olsa səyahət kitabı çıxar.” - dedi. Aşa həvəsimi öldürmədi. Və Vorarlberq bölgəsində “Schruns Taube” otelində səyahətə davam edəndə kitabı təzədən yazdım.  

16 mayda bir gündə yazıb-bitirdiyim hekayələrə dəyinmişdiz. Həmən gün San İsidirodakı buğa döyüşləri qar ucbatından təxirə salınmışdı. Əvvəlcə heç cür yığıb-yığışdıra bilmədiyim “Qatillər” romanını yazdım. Nahardan sonra bir az isinmək üçün yatağıma girdim. Orada da “Bu gün cümədir”i bitirdim.  

O gün başımda sanki ilham pəriləri uçuşurdu, ağlımı itirirdim. Beynimdə bunlardan başqa altı hekayə də var idi. Qalxıb geyindim və köhnə matadorların getdiyi “Fornos” kafesi tərəfə yollandım. Bircə qəhvə içib qayıtdım. Sonra “On qızıldərili”ni yazdım. Bitirəndə çox kədərləndim. Sonra bir qədər brendi içib yatdım. Yemək yeməyi unutmuşdum. Bu halım hosteli işlədən xanımın da diqqətindən yayınmamışdı. Ofisiantlardan biri ilə mənə bir az bakalao, bir ədəd kiçik bifşteks, azca qızardılmış kartof və bir şüşə Valdepenas şərabı göndərdi. Yuxudan durub yemək yediyimi və bir qədər şərab içdiyim yadıma gəlir.  

Ofisiant “bir şüşə daha gətirərəm” – dedi. Bir də sahibəm deyir , bütün gecəni yazacaq, yoxsa yox? – deyə əlavə etdi. “Yox”, – dedim. Çünki yorulmuşdum, bir qədər uzanıb dincəlmək istəyirdim. Elə bu vaxt ofisiant: “Niyə bir hekayə də yazmağa cəhd etmirsiniz?” – deyə soruşdu. Əslində, mən  bir hekayə yazmağı düşünürdüm. “Boş sözdür, istəsən altı dənə də yazarsan” – dedi. “Sabah yenə cəhd edərəm” – dedim. “Bu gecə hələ bitməyib, səncə, yaşlı qadın sənə niyə yemək göndərib?” – dedi. Ona təzədən: “Çox yorğunam dedim”, – dedim. –  Boş sözdür. (istifadə etdiyi cümlə “boş sözdür” deyildi). Üç dənə ortabab hekayə yazmaq səni yordu?! Heç olmasa birini tərcümə elə, özüm oxuyum, – dedi.

Ardı var...

Tərcümə etdi: Fəhmin Mirzə

 

0