Susmaq haqqınız var

Ülviyyə Tahir

susmaq-haqqiniz-var

Bir autizmli uşağa “Kitab nədir?” sualını vermişdilər. O isə cavabında müxtəlif zamanlarda yaşayan insanların görüşməsi demişdi

Söz... Sözlərin birlikdə toplanıb yaratdığı cümlələr. Cümlələrin mətnə çevrilməsi, mətnlərin kitab olması. Gözlərimi açıb dünyanı dərk edəndən bəri sözün necə böyük qüvvəyə malik olduğunu anladım. Danışdığım sözlərin lehimə və ya əleyhimə işlədiyi zaman anladım ki, insan övladı danışdığı sözlər qədərdir. Sonra 90-ci illərdə bum yaşayan Amerika filmlərindən bu cümləni yaddaşımın bir bucağına yazdım: "Sizin susmaq haqqınız var. Dediyiniz hər bir söz sizin əleyhinizə çevrilə bilər" Və mən susdum. Sükutum yalnız mən ədəbiyyata gələrkən pozuldu. Mən yazaraq deyil, oxuyaraq sükutu poza biləcəyimi anladım. O zaman anladım ki, insan övladı binaları dağıda bilər, şəhərləri yox edə bilər, illərlə müharibələr edə bilər, amma sözü məhv edə bilməz.

Söz... Bir autizmli uşağa "Kitab nədir?" sualını vermişdilər. O isə cavabında müxtəlif zamanlarda yaşayan insanların görüşməsi demişdi. Bəli, mən sözlərin qanadından yapışaraq fərqli zamanlara uçdum. Alisa olub möcüzələr diyarına getdim, Kozetta kimi divarın dibində ağladım, Fantina kimi dişimi satıb övladıma pul gətirdim. Uşaq ağlımla anladım ki, həyat daim xeyir və şərin- Tenadyelərlə Jan Valyanların mübarizəsindən ibarətdi. Sizə sözdən niyə bəhs edim ki?! Sözlər insanı qanadlandıra da bilər, qanadlarını qıra da bilər...

Söz... Bu yaxınlarda "Fransız suitası" filmini izlədim. Mənə "Tısbağalar da uça bilir" filmindən sonra ikinci təsir edən bir sənət əsəri oldu. Kann film festivalı lauriantı olan bu filmin sonunda öyrəndim ki, yazar bir qadın imiş. Bütün hislərini sözə çevirən bu qadın alman əsir düşərgələrinin birində ölüb. Amma nə müharibə, nə də baş verən bütün dəhşətlər onun içindəki sevgini öldürə bilməyib. O əsərdə müharibələrin və digər dəhşətlərin insanı (bir daha qeyd edirəm: insanı) dəyişdirməyəcəyini israrla müdafiə edib.

Söz... Avropa ölkələrində aparılan bir sorğuda məlum olub ki, insanlar Raskolnikovu (Dostoyevski "Cinayət və Cəza") və A.Balkonskini (Hərb və Sülh) daha yaxşı tanıyırlar, nəinki Rusiyanın prezidentini. Bu onu göstərir ki, ədəbiyyat yenə bir addım öndədir. Bütün yazarların məktəbi hesab olunan Dostoyevski və Tolstoy bu gün dünyada hər hansı bir siyasətçinin gördüyü işdən daha çox iş görüblər.

Söz...Keçən həftə Kubada Roma papası və Patriarx Kirill görüşdü. Görüşə min illiyin görüşü adını verdilər. Lakin min il sonra iki fərqli xristian dünyasının uzaq qohum kimi ağızucu görüşməsi heç kəsin diqqətindən yayınmadı. Onlar hər halda tikanlı məftilləri doğrayıb görüşməyə can atan cənubi və şimali azərbaycanlılar deyildilər. Onların görüşünü qısa və kəsə olaraq ədəbiyyat üzərindən izahatını verdilər. Qabriel Qarsia Markes sayağı dedilər. Kubanı və aeroportdakı görüşü magik realizmlə izah etdi dünyanın ən tanınmış politoloqları. Kubanı ötəri yer, aeroportu yol ayrıcı kimi simvollaşdırdılar. Siz hələ də ədəbiyyatın rolunu inkar etmək niyyətdinsiz?

Cümlə... İngiltərə, Rusiyanı Suriyada dinc əhalini və məskənləri bombaladığını söylədi. Mənbəyini soruşdu jurnalistlər. İngilis nümayəndə öz soyuqqanlı baxışlarını onlara dikərək: "Mənbəyi açıqlaya bilmərik"- deyə cavabladı. Rusiya isə buna belə reaksiya verdi: "Harri Potter" və "Üzüklərin əfəndisi" İngiltərə sərhədləri daxilində meydana çıxmış əsərlərdir. Onların fantaziyasından şübhə etmək olmaz-dedi. O cümlələri oxuyarkən mən L. Tolstoy realizminin J.Rouling fantaziyasına qalib olduğunu gördüm. Mən siyasətin ədəbiyyatsız ola bilməyəcəyini anladım.

Mətn... Umberto Eko dünyasını dəyişdi. Mən onun 84 yaşının olduğunu bilmirdim.Mən hələ də elə bilirdim ki, Umberto Eko kimi adamlar ölmürlər. Onun kimi adamların ümumiyyətlə ölmək haqları olmadığını düşünmüşəm. Hələ də gizli-gizli ümid edirdim ki, onunla nə vaxtsa görüşmək şansım olacaq. Onun fəlsəfə qoxuyan mətnlərinə sarılaraq onun necə antisemit ədəbiyyat yaratdığına və elə bir zəkanın Nobel almadan ölə biləcəyinə inanmadım. Halbuki dünyanın bizim arzularımızı reallaşdıran bir yer olmadığını çox gözəl bilirəm...

Kitab... Dünyada heç bir qüvvənin qarşısında dura bilmədiyi söz ordusudur kitab. Müharibələrdən güclü, insanlardan uzun ömürlü, əbədilik təravəti saçan kitablar. Onlar yalnız qiymətli olduqları üçün deyil, onları qiymətləndirən insanlar var olduğu üçün bu gün mövcuddurlar. Əgər sabah bəşəriyyəti kamillikdən uzaq tutmaq istəyiriksə ilk növbədə ona kitab oxumağı qadağan etməliyik. Kitablar. Bizi keçmişə və gələcəyə bağlayan iplərdir. Bu ipləri mühafizə etmək isə bizim borcumuzdur.

0




daha çox