Şam Ağacı

Mirzəbəy Əzimli

sham-agaci

Yenə həminki yerdəyəm. Oturub, bezmədən saatlarla söhbət etdiyimiz bax həmin küçədə. İllər doğurdanda hər şeyi dəyişirmiş. Fəsillərin yorğunluğu saçıma dən çilədi, əllərimi qüvvətdən saldı, gözlərimin nurunu aldığı kimi səni də məndən aldı. Amma, deyəsən, xatirələr yada düşdükcə zamanı geri qaytara bilməsə də, içimdə olan ümidi geri qaytarmağı bacarmışdı. Bilmirəm, inanacaqsan, ya yox, qeyri-şübhəsiz özümü əvvəlki tək cavan və gümrah hiss edirəm. Yəqin bu səbəbdən səni yenidən görəcəyimə dair xof məni buraya gətirib çıxardı. Yenə səni gözləyirəm. O gənclik ruhunu, bəmbəyaz əllərini, heç vaxt unutmayacağım qəribə təbəssümünü yenidən görmək kaş mənə qismət olaydı. Gözlərinə baxdıqda yenə nitqim quruyardı,lakin özümü bu dəfə itirməzdim.Demək istədiklərimi qəti çəkinmədən sənə söylərdim. Ax, indi hardasan bəs? 

De mənə, səni görməyə gələcəyəm dediyimi bu qədər mi tez hafizəndən sildin? Qəddar müharibə səni məndən almayaydı gərək. Ölüm şaiyələrimi bu qədər tez sənə çatdırmayaydı. Yəqin, bu uzun illər məni kağızı bükən kimi sənində parlaq üzünə qırışlar salıb. Amma sanma ki, daha gecdir. Bəlkə də evlisən indi. Uşaqların, isti ocağın, yaxşı ərin var. Mənsə, hələdə o günlərə sənin olmadığın qədər sadiqəm.
Addımlarımı sürətləndirib küçəni tərk etməyə tələsdim. Qaldığın köhnə məhəllədən olan qonşular artıq səkkiz ilə yaxın olar ki, buradan köçdüyünüzü söyləyirdi.Nə edə bilərəm ki daha? Qınamıram səni. Hətta keçmişin xatirələrini özünə bəzək edən küçəmiz belə dəyişilib.

Xatırlayıram, əvvəl burada həmişə oturduğumuz skamya vardı. Skamyaya yay aylarında kölgə salan bir şam ağacıda vardı. Hər şey dünənki kimi yadımdadır, ağacın gövdəsinə baş hərflərimizi yazmışdıq. Təbii ki, ətrafdakılarında marağı az idi, çünki köhnə xarablığın həyəti sayılırdı ora. İndi burda yüksək bina ucalır. Skamya daha yoxdur. Nə də ki, o şam ağacı.

Hava qaralır. Günəşdə qürub edir. Sanki hər şeyi hiss edirlər, onlarda öz axarlarında hər şeyi bitirirlər. Mənə də elə bu düşür.

0