Kitablar pula layiqdir

Nyu-Yorkda yaşayan iyirmi altı yaşlı kasıb qızdan...

kitablar-pula-layiqdir

Kitabın dəyəri haqda danışmadan əvvəl bir neçə məsələni aydınlaşdırmaq istəyirəm:

1. Mən varlı deyiləm. Heç vaxt olmamışam və əgər lotereya udmasam, ya da varlı kişiyə ərə getməsəm, başqa nə ola bilər bilmirəm (çox xahiş edirəm, bu barədə mənə kömək edin) ola bilsin, bundan sonra heç vaxt varlı olmayım.

2. Həm oxuyub, həm də işləyirdim. Məzun olduqdan sonra öz məişətimi özüm təmin eləməyə başladım. Düzdür, işləmək asan deyil və mən pulun qədrini yaxşı bilirəm. Günlərlə işləyib minimal əmək haqqı qazanmağın, pul çatmır deyə oturub ağlamağın nə demək olduğunu başa düşürəm.

3. Kollecdə oxuyanda yazıçılıq dərnəyinə getmişəm. Yazmaq çətin iş imiş. Nöqtə.

4. Nyu-Yorkda yaşayıram, ABŞ-da evlərin ən bahalı olduğu şəhərdə. Bapbalaca mənzil üçün hər ay bir ətək pul verməli oluram. Əgər mağazaların endirim dövrünə düşməsəniz və qarnınızı bir dollarlıq pitsa ilə doyurmursunuzsa, yemək-içmək yaman baha başa gəlir. Buna baxmayaraq, buradan xoşum gəlir. 

5. Mən nəşriyyatda işləyirəm. Bilirəm, indi nə düşünürsünüz: çox güman, bizə kitab satmağa başlayacaq. Kitaba pul xərcləməyi tələb edəcək. Xahiş edirəm, əvvəlcə bir dinləyin. İki şeyi bilməyiniz vacibdir: a) nəşriyyat işçisi çox pul qazanmır və b) bu sahədəki insanlar sırf sevdiyi üçün bu işi görürlər. Yəni mütaliə bu sahənin insanına bu və ya digər şəkildə təsir edib.

Hər nə qədər çətinlik çəksəm də, hələ də inanıram ki, hər insanın aylıq büdcəsində kitaba yer olmalıdır. Neçə kitaba? Bu insandan aılıdır, mənim kimi bir adam ayda bir kitab.

Riyaziyyatda qiymətlərim heç vaxt yaxşı olmayıb. Düzünü desəm, mən hələ də nə qədər bəxşiş verəcəyimi, 20% faizin nə demək olduğunu başa düşməkdə çətinlik çəkirəm. Hətta iki üstə gəl beşi hesablayanda telefonu açıram. Ancaq onu bilirəm ki, mən kofeni çox sevirəm. Yəqin deyirsiniz, bunun riyaziyyata, ümumiyyətlə, məsələyə nə aidiyyatı var? Şəhərdə bir stəkan buzlu kofenin qiyməti $3,50 (5,95 AZN)-dır. Bunu yeddi günə vuranda $24,95 (42,415 AZN) olur. Beləcə, mən bir həftəyə qalın cildli bir kitabın pulunu kofeyə vermiş oluram.  

Bilirəm, kofe, həyatın ən minimal zövqlərindən biridir ki, çoxları bundan imtina etməyə hazır deyillər. Deyək ki, iki gün kofe almır, evdə hazırlayıram (və ya işdəki pulsuz verilən iyrənc kofeni içirəm). Bunda qazanacın nədir? Həftədə $7,45 (12.665 AZN) cibimdə qalacaq. Dördə vurun, ayda $29,80 (50.66 AZN) edir. Bu pulla asanlıqla qalın cildli bir kitab alıb rəfimə qoya bilərəm.  

Ya da, deyək, həftədə üç dəfə restoranda yemək yeyirəm və orta qiymətlə $15 (25,5 AZN) xərcləyirəm (bu qədər ucuz deyil, amma məsələn).  Demək, həftədə mən $45 (76,5 AZN) restorana verirəm. Əgər həftədə birindən imtina eləsəm, $15 (25,5 AZN) qənaət eləmiş olacağam. Bu pulla yumşaq cilddə də olsa, yeni çıxan bir kitab almaq olar.   

Kitablar pula layiqdirlər. Arxada oturanlar üçün bir də təkrar edirəm. Kitablar. Pula. Layiqdirlər.

Bir kitabı ərsəyə gətirmək üçün pərdə arxasında o qədər insan zəhmət çəkir ki, mənə elə gəlir, çoxu bundan xəbərsizdir. Yazıçılar, redaktorlar, naşirlər, marketoloqlar, illüstratorlar, dizaynerlər. Hər səhifədə, hər cümlədə və hər sözdə çox böyük əmək var.

Hər oxucu kitabxana fanatıdır və buna dəstək olmaya həmişə hazır olmalıdır. Şəxsi kitabxananızı çox sevirsinizsə, arabir kitab mağazalarından kitab alaraq kitab sahəsinə dəstək verə bilərsiniz.

Kitabların həyatınıza, ailə üzvlərimizə, dostlarımıza və ümumiyyətlə, dünyaya təsirini düşünün. Kim olduğunuzu və həyatdakı missiyanızın nə olduğunu öyrənməyinizə kömək edən kitabları təsəvvürünüzə gətirin. Kitabın empatiya və qarşı tərəfi anlama imkanını və xəbəri olmadan səhifələrdə özlərini tapan, özlərini tanıyan insanları düşünün. Mütaliə sayəsində qurtulan həyatları düşünün.   

Kitablar qeyri-müəyyənlik qarşısında qalan insanın yeganə qurtuluşudur. Kitablar uzun illər cəmiyyəti formalaşdıran “skelet”, insanları və onların həyat təcrübələrini bir-birinə bağlayan bağ olub. Kitablar qayğıya, sevgiyə və təşəkkürə layiqdir. İndi və həmişə.

Növbəti dəfə bir neçə dolları əhəmiyyətsiz bir şeyə xərcləyəndə kitablar haqqında düşünün. Bir kitab mağazasına baş çəkin, oranın abı-havasını hiss edin, kitabı əlinizə götürüb çəkisini duyun.

Kitab sahəsində işləməyim kitablara inamımı daha da gücləndirdi. Ümid edirəm ki, bir gün, gələcəkdə daha çox insan kitabın dəyərini anlayacaq.

Cessika Mitsi

Müxtəsər

www.readitforward.com

Tərcümə etdi: Mustafa Ruşan

0




daha çox