Nicat Kazımov: "O ana qədər özümə yazıçı deyə bilmirdim."

Fabula.az

nicat-kazimov-quot-o-ana-qeder-ozume-yazici-deye-bilmirdim-quot

Mustafa Ruşan: "Nicat Kazımov adı, yəqin, oxuculara yad deyil. Bilirəm, çoxu ya bu adı ötəri olsa da, eşidib, ya da yaxından tanışdır... O həm yazıçı, həm də naşirdir. Mədəniyyətimizi qərb aləminə tanıtmağa çalışır. Lakin bu müsahibədə Nicat bəyin naşirliyindən deyil, fransız, rus və Azərbaycan dillərində dərc olunan romanından danışmaq istədik. Bilirəm, çoxunuz "Rəngli daşlar" romanını oxumusunuz?! Mən də oxudum, suallarım yarandı. Sağ olsun, Nicat bəy suallarıma böyük səmimiyyətlə cavab verib. Buyurun, ümid edirəm, romanla bağlı maraqlandığınız sualların cavablarını taparsınız. Müsahibədə Cənubi Azərbaycandan, madam Floradan, romanın baş qəhrəmanı Əfşardan, rəngli daşlardan danışdıq..."

  1. Romanı yazma fikri necə yarandı? Bilirik ki, siz Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının qurucususunuz, roman nəşriyyatdan əvvəlmi, sonramı yazılıb? Romanmı nəşriyyat fikrinə təsir etdi, yoxsa, əksinə, nəşriyyatın qurulması romana təkan verdi?

Romanı 2015-ci ildə yazmışam. “Rəngli daşlar”ı yazana kimi artıq mütaliə siyahımın genişləndiyini hiss edirdim və bu romanı yazana kimi bir çox hekayələrlə özümü sınağa çəkirdim. Yəni yazdığım hekayələr Azərbaycanda 2013-2015 illər arası olduqca çox oxunurdu, artıq özümü daha sanballı bir üslubda sınamağa qərar vermişdim. Buna təkan isə Korsika adasında bir il yaşamağım oldu. Orada yaşayan tək azərbaycanlı idim və fransız cəmiyyətində müşahidələr aparırdım ki, Lafayeti doğru təsvir edə bilim. Təkan isə romanda da mövcud olan Madam Flora ilə tanışlığım oldu. Həmişə soruşurlar, bu kitabdakı hadisələr olmuş hadisələrdir, ya təxəyyül məhsuludurʔ Mənim isə cavabım həmişə hazırdır: “Madam Flora real bir obraz idi və o, əsərdəki kimi gözəl bir qadındır.”

“Rəngli daşlar” romanı “Kəpəz” nəşriyyatından əvvəl yazılmışdır və “Kəpəz” nəşriyyatının yaradılmasını da məhz bu romana borcluyam. Kitabın təqdimatında bir fransız xanım başqa Azərbaycanlı yazıçılarla da tanış olmaq istədiyini bildirmişdi, mən isə mağazalarda və ya kitabxanalarda tapa bilməyəcəyini bildirmişdim. Mən də, niyə də yox deyib, işə başlamışdım. Proses müddətində isə həmtəsisçi dostlarım da nəşriyyata maraqlı oldular və hamımız birlikdə bu nəşriyyatın əsasın qoyduq. Bu gün artıq 11-ci kitabımız nəşrə hazırlanır.

  1. Romanı ilk dəfə hansı dildə yazmısınız? Ümumiyyətlə, hər üç dildə də siz yazırsınız? Yoxsa tərcüməçidən istifadə eləmisiniz?

Romanı fransız dilində yazmağa cəhd göstərirdim, amma yazarkən elə məqamlar olurdu ki, gərək ki, onu ancaq öz ana dilində ifadə edəsən. İnsan öz hisslərini yad dildə yox, doğma dili ilə yaşayır. Rəngli daşlar da müxtəlif hisslərin bir araya toplanması idi. Bəzi yerlərini fransız dilində ifadə etmək mümkün idi, lakin bir çox həssas məqamları Azərbaycan dilində yazmışdım. Sonra isə fransız dili müəllimim və dostumun köməyi ilə romanı tam fransız dilinə çevirdik. Redaktə prosesindən sonra cəmi üç nəşriyyata göndərdim və onlardan birindən müsbət cavab aldım. Kitabın çap olunacağını biləndə hər halda özümü dünyanın ən xoşbəxt insanı kimi hiss etmişdim. Çünki, bu ölkədə çap olunmaq, nəşriyyat tərəfindən qəbul olunmaq elə də asan məsələ deyildi. Çünki yeni yazıçılara çox da qapı açılmır, xüsusilə də xarici olasan. Məni sırf fransız bir nəşriyyat çap edəcəyi üçün sevinirdim. O ana qədər özümə yazıçı deyə bilmirdim, həvəskar görürdüm, amma yazmış olduğum süjet, hisslər fransız nəşriyyatda kitabı oxuyan insanlara da təsir etmişdi. Beləliklə, “Rəngli daşlar” romanı çap olundu. Sonra məlum oldu ki, fransız dilini bilən bir rus iş adamı necəsə mənim kitabımı alıb oxuyub və Moskvada bir tədbir zamanı mənim “Rəngli daşlar”dan sitat gətirib. Tədbirdə iştirak edən Rusiyanın Hüquq Mərkəzi nəşriyyatı kitabımı araşdırıb, özləri fransız nəşriyyatdan müəllif hüquqlarını əldə edib, mənə müraciət etdilər. Mən isə onlara kitabı rus dilinə çevirmələrinə köməklik göstərdim. Azərbaycan dilindən rus dilinə tərcümə etdilər. Sadəcə kitabın bəxti gətirdi və bu gün həmin roman həm Fransada, həm də Rusiyada mövcuddur. Öz ölkəmizdə kitabın satışı və çapı üçün nəşriyyat tapa bilmədiyimdən pdf versiyasını oxucularla paylaşdım. Hər oxuyan şəxs kitabın çap olunmasını arzu edir, hələ də oxunur və əminəm ki oxunulacaq.

3.Romanın böyük bir hissəsini Cənubi-Azərbaycana həsr etmisiniz. Niyə məhz bu coğrafiya? Cənubi Azərbaycan sizin üçün nə ifadə edir?

Buna əsasən iki məqam var, bir azərbaycanlı olaraq həmin o coğrafiyanı tanımağım idi. Həmişə düşünürəm ki, ədəbiyyat sərhədsiz olmalıdır, Cənubi-Azərbaycan, İran isə mənə görə sərhədləri aşmaq idi. İkinci  məqam isə fransızlara göstərmək istəyirdim ki, Azərbaycan bir neçə milyonluq kiçik bir ölkə deyil, əslində onun tarixi çox keçmişlərə dayanır və ərazimizi Gülüstan və Türkmənçay müqavilələri ilə bölüblər, Qarabağ savaşında da işğal ediblər.

Azərbaycandakı tarixi və siyasi konteksti, Cümhuriyyəti və müstəqil Azərbaycanı göstərdikdən sonra süjetin əsas hissəsini İrandakı azərbaycanlıların azadlıq hərəkatı üzərində qurdum. İstəyirdim ki, fransızlara məlum olsun ki, bizim tariximiz 1991-ci ildən başlamır.

Bir dəfə bir oxucu ilə görüşdüm. Onu ilk dəfədir görürdüm və görüşə bir dəftərlə gəlmişdi. Həmin dəftər mənim yazdığım kitabdan qalın idi. Dəftərlə tanış olanda gördüm ki, kitabda nə yazmışamsa hamısını araşdırıb. Türkmənçay müqaviləsini, adı çəkilən tarixi şəxslər - Rəsulzadə, Səttərxan, Xiyabani, Pişəvəri, yer adları - mənə suallarını da verdi. Bu zaman doğru bir şey etdiyimin tam fərqinə vardım. Şimallı-cənublu Azərbaycanın mədəniyyətini çatdıra bilmişdim.

4. Romanda təsvir elədiyiniz səhnələrin birində deyirsiniz ki, İranda fars və türk yaşayış kvartalları bir-birindən ayrılmışdı. Bu, həqiqətən, belədir? Bu haqda nə deyə bilərsiniz?

Hər şeydən əvvəl bu kitab bədii bir əsərdir və dokumental bir kitab deyil. Bədii əsərdə təxəyyülə limit olmur. Amma yenə də bu kimi fikirləri, romanı yazdığım müddətdə cənubi azərbaycanlı mühacirlərdən onlayn şəkildə yardım istəyirdim, onların danışdıqlarına əsasən mən bunları qeyd edirdim. Qaranlıq məqam olanda da araşdırırdım. Amma bu təəccüblənməli bir məsələ deyil. Dünyanın bir çox ölkələrində millətlər kvartallara ayrılır. Məsələn Belçikada məşhur bir kvartal var ki, orada ancaq Türklər yaşayır və ya Fransada da elə şəhərlər var ki, orada ərəblərin özünə məxsus məhəlləsi var.

5. Bir yerdə deyirsiniz ki, “Rus-Əfqan müharibəsində İranın siyasəti türk torpaqlarına əfqan xalqını yerləşdirmək idi.” Bu haqda məlumat verə bilərsiniz?

Bayaq da qeyd etdiyim kimi “Rəngli daşlar” romanı tarixi bir oçerk deyil. Bu kimi kontekstlər cənublu obrazların dilindən verilir. Bu rəsmi olaraq belə olmaya da bilər, amma faktiki müharibə zamanı əfqan ailələri Cənubi Azərbaycana yerləşdirilirdi. Bu köçürmə siyasəti böyük imperiyaların daima istifadə etdiyi bir metoddur ki, orada genofond qarışıq düşsün, kimsə torpaqlara tam yiyələnə bilməsin. Bunu çar Rusiyası da, Osmanlı da və bu başqa imperiyalar da daima edirdi. İranın da köçürmə siyasəti obrazların dili ilə desək buna hesablanmış ola bilərdi.

5.Əsərdə mənə ən çox təsir edən balaca əfqanlı Malikin hekayəti oldu. Onun əhvalatı real hadisələrə əsaslanır, yoxsa təxəyyülünüzdür? Ümumiyyətlə, bu personaj və ailəsi, xüsusilə də, anası haqqında nə deyə bilərsiniz?

Kitabın doxsan faizi təxəyyüldür, lakin qeyd etdiyiniz məsələni mən yaxın qohumum Əfqan-Sovet müharibəsində iştirak Sovet Ordusunun zabiti idi və bunu o mənə danışmışdı. Mövzuya uyğun gəldiyindən bu mövzunu da istifadə etmişdim.

6. Romanın baş qəhrəmanının adı Əfşardır. Bu adı seçmənizdə xüsusi bir məqsəd vardı? Niyə məhz Əfşar?

Ona görə Əfşar ki, mən onu Azərbaycanın sərkərdəsi kimi İran coğrafiyasına hökmdarlıq etməsini göstərə bilim. Əgər İrandakı azərbaycanlılardan və onların tarixindən danışırıqsa, mütləq gərək Nadir Şah Əfşarın adı da çəkilsin. Əfşarın atası oğluna ad qoyanda bu kontekst orada çox yaxşı izah olunur.

7.Romanda ən maraqlı ideyalardan biri də əlvan daşlar fikri idi. Madam Floranın rəngarəng daşlar kolleksiyası var. Hər daş bir ölkədən gətirilib. Madam Flora vaxt-vaxt daşları yerə töküb üstünə çıxır və “Bütün dünya ayaqlarımın altındadır” deyir. Bu ideya barədə nə deyə bilərsiniz? İnsanın belə bir rituala niyə ehtiyacı ola bilər?

Madam Floranın real bir şəxs olduğunu vurğulamışdım. O səhnə mənlə Madam Flora arasında yaşanan tam gerçək bir səhnə idi. Həmin vaxt mən çox təsirlənmişdim və nə zamansa roman yazsam, adını “Rəngli daşlar” qoyub bu situasiyanı oxucularıma çatdırmaq istəmişdim.

Madam Flora "Rəngli daşları" oxuyarkən

8.Əfşar Fransaya qaçdıqdan sonra İranda apardığı mübarizəni dayandırır. Elə bil onun, ümumiyyətlə, belə bir keçmişi olmayıb. Bunu necə izah edirisiniz?

Niyə belə düşündüyünüzü bilmirəm, çünki roman boyunca ona gələn məktublar, ölkədən deportasiya olunma ehtimalı və s. hamısı buna bağlı idi. Sonra  başına elə işlər gəlir ki, bu barədə düşünməyə vaxtı da çata bilməzdi. Onun anasına qarşı duyduğu həsrət, atasını itirmə xəbəri, bacısının ailəsində olduğu problemləri bilməsi elə onu məhv edirdi. Hətta o bilmədiyi səbəblərdən dəlixanaya qapadıldığında daima mübarizə yoldaşlarının ruhunu görürdü. Başqa cür də ifadə etsək, yad bir ölkədə daima heç vaxt əli çata bilməyəcəyi anasını və ailəsini düşünməsi elə öz yaşadığı ölkəyə bağlılığı idi.

9.Romanda Əfşar belə bir söz işlədir: “Övladım vətənim oldu”. Bu məni düşündürdü. Bir az izah edə bilərsinizmi?

Timur. Başqa bir türk sərkərdəsi adı. Ona görə belə yazmışam ki, vətənindən didərgin düşən Əfşar övladı olduqdan sonra, yeni bir ailə tam formalaşır. İnsan öz övladını qucaqlayıb bağrına basarkən bütün dərdlərini unudur, dünyanın elə bil dönüş tərzi dəyişir və hər şeyi övladın üçün etmək istəyirsən. Əminəm ki, vətən sevgisi və həsrəti tələbatını Əfşar övladı ilə çıxarırdı.

10.Romanı yazarkən xüsusilə müraciət elədiyiniz ədəbiyyat oldumu?

Romanı yazmamışdan əvvəl fasiləsiz kitablar oxuyurdum. Ordubadinin “Dumanlı Təbriz”i, Kazıminin “Qorxulu Tehran” romanı iki cilddə, Amin Maaloufun “Səmərqənd”i, Əziz Cəfərzadənin “Bakı 1501”. Bir də çox sayda ümumi tarixi kitablar oxumuşdum İran ilə bağlı.

11.Sirr deyilsə, yeni roman üstündə işləyirsiniz?

Bəli hazırda işləyirəm, bu dəfə isə II Dünya Müharibəsi ilə müasir günümüzü bağlayan bir süjetin üzərində işləyirəm. Ümumi desək, atasının vəsiyyəti ilə öz irsini araşdıran bir alman polis komissarı gəlib çıxır Naxçıvana və məlum olur ki, onun babası Legioner olub. Yəqin ki, il sonuna yekunlaşdıracağam.

12.Son olaraq, oxucular üçün sizdə dərin izlər buraxan beş roman adı çəkə bilərsiniz?
 

Milan Kundera  -  “The unbearable lightness of being”

Uwe Timm – “Midsummer Night”

Anton Chekov – “Sakhalin Island”

Hüseyn Abbaszadə - “Haradansınız Mösyö Abelʔ”

Amin Maalouf  - “Balthasar’s Odyssey”

Müsahibəni götürdü: Mustafa Ruşan
 

0