Solaris

Qəfər Rüstəm

solaris

Andrey Tarkoviskinin şah əsərlərindən olan “Solaris” filmi elə Solaris planeti kimi sual və cavabların həlməşiyi kimidir. Cavabsız qalan suallar, çoxqatlı izahı olan səhnələr insanı bu film üzərində dönə-dönə fikirləşməyə vadar edir.

Psixoloq Kevin Solaris planetini öyrənən komandaya kömək etmək üçün kosmik stansiyaya yollanır. Film adi həyat səhnələri ilə; anidən yağan yağış, qaçan at, yosun basmış göl səhnəsi ilə başlayır. Bu adi insan həyatıdır, yəni xoşbəxt insanın, yəni həyatın mənasını sorğulamayan, insanın kim olduğunu eyninə almadan gündəlik qayğılarla həyatını başa vuran insanların həyatı.

Kevin vəzifəsini icra etmək üçün kosmik stansiyaya gedir. Bu gediş yavaş-yavaş sorğulamağa başlayan, ətrafında və daxilində baş verən hadisələrin fərqinə varmağa başlayan insandır. Bu elə bir səyahətdir ki, cavab tapmaq müşkül məsələdir. Bəlkə də, heç cavab yoxdur.

Stansiyadakı adam, Snaut ona satnasiyada sadəcə üç nəfər olduqlarını, başqa kimi görsə, onların gərçək olmadığı barədə xəbərdarlıq edir. Gördüklərinin gərçək olmamağı, gözünlə müşahidə etdiklərinin varlığına şübhə ilə yanaşmaq insanı həm qorxudur, həm də öz varlığını belə şübhə altına salır. Gördüklərimiz gərçək deyilsə, biz gərçək sayıla bilərik mi? Belə bir skeptik aurada həqiqət axtarmaq qaranlığa daş atmaq kimidir, hara gedib dəyəcəyini təxmin etmək qəti mümkün deyil.

Kevin on il əvvəl ölən, əslində, intihar edən arvadı Hari ilə qarşılaşır. Hari Kevinə onu xatırlayıb-xatırlamadığını soruşur. Kevinsə xatırladığını, daha çox özünü kədərli hiss edəndə onu yada saldığını deyir. Bu keçmişə, xatirələrə Prustsayağı yanaşmadır. Keçmiş heç də olduğu kimi bizim yaddaşımıza həkk olmayıb, biz onu istədiyimiz kimi inşa edirik. Hər dəfə yenidən inşa etsək də, onun iztirabları, ağrıları bizi heç vaxt tərk etmir.

Haşiyə kimi əlavə etmək istərdim ki, Tarkoviskinin davamçılarından olan Nuri Bilgə Ceyhanın “Bir zamanlar Anadolu” filimində də qəhrəmanın arvadı xəyanət səbəbi ilə intihar edib. Hər iki personaj keçmişin verdiyi günahkarlıq hissinin təsirindən heç vaxt çıxa bilmirlər. Şüurlarının bir balaca susduğu yerlərdə zehin və şüuraltının dərinliklərinə gömdükləri o iztirablar yava-yavaş üzə çıxır. Və hər iki adam öz gərçəkliklərini həmin suçlar üzərində analiz edə bilirlər. Hər iki qadın iki personaj üçün özünü dərk etmə, insan olmağın dəyər və ağırlıq meyarı kimi ortaya çıxır.

Kevin bir də anasıyla üzləşir. Həm həyat yoldaşı Hari, həm də ana obrazı Kevinin özünü dərk etmə mərhələsində vacib rol oynayırlar. Anası Kevinin kirlənmiş əl-qolunu ağappaq ləyəndə tərtəmiz suyla yuyur. Bu kirlənən insan vicdanın təmizlik axtarışıdır. Bəlkə də, pozitivist dünyanın içində məna arayışıdır. Qadınlar dünyasının mistik, sevgi dolu dünyasında qərq olub gərçəklik deyilən qorxunc dünyaya göz yummaqdır.

Hari kim olduğunu bilmir və Kevinə sadə bir sual soruşur “Sən kim olduğunu bilirsənmi?”. Kosmosu kəşf etməyə çalışan insana belə sual soruşarlarmı heç? İnsan kim olduğunu bilmirmi?

Kosmik stansiyadakı iki nəfər ağlı və elmi, Kevin isə vicdan və qəlbi təmsil edir, məncə. Kevin pozitivist yanaşmalar içində insanın necə boğulmağının simvoludur. Eşqi, sevgini, bütün insani hisləri hormon və kimyəvi proseslərlə açıqlayan elm qarşısında insan çır-çılpaq qalmırmı? Bu həqiqətdir yoxsa yox? Yoxsa biz bu beton kimi soyuq həqiqətlərdən qaçmaq üçün incəsənəti, inancı, həyatın sirrini kəşf etmişik? Kim gərçəyi təmsil edir: Kevin yoxsa digərləri.

Əgər dünya bu qədər banal və asanlıqla formalaşdırıcı bir yerdirsə, həyatın bizim bilmədiyimiz bir mənası yoxdursa, onda sənətin dəyəri nədir? İnsanı insan edən vicdan mexanizmi nəyə lazımdır. Solarisin yaratdığı Hari ilə gərçək Harinin heç bir fərqi yoxdur, sadəcə keçmişdən başqa, elə ona görə də o bəlkə daha həqiqidir. Saf, keçmiş nağılından qurtulmuş sadə insan. Lakin o da əzab çəkir, sevir, Kevinə görə özünü qurban verir. İndi bütün bunlar nə ifadə edir. İnsanı insan edən kosmosa çıxmaq, robotlar yaratmaq ehtirasıdır, yoxsa sevən əzab çəkən zərif və zəif tərəflərimi? Snautın sözü cavabı daha da mürəkkəbləşdirir, o deyir ki, biz, əslində, kosmos zad kəşf eləmək istəmirik, dünyanı genişlətmək istəyirik.

Hari Solarislə kosmik stansiya arasında bir əlaqədir. Ancaq o da stansiyadakı iki adamı vicdansızlıq və daşürəkliliklə suçlayır. Kevini sevdikcə artıq insanlaşıdığını hiss edir. Kevin də Harinin üzərində hər hansı təcrübə aparmağa imkan vermir. Burada Tarkoviski gələcəkdə insan və robotlar arasındakı münasibətə toxunur, məncə. Suni intellekt tədqiqatları inkişaf etdikcə hiss edən, şüurlu robotlar istehsal olunancaqsa, onlara qarşı əxlaqi normalar müəyyən olunubmu?

Son səhnə filmin ən mürəkkəb yerlərindən biridir. Kevin kosmik stansiyada vəzifəsini bitirib geri qayıdır. Atası yenə evdədir və evin içinə göydən su boşalır. Kevin atasının önündə diz çöküb ayaqlarını qucaqlayır. Sanki bütün olanları bilə-bilə görmək istəmir. Keçmişə, uşaqlığına, anasının mərhəmətinə, atasının qayğısına tutunur. Çünki bütün bu səhnələr elə Solarisin içində baş verdiyi görülür. Kevinin dünyası Solarisin içində kiçik bir hissədir. Filmin bu səhnə ilə paradoksal zəminə oturur. Yaşadığımız dünya həlməşik bir qüvvənin içində səhnələşdirilir, yoxsa Solaris elə beynimizin içindədir? İstər solipsist yanaşma, istərsə də hər hansı qüvvə tərəfindən həyatımızın hər anının yaradılması versiyasında insan aldanır, heç bir şey göründüyü kimi deyil. Gərçək yuxu qədər həqiqətdir.

0