Yaşar Bünyad: "Uşaqlara ona görə nağıl danışırıq ki, böyüyəndə başqa nağıllara da inana bilsinlər."

Fabula.az

yashar-bunyad-quot-ushaqlara-ona-gore-nagil-danishiriq-ki-boyuyende-bashqa-nagillara-da-inana-bilsinler-quot

Yaşar müəllim, sizin mətniniz xüsusilə dil gözəlliyi ilə seçilir. Bunu nəyə borclusunuz? Dili gözəlləşdirmək mümkündürmü?

Dilə görə birinci anama, nənəmə atama borcluyam ki, onlar bu dili mənə öyrədiblər. Sağ olsunlar ki, indi heç olmasa, mənim ana dilim Azərbaycan dilidir.

Bəs dili gözəlləşdirmək mümkündürmü?

Əlbəttə ki. Mən həmişə çalışıram ki, yeni bir dənə söz çıxarım ortalığa. Nə vaxtsa indiki gənclərimizə lazım ola bilər. Hansı ki, o yaddan çıxmış sözlər var e onlar. O şirinlik nədən gəlir, düzü, heç özüm də bilmirəm. Elə vaxt olur ki, cümlələri “şərbət kimi içmək olur, piroq kimi yemək olur” deyirlər. Belə sözlər var. Mənə elə gəlir ki, bunların hamısı yenə də ailədən gəlir: uşaqlıqdan, atadan, anadan. Onlar bizə hansı dildə danışmağı öyərdiblərsə, biz də elə danışırıq. Elə sağ olsunlar ki, belə gözəl dildə öyrədiblər. Yazmağı da ki, elə danışdığım kimi də yazıram. Belədir də (Gülür)

Müasir ədəbiyyatla tanış olmuşunuz? Gənc yazıçıların əsər dili barədə nə düşünürsünüz? Xüsusilə bəyəndiyiniz yazıçı varmı?

Demək olar ki, hamısını oxumağa çalışıram, ancaq bəyəndiyim... Həmid Piriyevin hekayələrini çox bəyənirəm, Ataqamı,  Mübariz Örəni, Zahid Sarıtorpağı ,rusdillilərdən Elçin Səfərli və Nicat Məmmədovu oxuyuram, bu yaxınlarda... (yaddan çıxdı) var, çoxdur, Azərbaycanda yazarlar çoxdur.

Dilləri necədir, sizi qane edir? Dilləri zəngindirmi? Nə çatışmır, ya da ki nə çatışır?

Dil zənginliyi belədir ki, Həmid yazır Bakı kəndlərinin ləhcəsində, dilində adama ləzzət edir. Bir vaxtlar Elçin Əfəndiyevin hekayələri var idi, – indikiləri çox oxumuram – amma keçmiş hekayələri var idi e “Toyuğun oğurlanması”, “Baladadaşın ilk məhəbbəti” belənçi xırda hekayələri, bax o dil məni o vaxtları tutmuşdu. Anardan çox Elçinin hekayələri məni çox cəlb eləyirdi. Özüm Şamaxılı olsam da, onun Bakı kəndlərindən yazmağı mənim çox xoşuma gəlirdi. İndi də Həmid o şirinliyi ilə məni tutub. Xırda hekayələr yazır, düzdür, amma çox gözəl dili var. Zahid də heç də, Zahid başdan-ayağa mifdir, mifologiyadır. Realist mifologiyadır onda. Markes kimi deyil, amma özünə xas yazı üslubu var. Çoxdur yazanlar...

Ümumiyyətlə, müasir ədəbiyyatımızı bir xülasə eləsək, siz necə baxırsınız, gələcəyi varmı? Sovet dövründə yaxşı idi, yoxsa indimi yaxşıdır? Belə bir müqayisə eləsək...

Bilirsiznizmi, Sovet dövründə ədəbiyyatın xüsusi bir istiqaməti var idi. Yazırdın, o xüsusi senzuralardan keçirdi, yoxlayırdın, hər şeyi çap eləyə bilmirdin. İndi imkanlar olduqca genişdir. Mən həmişə gənclərlə  oturanda deyirəm ki, sizin imkanlarınız daha genişdir, siz öz on səkkiz, on yeddi, iyirmi yaşında gənclərin həyatından, qızların, oğlanların həyatından daha güclü yaza bilərsiniz, nəinki biz. Biz artıq o mərhələdən keçmişik, biz ancaq öz gəncliyimizdən yaza bilərik, o dövrləri. Ancaq indikilər elə bil qorxurlar. Bilmirəm, nədən ehtiyat edirlər, nədən çəkinirlər, ancaq öz həyatlarını yazmaq istəmirlər. “Çovdarlıqda uçurumdan qoruyan”, Selincerin uşaqların həyatından yazdığı romanı oxuyursan, bəlkə, mən onu on dəfə oxumuşam. Niyə görə, burda elə bir mövzu da yoxdur. Amma yeniyetmə dövründəki uşaqların həyatını elə gözəl verib ki... Bizimkilər niyə yazmırlar. Öz həyatınızı yazın da. Nə vaxta kimi meyxana yazacağıq, məni indiki gənclərin meyxanaya, bəzi bu şit tamaşalara, seriallara baxmağı qane eləmir. Bilirsən, bir tərəfdən o yazma qabiliyyəti olanların da zövqləri itir, elə bil korlayır. Fikirləşir ki, mən də yazsam, belə səviyyədə olacaqsa, heç yazmayım. Ancaq ümidli cavanlarımız çoxdur. Mən daha çox hekayələr oxuyuram, saytlarda gedən, “Ədəbiyyat qəzeti”ndə , “Azərbaycan jurnalı”nda çıxan yazıları. Gələcəyi Azərbaycan ədəbiyyatının çox güclüdür. Bizim bir dənə nöqsanımız var, Azərbaycanda tənqidçi yanaşması zəifdir. Tənqidçi yanaşması olsa, o gənclər də çıxar ortalığa. Onları tənqidçi idarə eləməlidir. Ümumiyyətlə, mən həmişə belə demişəm tənqid ədəbiyyatın işıqforudur. Qırmızı işığı yandı, dayanmalısan, onlar həmişə gərək yaşıl işığı yandırmalıdırlar. Hamıya yolu göstərələr ki, belə getmək lazımdır. Eləmirlər, yoxdur. Çoxunun  məqsədləri nədir, bilmirəm, amma görünən odur ki, Azərbaycanda ədəbi-tənqid qənaətbəxş deyil. Mən ciddi ədəbiyyata gec gəlmişəm, özümə görə gileylənməyim haqsızlıq olardı. “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan” jurnalında çap olunan hekayələrimi Elnarə xanım Akimova və Cavanşir Yusifli kimi sanballı tənqidçilərimiz təhlil edib dəyər veriblər. Sağ olsunlar. Ancaq romanlarıma hələ də diqqət çəkən tənqidçi yoxdur. Ümid edirəm...

Bir qədər mövzunu dəyişək, romanda Cəvahir  xalanın əhvalatı realdırmı? Bu barədə bir az məlumat verə bilərsiz? Ümumiyyətlə, romanının real hadisələr əsasında yazılıb?

Ümumiyyətlə, bir şey deyim ki, mən nə yazmışamsa, onun hamısı real hadisələrdir. Bu sualları mənə verirsinizsə, deməli oxumusunuz. Diqqət yetirmisinizsə, həcmcə kiçik romanda çoxlu, müxtəlif xarakterli maraqlı obrazlar var. Heç biri təxəyyül məhsulu deyil. Çox romanistlər, hekayə yazanlar deyirlər ki, bunlar hamısı xəyaldır, təxəyyülümün məhsuludur uydurmadır, yox. Ola bilər mən hansısa boyalar, rənglər qata bilərəm hadisəyə. Ancaq Cəvahir qadının başına gələnlərin heç on faizini yazmamışam. Hamısını yazsaydım, yəqin, partlayardı. O hadisə gözümün qabağında olan şeydir. Onların hamısını açıb deyə bilmərəm. Ümumiyyətlə, bütün obrazlar prototipdir.   

Niyə açıb deyə bilmirsiz, Yaşar bəy?

Artıq elə şeylər var ki, onları açıb demək mənə elə gəlir, heç lazım da deyil. Nəinki düzgün deyil, heç lazım  deyil. 

Nədən çəkinirsiz?

Ədəbiyyatda nə çəkinmək?! O dövrlərdə mən yazmırdım, yazanlarımız susubsa, gecdir artıq, vaxtında yazmaq gərək idi...Ədəbiyyat elə ədəbiyyatdır da. Yalandan həmin hadisələri mən Azərbaycanda yox, Amerikada, Fransada göstərə bilərəm. Düzdürmü?! İndi çox adam elənçi eləyir. Hansısa hadisəni yazmağa çəkinir, ya da ehtiyat edir, götürür hansısa ölkədə adları da dəyişir, Əhmədin yerinə Armene deyir, ay nə bilim Armstronq eləyir. Guya xarici ədəbiyyata uyğunlaşdırır. Mən özümü rahat hiss eləyirəm onda ki, yazdıqlarım hamısı realdır. Olmuş hadisələr üstünə qurulub. Bir az deyirəm indi, rəng qata bilərəm, bəzəyə bilərəm, o ola bilər. Ancaq demək olar ki, üç kitab buraxmışam, orda olan bütün hekayələr də, roman da hamısı olmuş hadisələrdir. Realdır, obrazlar da hamısı realdır. Bir adlar başqa adlardır. O adamların hamının prototipləridir. Var, yaşayırlar, Rusiyada da var, Ermənistanda da var, Azərbaycanda da var həmin adamlar, insanlar. Yəni təxəyyül söhbəti deyil də bu.

Bəs onda belə bir söz soruşum, istər-istəməz bir yazıçı olaraq insanları analiz edirsiniz, hadisələri analiz edirsiniz, bir həqiqətlə qarşılaşanda ona dik baxa bilirsiniz? Yəni o həqiqət sizin özünüzlə, cəmiyyətinizlə, mentalitetinizin tamamı ilə tərs düşsə, onu belə təbliğ eləyərsiniz?

Niyə eləmirəm ki...

Yaxşı, bu özünü senzura elə bir şeydir, yoxsa tamam başqa bir şeydir?

Özünü senzura da, özünü tənqid də lazımdır.

Özünü senzura deyirəm. Deyirsiniz, bunu demirəm də. Bunu deməmə səbəbi ortada bir reallıq var, ağır reallıq ondanmı çəkinirsiniz?

Yenə deyirəm, çəkinəcək bir şey yoxdur. Quruluşumuz da elə bir quruluşdu ki, demokratik quruluşdur.

Sadəcə hükumət demirəm. Məsələn, deyək ki, bir fikir var və bizim əsas mentalitetimiz var da, təməl dayaqlarımız. Buna tərs düşməkdənmi çəkinirsiniz? İctimai qınağamı tutaşacaqsınız?

İctimai qınağı mən ümumiyyətlə nəzərə almıram. Nə üçün? Mənim üçün o qədər qınaqlı deyil. Mənim bir hekayəm var idi, onun haqqında elə şeylər yazmışdılar, göndərmişdilər ki.. Amma buna baxmayaraq, həmən hekayə “Ədəbi azadlıq” hekayə müsabiqəsində mükafata layiq görülmüşdü. Yəni var, bizim mentalitetə yaraşmayan şeylər. Bu romanın özündə məsələn, mənə iradlar tutmuşdular ki, bəzi səhnələrdən onu yazmasan, nə olacaqdı deyə. Dedim sən onu yazmaginən, iki gün get Sibirin çöllüyündə, qarın altında çovğunda, qiyamətdə qalginan, görüm onları sən eləmiyəcəksənsə, mən qulağımı kəsərəm. Yəni elə yerlər var ki, orda mentaliteti fikirləşmirsən axı. Reallıq, mühit, şərait, hadisə... özü səni məcbur edir bunu yazmağa. İndi ki obrazı gətirib bu şəraitə salmısan, onu olduğu kimi yaratmalısan. Ədəbiyyat elə budu. Oxumayan, iyrənən qoy oxumasın, lap söysün məni. İstəsəydim bəzi məqamlara görə +18 də yazdırardım iri şiriftlə. Yaxşı da satılardı. Eləmədim...

Gənclərlə köhnə mentalitetə uyğun şeylər görəndə o hislər keçirirsinizmi indiki cavanlar dəyişib, zəmanə dəyişib?

Həə, o var. Elə bir vaxt olur ki, etik normalardan kənar olanda, mən onu heç mentalitetlə də bağlamıram, etikadan kənar, ifrat dərəcədə avropalaşmaq belə-belə şeyləri görəndə məndə də bir balaca qıcıq yaranır. Amma baxıram ki, bu onu xoşluyursa, ətrafındakı beş-on adam onu bəyənirsə, mən ona niyə müdaxilə eləməliyəm?! Ancaq qınıyıram. Mənə elə gəlir, o mental dəyər deyil, insani hislərdir.

Yaşar bəy, mən də belə bir sual verim sizə, burda bir hissə var mən burda qeyd eləmişəm, qeyd olunur ki, nağıllarda biri olur, biri yox, həyatda isə yoxlar daha çoxdur. Biz indi nağıllarla böyümüşük və hal-hazırda da uşaqlar nağıllarla böyüyür. Burda da qeyd eləmisiz ki, hər şey nağıllardakı kimi deyil. Uşaqların tərbiyəsində biz onlara necə bir dəyər aşılayaq ki, onlar Qismət kimi olmasınlar, yalanlarla böyüməsinlər?

Ən birinci əmzikdən başlamalıyıq.  (Gülür) Uşağa biz birinci yalanı öyrədirik əmziklə. Ağlayan kimi uşağın ağzına, hop qoy, səsin kəssin uşağın. Bu artıq birinci yalandır, düzdür?! Uşağa qarşı əlimizin istisi, ilığı o da gedir. Yəni biz necə böyümüşük, bizim uşaqlığımız: ana həmişə uşağı yuyur batanda, təmizləyir, bələyir, bükür. O təmas var ha, onu indiki uşaqlar görmür.  “Pampers” o təmasdan məhrum edib uşaqları...O nağıl söhbəti var e biz bütün nağılları oxusaq, hamısında yalanı görürük də, istər-istəməz. Ancaq uşaq onu görmür axı. Uşaq ona inanır.

Biz niyə inandırırıq bəs? Onsuz da onun yalan olduğunu görəcək də. Real olanı deyək də.

Ay sağ ol. Elə söhbət ondadır da. Mən də onu orda ona görə yazmışam ki, adi bir göydən üç almanın düşməyi də yalandır. Üç alma ağacdan düşür,  kimlərə qismət olur?! Üçündən biri ya ağacın dibinə düşəcək, ya da Nyutonun başına. Nağılı da oxuyanda, onu uşağa öyrədəndə lap istəyir Andersenin nağılları olsun, bir az böyüyən kimi başa düşəcək ki, o nağıllar hamısı fantaziyadır, yalandır.

Böyüklərə də deyilən yalan yoxdur, sizcə? Bəs böyüklərə yalan?! Məsələn, vətən sevgisi özü bir az nağıla, yalana oxşamır?

Ən böyük yalançı elə böyüklərdir. O yalanları o nağıllarla uşaqların beyninə yeridiriksə, deməli, elə ən böyük yalançı bizik.

Ümumiyyətlə, bütün sevgilər nağıla, yalana oxşayır. Bütün sevənlər yalan deyir. Çünki məsələn, bir oğlan bir qıza vurulub, ya qa, əksinə. Dəhşət dərəcədə sevirlər bir-birini dəhşət dərəcədə. Bütün bunların hamısı gəlib axırda ehtirasla bitəndə o mücərrəd sevgi anlayışı ki var soyuyandan sonra sevgi bitir, olur öyrəşmək, uyğunlaşmaq... məsələn, elə bil ki, üç il, iki yaşayırlar bir-birləri ilə, sevirlər dəli kimi. Bir gün adi bir hadisənin ucbatından bunlar boşanırlar. Bunun nəyi sevgi oldu?! Bu mümkün olan şey deyil e sevgi əbədi olsun. Leyli Məcnun, Romeo Cülyetta  sevgisi fantaziyadır, görürsənmi bunların heç birinin əlləri bir-birinə qovuşmayıb. Bunlar hamısı elə uydurulmuş yalanlardır. Bu böyüklərə deyilən yalan. O yalana inanıb təzə bir yalan uydurmaq dəhşətdir.

Bəlkə də, uşaqlara ona görə nağıl danışırıq ki, böyüyəndə də o başqa nağıllara inana bilsin. Böyük nağıllara inana bilsin. Ola bilərmi?

Ay sağ ol. O yalanlara hazırlanmaqdan ötrü, bəlkə də. Qismətin babası ona nə deyir? Deyir ki, bir gün gələcək sən də öz nağıllarını uyduracaqsan... Mən ona görə dedim ki, yazdıqlarımda heç nə uydurmamışam. Uydurmuram da, niyə görə, uydurduğuma özüm inanmayacağamsa, o artıq yalandır. Bəs oxucumu necə inandıra bilərəm?  Ancaq reallıqları bir balaca orasını-burasını bəzəyib yazanda, əlbəttə, mən daha rahat oluram ki, mən yazdıqlarım real olub, yəni burda yalan yoxdur. Bilmirəm sualına tam cavab verə bildimmi? 

Amma o nağıl söhbəti... Məni həmişə narahat edən bir şey vardı. Fikir vermisiniz, son vaxtlar, uşaqlara nağıl da danışmaq olmur, nağıl xoşlamır uşaqlar. Cizgiyə də baxmırlar, çünki artıq uşaqlar böyükdən, fərqli olaraq, dərk edir ki, bunlar uydurmadır. 

- Məsələn, sizcə, Xıdır kimi adamlar varmı? Rusiyaya gedib hər şeyi əldə edib, amma deyir ki, vətəndən ötrü burnumun ucu göynəyir. Vətəndə axtardığı nədir? Nəyin həsrətini çəkirlər bu insanlar? 

- Var, var. Bizim söhbətimiz... Elə başlanğıcdan söhbət oldu ha, ki, vətən anlayışı... vətən bu adamın içindədir. Nə qədər imkanların olsa, nə qədər gözəl yaşasan, başqa diyarda, qürbətdə, lap gözəl ölkələrdə, deyək Amerikada. Deyək qrin kart udmusan, getmisən yaşayırsan Amerikada, on il, on beş il, iyirmi il, əlli il, yüzüncü ilə gələndə o burnun ucu... o hiss ancaq azərbaycanlılardadır...  

- Tərsinə də olur, amma, vətəndəsən, deyirsən, bir qrin kart çıxardı gedərdim Amerikaya...  

- Bu hiss... Demək, sən artıq burdan doymusan, milyonçunun uşaqları kimi, bilmirlər nəylə məşğul olsunlar, narkotikin dadına baxırlar... insan özündə olanlardan doyandan sonra istəyir yeni, başqa bir şeyi, bizdə olmayan bir şeyi axtarasan.  

Uşaqlıqda, yəqin, hamınızın yadınıza gəlir, evə meyvədir, konfetdir bunlar həmişə servantın üstündə olurdu. Qonaq gələndə gətirib qoyurduq stolun üstünə. İndi də bir çox ailələrdə, yəqin,  var... Nənələr konfetin ən yaxşısını gizlədirdilər yastığın altında. 

Rusun bir sözü var, “zapretniy plod sladkiy” – “qadağan olan meyvə şirin olur” – yəni o şey ki, qadağandır, o şirindir. Biz qadağan olan bütün şirinləri dadmaq istəyirik. Əgər vətənində qadağan olmuşları dada bilmirsənsə, istər-istəməz qaçırsan qırağa... 

Xıdır kişinin ikinci bir obrazı məndə o birisi romanda olacaq, üstündə işləyirəm. Yəni ki, anasının səsi ki, var yalvarır-yaxarır... atası dinmir, atası deyir “Gedir, qayıdacaq!”... Kişilərdə belə bir qürur var da, məsələn, deyir “oğlumdur da, hara getsə, qayıdacaq xarabasına”. Atası dinmir... Ancaq anası ağlaya-ağlaya qaçır dalınca. Deyir, mən kəndin yolunu çıxıb gedənə qədər anamın səsi qulaqlarımda cingildədi. O səs hələ də yadımdan çıxmır. Elə bilin ki, o Xıdırın biri də elə mənəm. Düzdür, mən Xıdır kimi, milyonçu deyiləm, ancaq həmin hisləri mən də keçirmişəm. Ona görə də Xıdır kimi, adamlar çoxdur. Hamısının da canı burdadır.  

Bilirsiz, orda olan gözəllikləri, rahatlıqları, var-dövləti, imkanları buraxıb da gələ bilmirlər, çünki çoxunun onu təhvil vermək, ümid olmağa, usburd olmağa adamı yoxdur.  

Satıb gələ bilərlər...

Satanda kimin yanına gəlsinlər?! Ana yoxdur, ailə yox, yaş ötüb artıq. Fikirləşir ki, altmış-yetmiş yaşında gəldin bura, nə mənası?  Ona görə o Xıdır kişi  öz səhvlərini, günahlarını həzm edə bilmir, bu səhvləri təkrar yaşayacaq gənclərə tövsiyələr verməklə özünə rahatlıq tapır. Qismətə nə deyir? Deyir bura bataqlıqdır. Mən batmışam, sən qayıt. Qismətə bu fikir yeriyir. Əlindəki pullarla bilet alır ki, qayıdım vətənə, döyüşə gedim, şəhid olum, şikəst olum, təki bu şərəfsiz fərari damğasından qurtulum. Qayıdırdı da, və xəta yenə kimdən gəldi?! Öz azərbaycanlılarımızdan... Orda artıq insanların mənəvi cəhətləri yox, maddiyyat ortalığa qoyulub. Fikirlərşirlər ki, kimə lazımdır Qismət... Bilirlər axı atası məcburi göndərib Rusiyaya, fəraridi,  Bunu heç axtaran da olmayacaq. Nəyə görə, deyim sizə. 

İki mininci illərə qədər Rusiyada şərait beləydi ki, azadlığı anarxiya səviyyəsinə gətirmişdilər. Xaos baş alıb gedirdi Yiyəsizlik vardı. Hakimiyyət laxlayırdı. Banditizm dövrlərini deyirəm. Hətta dövlət strukturları da banditlərlə çiyin-çiyinə çalışırdı, çünki çörəyi banditlərin əliylə yeyə bilərdilər. Ağır dövr idi - Yeltsinin dövrü... Kütləvi miqrant axını da bir yandan Rusiyanı silkələyirdi. Yerli əhalinin adam yerinə sayılmadığı bir şəraitdə miqrantların vəziyyəti lap acınacaqlıydı. Yüzlərlə cinayətlər olurdu. O qədər imkanlı həmvətənlilərimiz banditlərin güdazına gedib ki? Heç araşdıran da olmayıb, nə orada, nə burada...Belə bir zamanda və məkanda müharibədən yayınmaq üçün məcburən fərari olmuş Qismətkimiləri  aradan götürmək su içmək kimi asan idi. Kim idi onu axtaran? Kim idi Qismət? - Adi bir miqrant ...

Kitabın üstündə bir söz var: düşmən yoxdursa hasar. Vətən yoxdursa oğul nəyə lazımdır? Həqiqətən də, o yoxdursa, o, o yoxdursa o, heç bir şeyə lazım deyil. Ancaq düşmənin olduğunu bilən oğul, vətəni atmaz axı. Əgər o hiss varsa onda... 

Ancaq bugünkü gündə vətən anlayışına bir az başqa cürə baxırlar. Hamı nəsə tələb edir... Vətən mənə neyləyib ki, mən vətənə nəsə edim, deyirlər. Bir az deyəsən hökumətlə vətəni bir tutur, bir-birinə qarışdırırlar... Bunlar tamam başqa anlayışlardır... Vətənlə hökuməti qarışdırmamaq lazımdır... Hökumət tamam fərqli ideologiyalara xidmət edə bilər. Ancaq vətən ayrıdır, doğulduğun yerdir... Ən azı mən belə fikirləşirəm.  

 Azərbaycanda indi də beyin köçü var. Bu köçlə 90-lardakı köç arasında sizcə hansı fərqlər var?  

 Vəziyət elə idi ki, insanlar istədiyini ala bilmirdilər. İnsanlar dövlətdən, hökumətdən ala bilmirdilər. Dövr keçid dövrü idi. Mənə də çatmır... İndiki zamanda niyə olsun bu axın?  

Düşünürəm ki, yenə də maddiyyat imkan vermir. Əgər fərdin gələcəyi sual altında qalırsa, əlbəttə əgər xaricdə mənim əməyimə qiymət verirlərsə... Əlbəttə Lütfüzadələr necə yarandı? Burda qalsaydı, Lütfüzadə Lütfüzadə olmayacaqdı. Bu axın 30, 40-cı illərdə, əsrin əvvəllərində də olub.  

Demək ki, problemlər hələ davam edir. Problemlərin hamısı maddiyyat  problemləridir. Mənə elə gəlir, hökumətin qarşısında ən böyük sual bu olmalıdır ki, Niyə? Niyəni araşdırıb tapmaq lazımdır.  

 Yəni vətən sevgisi heykəl qoyaraq, mahnılar yazdıraraq olmur... Gərək vətəndə vətəni sevəcək bir şey olmalıdır. İnsan hara getsə, ruhi tərəfdən çox bir az daha maddi yanımız ağırlıq basır. Adamın qarnı doymur, gələcəyindən əmin deyilsə, uşağına düzgün təhsil verə bilmirsə, o adam vətəndə olsa da, pis də olsa, qalım deyə bilmir artıq.  

 Pul hər şeyi həll eləmir, amma...pul hər şeyi həll edir. Qəribə situasiya var Azərbaycanda. 

 Əslində pul hər şeyi həll edir, biz onu sadəcə qəbul etmək istəmirik. Bir az əvvəl nağıldan danışırdıq... Həmin şeydir. Biz pulun dəyərli olduğuna inanmaq istəmirik. Çünki, bu zaman pula görə ləyaqətini satanlara, vətəni satanlara bəraət qazandırmış oluruq. Acı həqiqətlər ortaya çıxmağa başlayır.  

 Bu hamısı gəlib çıxır elə o nağıllara. Nağıllarda biri olur, biri yox... O yoxlar daha çoxdur. O yoxları tapmaq lazımdır. Mən bilirəm o yoxlar hansılardır, siz də bilirsiniz, hamı bilir nə qədər yoxlar var. Gənclərimiz  o yoxları var eləməlidir ki, nağılsız da xoşbəxt yaşaya bilsinlər. Bəlkə, elə bizim həyatımız başdan ayağa nağıldır?!.

Müsahibəni götürdü: Qəfər Rüstəm, Eldar Omarov, Fəhmin Mirzə

Fabula.az

1
  • yashar-bunyad YAŞAR BÜNYAD
    TƏŞƏKKÜR EDİRƏM. SAYTINIZA BOL UĞURLAR DİLƏYİ İLƏ...