Aşağı-yuxarı

Arçil Sulakauri

ashagi-yuxari

Lia!.. Liiaa!─ deyə dağlarda haray çəkib çağırırdım.

─ Liaaa! ─ dağlar səsimə əks-səda ilə cavab verirdi.  Səs getdikcə zəifləyir, uzaqlaşır, nəhayət kəsilirdi.

     Saysız-hesabsız parlaq ulduzlu səma da mənə heyran-heyran baxırdı. Səsimdən ulduzlar titrəşirdi, mənə elə gəlirdi ki, onlar böyük bir çilçırağın büllur hissəcikləri kimi cingildəşirdilər. Bəzən onlardan biri göyün üzündə parlaq zolaq─iz qoyaraq səsimə qoşulub axır və onunla birlikdə uzaqlarda itirdi.

─ Liiaa! ─ deyə dağları haraylayırdım, onlar da mənə cavab verirdilər.

─ Lii-aaa!

─ Lii-aaa!

Sonra səs uçuruma düşür və güclə eşidilirdi:

─ Lii-aaa!

─ Aaa!

─ Lianı tanıyırsınız ? Lianı görmüsünüz, ya yox ?

─Yox!

─Yox!

─Yox!

* **

Lia evlərinin pilləkənləri ilə qaçırdı...(Uşaqlıq dövrü əhvalatıdır).

     Mən isə onu var qüvvəmlə, dəlicəsinə qovurdum, həm də hədələyirdim. O mənim hədə-qorxuma heç əhəmiyyət də vermirdi, pilləkənlərin iki-üçünü birdən qalxırdı, hərdən dayanır, məni ələ salır, acılayır, yenidən başılovlu qaçırdı. Arxasınca qışqırırdım:

─ Tutsam, sənə divan edəcəm!

     Həqiqətən, tutmaq istəyirdim, ancaq tuta bilmirdim. Lia məndən cəld qaçırdı, heç cür qıza çata bilmirdim. Ümidim ona qalırdı ki, axırıncı-beşinci mərtəbədə (Lia beşinci mərtəbədə olurdu) yaxalayım. Ancaq qapılarına çatan kimi zəngin düyməsini basırdı və anası o saat qapını açırdı. Elə bil, arvad bütün günü qapının dalında durub qızın zəngini gözləyirdi.

     Bir müddət acıqlı-acıqlı Liagilin qapısının qabağında dayanırdım, sonra kor-peşman, yavaş-yavaş aşağı enirdim. Pilləkənləri düşə-düşə sabah üçün plan qururdum: Lianı necə tutum və necə cəzalandırım. Ancaq Lia çox şeytan idi, həm də məndən tədbirli və ağıllı idi. Bu günün işini sabaha qoymurdu. Elə ki, dördüncü mərtəbəyə düşürdüm, arxadan Lianın səsini eşidirdim:

        ─ Ey Kirpi, bəs məni tutacaqdın?

        O, çənəsini məhəccərə söykəyib bic-bic gülümsəyirdi.

        ─ Mən hədə ilə deyirdim:

        ─ Başqa vaxt tutaram!

        ─ Yox.

        ─ Daha sənə sataşmaram.

        ─ Sataşarsan, əvəzini də alarsan.

        ─ Doğru deyirsən, Kirpi?

   Lia gülməkdən uğunurdu.

        ─ Lia, ucadan gülmək tərbiyəsizlikdir!─ Bu Lianın anasının səsiydi. Görünür, ucadan gülməyi xoşlamırdı.

       Mən bilirdim ki, Lianın bu gülüşü süni gülüş idi.  Ancaq mənim üçün nə fərqi var, istəyir, təbii gülsün, istəyir süni. Hər ikisi mənə eyni cür təsir edirdi.

       Mən heç başa düşə bilmirdim, bu qədər oğlanın içində Lia niyə axı məhz mənə sataşır, mənim nəyim başqalarından əskikdir. Hamı kimi mən də oynayırdım; top-top, qaçdı-tutdu...Özümü də hamıdan qoçaq hesab edirdim.  Bəlkə elə mən, doğrudan kirpiyə oxşayırdım. Saatlarla güzgünün qabağında durub özümə baxırdım. Nə qəribə saçlarım var... Pırtlaşıq, cod, biz-biz. Əgər mənim də saçlarım başqalarınınkı kimi qıvrım olsaydı, o zaman... Ax, qıvrımsaç oğlanlardan qızların necə də xoşu gəlir! Nə olardı, kaş mənim də saçlarım ipək kimi yumşaq və qıvrım olaydı, buruq-buruq alnıma töküləydi. Yəqin onda Lia mənə sataşmazdı. Mən də pilləkənlərdə dəli kimi onun dalınca aşağı-yuxarı qaçmazdım. Məgər görmürdümmü, başqa oğlanlar əfəl, maymaq da olsalar, qıvrımsaç və gözəl olduqları üçün Lia onlara sataşmırdı.

     Lia heç təsəvvür edə bilməzdi ki, mən saçıma görə necə əzab çəkirdim, onları səliqəyə salmağa nə qədər vaxt sərf edirdim. Bir də nəyinə lazım idi. Onsuz da günümü qara eləmişdi.

    O, çənəsini məhəccərə söykəyib mənə baxır və gülürdü. İndi də təəccüb edirəm, bu arıq, cılız, çil-çil, qısasaç, həmişə də ağzında bir dişi mırıq bu qız necə də süni gülmək bacarırdı. Mən isə aşağıdan onun iri, ala gözlərinə baxırdım, istəyirdim gözlərinin içinə baxam, ancaq həmişə onun baxışları alnımdan yuxarı dikilirdi.  Məni əsəbləşdirən və hövsələdən çıxaran da elə bu idi.

    Yaxşı ki, Lia başqa məktəbdə oxuyurdu. Mənim heç bir sirrimi bilmirdi. Dərsdən əvvəl saçlarımı isladırdım, hamarlayırdım, səliqə ilə düzəldirdim, sonra dərsə girirdim. Bir görəydiniz dərsdə necə ürəkli otururdum! Lakin elə ki, dərs sona yetirdi, mənim əzablarım yenidən başlayırdı. Saçım yavaş-yavaş quruyur, yenidən dağılır, biz-biz olurdu. Mən hər telimin necə tərpəndiyini belə hiss edirdim. Elə bilirdim, bütün dünya, hamı mənə, mənim saçlarıma baxır, necə quruduğunu, dağıldığını görür. Bilmirəm sinif yoldaşlarım mənim halımı görürdülər, ya yox. Sonralar bildim. Şübhəsiz ki, Lianın köməkliyi ilə. Lia yeganə adam idi ki, düşündüyünü, bildiyini adamın üzünə deyirdi.

     Bir dəfə həyətdə top oynayırdıq. Oğlanlar topu mənə təzəcə ötürmüşdülər, mən də başımla vurmaq istəyirdim. Elə bu zaman Lianın səsini eşitdim:

      ─ Ey, Kirpi, topu başınla vurma, partladarsan!

    Hamı gülüşdü. Bilmirəm necə götürüldüm: özümə gələndə gördüm ki, Lia qaçır, mən də onun dalınca.  Pilləkənləri baş-yuxarı elə qaçırdı ki, çata bilmirdim. Aramızda dörd-beş pillə var idi. Bir az da yeyinlədim. Beşinci mərtəbəyə çatanda aramızdakı məsafə bir az da kiçildi. Burnumun önündə nazik çubuq kimi iki qılça sürətlə gedirdi. Az qalmışdı topuğundan tutam. Bu anda Lia qapılarında yanaşdı, barmaqları üstə qalxıb zəngin düyməsini basdı, zəngin səsi çıxmadı, o bir də düyməni basdı, yenə səs çıxmadı, özünü itirmiş Lia yumruqları ilə qapını döyməyə başladı. Mən artıq onun qabağında dayanmışdım... Nəfəsimi dərib iftixarla dedim:

    ─ Hə, necəsən, indi hara qaçacaqsan!

    Lia dalını qapıya söykədi.

    ─ Tutdum ki ?!

  Lia arıq çiyinlərini çəkdi, səsini çıxartmadı. Mənə elə gəldi ki, rəngi də ağardı, ürkək-ürkək üzümə baxdı. Belə halında elə yazıq göründü ki, özüm də təəccüb etdim: neçə vaxtdır məni acıqlandıran, həmişə mənə sataşan qız budurmu? Elə bunu fikirləşirdim ki, Lia balıq kimi sürüşüb əlimdən çıxdı və aşağı qaçdı.

      ─ Kirpi!

   Çaşbaş qaldım. Sonra dalınca qaçdım. Lia isə görünmürdü. Qız, elə bil, göyə çəkilmişdi. Qaçaraq həyətə düşdüm, həyətdə oğlanlardan soruşdum. Heç kəs Lianı görməmişdi. Yenə yuxarı qalxdım. Dedim, bəlkə, qonşuların evinə girib.

     Dördüncü mərtəbəyə çatanda Lianın gülüşünü eşitdim. Çənəsini məhəccərə dayayıb həmişəki adəti üzrə mənə baxırdı... Mənə yox, daha doğrusu, alnımdan yuxarı-saçlarıma.

      Gözüm qapılarına sataşdı, əlbəttə, qapıları açıq idi, yoxsa belə cəsarətlə orda dayanardımı?

Nə etməliydim, dayanıb iri ala gözlərinə baxdım. Sakit-sakit məndən soruşdu:

       ─ Yoruldun ?

       ─ Bəs necə, yorulmadım ?

       ─ Otur, Kirpi.

       ─ Səndən soruşan yoxdur, oturum, ya yox.

       ─ Onda yuxarı qalx, elə bilirsən səndən qorxuram ?

       ─ Qorxmursan, düş aşağı.

       ─ Niyə mən aşağı düşürəm, sən qalx yuxarı, mən gözləyirəm.

       ─ Yaman da gözləyənsən. Əgər qorxmursan, bir neçə pillə düş, dəymərəm sənə.

       ─ Düşmərəm, Kirpi.

       ─ Bilirəm, elə düşünürsən bilmirəm ?!

       ─ Bu gün məktəbə getmişdin ?

       ─ Sənə nə ?

       ─  Elə-belə soruşuram... bu gün də su vurmuşdun?

       ─ Nəyə ? ─ Bu sözdən üzüm alışdı, elə bil bədənimə od vurdular. Ancaq Lia çox sakitcə dedi:

       ─ Saçına...

       ─ Sən demə, hər tənəffüsdə saçını isladır, sonra dərsə girirsən..

    Bilmirəm, bir anda beşinci mərtəbəyə necə atıldım. Lia tez evə girdi. Əlimlə, ayağımla qapını döyməyə başladım. Özüm də bilmirdim necə qışqırırdım. Lianı səsləyirdim. Birdən qapı açıldı, Lianın anası çıxdı. Ucaboy, dolu bir qadın idi. Acıqlı-acıqlı məndən soruşdu:

     ─ Nə xəbərdir, nə olub, nə istəyirsən, ay bala ?

  Dartınıb içəri keçmək istədim. Lianın anası qüvvətli əlləriylə çiyinlərimdən tutub saxladı və dedi:

    ─ Bu saat qayıt get evinizə, yoxsa atana xəbər verərəm qulağını burar.

    Birdən gözüm içəridə dayanmış Liaya sataşdı, lap ağlımı itirdim, özümdən çıxdım. Arvadın əllərini itələyib içəri girdim. Lianın anası özünü yetirdi, qolumdan tutub danlaya-danlaya məni bayıra çıxartdı.

    ─ Çıx get burdan, küçə uşağı! Ay aman, bu necə uşaq imiş, adamı öldürər ki... əsl küçə uşağıdır.

    Burnumun önündəcə qapı bağlandı. Çönüb pilləkənlə düşməyə başladım. Kövrəlmişdim, qəhər məni boğurdu. Göz yaşlarımı güclə saxlayırdım. Bir az da aşağı düşüb pillələrdə oturdum, göz yaşlarımı qolumla sildim, istəmirəm həyətdəki uşaqlar ağladığımı görsünlər, yoxsa rişxənd edərdilər.

    Bir müddət beləcə oturdum. Heç nə haqda düşünmürdüm. Gözlərimi divara zilləmişdim. Sakitləşib həyətə düşmək istəyirdim.

   Bir azdan sonra astadan qapının açıldığını eşitdim, geriyə baxmadım, ancaq hiss etdim ki, kimsə barmaqlarının ucunda otaqdan çıxdı. Nəfəsim daraldı, az qala ürəyim dayanacaqdı. Başımın üstündə kimin dayandığını bilirdim, ancaq baxmaq istəmirdim.

    Cəld ayağa durdum, geri baxmadan pilləkənlə aşağı endim. Pillələrin döngəsindən keçəndə özümdən asılı olmayaraq yuxarı baxdım, gözüm Lianın pörtmüş, həyəcanlı üzünə sataşdı. Hürkmüş ala gözləri ilə mənə baxırdı. Tez gözümü ondan çəkib pilləkənlərlə aşağı qaçdım.

    O gecə Liagilin pilləkənlərini yuxuda gördüm.  Lianın dalınca gah yuxarı, gah da aşağı qaçırdım. O isə qabağımda yel kimi uçurdu. Çubuq kimi nazik qılçalar lap yaxında-burnumun önündə qəribə halda hərəkət edirdi. Elə sürətlə qaçırdılar ki, sanki onları Lia deyil, maşın hərəkətə gətirirdi. Lap ona yaxınlaşırdım, tutmaq istəyəndə Lia yox olurdu, mən tək yuxarı-aşağı qaçırdım. Sonra Lia təzədən görünürdü. Saçları dağınıq, üzü çil-çil. Yenidən onu qovurdum: gah yuxarı, gah aşağı.

***

     Həmin yuxunu bir dəfə də gördüm, lap sonralar gənclik illərində. Bilmirəm məndən başqa uşaqlıq yuxusunu bir də təkrarən görən olubmu? Ancaq mən görmüşəm, eynilə─ necə ki uşaqlıqda görmüşdüm...

     Bizim ailəmiz, necə deyərlər, ‹‹köçəri›› həyat keçirirdi. Atam hərbi qulluqçu-zabit idi. İşlədiyi hərbi hissə hara getsəydi, biz də onunla həmin şəhərə köçürdük. Belə ki, Tbilisidə də çox qalmadıq, köçüb getdik. Nəhayət mən də rahat oldum. Daha pilləkənlərlə qaçmırdım─ nə aşkarda, nə də yuxuda.

     Səkkiz ildən sonra yenidən Tbilisiyə qayıtmalı oldum. Təhsilimi davam etdirməli idim. Köhnə həyətimizə gəlib çıxdım, imtahanlara hazırlaşmağa başladım.

     Boş vaxtlarımı həyətimizin oğlanları ilə birlikdə gəzməyə gedir, bəzən Lağidze su köşkü yanında dayanıb söhbətlə məşğul olurduq.

     Lianı görmürdüm. Harada olduğunu heç soruşmurdum da. Onu heç yada salmaq belə istəmirdim, çünki o qız yadıma düşəndə qəlbimdə nə isə xoşagəlməz bir sıxıntı duyurdum. Ona görə yox ki, uşaqlıqda mənə sataşır, mənimlə öcəşirdi və mən də dəli kimi əsəbiləşirdim. Yox, öz-özümə acığım tuturdu, o zaman mənə təbii görünən hərəkətlərimdən xəcalət çəkirdim.

     İndi, şübhəsiz, elə düşünmürdüm ki, oğlanın hökmən ipək kimi yumşaq, alnına tökülən buruq-buruq qıvrım saçları olmalıdır. Oğlanlıq haqqında indi başqa təsəvvürüm var idi. Gödək kəsilmiş düz saçlarımla özümü çox yaxşı hiss edirdim.

      Günlər keçirdi.

     Ancaq bilirdim, qeyri-adi bir duyğu ilə hiss edirdim ki, bir vaxt: ya bu gün, ya sabah Liaya rast gələcəm. Qəribəydi bir həyətdə yaşayırdıq, ancaq hələ bir-birimizə rast gəlməmişdik. Doğrudur, həyətimiz çox böyük idi, həm də Lia başqa tərəfdə olurdu. Ancaq bir gün olacaqdır ki, ikimiz də eyni vaxtda evdən çıxacağıq, yaxud eyni vaxtda evə qayıdacağıq. Yaxud mən evdən çıxanda, o evə qayıdacaqdır, ya da əksinə.

      İndiyə kimi nə evdən çıxanda, nə də qayıdanda bu haqda düşünməmişdim. Nədənsə indi tez-tez bu haqda düşünür və həyəcan keçirirdim. Həyəcan keçirirdim demək azdır, qorxurdum, özüm də bilmirdim nədən, bəlkə bu heç qorxu deyildi. Mən bunu belə adlandırırdım.

 Nə isə, Lianı görməkdən çox çəkinirdim. Bəzən də düşünürdüm, bəlkə, haradasa mənə rast gəlib tanımamışam. Səkkiz il zarafat deyil. Bu müddət ərzində, yəqin ki, o da dəyişmiş olar.

    Yox, rast gəlməmişdim, sonra yəqin etdim ki, həqiqətən rast gəlməmişəm.

     Bir dəfə evdən çıxdım. İyulun isti günlərindən biri idi. Günəş bərk yandırırdı. Hava elə bürkü idi ki, darvazaya çatan kimi evdən çıxdığıma təəssüf etdim, qayıtmaq istədim. Asfalt elə qızmış, elə yumşalmışdı ki, hətta ondan buğ çıxırdı. Küçəyə baxdım. Küçə bomboş idi. Mən də küçəyə çıxmağa ərindim və həyətə qayıtdım. Birdən adımı eşitdim. Kim isə məni çağırırdı:

     ─ Qoqi!

     Kimin çağırdığını görmədim, səsi tanımadım, ancaq hiss etdim, məni çağıranın kim olduğunu bildim. Fikirləşdim: qorxduğum, çəkindiyim həmin gün gəlib çatdı. Məni tər basdı, köynəyim bədənimə yapışdı.

     Həyətə dar paltarda, gözəl bir qız girdi, hətta düşündüm ki, yəqin bu Lia deyil. Ancaq qız əvvəlcə saçlarıma baxdı, gülümsündü, sonra salamlaşdı. Şübhəsiz, uşaqlıq düşmənimi tanıdım.

    Mən də gülümsədim və salamlaşdım:

    ─ Salam, Lia.

    ─ Nə pis adamsan, Qoqi.

  Lianın məni öz adımla çağırmağı heç yadıma gəlmir. Birinci dəfə idi, adımı deyirdi. Doğrusu, mənə qəribə gəldi. Xeyli vaxt təbəssümlə bir-birimizi süzdük. Lia artıq çil-çil deyildi. Bütün dişləri yerindəydi. Uşaqlıqdan yalnız bircə gözləri eynilə qalmışdı─ iri, ala gözlər... Qonur saçları bir az tündləşmişdi, ancaq uşaqlıqdakına nisbətən, daha parlaq idi. Şabalıdıya çalan saçları çiyninə qədər tökülmüşdü. Boyuna balaca demək olmazdı, ancaq mən çox ucalmışdım.

    Lia məni nəzərdən keçirdi. Üzündən sevinc oxunurdu. O zaman mənə tanış olan təbəssüm yenə dodaqlarında idi.

     ─ Çoxdan gəlmisən?

     ─ O qədər də yox, iki həftə olar.

     ─ Üç həftədir, bəlkə də, artıq... oğlanlar dedilər.

  Mən təsdiq etdim:

        ─ Hə, üç həftə olar.

        ─ Bəs belə olar ?!

  Mən cavab vermədim.

     ─ Gərək gəlib məni görəydin.

   Gülümsündüm, ancaq cavab vermədim.

    ─ Bəs niyə gəlmədin?

    ─ Nə bilim.

    ─ İndi gedək bizə.

    ─ İndi?

    ─ Hə, indi!─ inadla dedi. Cavabımı gözləmədən, səbirsizliklə qolumdan tutub çəkdi.

      Lianın danışığında nə isə xoşuma gəlmədi. Ancaq nə? Başa düşə bilmədim, fikirləşməyə də imkan vermədi. Ürəyimdən keçirdim ki, heç vəchlə onunla getməyəcəyəm. Ancaq düşündüyümün əksini elədim. Dinməz-söyləməz, üzüyola quzu kimi onun arxasınca getdim.

    ─ Necə də bizdən yadırğamısan, gərək səni əhliləşdirəm.

    Yenə Liagilin pilləkənləri ilə yuxarı qalxırdım. Lia bir neçə pillə məndən yuxarıda, mən də onun arxasınca.

    Birdən Lia dayandı, pilləkənə baxdı, sonra mənə sarı dönüb dedi:

    ─ Yadındadır?

    Başımla təsdiq etdim və çox mənalı gülümsündüm. ‹‹Yəni heç unutmaq olarmı? ››

    Lia dedi:

    ─ Nə dəli idin, əslində, mən də çox ağıllı deyildim, ancaq sən məndən də səfeh... necə də acıqlanırdın, cırnayırdın...

    ─ Həqiqətən, çox əsəbiləşirdim.

    ─ Burada oturub ağladığın yadındadırmı?

    ─  Doğrudan, necə də dəliymişəm.

    ─ Yadında varmı, anam sənə necə acıqlandı ?

   Lia bu əhvalatı yadıma salan kimi geri qayıtmaq istədim. Bildim ki, Lianın anası da bu hadisəni yadına salsa lap pərt olacam. Ancaq Lia mənə əhəmiyyət vermədən sözünə davam edirdi:

     ─ Necə də məni qovurdun... ancaq heç bir dəfə də tuta bilmədin... mənə çata bilmirdin.

     ─ İndi qaçsan, sənə çataram da, tutaram da!

     ─ Di, tut!─ deyib Lia yerindən götürüldü, mən də arxasınca.

     Lap yaxında qaçırdı. Dar paltarda gözəl bədəni gərilmiş, hərəkətləri zərifləşmişdi. Düz, dolu baldırları əvvəlki kimi yenə cəld hərəkət edirdi...

Az qalırdı çatam, az qalırdı, onu tutam...

     Beşinci mərtəbəyə çatan kimi yenə qapı zəngini basdı. İndi də uşaqlıqda olduğu kimi, zəngin çalınması ilə, qapının açılması bir oldu. Həmişə təəccüb edirdim: necə olur qapını belə tez açırlar, elə bil kimsə qapının dalında işsiz-gücsüz durub bütün günü gözləyir ki, Lia zəngi çalan kimi qapını açsın.

     Mən qıza çatmamış qapı açıldı və Lianın anası göründü. Əvvəlki kimi ucaboy və dolğun idi, ancaq bir az saçları ağarmışdı.

    Lianın anası təəccüblə bizə baxdı, hər ikimiz yorğun-yorğun nəfəs alırdıq, daha doğrusu, lap tövşüyürdük.

    Lia tezcə anasına dedi:

    ─ Ana, gör kimi gətirmişəm.

    Lianın anası mənə nəzər yetirməmiş gülümsündü, elə bildi ki, tanıdı, ancaq diqqətlə baxandan sonra təbəssümü dodağında qaldı.

    ─ Tanımadın, ana! Qoqidir!

    Adım da Lianın anasına tanış gəlmədi. Özüm də dayanıb gözləyirdim ki, Lianın anası məni tanısın. Lia dedi:

    ─ Yadındadırmı, bir dəfə onu qovdun... küçə uşağı da dedin.

     Başımı aşağı saldım. Lianın anası təəccübləndi və məni içəri dəvət etdi:

    ─ Buyurun içəri, oğul...

    Lia məni öz otağına apardı, üzr istəyib bir neçə dəqiqəlik məni tək buraxdı.

    Otaq gözümə boş göründü. Divarın yanındakı taxtın qabağında kiçik miz, yanlarında isə iki dərin, yumşaq kürsü var idi. Mizin üstünə jurnallar tökülmüşdü. Radioqəbuledicinin arxasında üstünə kitablar düzülmüş üç-dörd rəf vardı.

    Pəncərəyə yaxınlaşıb bayıra baxdım.  Günəşdən rəngləri solmuş tənəkə dam örtükləri, damların üstündə çirkli, qaralmış tüstü boruları və antena milləri görünürdü. Pəncərəyə gün düşmədiyindən otaq sərin idi. Yaz-yay aylarında damlardakı tüstü boruları necə də kifir görünür, özü də his-qurum içində.

    Bir neçə dəqiqə keçdi, Lia gecikirdi. Öz-özümə düşünürdüm: yəqin, Lianın uşaqlıqdakı xasiyyəti- başqasının kəsirini görmək və çəkinmədən üzünə vurmaq, adama sataşmaq vərdişi indi də qalmış olar. Ancaq Lianın məni indi başqa şəkildə, daha ustalıqla, soyuqqanlıqla qarşılaması çox təəccübləndirdi, sanki son görüşümüzdən səkkiz il deyil, səkkiz gün keçmişdi. Səkkiz il az müddət deyil, zənnimcə, səkkiz il bir-birini görməyən adamlar belə görüşmürlər. Mən vaxta baxan deyildim; doğrudur, atamın təkidi ilə günlərimi səmərəli keçirirdim, ancaq daxilən yenə də vaxtla hesablaşmırdım. Bir də məcbur deyildim ki, gələn kimi gedib Lianı görəydim. Uşaqlıqda dost olsaydıq, yenə bir yeri vardı. Biz ki, həmişə it-pişik kimi, yola getmirdik. Lianın məndən üstünlüyünü hiss edirdim. Elə bilirdim ki, o mənə yuxarıdan aşağı baxır.

     Gözümü pəncərədən bayıra dikmişdim. Damlara baxırdım. Uzaqlarda səma da görünürdü. Tozdan, bürküdən şəhərin havası tutqunlaşmışdı.

     Lia otağa girdi, gəldiyini hiss edib ona tərəf döndüm. Paltarını dəyişmişdi, əyninə güllü sarafan geyinmişdi. İçəri gircək sual verdi:

─ Otağım xoşuna gəldi ?

Doğrusu, heç otağa yaxşı baxmamışdım, indi nəzər yetirdim. Həqiqətən, otaq boş kimi idi, bir neçə əşya yenə qoymaq olardı.

         Lia mənə yaxınlaşdı, dala çəkilməyə yer olmadığından yana çəkildim. O, iri, ala gözlərini üzümə dikmişdi.

    ─ Xoşuna gəlirmi ? – deyə təkrar etdi.

Razılıqla başımı tərpətdim. Birdən qəribə bir ətir duydum. Bu, yadıma gəlir, atam bizi şəhərdən kənara gəzməyə aparanda duyduğum ətir kimi idi.

    ─ Mən öz otağımı çox xoşlayıram.

    ─ Yaxşıdır.

   Lia gözlərini məndən çəkmirdi. Özümü itirmişdim. Çaşqınlıqla o yan-bu yana baxırdım.

    ─  Tamam dəyişmisən, tamam, Qoqi !

    ─  Bəs necə olmalı idim?

    ─  Nə bilim... Mən başqa cür təsəvvür edirdim.

    ─  Heç mənim də ağlıma gəlməzdi ki, sən belə olarsan.

    ─  Doğurdan? Sən də mənim haqqımda düşünürdün ?

    ─ Düşünürdüm, ─ dedim və peşman oldum, öz-özümə acığım tutdu, axı, nə üçün yalan danışıram. Qayıdana qədər heç Lia haqqında düşünməmişdim. ‹‹Heç sənin haqqında düşünməmişəm›› deməyə cürətim çatmadı. Bir də Lianı incitmək istəmirdim, ancaq bilirdim ki, o hər şeyi hiss edir, başa düşür. Ona görə də özümü yığışdıra bilmirdim. Düşündüm, əgər mən də Lianı onun kimi təbii qarşılasaydım, yəqin ki, sıxılmazdım. O isə tamamilə sərbəst idi. Bir az sükutdan sonra Lia taxtda oturub məndən soruşdu ?

    ─  Sən teatrı xoşlayırsanmı ?

    ─  Teatrı hamı xoşlayır... ancaq mən çox az-az gedirəm !..

    ─  Hamı xoşlamır, ─ deyə Lia sözümü kəsdi.

Mən, doğrudan, bilmirdim hamı teatrı xoşlayır ya yox? Yaxud mənim teatrdan xoşum gəlirmi? Bu haqda heç vaxt düşünməmişdim, heç kəsdən də soruşmamışdım.

    ─  Kim teatrı xoşlayır, o tez-tez gedir... Bax, məsələn, mən... xoşlamaq azdır... mən teatrsız yaşaya bilmərəm.

         ‹‹ Yəqin aktrisa olmaq istəyir››, ─ deyə ürəyimdə fikirləşdim. Sonra yadıma düşdü ki, uşaqlıqda da Lia həmişə istədiyi vaxt ürəkdən gülə bilirdi, eləcə də birdən elə fikirli, qəmli ola bilirdi, sən demə, bu da istedad imiş.

          Lia uzun müddət çox həvəslə danışdı. Mən onun nə danışdığını başa düşmürdüm, elə bil mənə tanış olmayan bir dildə danışırdı. Ancaq dərk edirdim ki, Lia özünə həyat yolu  seçmiş, artıq öz xətti ilə gedir və məqsədi də aydındır. O, böyük sənət haqqında, teatrın gələcəyi haqqında danışırdı. Lia teatr haqqında çox şey bilirdi. Teatrla bağlı bütün şəxsləri, istər keçmiş, istər müasir adamların hamısını tanıyırdı.

         Bəzən fikrini sona qədər demir, yalnız işarə edirdi və mən gərək özüm başa düşəydim. Mən isə başa düşmürdüm, ancaq özümü elə göstərirdim ki, guya hər şeyi anlayıram; bəzən gözlərim yol çəkir, onun gözəl üzünü, çılpaq qollarını, yaraşıqlı bədənini görmürdüm. Uşaqlıqda atamın bizi şəhərdən kənara apardığı zaman duyduğum ətir indi harasa çəkilib getmişdi. Geriyə ─ keçdiyim kiçik ömür yoluna baxdım, tamam boşluq idi. Mən heç zaman Lia kimi belə dərin, şirin xəyala dalmamışam və Lia kimi məqsədim aydın olmayıbdır.

    Mən geoloq olmaq istəyirdim. Bunu da mənə kimsə məsləhət görmüşdü, deyəsən coğrafiya müəllimimiz. Hələ yaxşı bilmirdim geoloq nədir. Bilirdim ki, geoloqlar dağları, çölləri gəzir, yeni yataqlar axtarır. Mən də gəzib yeni yataq taparam, ─ deyə geoloq olmağı qərara aldım. Lia isə başqa cür idi. Lia arzu ilə yaşayırdı. O, başqa cür yaşaya bilmirdi. O, böyük sənət üçün doğulmuşdu. O, səhnədə özü-özünü təmiz arzularla yaşayan gənc bir qızı, yüksək əməllər haqqında düşünən müasir bir qızı, heç kəsin bacarmayacağı qədər möhkəm sevməyə qadir gənc bir qızı oynamaq istəyirdi.

  Lia susandan sonra mən dedim:

    ─ Daha gedim.

Günəş çoxdan batmışdı, artıq qaranlıqlaşırdı.

    ─ Dayan, nə tələsirsən,  ─ deyə ayağa durdu.

    ─ Yox, gedirəm.

    ─ Birlikdə şam edərik, sonra gedərsən.

    ─ Qala bilmərəm, çox sağolun.

    ─ Səni yordum, eləmi? Otur, daha teatr haqqında danışmaram. Mən bilirəm teatrı hamı xoşlamır...

Ancaq sənin niyə gərək xoşuna gəlməsin...

    ─ Teatra çox nadir hallarda gedirəm.

    ─  Mən aktrisa olanda tez-tez gələrsənmi?

    ─  Yəqin.

    ─ Sən isə gözümə insanlara yadırğamış adam kimi dəyirsən. Bayaq da dedim sənə, təkrar edirəm, ona görə ki, indi də gözlərində qəribə çöl qığılcımı közərdi.

    ─  Salamat qal, Lia !

    ─  Hərdən bizə gələrsənmi ?

    ─  Çalışaram.

    ─  Çalışaram yox, gəl !

    ─  İmkan olsa, gələrəm.

    ─  Bizə gəlməyə nə imkan ?

    ─  Nə bilim.

    ─ Mən həmişə öz otağımda oluram...tək...gəl...

Hiss etdim ki, məni incik halda yola saldı. Lia qapıda dayanıb mənə baxırdı. İri, ala gözlərindən kədər oxunurdu. Lia elə bildi ki, onun arzuları, fikirləri, məqsədi mənə o qədər xırda, cılız göründü ki, ona heç bir söz demədim. Onun gələcəyə olan ümidini təsdiq etmədim. Yəqin, Lia istəyirdi ki, mən də qəlbimi ona açaydım, öz arzularımdan, gələcək məqsədlərimdən danışaydım, xəyallarımı onunla bölüşəydim. O zaman... yəqin, onda biz bir-birimizi daha yaxşı başa düşərdik.

      Evə çox fikirli qayıtdım və gecə yarıya qədər yata bilmədim.

      Lia ilə söhbətimdən sonra mən öz xırdalığımı, cılızlığımı başa düşdüm; məqsədsiz, arzusuz, amalsız keçən günlərimə heyifsiləndim. Səhər tezdən dururdum, məktəbə gedirdim, sonra məktəbdən qayıdırdım, dərslərimi öyrənirdim, bir az əylənirdim, top oynayırdım, kinoya gedirdim, yaxud heç nə eləmirdim. Sonra bir az yatırdım. Bunların arasında, söz yox ki, səhər yeməyi yeyirdim, nahar, şam edirdim, hər şeyi bir hərbi dəqiqliklə yerinə yetiridim.

     Özüm-özümlə məşğuldum. İndi də insan mənliyi, vüqarı haqqında fikirlərim uşaqlıqda, Lianın ardınca pilləkənlərlə qaçdığım zamankından çox da fərqli deyildi.

    O gecə çox gec yuxuya getdim. Yuxuda Liagilin pilləkənlərini gördüm: guya biz yenə uşağıq. Lia pilləkənlərlə yuxarı qaçır, mən də onun arxasınca hey qaçıram, ancaq tuta bilmirəm, lap yaxınlaşıram, az qalır əlim çatsın, burnumun qabağında iki çubuq kimi qılça sürətlə hərəkət edir, onları tutmaq olmurdu...

   Bu uşaqlıqda gördüyüm yuxu idi, onu ikinci dəfə gəncliyimdə gördüm, sonra heç vaxt...

   Lakin bununla bizim əhvalatımız bitmirdi.

***

           Lianı görmürdüm, vaxtım olmurdu... Vaxtın azlığını aclıq və susuzluq kimi hiss edir, başqalarının necə boş vaxt tapdığına təəccüblənirdim: Hər yerə gedə bilirdilər, küçədə işsiz gəzirdilər, vaxtlarını qızlarla boş söhbətdə keçirirdilər.

    Boş vaxtım olanda kitab oxuyurdum, yaxud böyük geoloji tapıntılar haqqında fikirləşirdim. Bu mənim xəyallarım idi. Bunu Liadan öyrənmişdim... Ancaq mən öz arzularımı kiminləsə bölüşmək istəmirdim, lap heç Liaya da ─ mənə öz qəlbini səxavətlə açan Liaya da ─ demək istəmirdim.

    Liaya bəzən təsadüfən rast gəlirdim. Daha məni evlərinə dəvət etmirdi. Salamlaşırdıq, kef-hal tutub ayrılırdıq. Mənə onun dəvəti daha lazım deyildi. Vaxt gələr, özüm onun yanına gedərəm, özü də birinci dəfə arxasınca sürünə-sürünə getdiyim kimi yox. Özüm onun görüşünə gedərəm...

    Yazda dərslərimizi çöldə keçirdik. Şəhərə, günəşdən yanmış, qaralmış, üst-başı tozlu, bəzən də yağışda islanmış, yorğun-arğın qayıdırdım. Belə işləyirdim. Beləcə geoloq peşəsini, geoloq dözümlüyünü, adətlərini öyrənirdim. Universiteti bitirəndə əsl geoloq idim. Bilmirəm, amma müəllimlərim belə deyirdilər.

     Yağış...

     Külək...

     Qar...

     Günəş...

Yenə külək, yenə yağış, yenə günəş...

        Dağlara təyyarə ilə, vertolyotla, maşınla, atla, piyada, nə ilə daha əlverişli idi, onunla çıxırdım. Yorğun-arğın bəzən çadırlarda, bəzən xüsusi kisələrdə yuxulayırdıq ─ əməkdən, işdən yorulmuş kişi yuxusu ilə.

        Dağdan səhraya, düzənə enirdik, düzəndən yuxarıya, dağa çıxırdıq.

        Vaxt gedirdi...

        Bəzən Lia yadıma düşürdü, onun beşinci mərtəbədəki pəncərəsindən bozarmış, qarsımış, tənəkə örtüklü damlar, məftillər, antena və tüstü görünən işıqlı otağı yadıma düşürdü. Lianın fikirləri, xəyal dolu gözləri, uşaqlıqdan qalmış qəribə təbəssümü gözlərim önünə gəlirdi. Lakin bütün bunlar hamısı mənə gənclikdə gördüyüm uşaqlıq yuxusu kimi çox uzaq və yabancı görünürdü.

      Bir dəfə, o zaman mən böyük geoloji bir dəstənin rəhbəri idim, qazdığımız quyulardan biri elə bil yer kürəsini titrədirdi. Neft fontanı göyə qalxırdı, sanki yerin odlu nəfəsi onun təkindən güclə azad olub püskürürdü.

     Bu da bizim məhsul bayramımız idi. Çəkdiyimiz əmək hədər getməmişdi. Səhrada göyə qalxan bu fontan bizim axtarışlarımızın, etimad və ümidimizin, iradəmizin nişangahı idi. Yorğun günlərimizin ərmağanı idi.

    Səhrada neft buruqları ucalırdı. Neft fontanları indi sakit-sakit borulara axırdı. Bizim işimiz sona çatmışdı. Dəstəmiz qələbə ilə Tbilisiyə qayıdırdı. Orada biz bayramsayağı qarşılanacaqdıq.

     Yalqız qalan kimi qəlbimdə bir boşluq hiss etdim. Əvvəl elə bildim yorğunluqdandır, yaxşı istirahət etsəm, çıxıb gedər. İstirahət etdim, yaxşı dincəldim. Sonra dostlarımın görüşünə getdim. Biz birlikdə, necə deyərlər, bir pud duz yemişik, sevincimizi, kədərimizi bölüşmüşük. Dedim onlarla görüşəndən sonra, bəlkə, könlüm açılar.

     Dostlarımın yanından qayıdanda gördüm ki, ürəyim yenə də sıxılır, qəlbimin dərinliyində nə isə bir boşluq var, heç nə ilə onu doldura bilmirəm. Nəsə çatışmırdı. Könlüm nəyinsə intizarını çəkirdi.

     Özüm özümü aldadırdım, yaxşı bilirdim qəlbimin sıxıntısı nədir; daha doğrusu, inanmaq istəmirdim ki, qəlbimdəki bu boşluğu çoxdan gördüyüm yuxularda qalan Lia doldura bilərdi .

    Onsuzluğu bir ağrı kimi hiss edirdim, necə deyərlər, vaxt çatanda hər kəs özünə bir həyat, ömür yoldaşı axtaran kimi yox. Lia ilə görüş məni həmişə həyəcanlandırır, mənən zənginləşdirir, yeni amala, yeni işlərə sövq edirdi...Buna görə mən Lianı görmək istəyirdim, ona ehtiyacım vardı.

     Liagilin həyətindən çoxdan köçmüşdük. Qərara aldım, nənəmin görüşünə gedim. Nənələr nəvələrini görəndə həmişə şad olurlar. Nənəmin yanına getməmiş Liagilin darvazasına girdim. Sakit və inamla qalxırdım, özümlə arzular, fikirlər aparırdım və bilirdim ki, ürəyimin hansı küncündəsə olan boşluq yuxarıdakı işıqlı otaqda yox olacaqdır. Çünki mən orada Lianı görəcəkdim...

    Yuxarı qalxanda bu pilləkənlərlə Lianın dalınca yuxarı-aşağı nə qədər qaçdığım heç yadıma düşmədi. Lianın anasının mənə acıqlanması da, pilləkəndə oturub ağladığım da yadıma düşmədi.

    Dörd mərtəbəni bilmədim necə qalxdım. Bir də gördüm beşinci mərtəbədəyəm. Nəfəsimi dərdim və zəngi basdım. Qapı həmişəki kimi o saat açılmadı. Zəngi bir neçə dəfə basmalı oldum.

    Qapını bir yaşlı qadın açdı. Lianın anasını güclə tanıdım: necə də dəyişmişdi, üzü qırışmış, saçı tamam ağarmışdı.

 ─ Salaməleyküm, Kalbatono!

Deyəsən, Lianın anası məni tanımadı.

─ Salam.

─ Mən Qoqiyəm.

Yenə də tanımadı.

─ Yadınızda vamı bir dəfə...

─ Hə... Qoqi, ─ Lianın anası sözümü tamamlamağa imkan verməyib;─ buyurun içəri, necəsiniz ? Böyük kişi olmusunuz... Həmişə belə olur, ─ dedi.

─ Lia evdədir ?

─ Lia teatra gedib... buyurun içəri.

─ Sağ olun... başqa vaxt gələrəm, ─ üzr istəyib xudahafizləşdim. Qapını örtməmiş hansı teatrda gedibdir, Kalbatono ? ─ deyə soruşdum.

─ Kukla teatrına... bilirsiniz hardadır ?

─ Əlbəttə, bəs necə, sağ olun.

      Yolda fikirləşirdim: niyə dedim sonra gələrəm, yalandır axı. Yəqin, Lia öz uşaqlarını kukla teatrına aparıbdır. Özü, görəsən, hansı teatrda işləyir? Görəsən, o, səhnədə qəlbi arzularla dolu, heç kəsin sevə bilmədiyi kimi sevməyi bacaran qızın surətini yaratdımı ?..

      Görəsən, hansı teatrda işləyir ? Onu günü bu gün öyrənib teatra getməliyəm. Gedib bir küncdə sakit oturub onun özü-özünü necə oynadığına tamaşa edərəm...

      Daxildəki boşluq məni sıxırdı, yandırırdı, sinəmdəki ağrını yox etmək lazım idi. Qəlbimi sevindirməliydim.

     Qeyri-ixtiyari kukla teatrının qabağına gəlib çıxdım, daş pillələri qaçaraq çıxdım. Qapı bağlı idi. Qapının dəstəyindən yapışıb çəkdim.

     Pəncərədən qonur bığlı bir yaşlı kişi baxdı. Yəqin gözətçi idi. Əlini alnına qoyub məni süzdü Mən qapını açmasını xahiş etdim.

─  Tamaşa çoxdan qurtarıb, ─  deyə qapını açdı, ─  hamı gedibdir.

─  Çoxdan ? ─  deyə heç özüm də bilmirəm niyə soruşdum.

─  Siz kimi istəyirdiniz ?

Görünür, gözətçi söhbətcil adam idi, nə qədər istəsən, danışardı. Acıqlı-acıqlı dedim:

─  Lianı, Lianı istəyirəm! Lianı tanıyırsınız ? Bu gün uşaqları ilə teatra gəlmişdi ! ─ deyib tez dönüb, getmək istəyirdim ki, kişinin səsi məni saxladı.

─ Uşaqlarını bilmirəm, ancaq Lia buradadır...təkdir...

─ Lia buradadır ?

─ Hə... səhnədə, pərdənin dalında...

Kişi məni içəri ötürdü.

     Zal qaranlıq idi. Ancaq səhnənin içində meşə görünürdü. Səhnəyə bənövşəyi işıq salınmışdı, guya dan yeri yenicə sökülürdü. Pərdənin üstə sarışınsaçlı, ağ güllü paltar geymiş bir kukla gəzinirdi. Başında qırmızı papaq var idi.

─ Lia deyə elə bərkdən çığırdım ki, büllur çilçıraq cingildədi.

Kukla dayandı və mənə baxdı. Mən yavaş-yavaş pərdəyə yaxınlaşdım.

─ Lia... Qoqiyəm... Qoqi.

Kukla sanki səksəndi, təəccüblə dayandı.

─ Lia.

Kukla uşaq səsi ilə cavab verdi:

─ Mən Qırmızıpapağam.

─ Salam, Qırmızıpapaq!

─ Bəs sən kimsən ?

─ Mən kim olduğumu dedim.

─ Bəs indiyəcən hardaydın ?

─ Uzaqda, çox uzaqlarda, gah aşağıda ─ düzəndə, gah yuxarıda ─ dağlarda.

─ Məni yad edirdinmi ?

─ Orda ─ yox... yəni necə yox... Bəzən yadıma düşürdün, uşaqlıqda gördüyüm yuxu kimi.

─ Mənsə elə bilirdim...

─ Gəldim, görürsən ki, gəldim...

─ Gəldin... ancaq... gözlərin niyə elə iridir ?

─ Səni yaxşı görmək üçün.

─ Qulaqların nə üçün yekədir ?

─ Sənin səsini yaxşı eşitmək üçün.

─ Əllərin nə üçün elə yekədir ?

─ Səni yaxşı qucaqlamaq üçün.

─ Səsin niyə bəs belə yoğundur ?

─ Ona görə ki, məni yaxşı eşidəsən.

─ Bəs ağzın niyə elə böyükdür ?

─ Ona görə ki... ─ mən cavab verə bilmədim, bilmirdim nə cavab verim.

─  Hə, nə üçün ? ─  deyə Qırmızıpapaq təkrar soruşdu.

─  Lia, çıx, bilirəm pərdənin arxasındasan, gizlənmə, çıx!

     Kukla kötüyün üstə oturub ala gözlərini mənə zillədi. Qırmızıpapaq Liaya oxşayırdı da, oxşamırdı da. Gözləri lap Lianınkı idi. Təəccüb edirdim, özünü  bu balaca vücuda necə oxşatmışdı.

─  Lia! Lia-aaa!

Büllur çilçıraq yenə cingildədi.

Qırmızıpapaq kötüyün üstə oturub sevdalı gözlərində parlaq qığılcım, gözəl dodaqlarında tanış təbəssüm mənə baxırdı. Səssiz, qaranlıq zaldan keçdim. Bir də dönüb səhnəyə baxdım. Başında qırmızı papaq, əynində güllü paltar balaca kukla həyatdan çox razı, arzusu yerinə yetmiş, bir insan kimi meşədə irəliləyirdi.

***

    Bizim dəstə gecələmək üçün İori dərəsində məskən saldı. Bərk yorulmuşduq. Yatmaq üçün uzandıq. Sabah yenə uzaq yolumuz var idi, ona görə istirahət etməli idik.

   Yata bilmədim. Bir qədər yerimdə çevriləndən sonra ayağa durdum, tək-tənha dağa dırmaşmağa başladım.

    Səma buludsuz, tərtəmiz idi, saysız-hesabsız ulduzlar sayrışırdı. Ətraf sakitlik idi, yalnız mənim addım səslərim eşidilirdi. Bu sükut içərisində Lianı səsləmək istədim və çağırdım: ─  Liiaa!

Dağlar səsimi təkrar etdi...

    Bununla bizim macəramız bitmədi. Nə qədər ki, mən və Lia varıq, nə qədər ki, qəlbimiz vurur, bu əhvalat tükənməyəcək, davam edəcəkdir.

 

Mənbə: Arçil Sulakauri. Aşağı-yuxarı (povest və hekayələr kitabı). Bakı: 1978, 185 səh.

Tərcüməçi: Dilarə Əliyeva (ədəbiyyatşünas, tərcüməçi)

Tərtib etdi: Eldar Omarov

 

0